23.09.2020, 13:47 - Baxış sayı: 1003

“Fəlsəfə, süni intellekt və Lütfi Zadənin qeyri-səlis məntiq konsepsiyası” mövzusunda elmi konfrans keçirilib


“Fəlsəfə, süni intellekt və Lütfi Zadənin qeyri-səlis məntiq konsepsiyası” mövzusunda elmi konfrans keçirilib23 sentyabr 2020-ci il tarixində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Fəlsəfə, süni intellekt və Lütfi Zadənin qeyri-səlis məntiq konsepsiyası” mövzusunda onlayn respublika elmi konfransı keçirilib. Qeyd edək ki, konfransın keçirilməsi institutda “Süni İntellekt və Yaxın Gələcək: problemin fəlsəfi-etik və praqnoztik aspektləri” mövzusunda keçiriləcək beynəlxalq elmi konfransa hazırlıq məqsədi daşıyır.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə giriş nitqi ilə çıxış edərək bütün sahələrdə olduğu kimi fəlsəfənin birbaşa süni intellektlə bağlı olduğunu vurğulayıb: “Fəlsəfə bu gün süni intellektdən kənarda qala bilməz, onsuz mümkün deyil. Demək olar ki, elə sahə yoxdur ki, süni intellektin xidmətlərindən yararlanmasın. Hər şey inkişaf edir, modernləşir. Belə olduğu təqdirdə biz alimlər də öz işlərimizi inkişaf etdirmək üçün süni intellektdən faydalanırıq.”
Süni intellektin cəmiyyətə necə təsir etdiyini, insanların ondan hansı formada faydalandığını və bunun da nəticəsində yarana biləcək problemlərin aradan qaldırılması üçün alimlər, xüsusən filosoflar kitab, qəzet və jurnallarda dərc olunan elmi işlərlə bağlı təhlil apardığı kimi, həmçinin də elektron KİV və sosial şəbəkələrlə bağlı də geniş təhlillər aparıb, müəyyən elmi nəticələr ortaya qoymalıdırlar. Bunların cəmiyyətə mənfi təsirlərinin aradan qaldırılması üçün bu işlərin görülməsi vacibdir. Və bütün bunlar sistemli şəkildə aparılmalıdır – deyə İlham Məmmədzadə bildirib.
Sonra Texniki Universitetin kafedra müdiri, texniki elmlər doktoru Vaqif Qasımov “Süni intellekt sistemlərinin yaradılmasının konseptual əsasları”, f.e.d., professor Arif Büniyatov “Süni intellekt sistemlərinin yaradılmasında qeyri-səlis məntiqin rolu”, f.e.d., Füzuli Qurbanov “Süni intellektin tədqiqinə fənlərarası yanaşmanın metodoloji özəllikləri”, f.e.d., professor Rəna Mirzəzadə “Geosiyasət: Süni intellekt, texnosiyasi dəyişikliklər və Azərbaycan milli strategiyalar kontekstində”, f.e.d. Ziba Ağayeva “Süni intellekt və tənhalıq”, f.e.d. Afaq Rüstəmova “Süni intellekt dövrün mühüm problemidir”, i.ü.f.d. Əhməd Qəşəmoğlu “Süni (idraki) intellektlə səmərəli qarşılıqlı əlaqələrin qurulmasında ahəngyol nəzəriyyəsindən istifadə” və f.ü.f.d. Şölət Zeynalov “Süni intellekt və müasirlik” və f.ü.f.d. Məhəmməd Cəbrayılov “Dördüncü sənaye inqilabı və süni intellekt” mövzularında məruzə ilə çıxış etmişlər.
Konfrans, iştirakçıların mövzu ətrfında qarşılıqlı müzakirə və fikir mübadilələri ilə başa çatmışdır.