04.04.2025, 15:28 - Baxış sayı: 65

«Konstitusiya və Suverenlik» müstəqil ölkəmizin inkişafını təmin edən əsas amillərdir


Təhminə Süleyman Ağakişiyeva,

fəlsəfə üzrə fəlsəfə doktoru,dosent

“Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir”

Heydər Əliyev

“XX əsrin sonuna yaxın dövlət müstəqilliyini əldə etmiş Azərbaycan xalqı da məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında üzləşdiyi faciələri aradan qaldırmış, milli varlıq və idrakının, özünədərkinin ali təzahür forması olan suveren, azad dövlət ideyasını uğurla gerçəkləşdirmişdir”[1.s.9].Müstəqil və suveren dövlətə sahib olmaq, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan cəmiyyət qurmaq Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Dahi şəxsiyyət Heydər Əliyevin həyata keçirdiyi daxili siyasət sayəsində ölkəmizdə milli kimliyini, vətənpərvərliyin gücləndirilməsi nəticəsində çox ciddi addımlar atıldı. Belə ki, “Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı”[2.s.7]. Ulu Öndər ölkə daxilində siyasi sabitliyin təmin edilməsi, kompleks xarakterli islahatların həyata keçirilməsinə əsas yaradan qanunvericilik layihəsinin yenidən hazırlanması ideyasını irəli sürmüşdür. “Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının layihəsini hazırlamaq üçün Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə 33 nəfərdən ibarət komissiya yaradılmışdır. Konstitusiya layihəsi ümumxalq müzakirəsindən sonra 1995-ci il noyabrın 12-də keçirilən Azərbaycan Respublikası referendumunda qəbul edilmiş və noyabrın 27-də qüvvəyə minmişdir”[4.web]. Qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik islahatların əsasını təşkil edərək dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi və s. kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazasını yaratmışdır.“Azərbaycan tarixində isə ilk Konstitusiyanın qəbulu 1921-ci il Azərbaycan SSR-ın mövcudluğu dövründə qəbul edilmişdir. 1918/20-ci illərdə mövcud olmuş A.X.C-dövründə Ali Qanun qəbul edilməmiş, daha doğrusu buna imkan verilməmişdir. 1920-1991-ci illərdə mövcud olmuş Azərbaycan SSR-in dövründə 3 dəfə Konstitusiya qəbul edilib. 1921,1937 və 1978-ci illərdə qəbul edilmiş Konstitusiyalar SSR-in Konstitusiyası əsasında hazırlanmışdır”[4.web].

Məxsusi olaraq qeyd etmək lazımdır ki, Ulu Öndərin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən, hər il noyabrın 12-si ölkədə Konstitusiya Günü kimi qeyd edilir. “Torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam təmin olunması nəticəsində Əsas Qanunda ehtiva edilən Azərbaycan Dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq niyyəti də tam reallaşıb. Belə ki, Konstitusiyanın 11 – ci maddəsinə əsasən Azərbaycan respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz”[2.s.7].Sevindirici haldır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbənin 5-ci il dönümünü nəzərə alaraq Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2025-ci il Respublikamızda “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu sərəncam suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Suverenlik və Konstiyusiya müstəqil dövlətlərin varlığını və inkişafını təmin edən əsas amillərdir. Bu anlayışlar təkcə dövlətin siyasi və hüquqi əsaslarını deyil, həm də milli kimliyini ifadə edir. “Azərbaycan Respublikasında suverenlik və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi müasir dövlət quruculuğu və xalqın rifahı üçün zəmin yaradır. Ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi isə bu prinsiplərin həm tarixi əhəmiyyətini, həm də gələcəyə yönəlik strateji mahiyyətini daha da ön plana çıxarır”[5.web ]. “Konstitusiya və Suverenlik İli” dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsi, dövlət suverenliyinin daha da gücləndirilməsi məqsədi daşıyır. İstənilən xalq üçün müstəqil, suveren dövlətini yaratmaq və onu inkişaf etdirmək ən böyük nailiyyətdir.

Bu gün Azərbaycan Respublukası müstəqillik tarixinin ən layiqli, möhtəşəm inkişaf mərhələsini yaşayır. Müstəqil dövlətçilik tariximizin ən mühüm hadisəsi, şübhəsiz ki, Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsi oldu. 2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən və eyni zamanda 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror əməliyyatı 23 saat davam etmiş və Qüdrətli Ordumuzun qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirərək növbəti parlaq Qələbəyə nail oldu. Nəticədə suverenliyimizin tam bərpa olunaraq bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı azad edilmiş tarixi torpaqlarımızda dalğalanmaqdadır.

Azərbaycan Respublikasının Prezident İlham Əliyev müxtəlif telekanallara müsahibə verərək qeyd etmişdir ki: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi Azərbaycan Dövlətinin qarşıda duran ən prioritet vəzifələrdəndir. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq proqramı həyata keçirilir, bərpa və yenidənqurma işləri sürətlə və planlı şəkildə davam etdirilir, müasir standartlara cavab verən infrastruktur formalaşdırılır. İşğal illərində tamamilə viran qoyulmuş kənd, qəsəbə və şəhərlər tamamilə yenidən qurulur, doğma torpaqlarımıza həyat qayıdır. Dünya ölkələrinin tarixinə müraciət edərək müşahidə edərik ki, müstəqil və suveren ölkədə yaşamaq hər bir vətəndaşa nəsib olmur. Qürurla vurğulamaq lazımdır ki, ölkəmiz tarix boyu ən ağır faciyələrə və işğallara məruz qaldığına rəğmən, xalq öz Prezidentinin ətrafında yumruq kimi sıx birləşdi və şəhidlərin qanı bahasına eyni zamanda Azərbaycan Ordusununun gücü hesabına öz suverenliyini bir daha bərpa etdi. “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, dövlət başçısı, Zəfərimizin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqın nümayəndəsi olan çoxsaylı elm adamının da rifah halının yaxşılaşması, insan hüquq və azadlıqlarının inkişafını diqqətdə saxlaması aparılan uğurlu siyasətin növbəti müsbət təzahürüdür”[6. web].

İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilərək onun icrasına başlanılmışdır. Belə ki, məcburi köşkünlər mərhələ - mərhələ öz doğma yurdlarına qədəm qoyurlar. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, eyni zamanda azad edilmiş əraziləri yüksək inkişaf etmiş regiona çevrilməsi üçün münbit şərait yaradır. Ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, işğaldan azad edilmiş ərazilərin və Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji” zonası elan olunması, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu sahədə aparılan məqsədyönlü, ardıcıl dövlət siyasətinin dərin məzmunundan xəbər verir. Beləliklə, COP29-u keçirməklə həqiqətlərimizi həmin platformadan irəli gələn imkanlarla daha yaxşı təqdim etmək üçün əlverişli mühit qazanmış olduq.

Prezident İlham Əliyevin Sərəncamı əsasında 2024-cü ili Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə görə, artıq ölkəmizin energetika sahəsində bir sıra vacib yeniliklərindən danışa bilirik. Həmin innovativ yanaşmalarla bağlı olan məsələlərə işğaldan azad olunmuş ərazilərdəki “Smart city, Smart village”, Hava Limanlarının istifadiyə verilməsi və yenilərinin inşası, Qarabağ Unuversitetinin yüksək potensiala malik olan professor – müəllim və tələbə heyətinin fəaliyyəti və bu kimi digər layihələr aiddir. Qeyd olunan layihələr və həyata keçirilən bütün bərpa və yenidənqurma işləri Azərbaycan Respublikasının suverenliyini, ərazisinin vahidliyi, toxunulmazlığı və bölünməzliyi ilə bağlı konstitusiya prinsipinin təmin edilməsinin daha bir əyani göstəricisidir.

”Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik”[3.s.7] Suverenlik istənilən dövlətin mövcudluğunun və davamlı inkişafının ilkin və əsas şərti qismində çıxış edir. Suverenlik və onun hüquqi əsaslarından bəhs edərkən qeyd etmək lazımdır ki, suverenlik anlayışı siyasi elmin və beynəlxalq hüququn əsas anlayışlarından biri olub, dövlətin daxili və xarici siyasətində müstəqilliyini müəyyən edir.

“Suverenlik, suverenitet (fr. souveraineté — ali hakimiyyət) – ölkənin daxilində və ondan kənarda müstəqilliyin ifadəsi kimi dövlətin siyasi və hüquqi xüsusiyyəti olub onun öz daxili və xarici funksiyalarını azad və sərbəst şəkildə dövlətin konstitusiyası və qanunları, beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları əsasında həyata keçirmək, habelə xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququndan ibarətdir”[7.web].

Orta əsrlərdə formalaşan və dövlətlərin müstəqilliyini vurğulayan suverenlik anlayışı, xüsusilə Vestfal Sülhü (1648) ilə hüquqi müstəvidə güclənmişdir. Beynəlxalq hüquqda suverenlik prinsipi Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsi ilə qorunur. Xüsusilə, BMT-nin Nizamnaməsinin 2-ci maddəsi dövlətlərin daxili işlərinə müdaxilə olunmamasını təsbit edir. Bununla yanaşı, qloballaşma və beynəlxalq təşkilatların artan rolu dövlət suverenliyinin yeni çağırışlarla üzləşməsinə səbəb olmuşdur[2.s.8]Suverenlik və konstitusiya hüququ müasir dövlətçiliyin fundamental prinsipləridir.

Konstitusiya-dövlətin Ali Qanunu olaraq hər bir dövlətin siyası, hüquqi və iqtisadi sistemlərinin əsaslarını təşkil edir, vətəndaşların hüquq və azadlıqlarını təmin edib müəyyənləşdirir. "Konstitusiya" sözündən ilk dəfə Qədim Romada imperator hakimiyyətinin ayrı-ayrı aktlarının vahid halda birləşmiş adını ifadə etmək məqsədilə istifadə olunmuşdur. Bu söz həmin dövrdə dövlətin təməl quruluşunu deyil, imperatorun xüsusi fəaliyyətini, əmrlərini ifadə etmək mənasında işlədilmişdir[7.web].

“Dünyada ilk Konstitusiya 1787-ci ildə ABŞ-da qəbul edilmiş, sonralar digər ölkələr də ABŞ konstitusiyası əsasıda öz konstitusiyalarını qəbul etmişdilər. Avropada isə ilk Konstitusiyalar Fransada və Polşada 1791-ci ildə qəbul edilmişdir”[8.web].

Ümumiyyətlə Konstitusiya çox şaxəli bur hüquqi sistemdir, belə ki, Konstitusiya müxtəlif funksiyalardan, bir sıra hüquqi xassələrdən, strukturdan, xüsusiyyətlərdən, növlərdən ibarətdir. O, nə qədər müxtəlif sosial hadisələrlə əlaqədar olsa da, konstitusiya hüquq normaları sistemidir və bu bütün hüquq sisteminə xas olan tənzimləmə, qorunma funksiyalarını yerinə yetirir. Sonralar qəbul edilmiş konstitusiyaların dünya dövlətləri üzrə xronoloji ardıcıllığı aşağıdakı kimidir: Fransa (1791), İsveç (1809), İspaniya (1812), Norveç (1814), Belçika (1831), İsveçrə (1848), İtaliya (1848), Prussiya (1848–1850), Danimarka (1849), Lüksenburq (1849), Yunanıstan (1864), Rumıniya (1866), Osmanlı İmperiyası (1876), Hollandiya (1887), Yaponiya (1889) və s.”[9.web].

Aşdırmanı yekunlaşdıraraq vurğulamaq zəruridir ki, hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi Vətəni vardır.Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.