23.10.2020, 13:22 - Baxış sayı: 656

“Nəriman Nərimanovun mənəvi irsində millilik və bəşərilik: çağdaş yanaşmalar” mövzusunda onlayn elmi konfrans keçirilib


“Nəriman Nərimanovun mənəvi irsində millilik və bəşərilik: çağdaş yanaşmalar” mövzusunda onlayn elmi konfrans keçirilibAMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunmuş “Nəriman Nərimanovun mənəvi irsində millilik və bəşərilik: çağdaş yanaşmalar” mövzusunda onlayn respublika elmi konfransı keçirilib. Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə mövzunun əhəmiyyətini və vacibliyini qeyd edərək Nəriman Nərimanovun elmi və siyasi fəaliyyəti haqqında ətraflı çıxış edib və Nəriman Nərimanovun Azərbaycan tarixi yaddaşında vacib yer tutduğunu vurğulayıb: “Biz filosoflar mövzuya tarixi yaddaş anlayışından yanaşsaq görərik ki, burada Nəriman Nərimanovun xüsusi rolu olub. Qeyd edim ki, siyasi şəxsiyyətlərsiz tarixi yaddaş olmur. Çünki tarixi yaddaş bir prosesdir və bu prosesdə filosoflar da iştirak etməlidirlər. Düşünürəm ki, N. Nərimanovun irsi bizə imkan verir ki, onun milli-ideoloji fəaliyyətini fəlsəfi baxımdan dövrün şərtlərinə uyğun olaraq obyektiv təhlil edib araşdıraq.”
Sonra Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini t.e.d. Eynulla Mədətli “Nəriman Nərimanovun siyasi və dövlətçilik fəaliyyəti”, f.e.d., Arzu Hacıyeva “Din fenomenini dərkin Nərimanov təcrübəsi”, f.ü.f.d. Rəşad Əsgərov “Nəriman Nərimanovun tərəqqi və azadlıq haqqında baxışları”, f.ü.f.d., Faiq Ələkbərov “Nəriman Nərimanovun dünya görüşündə beynəlmiləlçilik və millilik” və “Nəriman Nərimanovun xatirə muzeyinin kiçik elmi işçisi Ləman Hüseynova “Nəriman Nərimanovun fəlsəfi-antropoloji fikirləri” haqqında məruz ilə çıxış ediblər.