05.04.2024, 07:04 - Baxış sayı: 205

“Azərbaycan-Rusiya münasibətləri Cənubi Qafqazda sülh və sabitlik faktoru kimi” mövzusunda beynəlxalq dəyirmi masa təşkil edilib


“Azərbaycan-Rusiya münasibətləri Cənubi Qafqazda sülh və sabitlik faktoru kimi” mövzusunda beynəlxalq dəyirmi masa təşkil edilib

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Azərbaycan-Rusiya münasibətləri Cənubi Qafqazda sülh və sabitlik faktoru kimi” mövzusunda beynəlxalq dəyirmi masa təşkil edilib.
Dəyirmi Masanın təşkilatçıları AMEA, Bakıdakı Rusiya Evi və Rusiya Dövlət Humanitar Universitetidir (RDHU).
RDHU-nun Postsovet xarici kafedrasının müdiri Aleksandr Quşşinin moderatoru olduğu tədbir giriş nitqləri ilə başlayıb.
AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Azərbaycanla Rusiya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafından danışaraq, humanitar sahədə iki ölkəni onilliklər boyu birləşdirən məsələləri, o cümlədən ölkəmizin bir sıra ali və orta məktəblərində rus dilində tədrisi qeyd edib. Akademik G.Baxşəliyeva elmi əməkdaşlıqdan da bəhs edərək, AMEA-nın institutları ilə Rusiyanın elm və ali təhsil müəssisələri arasında son illərdə bağlanan sazişləri xatırladıb və onların icrasından danışıb. AMEA-nın Şərqşünaslıq İnstitutunun Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq (2014), Şərq Əlyazmaları (2017) və Dünya Ədəbiyyatı institutları (2017), Tarix və Etnologiya İnstitutunun Rusiyanın “Вопросы истории” jurnalı (2019), Fəlsəfə və Sosiologiya İnstitutunun Rusiya (Sankt-Peterburq) Smolnı Universiteti İnnovativ Elm-Tədris Konsorsiumu ilə sazişləri qeyd olunub. AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Rusiya EA Fəlsəfə İnstitutu ilə birgə nəşri olan “Mədəniyyətlərin dialoqu və müasir dövrün çağırışları” kitabının Moskvada təqdimatı (2019), Rusiya Fəlsəfə Cəmiyyəti ilə birgə “Nəsiminin poeziyası insana himndir: Şərq və Qərb mənəvi-mədəni dəyərlərin sintezi” mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi (2019), AMEA-nın İctimai Elmlər Bölməsi və Tarix və Etnologiya İnstitutunun birgə təşkilatçılığı ilə Rusiya Yazıçılar İttifaqının üzvü Rudolf İvanovun 90 illiyinə həsr olunmuş elmi konfransın keçirilməsi (2021), Tarix və Etnologiya İnstitutunun fəxri doktoru diplomunun rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsova təqdim edilməsi (2019), institutun əməkdaşları tarix üzrə fəlsəfə doktorları Bəxtiyar Həsənov və Ziyad Əmrahovun Rusiyanın Dövlət Arxivi və Rusiya iqtisadiyyat arxivində araşdırma apararaq Qərbi Azərbaycanla bağlı 1948-1953-cü illərə aid topladığı sənədləri çapa təqdim etmələri və digər faktlar nəzərə çatdırılıb.
“Azərbaycan-Rusiya münasibətləri Cənubi Qafqazda sülh və sabitlik faktoru kimi” mövzusunda beynəlxalq dəyirmi masa təşkil edilibBakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov giriş nitqində keçirilən tədbirin əhəmiyyətindən danışaraq, Azərbaycanla Rusiya arasında diplomatik əlaqələrin 1992-ci il aprelin 4-də qurulmasını bildirib və Dəyirmi Masanın həmin tarixin ildönümündə keçirilməsinin əlamətdar olduğunu qeyd edib.
RDHU-nun prezidenti Avrasiya və Regionlararası Tədqiqatlar İnstitutunun direktoru, professor Yefim Pivovar Azərbaycan və Rusiya arasında əməkdaşlığın istiqamətlərindən danışaraq, bu münasibətlərin getdikcə inkişaf edəcəyinə ümidlərini bildirib.
Daha sonra Dəyirmi Masa iştirakçılarının çıxışları başlanılıb.
Professor Yefim Pivovarın “XX əsrin sonu – XXI əsrin əvvəllərində Rusiya-Azərbaycan münasibətləri. Tarixi-politoloji tədqiqatın bəzi nəticə və vəzifələri” mövzusunda çıxış edib. Rusiyalı alim ölkəsi ilə Azərbaycan arasında əlaqələrin tarixindən bəhs edərək, bu sahədə gələcəkdə görüləcək işlərin perspektivlərinə də toxunub, birgə dərsliklərin çapı, elmi tədqiqatların aparılması və digər tədbirlərin həyata keçirilməsi istiqamətində görülə biləcək işlərdən danışıb.
İrek Zinnurovun “Müasir mərhələdə Rusiya və Azərbaycanın ictimai-siyasi və elmi-tədrisi əməkdaşlığının inkişaf xüsusiyyətləri” mövzusunda çıxışında rəhbərlik etdiyi Bakıdakı Rus Evinin Azərbaycanın paytaxtında və bölgələrində həyata keçirdiyi tədbirlərdən danışıb.
Dəyirmi masada, həmçinin Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri iqtisad elmləri doktoru, professor Elşad Məmmədovun “Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi üçün ilkin şərtlərin formalaşdırılması”, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru fəlsəfə elmləri doktoru, professor İlham “Azərbaycan-Rusiya münasibətləri Cənubi Qafqazda sülh və sabitlik faktoru kimi” mövzusunda beynəlxalq dəyirmi masa təşkil edilib
Məmmədzadənin “Elmi əməkdaşlıq və Cənubi Qafqazın yeni geosiyasəti”, “Vestnik Kafkaza” informasiya-təhlil agentliyinin baş direktorunun müavini Andrey Petrovun “Rusiyanın Azərbaycanla müttəfiqlik münasibətlərinin uzunmüddətliyində maraqları faktorları”, İctimai Elmlər Noosfera Akademiyasının birinci vitse-prezidenti texnologiyalar sahəsində fəlsəfə doktoru, professor Heydər İmranovun “Azərbaycan-Rusiya elmi əlaqələri”, Rusiya Elmlər Akademiyası Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Mərkəzi Asiya sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru Stanislav Pritçinin “Müasir mərhələdə Rusiya - Azərbaycan siyasi əlaqələrinin xüusiyyətləri”, Bakı Dövlət Universitetinin kafedra müdiri tarix elmləri doktoru, professor İradə Hüseynovanın “Cənubi Qafqazın regional təhlükəsizliyi problemi Azərbaycan - Rusiya münasibətləri kontekstində”, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin dosenti İsmayıl Ağakişiyevin “Rusiya və Azərbaycanın 1993-2024-cü illərdə iqtisadi və humanitar əməkdaşlığı” mövzusunda və digər çıxışlar dinlənilib.
Tədbirin sonunda çıxışlar ətrafında müzakirələr aparılıb. Professor Yefim Pivovar və akademik Gövhər Baxşəliyeva dəyirmi masaya yekun vuraraq tədbirin çox səmərəli keçdiyini və Azərbaycanla Rusiyanın humanitar sahədə əməkdaşlığının böyük perspektivlərinin olduğunu qeyd ediblər.
"Science.gov.az"