23.10.2020, 10:26 - Baxış sayı: 524

Xalqın birliyi və Ordunun gücünə arxalanan Prezident şanlı qələbənin təminatçısıdır


Məmmədağa Sərdarov,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
“Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq”
şöbəsinin aparıcı elmi işçisi, s.e.u. fəlsəfə
doktoru, dosent


İlk növbədə qeyd etmək istəyirəm ki, təcavüzkar Ermənistan ordusunun təxribatlarına cavab olaraq Azərbaycan Silahlı qüvvələrinin apardığı əks-hücum əməliyyatlarını ürəkdən dəstəkləyir, əldə etdikləri uğurları ölkəmizin hər bir vətəndaşı kimi mən də böyük sevinc və qürur hissi ilə alqışlayıram. Bu ilin oktyabr ayının 7-də ictimai televiziya vasitəsilə Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlara öz münasibətimi bildirmişəm. Lakin oktyabrın 11-də Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutulması və nəticədə 10 nəfərin həlak olması, 34 nəfərin yaralanması, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən artıq mülki obyektə ziyan dəyməsi xəbəri məni də olduqca sarsıtdı və biganə qala bilməyib bu erməni vandalizminə öz kəskin etirazımı və nifrətimi bir daha bildirməyi qərara aldım.
Məlum olduğu kimi, oktyabrın 10-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Rusiyanın vasitəçiliyi ilə Moskvada keçirilən görüşündə humanitar atəşkəs barədə razılaşma əldə olunmuşdu. Lakin buna baxmayaraq bir gün sonra Ermənistan tərəfi atəşkəs rejimin tələblərini pozmuş, Gəncə şəhərinin mülki şəxslərini və mülki obyektlərini qəsdən atəşə tutmuş, üstəlik bununla kifayətlənməyərək Cənubi Qafqazın ən böyük elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhərini və digər yaşayış məntəqələrini də ağır artilleriya və raket atəşinə tutmuşdur. Ermənistan bununla da Azərbaycanın dinc əhalisini hədəfə alaraq beynəlxalq hüququn norma və prinsiplərini kobud surətdə pozmuşdur.
Qeyd etmək lazımdır ki, hazırda regionda yaranmış gərgin vəziyyətə görə Ermənistanın siyasi-hərbi rəhbərliyi tam məsuliyyət daşımalıdır.
Bu faciəli hadisə ilə əlaqədar oktyabrın 12-də Azərbaycan Respublikasındakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Gəncəyə səfər etmiş, Ermənistan tərəfindən Gəncə şəhərinin günahsız mülki əhalisinə qarşı həyata keçirilən məsuliyyətsiz raket hücumları nəticəsində baş vermiş hərbi cinayət səhnələri ilə yerindəcə tanış olmuşlar. Onlar beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə qəsdən törədilmiş, Azərbaycanın Gəncə şəhərinin və digər yaşayış sahələrinin mülki əhalisinin qətlə yetirilməsi və yaralanması ilə nəticələnən terror aktlarını törətməkdə davam edən işğalçı Ermənistanı insanlıq əleyhinə yönəlmiş müharibə cinayətlərinə təcili olaraq son qoymağa və BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrini yerinə yetirməyə çağırmışdır.
Azərbaycan xalqı əmindir ki, təcavüzkar Ermənistan bu terror hərəkətləri ilə Gəncə sakinlərinin mübarizə əzmini qətiyyən azalda bilməyəcək, əksinə gəncəlilərin mübarizə əzmi daha da möhkəmlənəcək. Ermənistan tərəfindən Gəncəni atəşə tutanlar hərbi cinayətkarlardır və inanırıq ki, əvvəl-axır onlar mühakimə olunacaqlar.
Hamıya məlumdur ki, Azərbaycan dünyanın ən multikultural və tolerant ölkələrindən biridir. Hazırda bir sıra ölkələr bu sahədə Azərbaycanın təcrübəsini öyrənib özlərində tətbiq edirlər. Səhv etmirəmsə, ölkəmizdə 20-dən artıq millətin nümayəndələri çiyin-çiyinə, mehriban, qardaşlıq – dostluq şəraitində yaşayırlar. Azərbaycanda heç vaxt dinlərarası, millətlərarası zəminində hər hansı çəkişmələr və xoşagəlməz hallar olmamış, heç bir millətin nümayəndəsi ayrı-seçkiliyə məruz qalmamışdır.
Azərbaycan xalqı həqiqətən tolerant xalqdır. Ulu öndər Heydər Əliyevin dediyi kimi, tolerantlıq yüksək mədəniyyətin, təzahürüdür. Təmsil olunduğum və hazırda sayına görə Azərbaycanda ikinci olan ləzgi xalqı da əsrlər boyu bu torpaqda yaşayıb yaradaraq azərbaycanlılarla doğmalaşmış, qardaşlaşmış və başlarına gələn bütün bəlalardan birgə çıxmışlar. Azərbaycanı özlərinin doğma vətəni hesab edən ləzgilər digər millətlər kimi tolerantlığın və multikultural mühitin hökm sürdüyü bu ölkədə dil və mədəniyyətlərini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini bu günə qədər saxlaya bilmiş və bundan sonra da qoruyub inkişaf etdirəcəklər.
Qeyd etmək lazımdır ki, ləzgilər Azərbaycan xalqının yadelli düşmənlərə qarşı müharibə tarixinə qəhrəmanlıq səhifələri yazmışdır. Buna misal olaraq 1918-ci ildə Quba rayonunun sonradan “Qanlı dərə” adlanan yerində qusarlılar tərəfindən Azərbaycan xalqına təcavüz edən erməni millətçilərinin qarşısını alıb onları darmadağın etməsini göstərmək olar.
Ləzgi millətindən olan əsgərlər 90-cı illərin əvvəllərində doğma vətənin Qarabağ bölgəsində erməni separatçı qüvvələri tərəfindən aparılan vuruşmalarda qəhrəmanlıq göstərmişlər. Onlardan təkcə Qusar rayonundan 70-dən artıq döyüşçü şəhid olmuş, Fəxrəddin Musayev isə xüsusi igidlik göstərdiyinə görə Azərbaycan Respublikasının Milli Qəhrəmanı kimi yüksək fəxri ada layiq görülmüşdür.
2016-cı ilin aprel ayında baş vermiş döyüşlərdə fədakarlıqla həlak olmuş qusarlı Çingiz Qurbanova da Milli Qəhrəman kimi fəxri ad verilmişdir.
Qeyd edək ki, ulu öndər Heydər Əliyev ləzgi ziyalılarının nümayəndələri ilə görüşü zamanı ləzgi əhalisinin torpaqlarımızın müdafiəsində iştirakını yüksək qiymətləndirmişdir. O demişdir: “Azərbaycanın ləzgi əhalisi torpaqlarımızın müdafiəsində, erməni işğalçılarına qarşı müharibədə qanlarını tökmüş, şəhidlər vermişlər. Mən bunu yüksək qiymətləndirirəm, xalqımız yüksək qiymətləndirir, tarix də yüksək qiymətləndirəcəkdir. Mən şəhidlərimizin, o cümlədən respublikamızın ləzgi əhalisindən olan şəhidlərin ruhu qarşısında baş əyir və ləzgi əhalisinə öz təşəkkürümü bildirirəm”.
Yeri gəlmişkən qeyd edim ki, mənfur düşmən ermənilər və onların havadarları ləzgilərin ön cəbhədə doğma vətən torpağı uğrunda igidliklə vuruşmağına başqa don geydirərək, azərbaycanlılar və digər millətlərlə aralarını vurmaq, milli ədavət salmaq məqsədilə kütləvi informasiya vasitələri ilə yalan, iftira yaymaq üçün çox çalışdılar. Lakin onlar məqsədlərinə nail ola bilmədilər, çünki ölkəmizdə yaşayan bütün millətlər bir-biri ilə sarsılmaz tellərlə bağlıdır və onları heç bir qüvvə ayıra bilməz. Ləzgi xalqının bir nümayəndəsi kimi mən böyük qürur hissi ilə bildirmək istəyirəm ki, müstəqil Azərbaycan Respublikasının vətəndaşı olmağımla fəxr edirəm.
Xüsusilə qeyd etməyi özümə borc bilirəm ki, Azərbaycanda tolerantlıq ənənələri böyük siyasətçi, qətiyyətli şəxsiyyət olan Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişindən sonra daha da möhkəmləndi. İllər ötdükcə onun dahiliyini, doğma xalqı və vətəni qarşısındakı xidmətlərini daha parlaq şəkildə görürük. Bu gün isə Prezident İlham Əliyev tərəfindən ulu öndərin layiqli siyasi davamçısı kimi Azərbaycanda müxtəlif xalqların, millətlərin və konfessiyaların mədəniyyətinin, tarixinin, adət-ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində böyük işlər görülür. Eyni zamanda bu istiqamətdə həyata keçirilən tədbirlərdə Azərbaycanın birinci vitse-prezidenti Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın da xidmətləri xüsusi qeyd olunmalıdır.
Yekun olaraq bildirmək istəyirəm ki, hazırda şanlı ordumuz Ermənistan kimi məkrli düşmənlə işğal altında olan torpaqlarımızı azad etmək üçün qəhrəmanlıqla vuruşur, möhtəşəm qələbələr qazanır. Belə şəraitdə dövlətimizin başçısı, ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyev öz gərgin fəaliyyətində xalqın ona inamından və etibarından güc alır, Vətən müharibəsində döyüşçülərimizi yeni-yeni qələbələrə ruhlandırır, çünki, o Azərbaycanın hər bir vətəndaşının Prezidentidir.