“Ümumdünya Fəlsəfə Günü”nə həsr olunmuş beynəlxalq konfrans keçirildi
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının nümayəndəsi Mustafa Şabanov, Hollandiyada yerləşən SOTA Elmi Mərkəzinin baş direktoru PhD Mehmet Tütünçü, Böyük Britaniyadan siyasi şərhçi PhD Nil Vatson, Tunis Universitetinin professoru Larusi Mizuri, Türkiyənin Hacettepe Universitetinin dekanı prof. Dr. Yonca İldeşin, Rusiyanın Noosfer İctimai Elmlər Akademiyasının professoru Heydər İmanov, eləcə də Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları iştirak ediblər.
Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli institut əməkdaşlarını Ümumdünya Fəlsəfə Günü münasibətilə təbrik edib. Bildirib ki, UNESCO tərəfindən təsis olunan bu əlamətdar gün bütün dünyada olduğu kimi, Azərbaycanda da, xüsusilə fəlsəfə üzrə ölkəmizdə əsas tədqiqatların aparıldığı Fəlsəfə və Sosiologiya İnstitutunda da geniş qeyd olunur.
Çıxışında fəlsəfə elminin meydana gəlməsi, tarixi, keçdiyi inkişaf yolu, məqsəd və vəzifələri haqqında danışan akademik İsa Həbibbəyli qədim yunan filosofları Platonun idealist və Aristotelin materialist fəlsəfi düşüncəsinin əsrlərdir şüurlara hakim kəsildiyini, bu iki istiqamətin fəlsəfə elminə yön verərək tarixin inkişaf müddətində müəyyən mərhələlərdən keçərək çoxsaylı müstəqil düşüncə, ideya və nəzəriyyələrlə zənginləşdiyini deyib.
Tarixi ənənələri olan Azərbaycan fəlsəfə məktəbinin Sovet hakimiyyəti illərində dövrün ideologiyasının tələbi ilə yalnız materialist fəlsəfi düşüncəyə dair tədqiqatlar apardığını vurğulayan AMEA rəhbəri diqqətə çatdırıb ki, ölkəmiz müstəqillik qazandıqdan sonra fəlsəfə elmi də uğurlu inkişaf yolu keçib, digər fəlsəfi cərəyanlar ölkəmizdə sistemli şəkildə araşdırılaraq öyrənilib və zamanın çağırışları bizdən idealist fəlsəfəyə yaxın olan milli fəlsəfəmizi müəyyənləşdirməyi tələb edir.
Prezident İlham Əliyevin 10 yanvar 2024-cü il tarixində yerli televiziya kanallarına müsahibəsi zamanı yeni tarixi mərhələdə Azərbaycanın gələcək milli ideyası ilə bağlı ziyalılarımız, alimlərimiz qarşısında vəzifələr qoyduğunu bildirən akademik İsa Həbibbəyli bundan irəli gələrək AMEA-da humanitar və ictimai elmlər bölmələrini əhatə edən alimlərin iştirakı ilə 3 dəfə geniş müzakirələrin aparıldığını, Azərbaycanın gələcək milli ideyası ilə bağlı alimlərimizin - “Daha güclü Azərbaycan, türk birliyi, rəqəmsal inkişaf və strateji tərəfdaşlıq” nəticəsinə gəldiyini diqqətə çatdırıb. Həmçinin Prezident İlham Əliyevin Türk dünyası ilə bağlı qarşıya qoyduğu mühüm vəzifələrdən irəli gələrək Fəlsəfə və Sosiologiya İnstitutunda daxili imkanlar hesabına Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin yaradıldığını vurğulayıb.
Akademik İsa Həbibbəyli, həmçinin Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşlarının son dövrlərdə “Milli identiklik”, “Milli fəlsəfə konsepsiyası”, “Sufi fenomenologiyası” və s. mövzularda apardıqları aktual tədqiqatları yüksək qiymətləndirib.
Konfransa moderatorluq edən Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə “Qələbə, dəyərlər və identiklik”, PhD Nil Vatson “Müasir dünyada identiklik konsepsiyası”, t.e.d. Eynulla Mədətli “H.Əliyevin dövlətçilik təlimində milli özünüdərk, milli kimlik və mənəvi dəyərlər”, professor Larusi Mizuri “ İdentiklik fəlsəfə və tarix arasında: XIX-XX əsrlərdə Tunisdə italyan icmasının nümunəsi əsasında”, AMEA-nin müxbir üzvü Könül Bünyadzadə “Sufi fenomenologiya yeni dövrün fəlsəfəsi kimi”, professor Heydər İmanov “Gələcək şəxsiyyətin fəlsəfi dərki”, professor Əbülhəsən Abbasov “Fəlsəfi meqabilik və ədəbi tənqid: İsmayıl Şıxlı və Herbert Markuze yaradıcılığında ideya-ideallar identikliyi”, f.e.d. Füzuli Qurbanov “Yeni tarixi mərhələdə milli ideya: fəlsəfi yanaşma”, dosent Ziba Ağayeva “Universal dəyərlər, müasir texnika və texnologiyalar kontekstində” və dosent Günel Məlikli “Prezident İlham Əliyev - milli dirçəliş fəlsəfəsi” mövzusunda məruzələrlə çıxış ediblər.

