İlham Məmmədzadə: “Quranı təhlil etmək, suallar vermək, yeni mənalar axtarmaq lazımdır”
AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadənin “Cəmiyyət və Din” qəzetinə müsahibəsi
- Söhbətə din və fəlsəfə mövzusu ilə başlamaq istəyirəm. Yəqin, təkcə bizim deyil, əksər cəmiyyətlərdə düşünürlər ki, fəlsəfə ilə məşğul olanların çoxu ateistdir, fəlsəfə ateizmə aparır. Bəs siz necə düşünürsünüz, fəlsəfədən teizmə və fəlsəfədən ateizmə neçə addımdır?
- Maraqlı sualdır və bu məsələ hamını maraqlandırır. Bugünlərdə mənə Moskvada çap olunan “Voprosı filosofii” (“Fəlsəfənin sualları”) jurnalından rəy yazmağım üçün bir məqalə göndərmişdilər. Məqalədə deyilir ki, fəlsəfədə sivillik, ateizm və dindarlıq olar bilər. Məqalə zəif idi, söhbət ondan getmir. Maraqlıdır ki, dindarlıq və sivillik necə bağlı olmalıdır? Məncə, bu məsələ fəlsəfəyə daha yaxındır, nəinki ateizm, dindarlıq və sairəyə. Necə edək ki, dindarlıq sivilliklə bağlı olsun? Bəzən unuduruq ki, dindar adam da sivil ola bilər. Hansısa mənada dini daxili aləmi, ruh ilə bağlı öz seçimini edir. Amma sivillik odur ki, adam sivil ölkədə yaşayır, səs verir və bu ölkədə din dövlətdən ayrıdır. Məncə, bu düzgündür. Bu o deməkdir ki, insan həm sivil, həm də dinlə bağlı ola bilər. Dinlə bağlılıq insanın öz işidir. Vətəndaş isə sivil olmalıdır. Fəlsəfədə necədir? Sovet dövründə fəlsəfə ateizmlə bağlı idi. Halbuki müəyyən filosoflar gizli olaraq dinə inanırdılar, ancaq özlərindən soruşanda deyirdilər ki, ateistəm. Amma ateistlər də var idi. Bu gün də fəlsəfədə və bütövlükdə elmdə ateistlik yox, daha dəqiq desək, skeptisizmlə bağlılıq mövcuddur. Niyə? Ona görə ki, məsələyə elmi aspektdən yanaşsaq, elmdə Mütləq varlıq (absolyut) ideyasını yoxlamaq mümkün deyil. Biz onu inamla qəbul edirik. Elm isə həmişə yoxlamaqla bağlıdır. Ona görə alim həmişə axtarışdadır. İnana bilər, amma bilmir ki, var, ya yoxdur. Bu, ateizm deyil. Mənim fikrimcə, insanlar, eləcə də alimlər və filosoflar inana bilərlər və inanırlar. Amma elmi aspektdən onu yoxlamaq və mütləq bir güc var demək çətindir. Onu nə fiziklər, nə də filosoflar deyə bilərlər. Buna yalnız inanmaq olar. Bu o demək deyil ki, dindar filosoflar yoxdur. Onlar da var, aydındır. Filosofların bir qismi Quranı ən böyük kitab qəbul edir. Amma onda sual yaranır ki, elm haradadır? Onda elm, sivil elm yox olur. Dünyəvi elmin yerinə, dini elm əmələ gəlir. O isə hansısa mənada bütün suallara cavab axtarır, amma Quranı sualsız qəbul edir. Filosof kimi hesab edirəm ki, Quranı təhlil etmək, suallar vermək, yeni mənalar axtarmaq lazımdır. Dinləri müqayisə etmək, onların əsaslarını axtarmaq olar. Misal üçün, sonuncu kitabımı hazırlayanda ortaya maraqlı mövzu çıxdı: fəlsəfə, mədəniyyət, tarix və müasirlik. Onu işləyərkən əlimə Ziqmund Freydin “Musa və Monoteizm” adlı məqaləsi düşdü. Orada deyilir ki, təkallahlı dinlər qədim Misir dinləri ilə bağlıdır. Çox maraqlıdır və belə çıxır ki, Misirdən gələn ideyalar həm Yəhudiliyə, həm Xristianlığa, həm də İslam dininə təsir edib. Bu o deməkdir ki, dinlərin bir-biri ilə bağlığı və fərqləri elmi problemdir. O biri tərəfdən başa düşürəm ki, yaxşı dini filosof da ola bilər. O, Mütləq varlıq mövzusuna və Qurana toxunmur, amma filosof kimi maraqlı suallara münasibət bildirir, yazır, pozur və s. Məncə, filosofun dini inancını skeptisizm, aqnostisizm düşüncəsi daha çox ifadə edir.
- Dediniz ki, insan həm filosof, həm də dindar ola bilər və əksinə. Bəlkə, onlar elmin və ya dinin dalana dirəndiyi məqamlarda cavab tapa bilmədikləri üçün ikisini də seçiblər?
- Elmin hər zaman sərhədi var. Hansı ki, həmin sərhəddən o yana heç nə bilmirik və heç vaxt keçə bilməyəcəyik. Çünki o sərhəd zamanla irəliləyir. Yəni belə desək, elmdə nələrsə kəşf edildikcə sərhəd irəliləyir. Bilik çoxalır, hesab edirik ki, bilmədiyimiz şeylər azalır, amma reallıqda azalmır, bilmədiklərimiz də çoxalır. Ona görə sərhəd var. Bu sərhəd bizim beynimizdə də mövcuddur. Məsələn, biz hələ də bilmirik ki, şüurla necə təmin olunmuşuq. Bu problem bizə göstərir ki, inam və bilik bu sərhəddə birgə işləyə bilər. Amma bu yanlışdır, ona görə ki, bilmədiklərimizlə bağlı sual verən kimi alim, filosof, bioloq, neyrofizioloq oluruq. Burada yeni suallar əmələ gəlir, sərhəddə başa düşmədiyimiz sualları elmi tərəfdən verir, cavab axtarır və biliyimizi bir addım da çoxaldırıq. Amma dinə inanan adam həmin sərhəddə sual vermir. O çalışır inansın ki, bu suallara o yox, Mütləq varlıq cavab verir. Alim deyir ki, mən çox şeyi bilmirəm, amma özüm sual verəcəyəm. Yəni elm sual qoyacaq və cavab axtaracaq. Mütləq varlığa inanan isə deyir ki, bizə cavabı elə Mütləq varlıq verəcək, yaxud bu cavabı çoxdan verib, bizim işimiz o cavabı axtarmaq deyil, Qurana, Tövrata, İncilə baxmalı, cavabı orada axtarmalıyıq. Açığını deyim, bugünkü elmdə çox adam ən sonuncu yenilikləri bilmir, az oxuyur, yeni çıxan kitablardan xəbərsizdir. Bu problem alimlərə də, qeyrilərinə də aiddir. Deyirlər ki, insan anadan pak doğulur. Nobel mükafatçısı neyropsixoloq, fizioloq və filosof Stiven Artur Pinker isə deyir ki, biz o qədər də ağ vərəq deyilik, dəyişmişik. Bəlkə də, keçmişdə, hansısa mənada, pak idik, təmiz yaradılırdıq. Müasir insan isə fərqlənir, sanki doğulan andan müəyyən biliklərə sahib olur. Həqiqətən də, bugünkü uşaqlar fərqlidir, keçmişdəki kimi deyillər. Belə desək, çox inkişaf etmiş uşaqlar dünyaya gəlir. Pinker bu sahədə çox böyük işlər aparıb, onu oxuduqdan sonra fikirləşirəm ki, biz nə qədər çox şey bilmirik.
- Fridrix Nitsşe “Allah öldü” ifadəsini ateist filosoflar cəbhəsinin nümayəndəsi kimi deyirdi, yoxsa cəmiyyətdə dəyərlərin korşalmasına eyham vururdu?
- Nitsşe çətin oxunan filosoflardandır. 90-dan çox yaşı olan tanınmış filosof Yurgen Habermas deyir ki, müasir dövr Nitsşe fəlsəfəsinin dövrüdür. Onun bu fikri çox maraqlıdır, ona görə ki, Habermas özü də böyük filosofdur və maraqlı ideyaları var. Amma deyir ki, müasir dövr Nitsşe fəlsəfəsinin dövrüdür. Açığı, Nitsşenin bu sözləri deyəndə nə fikirləşdiyini demək çox çətindir. Onun danışığı çox mürəkkəb olub, aydın olmayıb. Məncə, “Allah öldü” deyəndə, faktiki olaraq Allahı nəzərdə tutmayıb. O, cəmiyyətin niyə çətin duruma düşdüyünün axtarışda idi. Nitsşe 1900-cü ildə vəfat edib, onun “Allah öldü” fikrindən sonra iki dünya müharibəsi olub, Yaponiyaya atom bombası atılıb. Belə çıxır ki, o, gələcəkdə baş verəcək hadisələri proqnozlaşdırırmış. Amma bununla yanaşı, Nitsşe hesab etmirdi ki, Allah “öləndən” sonra cəmiyyət məhv olacaq. O, yeni insan növünün yaranacağını gözləyirdi. Deyirdi ki, yeni dövrdə insan özü güclü olmalıdır. Bu məsələ çox maraqlıdır. Nitsşe ateistdi? Mən bilən, o, skeptik idi. Reallıq odur ki, müasir dövrdə Avropada ateistlər daha çoxdur. Ateistlər, skeptiklər ümumilikdə isə heç nəyə inanmayanlar və s. Bu proses paralel olaraq İslam dünyasında da gedir. Yəni inanmayanların sayı çoxalır. Amma bəzən dinə inanmayanlar, yəni qeyri-dindarlar pis işlərə əl atırlar. Bu, bizim xoşumuza gəlmir və fikirləşirəm ki, Nitsşenin də xoşuna gəlmirdi. Necə etmək lazımdır ki, insan bir tərəfdən elmli, sivil olsun, o biri tərəfdən inanmasın və pis işlərə əl atmasın? Bunu necə birləşdirmək olar? Bu, asan məsələ deyil. Baxın, bu gün nə qədər radikal, terrorçu var. Axı bunların hamısı inanmayanlardır. Onlar üzdə deyirlər ki, inanırlar, amma daxildə heç nəyə inanmırlar. Ona görə ki, insanları qırırlar. Belələri Avropada da, İslam dünyasında da var. Onlarla nə etmək olar? Belə çıxır ki, Nitsşe “Allah öldü” deyəndə daha çox bunu nəzərdə tutub, yəni təhlükələr çoxala bilər, onun qarşısını necə almaq olar. Digər tərəfdən, insan nə qədər çox bilirsə, beynində o qədər də sual yaranır, o sualları özünə də, Mütləq varlığa da ünvanlayır. Ona görə də belə çıxır ki, Nitsşe öz dövrünü 100-200 il qabaqlayıb. Əsərlərinin birində deyir ki, məni başa düşənlər 200 ildən sonra dünyaya gələcəklər, indi məni başa düşməzlər. Elə də oldu. Onun ölümündən sonra Marksizm gücləndi, hamı maraqlardan danışmağa başladı və müəyyən mənada dəyərlərdən imtina edildi. Ona görə də onun bu sözü heç nəyə inanmayan, dəyərləri itirmiş insanlara aiddir. Burada da maraqlı sual yaranır, dəyərlərinin böyük olması üçün insan mütləq inanmalıdır, yoxsa inanmayanda da mənəvi aspektdən böyük, zəngin ola bilər? Misal üçün, Lev Tolstoy ömrünün sonunda ateist oldu, halbuki bir vaxtlar öz dinini yaratmışdı. Bu, bir seçimdir. Belə çıxır ki, dinsiz, amma dərin insan olmaq üçün çox zəngin biliyə, elmə malik olmaq lazımdır. Bu, adi insan üçün çətindir.
- Müsahibələrinizin birində demisiniz ki, “Bir qisim hesab edir ki, fəlsəfənin vaxtı qurtarıb, o, elm deyil, gözəl mənzərə və yazılardır. Digərləri isə düşünür ki, fəlsəfə hələ də elm kimi qalır və inkişaf edir”. Bu fikri açmağınızı rica edəcəyəm. Fəlsəfənin vaxtının bitdiyini düşünənlər nəyə əsaslanırlar? Bəlkə, düşünürlər ki, əsrlərdir var olan fəlsəfə çiyinlərinə düşən məsuliyyətin öhdəsindən gələ bilmir artıq? Yaxud başqa əsasları var?
- Misal üçün, XX əsrdə yaşamış Mişel Fuko – mən onu filosof sayıram – “fəlsəfə” sözündən imtina etmişdi, özünü strukturualist adlandırırdı. 1984-cü ildə dünyasını dəyişib, əsərlərinin çoxu ilə nəinki tanışam, hətta onun barəsində yazılarım da var. Onun kimi bir çox filosof fəlsəfədən imtina edərək yeni elm tapmaq niyyətində olub. Amma o elmin özü də fəlsəfə olub, sadəcə olaraq, adını başqa qoyublar. Məsələn, Fuko ona strukturualizm, başqası sosiologiya deyib və s. Yəni, fəlsəfədən imtina edənlər yeni fəlsəfə yaratmaq istəyiblər. Ancaq fəlsəfədən tamamilə imtina edənlər də olub. Onlar hesab edirdilər ki, XX əsrdə fəlsəfə özünü ideologiya ilə bağlayıb, ideologiya isə çox böyük ziyan gətirib. Söhbət yalnız Marksçılıqdan getmir. Belə çıxır ki, fəlsəfə ideologiyanın günahlarını öz boynuna götürməli və özündən imtina etməlidir. Bu da yanlışdır, çünki fəlsəfə ideologiya ilə bağlı ola bilməz – fəlsəfə fəlsəfədir, ideologiya isə ideologiya. Bu mövzuda həm Azərbaycanda, həm də ölkə xaricində nəşr olunmuş məqalələrim, əsərlərim kifayət qədərdir. Sovet vaxtında kiçik də olsa, fəlsəfənin öz yeri var idi. İdeologiyaya isə daha çox yer verilirdi. Misal üçün, tanınmış filosof Merab Mamardaşvilini heç vaxt ideoloq adlandırmaq olmazdı, amma o, filosof idi. Bir sözlə, fəlsəfə ilə ideologiya arasında münasibətdən söhbət gedəndə bunların hər birinə ayrıca baxmaq lazımdır. Onların arasında fərqi görməyəndə isə ideologiya fəlsəfəni yox edir, tamamilə onun yerinə keçir. Sovet dövründə belə şeylər olurdu. Hesab edirəm ki, fəlsəfənin elmdə öz işi var. Bu iş yuxarıda qeyd etdiyim sərhədlə bağlıdır. Həmin sərhəd bildiklərimiz ilə bilmədiklərimizin arasından keçir. Biliyi çoxaltmaq üçün fəlsəfə və məntiq lazımdır. Bu məsələ ondan irəli gəlir ki, biz şüurumuzu, suallarımızı yoxlamalıyıq: “varlıq nədir?”, “şüur nədir?”, “təcrübə nədir?” və s. Bu şeylərdən nəyisə bilirik, nəyisə yox. Biliyimizi çoxaltmaq istəyiriksə, məntiqi suallar verməliyik. Bəzən elə düşünürlər ki, sual dedikdə “fəlsəfə nədir?” başa düşülür. Ancaq davamında da suallar gəlir axı. Məsələn, “varlıq”, “antrologiya nədir?”, “həyat nədir?” və s. Bu sualları vermək və onların arasında əlaqəni görmək üçün məntiq lazımdır, fəlsəfəni və elmi bilmək lazımdır. Ancaq burada problem yaranır. Mənim sevimli suallarımdandır: “fəlsəfə tarixinin fəlsəfədən fərqi nədir?”, “fəlsəfə tarixi biliklə bağlıdır, yoxsa yox?”. Çalışmalıyıq ki, bu məsələlərdə suallar əmələ gəlsin və cavablar da məntiqli olsun. Elə fəlsəfi mükalimələr var ki, məntiqdən imtina edəndə müəyyən mənada fəlsəfəni itirir, boş danışığa çevrilir. Müasir dünyada bu problem hər yerdə var. Yazan, özünü filosof adlandıran çoxdur, amma həqiqi filosof azdır. Söhbət o şəxslərdən gedir ki, bizim bilmədiklərimizə cavab verə bilir, onu oxuyanda hansısa yeniliklər yaradırıq. Misal üçün, Nitsşe kimi. Onun kimilərin sayı getdikcə azalır. Fəlsəfənin çətin vəziyyətdə olduğunu deyəndə mən bunu nəzərdə tuturam. Keyfiyyətli filosof, keyfiyyətli bioloq, keyfiyyətli fiziklərin sayı azalıb. Vaxtilə Hegel deyirdi ki, fəlsəfədə iki qisim professorlar var. Birincilər dərs deyirlər, yenilik axtarmırlar, sual və cavab vermirlər. İkinci qisim professorlar isə həqiqi alim və filosoflardır – daim yenilik axtarışındadırlar, ortaya yeni suallar və cavablar qoya bilirlər – ancaq onların sayı azdır. Müasir dövrdə də belədir, professorların sayı çoxalır, filosofların sayı isə azalır. Bu, böyük problemdir. Yaxşı filosoflar lazımdır – həm Azərbaycana, həm də dünyaya. Digər tərəfdən, axı fəlsəfə həm də əxlaq, mənəviyyat və insanlıqla bağlıdır. Bu sahələrdə də suallar az deyil. Məsələn, bu gün insan olmaq nə deməkdir? Elə çətin sualdır ki… Bu suala fəlsəfədən başqa heç bir elm cavab verə bilməz.
- IX-XII əsrlər İslam aləminin qızıl dövrü adlandırılır. Məhz həmin dövrdə əl-Xarəzmi, ər-Razi, əl-Fərabi, İbn-Sina, əl-Biruni, Nizami, İbn Rüşd kimi alimlər yetişmişdi və onların ideyalarının Qərbdəki reformasiya hərəkatının təkanverici qüvvəsi olduğunu iddia edənlər az deyil. Bir növ, Şərq Qərbi yuxudan oyatdı. Ancaq sonra özü yuxuya getdi və deyəsən, hələ də ayıla bilməyib… Razısınız bu fikrimlə?
- Belə suala yüngül cavab vermək qeyri-mümkündür. Çətinlik nədədir? Bəli, dediyiniz dövr İslam dünyasının intibah dövrü idi, fəlsəfədə xeyli irəliləyişə nail olunmuşdu və bunda azərbaycanlı filosofların da rolu böyük olmuşdu. Sual yarana bilər ki, xristian dünyasına intibahı İslam dünyası gətirib, ya yox? Ola bilər. Ona görə “ola bilər” dedim ki, intibah elə bir reallıqdır, onu sənə gətirən olmur, sən hardansa bəhrələnə bilərsən, amma öz cavabını axtarmalısan. Xristian-Avropa dünyası da öz cavabını verdi. Xristian-Avropa intibahı İslam intibahı deyil, ancaq ondan bəhrələnib.
- Bəli. Sanki Qərb dünyasında elm Kilsənin məngənəsində idi, sıxılırdı və Şərqin dediyimiz intibahından ilhamlanaraq ayağa dura bildi.
- Avropaya intibahı din yox, dindən azad olmaq gətirmişdi. İqtisadiyyat, Aralıq dənizinin sahilində ticarət üçün əlverişli mühitin yaranması, Amerikanın kəşfi və s. Bunlar onu göstərir ki, Avropada intibah iqtisadiyyatın inkişafı, insanların sərbəstliyə qovuşması ilə başlayıb. Ancaq, bəli, İslam fəlsəfəsi onlara təsir etmişdi. “Ərəbdilli” Aristoteli Avropaya “qaytardılar”. Amma burada başqa sual ortaya çıxır: bəs Aristoteli İslam dünyasına kim gətirmişdi? Qədim Yunanıstan – Bizans... Biz bunu unuduruq. Belə çıxır ki, həm İslam, həm xristian, həm də bütövlükdə dünya dinləri vəhdət təşkil edir. Onlar bir-birinə təsir edəndə - hətta müharibələrlə olsa belə - kimsə bəhrələnir, kimsə imkanlarını itirir. Bu, rəqabətdir, özü də çətin rəqabətdir. İstərdim ki, İslam dünyası inkişaf etsin, intibahını qaytarsın. Ancaq onu da başa düşürəm ki, bu yalnız vəhdət şəklində ola bilər.
- Məsələ də elə budur. Xristian-Avropa dünyası İslam intibahından istifadə etdi, ancaq İslam dünyası xristian-Avropa dünyasının bu bəhrələnməsindən yararlanıb onun əldə etdiyindən daha yaxşısına nail ola bilmədi.
- Xristian-Avropa dünyası, ilk növbədə, elmi dinin məngənəsindən çıxartdı, sonra iqtisadiyyatı inkişaf etdirdi. Kapitalizm meydana gəldi. Fikrimcə, həmin intibah dövrü olmasaydı, kapitalizm yaranmazdı. Digər tərəfdən, maarifçilik işi çox geniş vüsət aldı. Biz bəzən bunu unuduruq, ancaq Qərb intibahının əsas lokomotivlərindən biri maarifçilik hərəkatı idi. Sual yarana bilər ki, maarifçilik hərəkatı İslam dünyasına niyə o qədər inkişaf qazandıra bilmədi? Əslində, maarifçilik İslam dünyasında öz yerini tapmağa çalışırdı, ancaq tapa bilmədi. Məsələn, Azərbaycanda bu hərəkatın nəticəsi oldu, ancaq başqa yerlərdə alınmadı.
- Ancaq bizdə də maarifçilik işi gec başlamadımı? XIX əsrdə Həsən bəy Zərdabi və Mirzə Fətəli Axundovla başlamışdıq...
- Unutmayaq ki, Azərbaycan Xalq Cümhuriyyəti də elə həmin hərəkatın bəhrəsi idi. Bilirsiniz, Avropa maarifçilikdə zəif tərəflərini gördü. Bir filosofun kitabında çox maraqlı ifadə var idi: “avtoritar maarifçilik”. Bu da o deməkdir ki, maarifçiliyin başqa forması da var. Avtoritar maarifçilik müəllim-tələbə münasibətlərində müəllimin böyük təsirinin olmasıdır. Biz sovet dövründə yalnız avtoritar maarifçilik gördük. Avropa isə öz maarifçiliyini yenidən tənqid süzgəcindən keçirtdi, ondan imtina etmədi, yeni maarifçilik yolları axtardı. Belə başa düşülməsin ki, bu gün Qərb maarifçiliyi idealdır və ondan bəhrələnmək istəyirik. Əksinə, onun bu gün də qüsurları var. Məsələn, ABŞ-ın imperiya düşüncəsi. O, özünü böyük və hamıya yenilik gətirən güc hesab edir. Bu, avtoritar maarifçilik yoludur və qətiyyən qəbul edilə bilməz. Baxmayaraq ki, amerikalı alimlər öz əsərlərində avtoritar maarifçiliyi tənqid edirlər. Mən bütün əsərlərimdə qeyd edirəm, biz maarifçilik işini davam etdirməli, yeni maarifçilik yolları axtarmalıyıq. Bəli, bizim XIX-XX əsrlərdə böyük maarifçilərimiz olub, ancaq bugünkü maarifçilik başqa cür olmalıdır. O, hansısa mənada insanı azad ruhlu, sərbəst ruhlu etməlidir. Necə deyərlər...
- Düşünən ruhlu etməlidir...
- Bəli, düşünən (gülümsəyir). Bunu yaxşı dediniz. Bir kitabımda yazmışdım ki, müasirlik – düşünən müasirlikdir. Siz də bunu dediniz. Bu o deməkdir ki, hamımız başa düşürük ki, düşünmək lazımdır, həm də çox lazımdır...
- Doktorluq dissertasiyanızın mövzusu “Əxlаq və siyasətin nisbətinin etik təhlili”dir. Bugünkü dünya siyasətinə baxsaq, tabloda uyğunsuz çox “rəng” görərik. Məsələn, “səhvən” atılan güllələr, bombardmanlar, “antiterror əməliyyatları” nəticəsində minlərlə dinc insan ölür. Qarşılığında isə sadəcə bir “üzr istəyirik”, vəssalam. Bütün bunlara baxıb o nəticəyə gələ bilərikmi ki, dünya siyasətində etika qorunmur?
- Yaxşı sualdır. Hər bir dünyəvi siyasətçi, desə də, deməsə də, etikadan müəyyən danışıq aparır. Bu danışıq beynəlxalq hüquq adlanır. Belə çıxır ki, siyasətdə etikanın rolunu beynəlxalq münasibətlər və beynəlxalq hüquq oynayır. Amma bu, yenə də bütün suallara cavab vermir. Məsələn, beynəlxalq münasibətlərdə və beynəlxalq hüquqda nə əsasdır: qayda-qanun, yoxsa dövlətin maraqları? Bu çox çətin sualdır və həm etik, həm də siyasi problemdir. Bəzi siyasətçilər deyirlər ki, mənim üçün dövlətimin maraqları önəmlidir. Elə siyasətçi də var ki, məsələn, ABŞ-ın sabiq Prezidenti Karter kimi, etikanı hər şeydən üstün tutur. Təkcə siyasətçilər yox, adi insanlar da “maraq, yoxsa əxlaq?” dilemması qarşısında qalırlar. Çox vaxt ailəmizin, özümüzün maraqlarımızı üstün görüb əxlaqı kənara atırıq. Nikkolo Makkiavelli deyirdi ki, siyasət əxlaqdan kənardadır. Bu, yüngül cavabdır. Bu suala daim cavab axtarmaq lazımdır.
- Məgər haqlı deyil?
- Hamı belə hesab edə bilər. Amma elə adamlar var ki, siyasətçi olmasalar da, sözləri böyükdür, siyasətdə qəbul olunur. Məsələn, Mohandas Qandi. Bu gün də onun haqqında danışılanda hamı deyir ki, əxlaqlı siyasətin tərəfdarı olub. Onun əsas ideyası o idi ki, heç kimə güc tətbiq etmək olmaz. Bu gün də hamı başa düşür ki, güc tətbiq etmək olmaz, ancaq siyasət gücsüz olmur. Onda sual yaranır: əxlaq, etika haradadır? Bir anlıq düşünün ki, dünya siyasətindən etika tamamilə çıxarıldı - nə baş verər? Bəli, dediyiniz kimi, bu gün dünyada çox adam siyasətin “qurbanı”na çevrilir. Ancaq bütövlükdə götürsək, insanlar daha yaxşı yaşayırlar, əvvəlki dövrlərdəki kimi aclıq dünyanı ağuşuna almayıb, insan ömrü uzanıb, uşaq ölümləri azalıb. Bunlar nəyin nəticəsidir? Hansısa mənada pis, amma əxlaq çərçivəsindəki siyasətin. İkinci Dünya müharibəsi 50 milyon insanın həyatına son qoydu. İndi o cür müharibə ola bilməz. Bu gün ən uzaq ölkədə təyyarə vurulanda 160-170 nəfər ölür və hamı buna təəssüf edir. Bu o deməkdir ki, bu gün insan həyatı daha dəyərlidir. Yüz il bundan əvvəl belə deyildi, müharibəni elə bəsit şeylərə görə elan edirdilər ki... Birinci Dünya müharibəsini necə başladılar? II Nikolay, V Georq, Vilhelm - bir-birinə qardaş kimi yaxın idilər. Amma bir-birinə müharibə elan etmişdilər. Bu o deməkdir ki, insan həyatı onlar üçün əhəmiyyətli deyildi, insana toz kimi baxırdılar. Bu gün hansısa dövlətə qarşı müharibə başlatmaq çox çətindir, insan ölümündən qorxurlar, istəyirlər ki, o yaşasın.
- Azərbaycanda fəlsəfə məktəbi varmı? Varsa, o məktəb hansı fəlsəfi xəttə yaxındır, yaxud hansı fəlsəfi xətti davam etdirir?
- Var və o, Avropanın fəlsəfə məktəblərindən bir qədər fərqlənir. Biz onu Avrasiya fəlsəfi məktəbi adlandıra bilərik. Rus və türk fəlsəfi məktəbləri ilə yaxınlığımız var, amma onlardan da fərqlənirik. Axundov və Zərdabi kimi maarifçilərimizin fəlsəfi ideyaları var idi. Sovet dövründə də onların maarifçiliyinin əks-sədası görünürdü. Məsələn, Aleksandr Osipoviç Makovelski, Heydər Hüseynov, Ziyəddin Göyüşov və başqaları məhz həmin mütəfəkkirlərimizin ideyalarını davam etdirirdilər. Bu gün isə bizim fəlsəfə məktəbimiz, Fəlsəfə tarixi şöbəmiz həmin bağlılığı saxlayıb davam etdirməkdədir. Müasir dövr alimlərimizin adlarını çəkərkən, şübhəsiz, ilk növbədə, akademik Ramiz Mehdiyevi xüsusi vurğulamalıyıq. Həm Sovet Azərbaycanı fəlsəfəsində, həm post-sovet, həm də müasir fəlsəfədə yeri böyükdür. Hansısa mənada biz hamımız onun tələbələriyik. Fəlsəfə tarixi və elmin fəlsəfəsi onun əsərlərində sıx bağlı olub. Bu da bizim fəlsəfi məktəbin əsas cəhətlərindəndir. Bu xətti davam etdirən alimlərimiz, filosoflarımız çox deyil, amma az da deyil. Onların arasında gənclər də var. Bilirsiniz ki, bu gün gənc nəsil elmə, fəlsəfəyə çox çətin gəlir. Filosof dedikdə heç kimin ağlına gənc deyil, müəyyən mənada, yaşlı, müdrik insan gəlir. Amma bu gün gənclər olmasa, sabah həmin müdrik, yaşlı filosoflar da olmayacaq.
Müsahibəni hazırladılar:
Saleh Arslan
Ramil Hikmət