16.05.2025, 15:06 - Baxış sayı: 25

Bəxtiyar Vahabzadənin yaradıcılığına “Sənətkar və zaman” meyarından fəlsəfi yanaşma


Əli İbrahimov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutu “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə...

İctimai elmlərin həyatla, zamanla əlaqəsinə, sənətin vacib problemlərinə, yaradıcılıq laboratoriyasının sirlərinə dair böyük şairin və ədibin kitabı oxucu üçün nüfuzlu məsləhətçidir, mötəbər mənbədir. Bu baxımdan Bəxtiyar Vahabzadənin “Sənətkar və zaman” kitabındakı məqalələrin hər səhifəsindən istər Sovet dönəmində, istərsə də çağdaş dövrümüzdə analitik alim təfəkkürü ilə zərif bir şairin ürək çırpıntıları duyulmaqda və fikrin təsir qüvvəsini artırmaqdadır. Ədib bir qayda olaraq haqqında yazdığı şair və yazıçının konkret əsərini, yaxud əsərlərini təhlil etməklə kifayətlənməyərək, öz məqalələrində mövzunun, janrın, obrazın, təsvir və ifadə vasitələrinin, sənətkarlığın digər əlamətlərinin şeirimizdə yerini və vəziyyətini araşdırır, bu barədə uzun illərin təcrübəsinə malik bir sənətkarın mülahizələrini söyləyir.

İstər klassik ədəbiyyatın, istər müasirlərinin, istərsə də ədəbiyyat, sənət aləminə yenicə qədəm qoyan, ümumiyyətlə bütün kateqoriyalardan olan ustad sənətkarlarla yanaşı, gənc müəlliflər haqqında da eyni hərarətlə bəhs edir, maraqlı məsələlərə toxunur. Fikirlərin bədii və qeyri-bədii ifadəsi ilə bağlı ədib yazırdı: “Mirzə Cəlil demişkən mən yazıram ki, düşünəsiniz”. Bəli düşünmək lazımdır. Düşüncədən, fikirdən kənar bədii əsər yalnız söz yığımıdır. Əsil sənətkar düşünə-düşünə yazdığı kimi, əsil oxucu da düşünə-düşünə oxumalıdır.

Zaman bizə deyir: həyata düz bax,

Fikrin bu surətdən geri qalmasın.

Böyük bir dərd deyil yaşca qocalmaq,

Fikir qocalmasın, qəlb qocalmasın.

Böyük ədib yazır ki, illər keçdikcə zamana uyğun olaraq zövqlər də dəyişir, təzələnir. Sənətkar da dəyişən, təzələnən bu zövqləri, hissləri vaxtında tuta bilməsə, demək zamandan, onun sürətindən geri qalmış olur. Yaşca qocalmaq böyük dərd deyil, ən böyük dərd fikircə, ürəkcə qocalmaqdır. “İki kor” şeirindəki dərin fəlsəfi fikrin nədən qaynaqlandığını hiss etmək olur:

Gözləri görməyən kor deyil hələ,

Görmək istəməyən kordur deyərdim.

Belə müqəvvaya, belə cahilə

Həyatın özü də gordur deyərdim.

Ədibə görə insan savadsız, diplomsuz da ola bilər. Lakin onun qanmaz, hadisələrə avam, laqeyd, ötkəm olması daha dəhşətdir. Gözləri görməyən çox korların mövcudluğundan xəbərimiz var, lakin onların görmə qabiliyyətinin məhdudluğu bizə bəlli olsa da, bəsirət gözü ilə çox şeyləri aydınlaşdırmaq qabiliyyətinə heyran qalırıq. Həqiqəti görmək istəməyən “cahillər”, “müqəvvalar” korlar sırasındadır.

Sənətkar yeri gəldikcə Sabiri də yada salır. “Sual-cavab” şeirində Sabirin hədəflədiyi ən əsas məqam “qanmaq” məsdəri ilə bağlıdır:

– Görmə! – Baş üstə, yumaram gözlərim.

– Dinmə! – Mütiəm, kəsərəm sözlərim.

– Bir söz eşitmə! – Qulağım bağlaram.

– Gülmə! – Pəkey, şamü səhər ağlaram.

– Qanma! – Bacarmam! Məni məzur tut,

Böyləcə təklifi-məhalı unut! (mümkün olmayan təklif)

Qabili-imkanmı olur qanmamaq? (Qanmamaq mümkünmüdür?)

Məcməri-nar içrə olub yanmamaq? (Od manqalı içində yanmaq olarmı?)

Eylə xəmuş atəşi-suzanını,

Qıl məni asudə, həm öz canını!

Sabir fəlsəfəsində “görməməyi” vacib bilinənə, “dinməməyi” məsləhət görülənə əməl etmək, “eşitməməyi”, gülməməyi təkid edənə qulaq asmaq tövsiyyələri mübahisə predmeti doğurmasa da, “qanma” əmri ilə qananı qanmaza döndərmək, ən böyük mübahisə predmeti daha doğrusu insanın qanmaq ixtiyarını əlindən almaq, onu manqurtlaşdırmaqdır.

Bəxtiyara görə biz bəzən böyüklüyü kənarda axtarırıq. Bizə elə gəlir ki, böyüklük uzaqlıqda, gözəllik məchulluqdadır. Əslində, axtardığımız bütün böyüklük və gözəllik içərimizdə, yanımızdadır.

I

Xəyal gah dağdadır, gah da aranda

Gah göyə yüksəlir, gah enir insan.

Otaqda bir saat tək oturanda

Yüz ilin dərdiylə yüklənir insan.

II

Gəl, qışa “zəhrimar”, yaza “can” demə.

Qışın dəhşətləri yaz içindədir.

Enişdə yoxuş var, yoxuşda eniş,

Ən böyük atəş də buz içindədir.

III

Yuz təpə boyu var bir uca dağda

Yaxından yaxındır bəzən uzaq da.

Nifrət də,sevgi də,qara da, ağ da

Sənin öz içində, öz içindədir.

Doğrudan da, bütün təzadların, əksliklərin vəhdəti qanununun təzahürü içimizdə mövcuddur, bunu anlamağın fəlsəfəsini şeirin mahiyyətindən dərk etmək mümkündür. El arasında qışı bəyənməyən, ona “zəhrimar” deyib haradan peyda olmasına avam, naşı, cahil baxışı ilə yanaşanlar olur. Qanan insanda isə bu, başqa cür olur. Qış təbiətin yuxuya getməsi, qar bərəkətdir, torpaq üçün nemətdir, sağlamlıq üçün rəhndir, xəstəliklərin azalması, yazın “nəşvü-nüma”sı üçün stimuldur. Yazın gəlişinə də “can, can” deməklə qışın qarının əriyib suya dönməsi, təbiəti canlandıran, stimulu olsa da onun fəsadları da var. Lakin nəbatat, bitki florasının ahənginin nizama salınmasında yazın rolunu unutmaq olmaz. Təbiətin min ahənginin hərəsinin bir-biri ilə təbii bağlılığının özəllikləri mövcuddur. “Ən böyük atəşin buz içində” olmasının fəlsəfəsində də buzun atəşin, odun, bir sözlə günəş şüasının təsirindən əriyib suya dönməsi halları təbiətdəki hadisələrin dinamikasından doğur.

Od, atəş olub yanmaq, xalq üçün, insanlar üçün yanmaq ayrı-ayrı ifadələr olsa da, bunlarda yaşamaq, yaşatmaq naminə bir-birinə yaxın, uyğun sətiraltı məna çalarları vardır.

Yaşamaq-yanmaqdır, yanasan gərək,

Həyatın mənası yalnız bundadır

Şam əgər yanmırsa, yaşamır demək

Onun da həyatı yanmağındadır.

Bayatılarda deyilir:

Əzizim su dayandı, Əzizim dərdə mərdim,

Sel gəldi, su dayandı. Düşməsin dərdə mərdim.

Özümü suya atdım Mənə dərman neyləsin

Alışdı su da yandı. Tifilkən dərd əmərdim.

Dördcə misradan ibarət olan bu bayatıların ən böyük, ən dərin fəlsəfi əsərlər olduğunu deyən xalq şairi Bəxtiyar, onları həm də böyük mətləbləri özündə ehtiva edən yığcam, lakonik mənzumələr kimi dəyərləndirir.

B.Vahabzadə Səməd Vurğun haqqında “Mən ona borcluyam”, “Poeziyamızda sənətkarlıq məsələsi”, “Ot kökü üstə bitər” məqalələri ilə yanaşı həmçinin S.Vurğuna həsr etdiyi bir monoqrafiya yazmış və yaradıcılığından apardığı elmi-tədqiqat işi əsasında dissertasiya müdafiə etmiş və professor elmi adı almışdır. S.Vurğunun “İnsan” pyesi və “Komsomol” poemasında fəlsəfi fikir ifadə edən misralara Bəxtiyarın yanaşmaları çox maraqlıdır.

“Komsomol” poemasının “Sahildə” hissəsində yaşadığı yeni quruluşla barışmayan Gəray bəyin Kürün sahilində əlindəki qamçı ilə axan çaya zərbələr endirdiyi çox maraq doğurur:

Kürün qumsal sahilində qaşlarını çataraq,

Qamçısını döyür suya hiddətindən Gəray bəy...

Üç aydır ki, ormanların arasında yataraq,

Əl üzmüşdür vətənindən, millətindən Gəray bəy.

Qamçısını döyür suya hiddətindən Gəray bəy!

- Nədən mənim qabağımdan artanları yeyənlər,

Köhnə-köşkül paltarımı öz əyninə geyənlər

İndi mənə ağ olsunlar? Xanimanım dağılır,

Qızıl yelin inəklərim yad əllərdə sağılır...

Bəxtiyar müəllim biz tələbə olarkən bu şeiri belə təhlil edirdi:

“Kür çayı axır, zaman irəliləyir, mühit də Gərayın ürəyindən deyil. Hirsindən, hiddətindən qamçısını axan Kürə çırpır ki, sanki yeni həyatla barışmadığının əzabını çəkir. Burada paralelizmin diqqət çəkdiyini hiss etmək olur. Kürün axması, zamanın irəliyə doğru getməsi, ətrafdakıların yeni dövrə uyğun yaşam tərzi təsdiq edir ki, artıq Gəraybəylər üçün 2 yol var; ya köhnə zamanın ziddiyyət doğuran qanunları, ya da yeni dövrün tələbləri ilə yaşamaq.

Bir də görürsən ki, açılan solur,

Düşünən bir beyin bir torpaq olur.

Bir yandan boşalır, bir yandan dolur,

Sirrini verməyir sirdaşa dünya.

Əzəldən belədir çünki kainat,

Cahan daimidir, ömur amanat.

Əldən-ələ keçir vəfasız həyat.

Biz gəldi-gedərik, sən yaşa dünya!

Bəxtiyar Vahabzadə Nəsimi və Füzuliyə həsr etdiyi “Eşq və gözəllik”, “Heyrət ey büt” məqalələri ilə yanaşı, “Müasirlik və şeirimiz”, “Mən ona borcluyam”, “Yanmaq ona deyərəm ki…” başlıqlı elmi yazılarında Rəsul Rza, Səməd vurğun, Əhməd Cəmil və sənət aləmində yenicə addımlayan 60-cı illərin gənc şairlərindən Ağasən Bədəlzadənin “Yanmaq ona deyərəm ki…” kitabçasından eyni adlı şeirindən yeniliyi əks etdirən poeziyada ilk dəfə səslənən misraların ifadə tərzinin alqışa layiq olduğunu bildirir.

Yanmaq ona deyərəm ki, yanan ancaq ürək olsun,

Dil olmasın.

Yanmaq ona deyərəm ki, Alovlanan bir insanın

Yanmadığı gün olmasın, İl olmasın...

Yanmaq ona deyərəm ki, Yanan arzu alışdıqca

Közə dönsün. Kül olmasın.

Yanmaq ona deyərəm ki, Bu yanğının qurbanı da

Yanan kəsin özü olsun. El olmasın!

Bu ilk sətirləri ilə poeziya aləmində qələm çalan Ağasən Bədəlzadəyə Bəxtiyarın tövsiyyəsi belədir: “Bizim cərgəmizə xoş gəlmisən. Gəlməyə haqqın var. Sən bu haqqı Yazıçılar İttifaqının üzvlük kitabçası ilə deyil, bu sətirlərinlə qazanırsan. Yan, mənim kiçik qardaşım! Yan! Sənət sənin çox vaxtında tapdığın bu can yanğısıdır. Sənin qəlbin çox dolu olduğu üçün sözün çoxdur, kəsərlidir. Onun üçün də hədəfə düz vurursan” [1. səh.182-183]

“Müasirlik və şeirimiz” məqaləsində Bəxtiyar Vahabzadənin Hüseyn Arifin “Şeir deyilmi?”, “Araz qırağında” qoşmaları barədə söylədikləri müasir qoşma növünə xas olan müasirliyin təbliği ilə bağlıdır.

Məndən təzə şeir xəbər alan dost,

Bəs yazın gəlməsi şer deyilmi?!

Gəzməyə çıxanda – çölün, çəmənin

Üzünə gülməsi şeir deyilmi?!

Dərədə moruq dər, döşdə çiyələk.

Gah yağış xoş gəlir, gah sərin külək.

Yaş ötür, doymayır dünyadan ürək, –

Yaşamaq həvəsi şeir deyilmi?!

Yenə gözüm qalıb bağçada, bağda,

Min-min gül açıldı aranda, dağda.

Eyvana əyilən çarpaz budaqda

Bülbülün nəğməsi şeir deyilmi?!

Fikrinin yekununda böyük ədib belə şeirlərdə müəllimlərimizin dərslərində birinci olaraq tərbiyə prosesində balalarımızın xalqımıza, Vətənimizə, ədəbiyyat və mədəniyyətimizə böyük sevgi hissinin oyadılmasına nail olmağı hədəfləmək, bunun üçün fəaliyyətimizə bir daha baxmaq və onu zamanın səviyyəsinə yüksəltmək vəzifəmizi ən vacib amillərdən biri kimi dəyərləndirir.

Ədəbiyyat

1. Nəsimi İmadəddin. İraq divanı. Bakı, Yazıçı, 1987, 336 səh.

2. B.Vahabzadə. Sənətkar və zaman. Bakı, Gənclik, 1976, 298 səhifə

3. B.Vahabzadə. Səməd Vurğun, monoqrafiya. Azərbaycan Dövlət nəşriyyatı. Bakı, 1968, 346 səhifə