06.11.2020, 13:09 - Baxış sayı: 554

Gizli düşmən olan pandemiyaya qarşı “SOS” siqnalı hamını sayıqlığa və mübarizəyə çağırır


Əhməd QƏŞƏMOĞLU,
iqtisad elmləri doktoru, sosioloq

İndi ölkəmiz iki cəbhədə ciddi mübarizə aparır. Biri Vətənimizə, xalqımıza qarşı ədalətsizliyə, düşmənçiliyə qarşı, torpaqlarımızı işğaldan qurtarmaq uğrunda döyüş meydanlarında apardığımız müharibə, o biri isə qorxunc bir bəla olan koronavirus ilə mübarizə. Birinci cəbhədəki uğurlarımız hamımızı sevindirir. Rəşadətli ordumuzun, müdrik və qətiyyətli Ali Baş Komandanımızın rəhbərliyi ilə hər gün mənfur düşməni qovub, yeni torpaqlarımızı azad edirik.
Təəssüf ki, ikinci cəbhədə buna layiq uğurlarımızdan danışa bilmirik. Xəstəliyə yoluxanlarımızın sayının get-gedə çoxalması həyəcan doğu­rur. Xəstələrin belə artması hər bir ölkədə olduğu kimi, bizdə də insanların sağlamlığına, iqtisadiyyata, əhalinin güzəranına, səhiyyə, təhsil, elm, mədəniyyət sisteminə - bütün sahələrə ciddi zərbələr vurur. Amma bizim üçün ən qorxulu olan həm də odur ki, ikinci cəbhədəki bu vəziyyət, birinci cəbhəyə – əsgərlərimizin səhhətinə, ərzaq təminatına və s. məsələlərə də ziyan vura bilər. Ona görə bizdə koronavirusla mübarizə daha çox əhəmiyyət kəsb edir. Bu sahədə daha ciddi, təsirli tədbir görülməsinə olduqca böyük ehtiyac var. Amma biz bu tədbirləri lazımi səviyyədə görürükmü? Təəssüf ki, yox!
Xəstələrin sayının birdən-birə bu qədər çoxalmasının səbəbini bir çoxları mövsümun xüsusiyyətlərində, havaların pisləşməsində görür. Tez-tez başqa ölkələri də misal çəkirlər ki, hər yanda yoluxma sayı artmaqdadır. Bu deyilənlərdə həqiqət var. Amma, bizdə yoluxma sayının belə artmasının səbəbi təkcə mövsümün xüsusiyyətləri deyil. Həm də özümüzün sosial sferada bir sıra tədbirləri görməməyimizdədir. Bu isə bir o qədər də çətin deyil. O tədbirləri görməməyimizin əsas səbəbləri bunlardır: səhlənkarlıq; naşılıq, cahillik, bəzi məmurların məsuliyyətsizliyi.
Mən fevral ayından bu tərəfə müxtəlif televizya kanallarında, sayt­larda, qəzetlərdə bu mövzu ilə bağlı 30-dan artıq müsahibəmdə dəfələrlə təkrar etmişəm ki, koronavirusla bağlı mübarizəmizin ciddi nəticələr verməsi üçün biz, ilk növbədə, əhalini hazırla­malıyıq. Əhalinin dalınca gileylənməklə iş bitmir. Bu bizim əhalidir və xəstəliyə qalib gəlməyimiz üçünsə onun davra­nışı həlledici rol oynayır. Bunun üçün müasir tələblərə cavab verən, elmi təminat əsasında hazırlanmış Fəaliyyət proqramlarına ehtiyac var.
İndi ölkədə koronavirusla bağlı nə baş verir? Mənim demək olar ki, bütün rayonlarda tələbələrim var.Onlar gələcəyin sosioloqları, sosial işçiləridir. Biz onlarla birlikdə telefonla da olsa vəziyyəti tez-tez müzakirə edirik. İndiki mövcud vəziyyət olduqca acınacaqlıdır. Rayonlarda koronavirusdan qorunmaq, məhdudiyyətlərə əməl etmək sahəsində həyəcanlı bir vəziyyət var. İnsanların bir çoxu bu xəstəliyə qarşı etinasızdır.
Kənd yerlərində haradasa bir nəfər rəhmətə getdimi, əvvəlki qayda ilə yas mərasimləri saxlanılır. Əgər kimsə ehtiyat edib həmin yas məclisinə getməsə, kənd camaatının çoxu həmin adamı qınayır, dalınca danışır, gözdən salmağa çalışırlar. Kənddə, elə həmin yas yerində maska taxana hətta lağ edirlər. Mövsümi qrip xəstəliyinə tutul­muş adamlara isə maska taxdırmaq mümkün olmur. Belə insanlar, sanki, qəhrəmanlıq edirlərmiş kimi: “Mən bu xəstəliyə inanmıram” – deyib-dururlar.
Amma əhalini hazırlamadan korona­virusa qalib gəlmək mümkün deyil. Çox təəssüf ki, yer üzü artıq viruslar erasına girib. Hələ indidən mütəxəssislər başqa xarakterli viruslar haqda danışırlar. Necə ki kənd yerlərində insanlar ilanla, cəngəlliklərdə vəhşi heyvanlarla bir yerdə yaşamaq fəndlərini bilirlər, bizdə də bütün əhali viruslarla bir yerdə yaşa­maq qaydalarını öyrənməlidirlər.
İnsanların koronavirusa qarşı sayğısız davranışının əsas səbəbləri aşağıdakılardır:
1. Savadsızlıqdan, cəhalətdən doğan özünü ağıllı göstərmək kimi xəstə bir xüsusiyyət.. Əgər həmin insanlar görsələr ki, ətrafdakılar belə münasibəti qınayır, ictimai qınaq var, belə etməzlər. Əksinə, yenə də özlərini ağıllı göstərmək üçün başqalarından da artıq normalara əməl etdiklərini nümayiş etdirərlər.
2. Xurafat, Allahın onları qoruya­cağına inam. Axı Allah heç vaxt heç bir yerdə deməyib ki, kefin nə istəyir elə, qorxma, mən səni qoruyacağam. Əksinə, Qurani-Kərimdə ağıllı fəaliyyət üçün çağrışlar, tövsiyələr var. İslamda “murdar” və “haram” kimi iki anlayış var. Dərindən fikir versək, məlum olur ki, is­lamda bütün xəstəlik mənbələri murdar elan edilir, təhlükə mənbələri isə haram. Elə bu məntiqlə baxsaq, koronavirusun yayılmasına səbəb olan mənbələrin hamısı haramdır və murdardır. Təəssüf ki, din xadimlərimiz bu sahədə əhali ilə lazımi işləri aparmırlar.
3. Xəstəliyə qarşı belə inamsızlıq, eyni zamanda, bir düşmənin marağı­na uyğundur. Təbii ki, düşmən çalışır ki, bizim ölkəmizdə koronavirus daha sürətlə yayılsın. Ona görə də onlar öz şəbəkələri vasitəsi ilə hər zaman çalışa bilərlər ki, insanlarımız arasında bu xəstəliyə bir etinasızlıq olsun.
4. Müəyyən qrup insanlarda ətrafda baş verənlərə bir laqeydlik, etinasızlıq var. Belə insanlar daha çox işsiz, xəstə, narkotika, alkoqol aludəçiləri arasın­da olur. Bu qrup əhali xüsusi, zəif bir qrup olaraq daha ciddi nəzarət altında olmalı, onlarla daha həssas metodlarla iş aparmaq lazımdır.
Əhalinin sıx yaşadığı Bakı­da və digər iri şəhərlərdə əhalinin maarifləndirilməsinə, koronavirusla mübarizəyə hazırlanmasına böyük ehtiyac var. Avtobuslarda maska taxmayanlar, yaxud formal olaraq taxanlar az deyil. İaşə müəssisələrində təhlükəsizlik tədbirləri lazımi səviyyədə deyil. Hələ də qucaqlaşıb öpüşənlər, məhdudiyyətlərə əməl etməyənlər olduqca çoxdur. Bu vəziyyəti orta­dan götürmək yalnız inzibati tədbirlər vasitəsi ilə mümkün deyildir. Əhalinin özü bu vəziyyəti tənzimləməlidir. Təbii ki, bunun üçünsə əhalini, yuxarıda qeyd edildiyi kimi, hökmən müasir elmi tələblər əsasında hazırlamaq lazımdır.
Kəndlərimizin birində belə bir dəhşətli hadisə baş vermişdir. Bir müddət əvvəl Bakıdan kəndə gələn bir nəfər öz xəstəliyini hamıdan gizlətmiş, Bakıda ona təyin olunmuş dərmanlarla özünü müalicə etmişdir. Qonşular­dan da bir gənc ondan yoluxmuş və o da xəstəliyini kənd camaatından gizlətmişdir. Müalicə üçün Bakıya gəlmiş və burada xəstəxanada vəfat etmişdir. Onu nəzarətlə kəndə aparıb dəfn etmişlər. Yenə də valideynləri öz övladlarının koronavirusdan öldüyünü gizlətmiş və kənddə 7 gün dalbadal yas saxlamışlar. Bütün kənd camaatını yas­da iştirak etməyə bir növ təhrik etmişlər ki, cavan oğlumuz ölüb, gərək ona layiq yas məclisi olsun. Yas mərasiminin keçirilməsinə heç kim mane olmamışdır. Yasda iştirak edənlərin heç biri maska taxmamışlar. Yasdan sonra iki nəfər yaşlı qadın da ölmüşdür...
Belə bir vəziyyətdə konkret olaraq aşağıdakı tədbirlərin vacib olduğunu düşünürəm:
1. Ölkədə ən əhatəli, səlahiyyətli şəbəkə olan icra hakimiyyəti şəbəkəsinin bu sahəyə məsuliyyəti artırılmalıdır. Onların hər biri fəaliyyətdə olduqları ərazilərdə-- şəhərlərdə, qəsəbələrdə, kəndlərdə ciddi fəaliyyət göstərməlidirlər. Misal üçün, hər bir kənddəki icra nümayəndəsisözü keçən adamları bir yerə toplayıb, onlarla vəziyyəti dərindən müzakirə etməli, onlara təlimatlar və təşviqat material­ları verməlidir. Xəstəliyin yayılması ilə bağlı məhdudiyyətlərə əməl etməyənlər cəzalandırılmalıdırlar. 2. Xəstəliyini bilib gizlədənlər də məsuliyyətə cəlb edilməli, cəzalandırılmalıdırlar.
3. Ordumuzun müharibədə əldə etdiyi uğurlar əhalinin əhval-ruhiyyəsini xeyli yüksəldib, onlarda sabah inam hissini olduqca artırıb. Yerlərdə, məmurlar bu ovqatın daha da yüksək olması üçün öz öhdələrinə düşən işi də layiqli şəkildə görməlidirlər. Camaatda ruh düşkünlüyü yaradan fəaliyyətə yol vermək olmaz. İndi hamı Prezidentimizlə, Ordumuzla fəxr etdiyini deyir. Lakin hər kəs öz Prezidentinə, or­dusuna məhəbbətini kütləvi bəlanın ci­lovlanmasına köməyi ilə isbat etməlidir.
4. Din xadimləri ciddi fəaliyyətə keçməli, yas mərasimlərinin keçirilməsinə ciddi məhdudiyyət qoymalıdırlar. Bu yas mərasimlərində verilən ehsanın əslində, insanların səhhəti üçün təhlükəli olduğunu elan etməlidirlər.
5. Kənd əhalisinə maddi cəhətdən ciddi kömək etmək üçün onlardan kənd təsərrüfatı məhsulları elə öz qapılarında satın alınmalı və Bakıda təşkil edilmiş bazarlara daşınmalı­dır. Bu həm kənd əhalisinə maddi cəhətdən kömək olar, həm də Bakıda kənd təsərrüfatı məhsullarının, meyvə tərəvəzin qiymətini aşağı salar. Bu da öz növbəsində bakılıların immunitetini qaldırmağa kömək edər.
6. QHT-lər, ictimai təşkilatlar bu sahədə fəaliyyətə cəlb edilməlidir. Onlar informasiyaların toplanmasında, sosi­oloji araşdırmalar aparmaqda, müasir tələblərə cavab verən maarifləndirmə işində mühüm kömək edə bilərlər.
SOS! Təcili tədbirlər görmək lazımdır!

"xalqqazeti.com"