03.09.2020, 13:46 - Baxış sayı: 770

Görkəmli filosof Ziyəddin Göyüşovun anadan olmasının 100 illiyinə həsr edilmiş onlayn konfrans keçirilib +VIDEO


Görkəmli filosof Ziyəddin Göyüşovun anadan olmasının 100 illiyinə həsr edilmiş onlayn konfrans keçirilib +VIDEOBu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda görkəmli alim-filosof, AMEA-nın müxbir üzvü Ziyəddin Göyüşovun anadan olmasının 100 illiyinə həsr edilmiş iki günlük onlayn konfransın birinci hissəsi keçirilib.
Konfrans AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadənin moderatorluğu ilə keçirilib. Konfras iştirtakçılarını salamlayan İlham Məmmədzadə Ziyəddin Göyüşovun elmi fəaliyyəti və fəlsəfə elminə verdiyi töhfələr haqqında geniş və əhatəli çıxış edib. Qeyd edib ki, Ziyəddin Göyüşov sovet dönəmində yaşayıb fəaliyyət göstərsə də vətənpərvər bir alim olub və hər zaman elmi müstəvidə milli məsələlərə daha çox diqqət ayırıb. Bu baxımdan da Z.Göyüşovun əsərləri bu gün də istər yerli, istərsə beynəlxalq müstəvidə alimlər tərəfindən oxunur və tədqiq edilir. Ziyəddin Göyüşovun Azərbaycanda etikanın yaranmasına və inkişafına böyük töhfələr verdiyini vurğulayan alim, onun elmi istiqamətdə mövcud ənənəni yaradan alimlərimizdən biri olduğunu deyib.
İlham Məmmədzadə Ziyəddin Göyüşovun yubileyi münasibəti ilə Bolqarıstan Sosiologiya və Fəlsəfə İnstitutunun direktoru Albena Nakova və digər xarici ölkələrin alimləri tərəfindən təbrik məktubları aldığını bildirib.
Natiq öz çıxışının sonunda konfrans iştirakçılarına görkəmli alimlə bağlı xatirələrini danışıb.
Sonra konfrans iştirakçılarından Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdirləri f.e.d.Füzuli Qurbanov “Ziyəddin Göyüşovun fəlsəfi etik görüşlərinə dair”, f.e.d. Afaq Rüstəmova “Fəzilət və Qəbahət həyatın əzəli və əbədi mövzusu kimi”, f.e.d. Adil Əsədov “Ziyəddin Göyüşov XX əsr Azərbaycan tələbə gəncliyinin kumiri kimi”, f.e.d., Arzu Hacıyeva “Azərbaycan fəlsəfə elminin görkəmli nümayəndəsi”, f.e.d. Rəfiqə Əzimova “Xalqın əxlaqi sərvətlərini yeni nəsillərə yönəldən böyük alim” və f.e.d. Azər Mustafayev “Ziyəddin Göyüşov: düşüncələr və xatirələr” mövzusunda çıxış ediblər.
Konfransda qonaq qismində iştirak edən f.ü.f.d. Eldar Şahgəldiyev çıxış edərək görkəmli alim filosof haqqında xatirələrini konfrans iştirakçıları ilə bölüşüb.