06.10.2017, 09:12 - Baxış sayı: 1180

Rusiya Elmlər Akademiyası ilə AMEA Fəlsəfə İnstitutu arasında birgə əməkdaşlıq sahəsində razılaşma əldə olunub


Rusiya Elmlər Akademiyası ilə AMEA Fəlsəfə İnstitutu arasında birgə əməkdaşlıq sahəsində razılaşma əldə olunub
Oktyabrın 3-ü və 4-də Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda elmi praktik konfrans keçirilib. Konfrans Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun elmi jurnalı olan “Voprosu filosofii” jurnalının 70 illiyinə həsr edilmişdir. Qeyd edək ki, bu jurnal dünyada tanınmış Tomson Reyter jurnallarının siyahısına daxil edilib və reytinqi yüksəkdir. Konfransda iştirak etmək üçün Azərbaycanı AMEA Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə təmsil edib. İ.Məmmədzadə öz çıxışında “Voprosu filosofii” jurnalının fəaliyyətindən bəhs edərək bildirib ki, hazırda jurnal məqalələri kitablardan daha çox oxunur və diqqəti tez cəlb edir. Xüsusən də bu sahədə belə jurnalların xidmətləri əvəzsizdir. Biz demək olar ki, dünya fəlsəfəsində olan yeniliklərlə bağlı bu jurnal vasitəsi ilə məlumat əldə edirik. Jurnalda elmin və fəlsəfi mühitin təhlili, fəlsəfə və tarix, fəlsəfə və mədəniyyət bölümlərində elm adamları və bu sahə ilə maraqlananlar üçün maraqlı və dəyərli yazıların yer aldığını bildirən İ.Məmmədzadə, çıxışının sonunda Rusiya Fəlsəfə İnstitutunun rəhbərliyinə və jurnalı ərsəyə gətirənlərə işlərində uğur diləyərək, yubiley münasibəti ilə onları təbrik edib.
Qeyd edək ki, konfransda Rusiya Fəlsəfə İnstitunun direktoru, akademik A.V.Smirnovla Azərbaycan Milli Elmlər Akdemiyasının Fəlsəfə İnstitutunun direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə arasında birgə əməkdaşlıq sahəsində razılaşma əldə olunub. Razılaşmaya əsasən 2018-ci il aprel ayında Bakıda Rusiya filosoflarının iştirakı ilə Ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş elmi konfrans keçiriləcəkdir.