16.01.2025, 12:06 - Baxış sayı: 154

20 Yanvar - Ümumxalq hüzn günü, yoxsa Müstəqillik uğrunda mübarizə günü?


Asya Əhmədova ,

Fəlsəfə və Sosiologiya İnstitutunun

 Həmkarlar Təşkilatının sədri


 20 Yanvar - Ümumxalq hüzn günü, yoxsa Müstəqillik uğrunda mübarizə günü?


Qara Yanvar,  Qanlı Yanvar , 20 Yanvar faciəsi , həmçinin  20 Yanvar Bakı faciəsi kimi adlandırdığımız o gündən 35 il ötür. Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini hər zaman əziz tutur və hörmətlə yad edir. Hər il faciənin ildönümü böyük xalq kütləsinin Şəhidlər Xiyabanına axını ilə müşayət edilir, şəhidlərin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzülür, istiqlal fədailəri qürurla anılır, bu faciəni törədən qatillər dərin nifrətlə lənətlənir.

Əvvəllər 20 Yanvar yalnız faciə günü kimi anılırdısa, sonradan bu gün həm də azadlıq uğrunda mübarızə,  qəhrəmanlıq günü kimi yad edilməyə başlandı. Düzdür hadisə özü faciə idi. Çünki, silahsız, əliyalın, günahsız insanların üzərinə tanklar sürülmüş, bir gecədə 131 insan öldürülmüş,  744 adam ağır xəsarət almış, 400 nəfər həbs edilmiş, 4 şəxs isə itkin düşmüşdü. Lakin zaman keçdikcə bu faciəli gündə baş verənlər daha geniş təhlil edilmiş və öz  düzgün qiymətini almış, 20 Yanvar şəhidlərinin sadəcə faciə qurbanları deyil, həm də müstəqillik, suverenlik və demokratiya uğrunda canını fəda edən qəhrəmanlar olduğu qeyd olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Onların tökülən qanı bütün xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”(1).

Bu gün 35 il geridə qalan o günə boylanıb, baş verənləri təhlil edənlər, o günü həm də dönüş günü kimi dəyərləndirirlər. Elə internet səhifələrində olan yazılara nəzər salaq:

“Bu epoxal hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb”(2).

“1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır.

20 Yanvar faciəsi dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Faciədən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi, ölkənin müstəqilliyi ideyası ümummilli amala çevrildi, dünya azərbaycanlıları yeni siyasi tariximizdə ilk dəfə olaraq milli faciəmizin tanıdılması və nəticələrinin aradan qaldırılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.

20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm də fenomenal rolu oldu. 20 Yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıq süqutu yaxınlaşan SSRİ-də və soyuq müharibənin bitməsi ərəfəsində beynəlxalq arenada formalaşan geosiyasi situasiya fonunda əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda zəncirvarı tarixi proseslərə təkan verdi”(3).

“Azərbaycan xalqının qürur mücəssəməsinə çevrilən, ən yeni tariximizin şərəfli səhifələrindən biri sayılan bu faciə xalqımızın azadlıq, demokratiya və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi, milli azadlıq hərəkatının müstəqilliyə doğru irəliləməsində ciddi dönüş nöqtəsi oldu”(4).

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının  (MHP) İğdır millət vəkili Sinan Oğan isə 2014-cü ildə  qeyd edib ki, "20 Yanvarda Azərbaycan türklərinin müstəqilliyinin ilk məşəli yandırılıb"(5).

İllərdir Azərbaycan mətbuatında paylaşılan məqalələrin demək olar ki, hamısında  düzgün olaraq 20 Yanvar faciə günü olmaqla bərabər, həm də azadlıq uğrunda mübarizə günü kimi təbliğ edilir.  Yenə də internet səhifələrində olan yazılara göz ataq:

“Sovet rəhbərliyi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin qarşısını almaq, milli-azadlıq hərəkatına zərbə vurmaq, habelə digər müttəfiq respublikalara dərs vermək üçün 1990-cı il yanvarın 19-da “Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında” qərar qəbul etdi”(6).

“Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz azadlığı uğrunda apardığı mübarizənin şərəfli tarixidir”(7).

“20 Yanvar hadisəsi milli məfkurənin inkişafına təkan vermiş hadisədir. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir”(3).

Yuxarıdakı misallardan da göründüyü kimi, əgər bu gün təkcə faciə günü deyil, həm dönüş, həm də azadlıq, müstəqillik, demokratiya uğrunda mübarizə günüdürsə, niyə bu günün adı hələ də Ümumxalq hüzn günü olraq qalır?  Düşünürəm ki, Fəlsəfə və Sosiologiya İnstitutu bir ideologiya İnstitutu olaraq 20 yanvar gününün “Müstəqillik uğrunda mübarizə günü” kimi adlandırılması təklifi ilə çıxış etməli və bu barədə ölkə rəhbərinə müraciət etməlidir.

Fikrimi daha da əsaslandırmaq üçün dünyadan misallara baxaq. Məsələn, Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Niyə məhz fevralın 21-i? Ona gırə ki, 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsi baş verib(8).

17 noyabr Beynəlxalq Tələbə Günü.  Bu tarix 1946-cı ildə Praqada çex vətənpərvər tələbələrin ildönümünə həsr olunmuş beynəlxalq tələbələr konqresində təsis edilib. 28 oktyabr 1939-cu ildə faşistlərin işğalı altında olan Çexoslovakiyada Respublika Günü münasibətilə küçələrə axışan tələbə və müəllimlər faşist qoşunlarının zorakılığına məruz qalıb. Anoloji hadisələrin qarşısının alınması məqsədilə 1200 tələbə həbs edilərək konslaqerlərə aparılıb. Tələbə hərəkatının 9 fəal üzvü məhkəmənin hökmü olmadan edam olunub(9).  İlk başdan bu tarix yaddaş və matəm günü olsa da, hazırda noyabrın 17-si bilik və həyatı simvolizə edən işıqlı bayram kimi təqdim olunur.

Yəqin bir az da araşdırsaq belə misalların sayını artıra bilərik. Bəlkə də çoxları mənimlə razılaşmayıb etiraz edə bilər ki, 1990-cı il 20 yanvarda Bakıda baş verən hadisələr onsuz da “20 Yanvar-Ümumxalq hüzn günü” adı ilə əbədiləşdirilib.  Mənim təklifim bu günün adındakı “Ümumxalq hüzn”ü sözünü  “müstəqillik uğrunda mübarizə” sözü ilə əvəz etməkdir. Bəlkə də bu kiçik addımla ölkəmiz gələcəkdə bu günü beynəlxalq gün səviyyəsinə qaldıra bilər.

Tez-tez eşitdiyimiz, əksər yazıların sonunu tamamlayan bu və ya bu kimi cümlələr var: “Azərbaycanın azadlığı, suverenliyi uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi qədirbilən xalqımızın qəlbində bundan sonra da əbədi yaşayacaqdır!” Çox gözəl cümlədir. Düşünürəm ki, ötən 35 ili  yaşayan hər bir kəs belə deyər. Lakin bir həqiqət var ki, biz bilavasitə və bilvasitə bu hadisələrin içində olmuş, bu ağır, faciəli günləri görmüş, yaşamış insanlarıq. Zaman irəlilədikcə bu hadisələrin bir dənə də şahidi həyatda qalmayanda vəziyyət başq olacaq. Demirəm ki, hər şey unudulacaq, sadəcə olaraq gəlin düşünək: 20 Yanvar bu günkü anlamını saxlasa da, bu günkü təsir qüvvəsini saxlayacaqmı? Bəlkə də bu fikrim çoxlarına bir az qəribə gələ bilər. Lakin elə öz xalqımızın başına gətirilən digər faciələrlə müqayisə edək. Məsələn, 31 Mart azərbaycanlıların soyqırımı günü ilə, 26 Fevral Xocalı soyqırımı gününü müqayisə edək. Gəlin görək hansı bizim üçün daha təsirlidir. Baxmayaraq ki, 31 martda baş verən hadisələr istər ölüm sayına, istər miqyasına, istərsə də hadisələrin ağırlığına görə 26 fevralda baş verənlərdən daha böyük, daha ağır olub. Biz bu gün 31 martı sadəcə anım günü kimi qeyd etdiyimiz halda, Xocalı soyqırımını damarlarımıza qədər hiss edir, Xocalı deyəndə göz yaşlarımızı saxlaya bilmirik. Deməli uzun illərdən sonra insanlar 20 Yanvar Ümümxalq hüzn gününü də sadəcə anım günü kimi qeyd edəcəklər. Yəni insanlara təsir qüvvəsi azalacaq. Onda niyə bu günü biz “Müstəqillik uğrunda mübarizə günü” deyil, “Ümumxalq hüzn günü” adlandıraq ki?

İstinadlar:

1.   http://www.aayda.gov.az/az/news/1254

2.   https://mod.gov.az/az/20-yanvar-faciesi-414/

3.   http://ucar-ih.gov.az/news/677.html

4.   http://shirvan-ih.gov.az/news/1873.html

5.   https://az.wikipedia.org/wiki/Qara_Yanvar

6.   http://shirvan-ih.gov.az/news/1873.html

7.   https://azerbaijan.az/related-information/6

8.   https://azertag.az/xeber/21_fevral___beynelxalq_ana_dili_gunudur-1138686

9.   https://az.wikipedia.org/wiki/%C3%9Cmumd%C3%BCnya_