26.10.2020, 11:05 - Baxış sayı: 440

Təcavüzkarın tanınması koalisiyası de-fakto formalaşıb


Hüseyn İbrahimov
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi
Fəlsəfə doktoru


Bu gün Azərbaycan özünün ən yeni tarixinin şərəfli və məsuliyyətli mərhələsindədir. Müasir dünya tarixində işğalçını təkidlə sülhə səsləmək çağrışlarında da Azərbaycan nümunəsi bərqərar oldu.
Növbəti mərhələdə sülhəməcburetmə taktikasının seçimi isə düşmənin uzun illər diplomatiya mədəniyyətini kobudcasına pozması, beynəlxalq hüquqa hörmətsizlik göstərməsi və ən əsası tarixi ərazilərimizi işğalda saxlamasının nəticəsi olaraq təhlil etməliyik. Cənab İlham Əliyev həmişə problemin həllində həm beynəlxalq hüquq, həm də Azərbaycanın ərazi bütövlüyü prinsipini əsas tutmuş, həmçinin, Ermənistanın silahlı birləşmələrinin ərazilərimizdən çıxarılmasından sonra Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinə təminat verəcəyini bildirmişdir. Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsi və indiki Ermənistan hakimiyyətinin əvvəlkilərdən daha radikal və qeyri-konstruktiv mövqe tutması isə məsələnin həllinə yeni yanaşmaları zəruri etdi. Son iki ildə birtərəfli və çoxtərəfli danışıqların hər birini Ermənistan hərbi-siyasi dairələri dərhal pozaraq radikal çağırışlar etmişlər.
Məsələyə müqayisəli və tarixi yanaşma metodları ilə nəzər salsaq, erməni tərəfinin pozuculuq və faşizm niyyəti üzə çıxır. Ermənistanın bu gün dünya ictimaiyyəti tərəfindən işğalçı dövlət kimi tanınması baş verir. “Təcavüzkarın tanınması” koalisiyası de-fakto formalaşmışdır. Sözsüz ki, 20 illik atəşkəs dövrü (erməni tərəfinin atəşkəs prinsiplərini daim pozmasına baxmayaraq) Azərbaycana təcavüzkarın tanınması istiqamətində diplomatik səyləri artırmağa imkan yaratdı. Bu gün şanlı Azərbaycan ordusunun azad etdiyi doğma ərazilərimizin infrastrukturunun vandalizmlə müşahidə olunması özü də Ermənistan hərbi-siyasi birləşmələrinin nə qədər neofaşist olması faktını təsdiqləyir. Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev düşmənin dinc əhaliyə atəş açması kimi görünməmiş terrora əl atdığı bir dövrdə dinc erməni sakinlərinə ərazilərimizdə normal şəraitin yaradılacağı barədə mesajı yüksək tolerantlıq və multikulturalizm ideyalarına söykənir. Bunu bütün dünya görür və artıq bütün dünya üçün aydın olur ki, Ermənistanın Dağlıq Qarabağda hərbi xunta yaratması bütünlükdə Cənubi Qafqaz və region üçün yaxşı heç nə vəd etməzdi.
Azərbaycanın haqlı mübarizəsinə yüksək siyasi dəstək göstərən Türkiyənin də mövqeyi Cənubi Qafqazda sabitliyin bərqərar olması, separatizm və siyasi vandalizmin artikulyasiyasına qarşı yönəlmişdir. Tam əminliklə demək olar ki, Azərbaycan dövlətinin öz ərazisində apardığı antiterror əməliyyatları ilə hesablaşanların sırası artmaqdadır. Region, eləcə də dünya ictimaiyyəti üçün birmənalı olaraq dərk ediləndir ki, Azərbaycan həm də sülhəməcburetmə əməliyyatı aparır. Ölkəmizin ədalətli səsinə dəstək olanlar ABŞ-da artmaqdadır. Bütün bunlar “təcavüzkarın tanınması” koalisiyasının genişləndiyini göstərir. Qardaş Türkiyə KİV-nin bu istiqamətdə xüsusi tarixi əhəmiyyətli yeri və rolu vardır.
Cənab İlham Əliyev son müsahibələrində Rusiya tərəfini Ermənistana silah satmaqla işğalçı Ermənistana hərbi güzəştlərdə ittiham etdi. Bu haqlı fikirlərə Rusiya KİV-lərinin də münasibəti birmənalı deyildir. Rusiya mediasında ölkəmizin haqlı mücadiləsinə dəstək olan tərəqqipərvər qüvvələr genişlənir. Rusiya prezidenti Azərbaycanın öz ərazisində apardığı antiterror planına qarışmadığını, bunun Azərbaycanın daxili işi olduğunu bildirir.
Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin müvəqqəti atəşkəslə bağlı razılaşma cəhdlərinin Ermənistan tərəfindən dərhal pozulması və bunun ardınca Gəncədə dinc sakinlərə qarşı ardıcıl faciə törətməsi yəqin rəsmi Moskva üçün də aydın olmalıdır ki, hazırki Ermənistan hakimiyyəti və silahlı qüvvələri region üçün təhdiddir.
Azərbaycanın prezidentinin strategiyası aydın və dəqiq məqsədlərə hesablanmışdır. Cənab İlham Əliyev işğal altında olan ərazilərimizin azad olunması məsələlərini regional təhlükəsizliklə vəhdətdə görür. Bəli, bu gün erməni hərbi birləşmələrinin tarixi Azərbaycan ərazilərində qalması həm də regionun sabahı üçün böyük təhdiddir. Heç bir iqtisadi gücə malik ola bilməyən Ermənistan Ali Baş Komandanımızın qeyd etdiyi kimi qaçaqmalçılıqla silah toplayır. Ermənistanın diplomatik qaydalara və müharibə qaydalarına sığmayan hərbi siyasi kursu “Təcavüzkarın tanınması “koalisiyasını de-yure zəruri edir.
Ali Baş Komandanımızın rəhbərliyi ilə bu gün Azərbaycan Ordusu şanlı tarix yazır. Bu, ölkəmizin ən yeni və daha bir şərəfli tarixi olmaqla özündə aşağıdakı ülvi amilləri birləşdirir:
Milli-mənəvi amillər:
-milli mənlik şüurunun möhkəmlənməsi, milli dəyərlərin qorunması, milli iftixar hissləri;
-tarixi yaddaşa qayıdış, mənəvi-dini irsin işğaldan azad edilməsi;
Hüquqi-siyasi baxımdan:
-ölkənin ərazi bütövlüyü, konstitusiyanın qorunması;
-ərazilərimizin qaytarılması;
- 1 milyondan artıq azərbaycanlı məcburi köçkünün öz dögma ərazilərinə qayıdışı
Beynəlxalq miqyasda:
-BMT-nin və Beynəlxalq hüquq normalarının işləmə mexanizmlərinə dəstək;
-Işğalçı danışıqlara gəlməyəndə sülhəməcburetmə taktikası;
-humanist bəşəri dəyərlərin xilası
-separatizmdən neo-faşizmə keçidin region üçün qarşısını almaq.
20 ildən artıq dövr ərzində Azərbaycan Dövləti kifayət qədər məsələnin sülh yolu ilə həllinə çalışmışdır. Hətta Ermənistan siyasi rəhbərliyi aparılan danışıqlardan sonra neofaşist, separatçı bəyanatlar səsləndirəndə də Cənab İlham Əliyev yüksək siyasi mədəniyyət göstərmiş, problemin sülh yolu ilə həll çağırışlarını davam etdirmişdir. Bütün humanist addımlara rəgmən bu gün həm region, həm yaxın Şərq, eləcə də Şərqi Avropa, bir çox qərbi Avropa, eləcə də Orta Asiya ölkələri Azərbaycan Dövlətinin haqlı mübarizəsinə dəstək olduqlarını bildirirlər. Azad edilən Azərbaycan ərazilərində vandalizm “təcavüzkarın tanınması” koalisiyasının de-yure olaraq yaradılmasını qaçılmaz edir. N. Paşinyanın Ermənistanda siyasi hakimiyyətə gəldikdən sonra erməni tərəfi nəinki sülh yolu ilə problemin həllinə çalışmadılar, əksinə onlar tarixi Azərbaycan ərazisində hərbi xuntanı daha da möhkəmləndirməklə aqressiv separatizm mərhələsinə qədəm qoydular. Onlar hər gün ölkəmizin ərazilərini atəşə tutmağa və müharibə bəyanatları səsləndirməyə başladılar. Bu gün Azərbaycanın apardığı vətən müharibəsi öz ərazilərimizi düşməndən azad etməklə bərabər, regionda xoş atmosferin tənzimlənməsinə yönəlmişdir. Ölkə başçımız Haber türk-ə verdiyi müsahibədə aparılan mücadilənin humanist-bəşəri tərəflərinə də diqqəti çəkir: “Bütün o torpaqları biz cənnətə çevirməliyik.....o torpaq canlanacaq, oraya həyat qayıdacaq, uşaqların gülüşü gələcək... Biz indi artıq o bölgələrin inkişaf planları üzərində işləməliyik, müvafiq göstərişlər artıq verilibdir.”
Son günlər Azərbaycan Ordusunun apardığı zəfər yürüşü Ermənistan siyasi dairələrini ciddi təşvişə salmışdır. Təbi ki, Ali Baş Komandanımızın başçılğı altında Azərbaycanın tarixi ərazilərinin işğaldan azad edilməsi istiqamətində aparılan bütün hücum əməliyyatlarının məqsədi Azərbaycanın ərazi bütövlüyünü bərpa etməkdir. Azərbaycan bununla eyni zamanda BMT-nin Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi ilə bağlı çıxardığı qətnamənin yerinə yetirilməsi prosesini reallaşdırır. Belə ki, həmin qətnamələr Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması məsələsi qoyulurdu və uzun illər keçməsinə baxmayaraq həmin qətnamələrin icrası hələ də işə düşməmiş olaraq qalırdı. Danışıqlar prosesinə gəlincə ölkə rəhbəri Cənab İlham Əliyevin ortaya qoyduğu siyasi iradənin də əsas məntiqi məzmunu ondan ibarətdir ki, işğal altında olan ərazilər tamamilə boşaldılmalı və Ermənistan yaratdığı hərbi xuntadan imtina edərək kənarda dayanmalıdır. O ki, qaldı Dağlıq Qarabağın erməni əhalisinə, Azərbaycan təbii ki, multikultural ölkə olaraq onların rahat yaşayışına təminat verir. İllərlə davam edən ikitərəfli və çoxtərəfli danişiqlar proseslərinin təhlilinə nəzər salsaq, aydın olur ki, məsələnin sülh yolu ilə beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarı olan Azərbaycanla erməni tərəfi xarici görüşlərdə müəyyən razılığa gəlmək niyyətlərini bildirsələr də Yerevana qayıdan kimi dərhal neofaşist bəyanatlarla çıxış edərək bütün danışıqları alt-üst etmiş, siyasi=diplomatik mədəniyyəti kəskin pozmuşlar. Bu addımların mərhələlərlə davamı artıq elə bir səviyyəyə gəlib çıxdı ki, Ermənistan siyasi rəhbərliyi öz diplomatik karyerasını əməlləri ilə iflasa uğratdı. Bu gün Ermənistanı dəstəkləyən qüvvələrin də sayı azalmağa başlamışdır. Bu, həm də, Ermənistan siyasi rəhbərliyinin heç bir diplomatiya qaydalarına sığmayan hərəkətlərinin nəticəsində də yaranmış və nəticədə əminliklə demək olar ki, de-fakto “təcavüzkarın tanınması” koalisiyasından de-yure mərhələyə keçidin əsasları formalşmaqdadır. Ermənistanın işğal etdiyi bütün yaşayış məntəqələrimizin infrastrukrunu darmadağın etməsi, xalqımızın maddi-mədəni irsinin, tarixinin silinməsinə yönələn vandalizmi həm də bəşəri cinayətdir. Tarixdə isə hər-hansı bəşəri cinayətin cəzasız qalması faktı mümkünsüzdür.