21.10.2020, 10:47 - Baxış sayı: 517

Vətən müharibəsində ziyalı susmamalıdır


Könül BÜNYADZADƏ
Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü

Artıq 30 illik səbir kasasının daşan məqamıdır. Bu, tarixdə öz əzmi, vüqarı, dağ kimi təmkini, dərya qədər dözümü olan bir millətin yay kimi gərilmiş qəzəbinin kükrəməsidir və təbii ki, onun qarşısını almaq mümkün deyil. Sentyabrda cəbhədə hərbi proseslər başlananda Ali Baş Komandan yalnız qismən səfərbərlik elan etsə də, onun bir əmri ilə bütün Azərbaycan xalqı harada olmağından, kimliyindən asılı olmadan bir yumruq kimi birləşdi.
Ölkə Prezidenti İlham Əliyev "Rossiya-1” telekanalında yayımlanan "60 dəqiqə” proqramında suallara cavab verərkən bildirdi ki, "2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanları orduya çağırırıq, bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur. Buna görə də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin”. Bəli, öz xalqına arxalanan Liderin yumruğunda bütün 10 milyonun gücü, əzmi toplandı və var qüvvəsi ilə xain düşmənin başına endi. Bu zərbədə xalqın ziyalısının da payı var, olmalıydı da.

Millətin katarsisi

Ruhu möhkəm, mənəviyyatı zəngin millət tarixin keşməkeşli mərhələlərindən keçəndə və bəzən özünü unudub çökməyə doğru gedəndə, katarsis yaşamalı olur ki, təkrar özünə qayıtsın. Azərbaycan xalqı da müstəqillik qazanandan bəri iki dəfə katarsizdən keçib. Onu da əlavə edək ki, adətən belə ağır anlardan sonra xalq iki cür proses yaşayır: ya dağılıb pərən-pərən düşür, ya da birləşib yumruq olur, qəzəbi ilə yeri-göyü titrədir.
Birinci katarsis 1990-cı ilin 20 yanvar gecəsi baş verdi. O vaxt imperiya ordusu silahsız xalqı cismən əzsə də, əzmini sındıra bilmədi. Ancaq dövlət başçılarının, hərəkatın önündə duran şəxslərin satqın çıxması xalqda böyük bir ruh düşkünlüyü yaratmışdı. Bu faciəni dərk edən Ulu Öndər Heydər Əliyev özünün xəstə halına rəğmən üzərinə düşən liderlik missiyasına sadiq qalıb, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi, xalqla bərabər olduğunu bəyan etdi və bununla millətin birliyini qorumağa çalışdı. Lakin işin dəhşətli tərəfi bu oldu ki,1990-cı ildən 1993-cü ilə, yəni Heydər Əliyevin təkrar hakimiyyətə qayıtmasına qədər xalqın içindəki satqınlar yenə öz əməlləri ilə milləti zəhərləyə bildilər, insanları üz-üzə qoyub, qardaş qırğınının astanasına qədər gətirib çıxardılar. Yenə Ulu Öndər işə qarışdı, yenə milli birliyi qoruyub saxlamağı bacardı. Ancaq damarına qədər yeridilən zəhərdən millət uzun illər qurtula bilmədi. Yəni birinci katarsisdən sonra xalq lazımi səviyyədə toparlana, inkişaf yolunu, milli özünüdərk prosesini yaşaya bilmədi, xəbislər onu içindən parçalamağa çalışdı. Təbii ki, Azərbaycanın 20 faizinin işğal altına düşməsi, bir milyon qaçqın və köçkünün olması insanların ruhunu çökdürürdü, şübhə toxumunu cücərdib böyüdürdü. Belə bir şəraitdə sanki ziyalılar da pərən-pərən düşmüşdü, bir-birindən təcrid olunmuşdu. Qarşılıqlı etibarın qazanılması, özgüvənin qayıtması, təkrar bütövləşməsi üçün millətin açıq-aşkar ikinci katarsisə - Qələbəyə ehtiyacı var idi.
İkinci katarsis prosesi anidən baş vermədi, daha uzun müddət ərzində tədricən yetişdi. 2016-cı ilin aprelində başlayan və 2020-ci ilin sentyabr ayının 27-də zirvəsinə çatan bu proses boyu Azərbaycan xalqı sanki illər ərzində topladığı kindən, dağıdıcı eqoizmdən, ümidsizlikdən, laqeydlikdən təmizlənməyə başladı. Bunun hamısının yerində tarix boyu malik olduğu və sanki dibə çökmüş cəsarət, qardaşlıq, özgüvən hissi təkrar üzə çıxdı. Zatən xalq hər addımında, sevincində, kədərində Liderini - İlham Əliyevi öz yanında gördükcə, sanki nüvə kimi onun ətrafında sıx birləşməyə başlamışdı. Və onun bir çağırışı ilə bu dəfə yumruq möhkəm düyünləndi və düz hədəfə endi. Əslində hünər həmin barmaqları birləşdirən, beş barmağı yumruğa döndərən biləyin möhkəmliyində, gücündə oldu. Sentyabrın 27-də isə həmin yumruqla bərabər xalqın ruhu da ayağa qalxdı, illərlə əyilmiş qamətini düzəltdi. İstər sosial şəbəkələrdə paylaşdığı statuslarda, istər yazdığı məqalələrdə, etdiyi çıxışlarda hər kəs bir-birindən xəbərsiz eyni arzu, niyyəti, eyni cəsarəti və birliyi dilinə gətirdi. Millət bir günün içində öz böyüklüyünə təkrar inandı, bunun canlı şahidi oldu və yumruğunu qələbə naminə düşmənin üzərinə endirmək üçün səfərbər oldu. Bu qüdrətin verdiyi əzmlə Prezident dünyaya bəyan etdi ki, "Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq”.

Keçmişi təsdiqləyən bugünümüz

Bu gün Vətənin bütövləşməsi, sərhədlərinin bərpa olunması uğrunda heç kim kənarda qalmağı öz vicdanına sığışdırmır, bütün irili-xırdalı sualları arxa plana itələyib öndə yalnız bir problemi saxlayıb - Qarabağ. Bu gün şanlı Milli Ordumuz əcdadları yatan torpağın şərəfini qoruyur. Təsadüfi deyil ki, Azərbaycan qədimdən bəri hər zaman olduğu mühitin, coğrafi ərazinin aparıcı, öndə duran mütərəqqi qüvvəsi olub. Bu gün də o, yalnız öz Vətənini deyil, bütün ərazinin təhlükəsizliyini təmin edir, bəşəriyyəti erməni işğalçı adlı bədxassəli şişdən xilas etməyə çalışır. 30 il tədricən özünə gələn, dərin katarsisdən keçən bir xalq bu gün ayağa qalxıb.
Həqiqi Lider öz xalqının daxilindəki bütün potensialı görən və lazımi anda onu üzə çıxara bilən şəxsdir. Plutarxın dediyinə görə, "əgər filosoflar insan xarakterində ibtidai qəddarlığı əhliləşdirməyi özlərinin ən böyük xidməti hesab edirlərsə, o zaman böyük miqdarda tayfaları yenidən tərbiyə etdiyinə görə, İsgəndər ədalətlə böyük filosof hesab edilməlidir”. Bu gün Azərbaycan Ordusu bütöv bir regionu ibtidai qəddarlıqdan təmizləmək missiyasını öz üzərinə götürüb və Ali Baş Komandan üzünü bütün dünyaya tutub öz mövqeyini mərd-mərdanə bildirdi: "Hesab edirdilər ki, Azərbaycan xalqı və mən - Azərbaycan Prezidenti bu vəziyyətlə barışacağam?! Hesab edirdilər ki, bizim müqəddəs şəhərimiz olan Şuşa erməni tapdağında qalacaq, mən bununla barışacağam?!” O, əmin idi ki, xalqın ruhu artıq ayaq üstədir və əmri gözləyir. Bu gün bütün ümidlər Ali Baş Komandana və onun rəhbərliyi ilə hər an həlledici zərbəni endirməyi bacaran Azərbaycan əsgərinədir. Söhbət ön cəbhədə, səngərdə düşmənlə üz-üzə duran oğullarımızdan gedir. Ancaq heç şübhəsiz, bu gün hər bir vətəndaş özünü əsgər, olduğu mövqeni isə səngər hesab edir, Vətən uğrunda əlindən gələni əsirgəmir. Cəbhədə topun, raketin yeri-göyü lərzəyə salıb, düşməni arxasına baxmadan qaçmağa məcbur etdiyi, bir sözlə, meydan silahın olduğu bir vaxtda ziyalı da əsgərdir, silahı isə qələmdir.

Qılıncı ilə qələmi bir-birini tamamlayan millət!

Katarsisdən sonra ziyalının məsuliyyəti təmizlənmiş, ucalmış mənəviyyatının düzgün istiqamətdə irəliləməsini, paklığını qoruyub inkişaf etməsini təmin etmək, milli kimliyini kölgəyə düşməkdən qorumaqdır. Azərbaycanın qılıncı ilə qələmi həmişə tarazlığını qoruyub. Düzdür, hər zaman deyirlər ki, türklər tarixi yaradır, başqaları isə o tarixi yazır. Ancaq həqiqət olan budur ki, türklər yalnız tarixi deyil, düşüncənin, mənəviyyatın mahiyyətini də yazır.
Heç bir epos müharibə prosesində yaranmır. Adətən döyüşlər zamanı əvvəlki zəfərlər haqqında nəğmələr oxunur və onlara istinadən bugünün qəhrəmanına tərifnamələr deyilir. Döyüşlərdən sonra isə onun haqqında yeni nəğmələr, dastanlar qoşulur. Azərbaycan Prezidentinin "Twitter” səhifəsində sanki həmin dastanların yaranması üçün mühitin olacağı xəbəri verildi: "Biz işğaldan azad olunmuş torpaqlarda şəhərlər quracağıq, həmin yerləri cənnətə çevirəcəyik. O torpaqlar canlanacaq, ora həyat, uşaqların təbəssümü qayıdacaq. Azərbaycan vətəndaşları o torpaqlarda ləyaqətlə yaşayacaqlar”. İlham Əliyev Ali Baş Komandan kimi yumruğunu düşmənin başına endirməyi də bacarır, dövlət başçısı, xalqın xoş gününü fikirləşən Lider kimi o torpaqlarda yaşanacaq ləyaqətli həyatın proqnozunu verməyi də, ümid yaratmağı da bilir.
Tarixi yaradan, oxunun çatdığı, atının dırnağının qopartdığı torpaqlarda özünü azad hiss edib, özünə Vətən quran bir millət qələmi ilə də könülləri, düşüncələri fəth etməyi bacarıb. Buna nümunə kimi islam sivilizasiyasını yaradanların sırasındakı çoxsaylı azərbaycanlı mütəfəkkir və alimləri göstərmək yetər. Ziyalılar xalqın mənəviyyatının qoruyucuları, irəli aparanlarıdır. Qılıncla irəliləyən bir xalqın qələmi onun arxası ilə çatmayanda, başqa qələm onun yerinə yazıb həmin möhtəşəm qüvvəni, potensialı digər məcraya yönəldə, öz maraqları yolunda istifadə edə bilir.
Qəhrəmanlar hər nə qədər təkbaşına xalqın taleyində həlledici rol oynasalar da, onlar cəmiyyət arasındadırlar, xalqın içindədirlər. Əslində, onları qəhrəman edən məhz xalqa söykənmələri, xalqının dəyərini ürəyində saxlamalarıdır. Onlar xalqı birləşdirən, cəmiyyəti möhkəmləndirən nüvədirlər. Bu nüvə nə qədər sağlam olursa, onun ətrafında yaranan orqanizm də bir o qədər möhkəm və qüdrətli olar.
Bu gün Azərbaycan haqq və ədaləti bərpa edir, "xəritədəki qara” ləkəsini təmizləyir, əyilmiş qamətini düzəldir və ölkə Prezidentinin də dediyi kimi, "biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq”, gələcək nəslin oxuyub öyrənəcəyi, qürur duyacağı bir tarixi.

"Azərbaycan" qəzeti