23.05.2025, 10:22 - Baxış sayı: 11

“Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsində elmi seminar keçirilib


 

Mayın 23-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsində magistr, doktorant və şöbə əməkdaşlarının iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyəti mövzusunda elmi seminar keçirilib. Seminarda çıxış edən şöbə əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev qeyd edib ki, Azərbaycan Cümhuriyyətinin yaranması bir günün, bir ayın işi deyildi. Cümhuriyyət ondan öncə mövcud olmuş Əfşarların, Səfəvilərin, Atabəylərin, Xürrəmilərin, Baharlı və digər dövlətlərin varisi idi. Bütün tarix boyu dövlətlərimizdə mövcud olan elementlər cümhuriyyətin dövlət rəmzlərində öz əksini tapmışdı. Bayraqlar belə, o dövlətlərin rənglərini özündə birləşdirmişdi. Zamanın tələbi idi cümhuriyyətin yaranması.

Müəllif çıxışında bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti regionda mövcud olmuş ən güclü dövlətlərdən biri olub, baxmayaraq ki, ilk olaraq Gürcüstanın müstəqilliyini tanıyıblar. Amma Azərbaycana qoyulan investisiyalar, maraqlar, beynəlxalq təşkilatların, neft şirkətlərinin diqqəti onu göstərdi ki, ölkə dünyanın diqqət mərkəzindədir. Bu gün Nobel mükafatı verilirsə, bu, Azərbaycanın təbii sərvətləri sayəsindədir. Beynəlxalq Neft Daşınmaları Gününün qeyd edilməsinin səbəbi ilk dəfə Azərbaycanda neft daşınmalarının həyata keçirilməsi ilə bağlıdır. Azərbaycan nefti nəinki Rusiyanın, həm də Avropanın bir çox ölkələrinin xilaskarı kimi çıxış edirdi. Məhz onun sayəsində Avropa dövlətlərinin bir çoxunda inkişaf səviyyəsi qalxırdı. Fransa, Almaniya, ABŞ kimi nəhəng dövlətlər, o cümlədən iri şirkətlər Azərbaycan neftində maraqlı idi. Ölkənin müstəqillik qazanmasında ən böyük rollardan birini məhz onun təbii sərvətləri oynayıb. Baxmayaraq ki, Rusiyanın bolşevik inqilabı Azərbaycandakı müstəqilliyi devirdi, özününküləşdirdi, lakin ölkə o günə qədər artıq sözünü demişdi. Buna görə də inanmıram ki, Azərbaycan Xalq Cümhuriyyətini hansısa dövlətlə müqayisəyə gətirmək olar. Çünki müqayisə üçün onun tarixinə nəzər salmaq lazımdır. Avropa ölkələrində dövlətçilik ənənəsi olmayanda Azərbaycanda artıq bu var idi.

Seminarda mövzu ətrafında diskusiyalar olmuş, geniş müzakirələr aparılmışdır.