29.05.2024, 11:36 - Baxış sayı: 222

COP29-a hazırlıqda ekotəxəyyülün formalaşması


BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransının (COP) Azərbaycanda keçirilməsi haqqında qərar iqtisadi və siyasi faktorla yanaşı, həm də mənəvi və mental xüsusiyyətlərin göstəricisidir. Bu, Azərbaycanın təkrar dünya ictimaiyyətinin diqqət mərkəzində olmasıdır.
Bu, son illər ərzində hərbi gücü və qətiyyətli siyasi diplomatiyası ilə dünyada rezonans doğuran Azərbaycanın indi də bəşəriyyət üçün vacib olan qlobal və həyat yüklü bir problemin həllində nümunə olmaq sırasının gəlməyidir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, "Bizim üçün COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir". Bu proseslərin təməlində və son nəticəsində duran vacib faktorlardan biri ekotəxəyyülün formalaşması və düzgün istiqamətdə inkişaf etməsidir.

Ekotəxəyyül nədir?

Tərəfdarlar konfransının (COP) əsas məqsədi 2015-ci ilin dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında Paris Razılaşmasının tələblərini həyata keçirməkdir. Bu isə, ilk növbədə, dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi, 1,5 dərəcə selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaq, yəni insanın təbiətə dağıdıcı gücünü azaltmaqdır, yaxud minimuma endirmək deməkdir. Həmin tələblər və vəzifələr sırasında "inkişaf etmiş" və "inkişaf etməkdə olan" ölkələr fərqləndirilir. Əlbəttə, söhbət daha çox iqlim dəyişikliyinin təsirini azaltmaq və uyğunlaşmaqda güclülərin zəiflərə kömək etməyindən gedir. Maraqlıdır ki, artıq 10 ilə yaxın həyəcan təbilinin çalınmasına baxmayaraq, qlobal istiləşmə və iqlim dəyişikliklərinə səbəb olan istilik qazlarının tullantıları, meşələrin qırılması, suyun israfı və çirklənməsi, şəhərlərin böyüyüb təbiəti daha çox sıxışdırması ildən-ilə artır. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, insanların ölümünə səbəb olan təbii fəlakətlərin 25 faizinin təməlində məhz insan özü durur və son 20 ildə bu fəlakətlərin sayı 2 dəfə artıb. Deməli, ilk növbədə, düşüncələr bu istiqamətdə dəyişməli və zəruri addımlara hesablanmalıdır. Başqa sözlə desək, ekoloji təxəyyül, yaxud ekotəxəyyül düzgün formalaşmalıdır.
Ekotəxəyyül insanın ətraf mühitə, xüsusilə təbiətə qarşı münasibətinin şüur qatında tənzimlənməsidir. Bu gün hər cəhdlə qarşısını almağa çalışdığımız qlobal istiləşmə, iqlim dəyişiklikləri məhz insanın təbiətə dağıdıcı münasibətinin, daha dəqiq desək, xəstə eko-təxəyyülünün nəticəsidir. Yaxın tarixə aid və hələ də nəticələrindən tam qurtula bilmədiyimiz pandemiya dövrü sübut etdi ki, insan təbiətin yox, ilahi iyerarxiyanın bir hissəsi kimi yaradılıb. Düzdür, təbiət də bu iyerarxiyanın bir mərhələsidir, lakin burada kiçik və əhəmiyyətli bir fərq var. Bir var, insan maddi dünyanın sakini olaraq yaradılış prosesinin sonunda təbiətin bir hissəsi kimi yaradılmış ola, bir də var, o, təbiətdən kənarda, hətta onunla üz-üzə duran rəqib kimi dura. Məhz bu səbəbdən insan heyvandan fərqli olaraq öz həyat tərzini normallaşdıranda, təhlükəsizliyini təmin edəndə təbiətin payına müdaxilə edib, onun axarını pozmalı olur.
Maddi dünyada hər varlığın konkret məkanı və forması var. Onların böyüməsi bir-birinə mane olmur, əksinə, tamamlayır. Bir meşədə böyük ağaclarla bərabər kiçik kollar, çiçəklərin varlığı kimi. İnsan bu sistemə daxil olmadığına görə, onun böyüməyi fərqlidir. İnsan isə başqa varlıqların məkanını zəbt eləməklə böyüyür və bu zəbt ilk növbədə, şüurda başlayır. Bununla belə, yaradılmışlar vahid bir sistemə daxildirlər və öz müstəqil sistemlərinə malik olmaqla yanaşı, həm də həmin strukturun tərkib hissəsidirlər. Yəni hamısı öz aralarında mütləq şəkildə əlaqəlidirlər. Bu, yaradılışın qanunauyğunluğudur. Bu qanunların kəşf olunub olunmaması - insanın onları dərki həmin sistemlərə heç nə vermir. Əksinə, insan müdaxilə edəndə, nəyi isə dağıdanda zərər verə bilər. Bu qanunauyğunluqların kəşfi, sistemlərarası əlaqələrin öyrənilməsi insana lazımdır, insan üçündür. Başqa sözlə desək, ekotəxəyyül insanın ona yad olan təbiəti anlayıb orada öz yerini tanımasıdır.
İnsandan fərqli olaraq təbiət şüura malik deyil və o, yalnız öz çərçivəsi daxilində mövcud ola bilir. İnsan isə həm də şüuru ilə böyüyür. O, öyrəndikləri üzərində öz düşüncəsini qurub, idrakını inkişaf etdirə bilir. Məhz bu səbəbdən o təbiətin bir hissəsi ola bilməz. Onun fiziki quruluşu maddi dünya çərçivəsində olsa da, mental olaraq iyerarxiya boyu, yəni maddi dünya fövqündə də yüksəlməyə qadirdir. Bu baxımdan, insan təbiətlə eyni cəbhədə deyil. Ekotəxəyyül insanın subyektiv dünyasının bir hissəsidir və onun əsasında qurulur, lakin ondan fərqlənir, hətta ona zidd də ola bilir. Obyektiv dünya - təbiət təməl olduğuna görə, onun daralması ekotəxəyyülün də cılızlaşmasına səbəb olur. Ekotəxəyyül yaradıcılığa da aparır, dağıdıcılığa da.

Azərbaycanda ekotəxəyyül

İşğal olunmuş Azərbaycan torpaqları 30 il ərzində məhv edilib. Nəticədə xəstə təxəyyüllü bir toplumun sonsuz nifrəti bəşəriyyətə, bütün planetə qarşı törənən cinayətin tərkib hissəsinə çevrilib. Ekotəxəyyülün mahiyyətini və rolunu nəzərə alsaq, belə qənaətə gəlmək olur ki, təbiətlə yanaşı, həm də insanların təfəkkürünün əhəmiyyətli bir qatı da məhv edilib. Hazırda yalnız dağıdılmış şəhər və kəndlərin flora və faunası deyil, həm də insanların mənəviyyatının da ciddi qatı, yaradıcılıq gücü bərpa edilməkdədir. Azərbaycanda ekotəxəyyül erməni işğalında olan ərazilərinin azad olunması ilə aktuallaşdı. Cənab Prezidentin 2020-ci ildə Qarabağda törədilmiş ekoterror haqqında dünyaya bəyanatları, 2022-ci ildə 200-dən çox Azərbaycan Könüllüsünün Qarabağda ekoloji təcavüzə qarşı aksiyaya başlayıb son uğura qədər dirəniş göstərməyi, ən nəhayət, 2023-cü ilin dekabrında Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü ili ölkədə "Yaşıl dünya naminə həmrəylik ili" elan etməyi bu təxəyyülün, təfəkkürün zəruri qatının inkişafının düzgün istiqamətə yönləndirilməsidir. Azərbaycan öz sərhədləri ilə məhdudlaşmır, qlobal dünyanın ekologiyasının əhəmiyyətli bir hissəsidir, deməli, ona qayğı, onun qorunması da qlobal və əsaslı şəkildə olmalıdır. COP29-un Azərbaycanda keçirilməsi qərarı bu təxəyyülün səviyyəsinin təzahürüdür. Bunun ölkəmizin dünyaya bir ismarıcı və nümunəsi olacağını vurğulayan Azərbaycan Prezidenti deyir: "Dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. "Yaşıl enerji" növlərinin yaradılması və dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək". Bəli, bir ölkəyə qarşı törədilən ekoterror qlobal fəlakətin tərkib hissəsi olduğu kimi, həmin fəlakətin qarşısının alınması, nəticələrinin ortadan qaldırılması və bu istiqamətdə daha artıq addımların atılması məhz ümumbəşəri xarakter daşıyır və müsbət nümunədir.
Azərbaycan yalnız əlverişli coğrafi mövqeyinə görə deyil, həm də xalqının dərin düşüncəsinə, yüksək mədəniyyətinə və nadir istedadına görə hər zaman digər dövlətlərin diqqət mərkəzində olub. Məhz buna görə də ölkəmiz tarixi boyu bir neçə dəfə işğala, hətta genosidə məruz qalıb. Bunların sırasına mədəni və ekoloji genosidləri də əlavə etsək, o zaman Azərbaycanın öz varlığını hansı çətinliklərlə qoruyub saxladığı məlum olar. 2023-cü ildə yarımillik sosial-iqtisadi yekunlara həsr olunmuş müşavirədə ekoterror haqqında məlumat verən Prezident İlham Əliyev bildirmişdir: "Qarabağ və Şərqi Zəngəzur ekoloji fəlakət zonasına çox yaxın idi. Çünki Ermənistan həm Ermənistandakı müəssisələrin fəaliyyəti nəticəsində, eyni zamanda o vaxt işğal edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın vəhşicəsinə istismarı nəticəsində təbiətimizə böyük zərbə vurub. Təkcə onu demək kifayətdir ki, 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən dağıdılıb, talan edilib, çıxarılıb, satılıb, yaxud parket düzəldiblər və satıblar". Xatırladaq ki, iqlim dəyişmələrinin və təbii fəlakətlərin artmasında öndə duran səbəblərdən biri məhz meşə qatının qırılması, bir sıra dərman bitkilərinin kökünün kəsilməsi və təbiətin kökündən dəyişikliyə məruz qalmasıdır.
Dünya düşüncə tarixində, eyni zamanda dünya iqtisadiyyatının şah damarlarında Azərbaycanın həlledici sözünü, izini görmək, rolunun əhəmiyyətini müşahidə etmək çətin deyil. Vacib bir fakt kimi onu da əlavə edək ki, tarixə ümumi baxış salanda, belə qənaətə gəlmək olur ki, azərbaycanlının düşüncəsi istər digər insanlarla, istərsə də təbiətlə münasibətdə yaradıcıdır, dağıdıcı olmayıb. Dövlətin müstəqil olması, gücünün artması, yaradıcı münasibətin radiusunun artması ilə bu təsirin xarakteri də dəyişib, daha nəzərəçarpan və həlledici olub. Əgər bir vaxtlar imperiyalar bu ərazini, onun xalqını öz rifahı üçün istismar edirdisə, müstəqilliyi əldə edəndən, öz gücünü artırandan sonra Azərbaycan bölgənin söz sahibi olmağı, öz marağını nəinki müdafiə etməyi, onu başqalarına da qəbul etdirməyi bacarır. COP29 Azərbaycanın bərpa edilən yaradıcı gücünün dünyaya səslənişi olacaq. Prezident İlham Əliyevin də dediyi kimi, "Bu onun göstəricisidir ki, biz istəyirik öz vəsaitimizi bu sahəyə ayıraq ki, həm ölkələrimizdə, necə deyərlər, "yaşıl enerji" inkişaf etsin, həm dünyaya töhfə verək".
Ölkələrin gücü yalnız onun iqtisadiyyatında, hərbi potensialında deyil, həm də onları idarə edən, digər ölkələrlə münasibətdə təzahür edən düşüncəsindədir. Bu düşüncənin təbiətlə münasibətini tənzimləyən alt qatı isə ekotəxəyyüldür. Məhz alt qatı olduğuna görə də zamanında və düzgün formalaşmalıdır. İnsan və təbiət yaradılış iyerarxiyasında fərqli yer tuturlar. Ekotəxəyyül insan düşüncəsində təbiət haqqında formalaşan ilk münasibətdir. Burada həm düşüncənin səviyyəsi özünü göstərir, həm də insanın sonrakı hərəkətinin təməli. Təbiətə münasibət və ekotəxəyyül istər-istəməz bir ölkənin sərhədlərini aşır və əks-sədası uzaqdan gəlir. Prezident İlham Əliyev müşavirədə qeyd edir ki, Azərbaycanın böyük bir hissəsi - Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur "yaşıl zona"ya çevrilməkdədir və bununla kifayətlənməyib öz daxili tələbatını "yaşıl enerji" ilə təmin etməklə yanaşı, "həm də qonşu ölkələrə də "yaşıl enerji"ni ixrac edəcəyik". Başqa sözlə desək, Azərbaycan qonşularda da ekotəxəyyülün formalaşmasına çalışır, qonşu ölkələrin dağıdıcı niyyətlərinin qarşısını alır.
Azərbaycan tarixi boyu keçdiyi ən çətin sınaqlarda da nümunə olmağı bacarıb - yüksək mədəniyyət nümunələri, nadir istedadlı şəxsiyyətlərinin dünya elminə verdikləri töhfələri, torpağına yağı kəsilən düşmənlə müharibəsi, siyasi liderinin diplomatiyası, zəifin yanında durub dünyada haqq-ədalətin pozulmaması uğrunda mübarizəsi ilə. Əhəmiyyətli bir məqamdır ki, COP29-un Azərbaycanda keçirilməsinə qərar verilməsi də bir nümunədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "COP29-un Azərbaycanda keçirilməsi barədə qərar regional sülh gündəliyinin irəliləyə aparılması kontekstində əldə edilib və bu da ümumiyyətlə, COP-un tarixində yeni bir inkişafdır".

Könül BÜNYADZADƏ,

AMEA-nın müxbir üzvü, professor

"Azərbaycan" qəzeti