23.12.2024, 11:05 - Baxış sayı: 45

Böyük türk mütəfəkkiri Ziya Gökalpın vəfatının 100 illiyinə həsr olunmuş Beynəlxalq Elmi konfrans keçirilib


Dekabrın 20-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun və Azərbaycan Türk Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə İnstitutun Akt zalında böyük türk mütəfəkkiri Ziya Gökalpın vəfatının 100 illiyinə həsr olunmuş “Ziya Gökalp və Türk Dünyası”  adlı Beynəlxalq Elmi Konfrans keçirilib.

Tədbiri Fəlsəfə və Sosiologiya İnstitutunun  direktoru, f.e.d., professor İlham Məmmədzadə giriş sözü ilə açaraq, gələn qonaqları salamladıqdan sonra konfransı açıq elan etdi.

Daha sonra söz AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini t.e.d. Eynulla Mədətliyə verilib. E.Mədətli Ziya Gökalpla bağlı tədbirin keçirilməsini əlamətdar hadisə aldandırıb: “Akademiya rəhbərliyinin, hörmətli İsa Həbibbəylinin qərarı ilə Fəlsəfə və Sosiologiya  İnstitutunda türk tarixini, türk fəlsəfəsini, müasir türk düşüncəsini, məktəbləri, cərəyanları öyrənən ayrıca şöbə yaradıldığını qeyd edib. Artıq şöbə tərəfindən tədbirlər də keçirilib. Bugünki tədbir daha böyük və nəticəli tədbir kimi dəyərləndirilməlidir. Ona görə ki, Ziya Gökalp türk düşüncə tarixinin, türklük hərəkatının ən öncüllərindən biri olub. Onun sistemləşdirdiyi türkçülüyün əsasları həm Türkiyədə, həm Azərbaycanda, həm də bütün türk cümhuriyətlərində olduqca yüksək dəyərləndirib".

 AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun "Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsi"nin müdiri, fəlsəfə üzrə fəlsəfə  doktoru, dosent Faiq Ələkbərli “Türk xalqlarının fəlsəfi fikir tarixində Ziya Gökalp fenomeni” adlı məruzəsində ilk növbədə, Ziya Gökalpın böyük şəxsiyyət, türk dünyasının mütəfəkkiri, filosof olduğunu vurğulayıb. F.Ələkbərli məruzəsində bildirib ki, Ziya Gökalpın düşüncələrinin formalaşmasında Əli Süavinin, Əli bəy Hüseynzadənin, İsmayıl bəy Qaspıralının da rolu olub. Eyni zamanda Ziya Gökalpın özü də türk dünyasının digər ziyalılarına yol göstərib: "Əgər Ziya Gökalp İsmayıl bəy Qaspıralıdan, Əli bəy Hüseynzadədən təsirlənirsə, onun özü də Məhəmməd Əmin Rəsulzadəyə və başqa türk böyüklərinə təsirini göstərib. Bu bir fikir alış-verişidir. Əgər Əli bəy Hüseynzadə "türk hissiyatlı, islam etiqadlı, firəng qiyafəli deyirdisə, Ziya Gökalp "Türk Yurdu" dərgisində bunu "türkləşmək, islamlaşmaq, müasirləşmək" adı altında dəqiqləşdirdi".

Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı çıxışı zamanı tədbir iştirakçılarını salamlayıb və bildirib ki, bu tədbirin AMEA-nın Fəlsəfə İnstitutunda keçirilməsi təsadüfi deyil:

"Ziya Gökalp təkcə Türkiyə üçün deyil, türk dünyası üçün böyük fikir, düşüncə insanıdır. Onun Azərbaycanın milli-azadlıq hərəkatında, türkçülük hərəkatında fikrən təsirləri çox güclü olub. Buna görə də Ziya Gökalpın vəfatının yüzüncü ildönümündə onu anmaq bizim borcumuzdur. Türk Ocaqlarının 1912-ci ilin martın 25-də quruluşunda Ziya Gökalp, eyni zamanda Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Mehmet Emin Yurdakul kimi şəxsiyyətlər iştirak ediblər. Azərbaycanda Türk Ocağı Azərbaycan Xalq Cümhuriyyətinin bir əsəri olaraq ortaya çıxıb. 1918-20-ci illərdə fəaliyyət göstərib. Azərbaycan Türk Ocaqlarının əsas baniləri Əhməd Cavad, Abdulla Şaiq, Abbasqulu Kazımzadə, Kərbəlayi Vəli Mikayılzadə və digər münəvvər ziyalılarımız olublar". 

Konfransda prof., dr. Zeynabdin Reşidov – “Ziya Gökalpda çədidcilik və Türk Dünyası” (Ankara Hacı Bayram Vəli Universiteti ), f.ü.f.d. Paşa Quluzadə  “Ziya Gökalpın ideal türk təhsili və təsəvvürü” (Azərbaycan Dövlət Pedaqoji Universiteti), prof. dr. Süleyman Doğan  “Vəfatının 100-cü ilində Ziya Gökalpı anma və anlamaq” (Yıldız Texnik Universiteti), prof., dr. Mustafa Yıldıran “Türk Dünyasının ekonimik gələcəyi və Ziya Gökalpın Turan məfkurəsi” (Akdeniz Universiteti),  Ayşegül Buşra Paksoy “Ziya Gökalp, qadın haqları və Türk Dünyasına baxış” (“Türk yurdu” dərgisinin genel yayın yönətməni) və digərləri öz mövzuları ətrafında məruzələrlə çıxış ediblər.

Sonda qonaqlar kitablarını institut rəhbərliyinə təqdim etdilər.