06.11.2020, 12:27 - Baxış sayı: 709

Fəlsəfə və Sosiologiya İnstitutunun 75 illik yubileyinin keçirilməsi haqqında AMEA Rəyasət Heyətinin qərarı


Fəlsəfə və Sosiologiya İnstitutunun 75 illik yubileyinin keçirilməsi haqqında AMEA  Rəyasət Heyətinin qərarıAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun 75 illik yubileyinin keçirilməsi haqqında 30 oktyabr 2020-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti qərar (№17/6) qəbul etmişdir. Qərarda deyilir:
“2020-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun yaradılmasının 75 ili tamam olur. Ötən 75 il ərzində şərəfli inkişaf yolu keçən Fəlsəfə və Sosiologiya İnstitutu Azərbaycanda fəlsəfə elminin inkişafına güclü təkan vermiş, Azərbaycan fəlsəfə tarixi, dünya fəlsəfə tarixi və ictimai-siyasi fikrin, sosial-mənəvi inkişafın, elmin, elmi-idrakın və qlobalistikanın fəlsəfi-sosioloji və sosial-psixoloji məsələlərinin, modernləşmənin sosioloji problemlərinin, ölkədaxili siyasi proseslər üzrə elmi istiqamətlərin öyrənilməsində misilsiz xidmətlər göstərmişdir.
Fəlsəfə və Sosiologiya İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının müstəqil elmi qurumu kimi 1945-ci ildə təşkil olunmuşdur. İnstitut 1945-1950-ci illərdə “Fəlsəfə İnstitutu”, 1950-1956-cı illərdə “Tarix və Fəlsəfə İnstitutu”, 1956-1967-ci illərdə “Fəlsəfə sektoru”, 1967-2002-ci illərdə “Fəlsəfə və Hüquq İnstitutu”, 2002-2009-cu illərdə “Fəlsəfə və Siyasi-hüquqi Tədqiqatlar İnstitutu”, 2009-2014-cü illərdə “Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu”, 2014-2016-cı illərdə “Fəlsəfə və Hüquq İnstitutu” adlandırılmış, 2016-cı ildən isə “Fəlsəfə İnstitutu” adı ilə fəaliyyət göstərmişdir. Hazırda institutun elmi istiqamətini Azərbaycan və dünya fəlsəfə tarixinin müxtəlif problemləri, fəlsəfənin yeni istiqamətləri ilə yanaşı, elmi idrakın fəlsəfi-sosioloji problemləri, müasir dünyanın sosial-mənəvi inkişafı və s. kimi problemlər təşkil edir. Müasir cəmiyyətin sosial problemlərinin tədqiqinin dövrün aktual məsələlərindən birinə çevrildiyini, institutda tədqiq olunan fəlsəfə və sosiologiya elmlərinin bir-birilə sıx bağlı olduğunu nəzərə alaraq, “AMEA-nın Fəlsəfə İnstitutunun adının dəyişdirilməsi” haqqında AMEA Rəyasət Heyəti 10 iyun 2020-ci il tarixində qərar qəbul etmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 oktyabr 2020-ci il tarixli 374 nömrəli qərarı ilə institut Fəlsəfə və Sosiologiya İnstitutu adlandırılmışdır.
Fəlsəfə və Sosiologiya İnstitutunun təşkili Azərbaycan xalqı və elmi qarşısında misilsiz xidmətləri olan akademik Heydər Hüseynovun adı ilə bağlıdır. İnstituta akademik Makovelski
Aleksandr Osipoviç, akademik Firudin Köçərli, akademik Aslan Aslanov və bir çox görkəmli alimlər rəhbərlik etmişdir.
Fəlsəfə və Sosiologiya İnstitutu öz fəaliyyətində daima xarici ölkələrlə beynəlxalq əlaqələr və münasibətlərin keyfiyyət səviyyəsinin yüksəldilməsinə, ölkənin milli-mədəni siyasətinin düzgün istiqamətdə inkişafına, müstəqil, azad və demokratik dövlət quruculuğu sahəsinə, etik və dini problemlərin öyrənilməsinə səy göstərmişdir. Hazırda institutun Rusiya, Türkiyə, Əlcəzair, Mərakeş, Qazaxıstan, Özbəkistan, Çin, Fransa, Bolqarıstan kimi ölkələrin elmi mərkəzləri ilə əməkdaşlıq əlaqələri vardır.
Fəlsəfə və Sosiologiya İnstitutunun 75 illik yubileyinin keçirilməsi haqqında AMEA  Rəyasət Heyətinin qərarıİnstitutun əsas tədqiqat istiqamətini fəlsəfə və ictimai fikir tarixi, sosial fəlsəfə, sosiologiya və sosial psixologiya, siyasi elmlər, idrak nəzəriyyəsi və elmin fəlsəfəsi, müasir fəlsəfənin yeni istiqamətləri, etika və estetika, informasiya cəmiyyətinin fəlsəfi problemləri, dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri təşkil edir. Bu tədqiqatlar içərisində Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsinin və azərbaycançılıq ideologiyasının araşdırılması məsələləri xüsusi yer tutur.
Fəlsəfə və Sosiologiya İnstitutunun fəaliyyət göstərdiyi son dövr ərzində aparılan elmi tədqiqatların nəticələri 200-ə qədər monoqrafiya və kitab, 1500-dən çox məqalə və tezisdə (o cümlədən 250-dən çoxu xaricdə) əks olunmuşdur. 22 məqalə impakt faktorlu jurnallarda çap edilmişdir. İnstitut tərəfindən 70-dən çox elmi tədbir (20-si beynəlxalq olmaqla) keçirilmişdir. İnstitutda beynəlxalq tərkibli 2 elmi-nəzəri jurnal – “Şərq fəlsəfəsi problemləri” və “Elmi əsərlər” nəşr edilir. Vaxtilə 4 şöbədən ibarət olan Fəlsəfə və Sosiologiya İnstitutunda hazırda 15 elmi şöbə fəaliyyət göstərir, 226 əməkdaş çalışır. Onlardan 145 nəfəri elmi işçi, o cümlədən 1 nəfəri AMEA-nın müxbir üzvü, 28 nəfəri elmlər doktoru, 65 nəfəri fəlsəfə doktorudur. İnstitutun 13 doktorantı, 53 dissertantı,1 magistrantı vardır.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun 75 illik yubileyini nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti QƏRARA ALIR:
1. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun 75 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər planı təsdiq edilsin (əlavə olunur).
2. Qərarın icrasına nəzarət AMEA-nın birinci vitse-prezidenti akademik İsa Həbibbəyliyə həvalə edilsin.”