02.04.2024, 09:23 - Baxış sayı: 83

AMEA – müstəqil dövlətçiliyin xidmətində - II MƏQALƏ


AMEA – müstəqil dövlətçiliyin xidmətində - II MƏQALƏ












Azərbaycan Milli Elmlər Aka­demiyası ölkəmizin intellektual potensialının möhkəmlənməsinə çox dəyərli töhfələr vermişdir. Bu gün də Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin ümumi in­kişafında fəal rol oynayır. Mən çox istəyirəm ki, Azərbaycan alimləri gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasın­lar.

İlham ƏLiYEV,
Azərbaycan Respublikasının Prezidenti


Qarşıda duran vəzifələr 3 blokun işığında

I məqalədə AMEA-nın yeni nümunə kimi “beynəlxalq əməkdaşlıq dördbuca­ğı” adlandırdığımız əlaqələr şəbəkəsini yaratmasını göstərmişdik. Vurğulamışdıq ki, bu, həm ayrıca Azərbaycan miqyası üçün əhəmiyyətlidir, həm də Azərbaycan miqyasında fəaliyyətlə Türk Dövlətləri Təşkilatı miqyasında fəaliyyətin uyğun­laşdırılması baxımından xüsusi məna kəsb edir. Bu iki aspektin kökündə bir incə nəzəri və metodoloji məsələ daya­nır. Həmin məsələnin ümumi formada qoyuluşunu ifadə edən tezisi də təqdim etmişdik. Yaradıcılığın sırf idraki aspek­ti ilə sosial, iqtisadi, energetik, ideoloji, idarəetmə və ya hüquqi legitimlik sfe­raları arasında nəticəverici bağlantıları nəzəri-konseptual müstəvidə müəyyən etmək zəruridir! Bu ümumi tezisdə yer almış “nəticəverici bağlantılar” ifadəsinin məzmunu qərar layihəsində əks olunmuş qarşıda duran vəzifələr bölməsində 3 blokda birləşdirilmişdir. Onlar aşağıdakı­lardır:
– Azərbaycançılıq ideologiyasının və multikulturalizm konsepsiyasının el­mi-nəzəri əsaslarının tədqiqi və funda­mental istiqamətlərinin müəyyənləşdiril­məsi, sosial proseslərə tətbiqi ilə bağlı araşdırmalar daha da genişləndirilsin;
– ölkəmizin yeni nəsillərinin mil­li-mənəvi dəyərlərə bağlı və vətənpər­vərlik ruhunda tərbiyə edilməsi üçün Azərbaycan tarixinin, onun zəngin mə­dəniyyətinin, ədəbi-tarixi şəxsiyyətlərinin tədqiqi və təbliği prioritet fəaliyyət is­tiqamətlərindən biri hesab edilsin;
– texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsi və s. kimi istiqamətlər üzrə elmi araşdırmaların daha da gücləndirilməsi, bu sahələr üzrə respublikada və xaricdə mütəxəssislərin hazırlanması üçün təd­birlər həyata keçirilsin.
Bu üç blokda cəmiyyətin elmi, texno­loji, təhlükəsizlik sferaları ilə toplumdaxili sosial-mədəni strukturlaşma (azərbay­cançılıq və multikulturalizm) və cəmiy­yətin inkişafında milli-mənəvi amillərin rolunun müəyyən edilməsi (yeni nəsil­lərinin milli-mənəvi dəyərlərə bağlı və vətənpərvərlik ruhunda tərbiyə edilmə­si) üzvi surətdə cəmləşmişdir. AMEA bu maraqlı nəzəri yanaşmanın konkret elmi araşdırma proqramlarında reallaşmasını təmin etməlidir.
Eyni zamanda, burada iki vacib şərt nəzərə alınmalıdır. Birincisi, tədqiqat­larda Azərbaycan Respublikasının Pre­zidenti cənab İlham Əliyevin andiçmə mərasimindəki nitqində yeni dövr üçün müəyyənləşdirdiyi prioritetlər rəhbər tutulmalıdır. İkincisi, Prezident İlham Əliyevin 3 noyabr 2023-cü il tarixli 2339 nömrəli fərmanı ilə təsdiq etdiyi Azər­baycan Milli Elmlər Akademiyasının yeni Nizamnaməsində müəyyən edildiyi kimi, AMEA “Azərbaycan Respublikasında elmin inkişafının təmin edilməsində və elm sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən dövlət ali elmi təşkilatı” hüquqi statusuna uyğun fəaliy­yət göstərməlidir.
Deməli, müəyyən edilən hər üç blok və həm də onların qarşılıqlı əlaqəsində AMEA elmi yaradıcılığın təşkilində zə­kavi, mənəvi, mədəni, ideoloji, texnoloji, sosial aspektlərin vəhdəti üçün strateji dövlət təşkilatı kimi xüsusi məsuliyyət daşıyır. Hansı mənada “məsuliyyət” de­yirik?
Məlumdur ki, AMEA Avropada fəa­liyyət göstərən Açıq elm platforması ilə əməkdaşlıq edir. Bu, perspektivli plat­forma sayılır və orada elmi tədqiqatlar­da azadlıq və sərbəstliklə yanaşı, alim məsuliyyəti məsələsi də ciddi qoyulur. Bu məsuliyyət araşdırmaçı olaraq hər bir yaradıcı insanın ölkəsi, xalqı və dün­ya qarşısında məsuliyyət daşıması kimi dərk edilir. Yəni, “məsuliyyət” dedikdə hər hansı hüquqi məqam deyil, elmi tədqiqatların aparılmasında qarşıya qo­yulan məqsədə çatmaq öhdəliyini anla­maq nəzərdə tutulur.
AMEA rəhbərliyinin vurğulanan blok­ların reallaşması üçün göstərdikləri cə­sarət və strateji addım buradan qaynaq­lanır. AMEA real tədqiqat proqramlarında ölkənin strateji inkişafının sırf idraki (koq­nitiv) aspekti ilə praktiki-tətbiqi aspekti­ni sintez edən modeli yaratmalıdır! Bu, mümkündürmü? Tamamilə mümkündür!
AMEA bu istiqamətdə potensial gü­cünü nümayiş etdirəcəkdir! Bunu qərar layihəsinin müddəalarından görmək olar. Həmin sırada rast gəlinən maraqlı bir özəllik yuxarıda vurğuladığımız Azər­baycan miqyası ilə Türk dünyası arasın­da uyğunluq yarada biləcək araşdırma və təşviq proqramları ilə bağlıdır. Bu iki miqyasın uyğunlaşdırılması dünya səviy­yəsində aparıcı elmi dairələrlə əlaqə qur­mağa geniş imkanlar yaradacaqdır.
Qərar layihəsində yazılmışdır: “AMEA Rəyasət Heyətinin 22 fevral 2024-cü il tarixli iclasında akademiyanın prezidenti, akademik İsa Həbibbəylinin “Humanitar və ictimai elmlər sahəsində ədəbi-tarixi şəxsiyyətlərin həyat və fəaliyyətlərinin tədqiq edilməsi vəziyyəti və müstəqil­lik dövrü Azərbaycan elminin vəzifələri” adlı məruzəsində irəli sürülən ideyalara uyğun olaraq, müxtəlif elmi-nəzəri prob­lemlərin öyrənilməsi ilə bərabər, görkəmli tarixi şəxsiyyətlərin, elm və mədəniyyət xadimlərinin, yazıçı və şairlərin həyat və fəaliyyətlərinin, xidmətlərinin azərbay­cançılıq baxımından tədqiqi, bu sahədə elmi konfransların təşkili, plan işlərinin, dissertasiya mövzularının yerinə yetiril­məsi mühüm elmi istiqamətlərdən biri olaraq həyata keçirilsin”.
Azərbaycanın tarixi şəxsiyyətlərinin, siyasi xadimlərinin, elm, mədəniyyət və təhsil üzrə böyük xidmətləri olan insan­larının, o cümlədən, böyük şair və ya­zıçılarının azərbaycançılıq baxımından həm elmi cəhətdən araşdırılması, həm də onlarla bağlı təşviq və təbliğ xarakterli tədbirlərin keçirilməsinin mühüm vəzifə kimi qarşıya qoyulmasının aktuallığı və əhəmiyyəti nədən ibarətdir? Burada də­rin və çox əhəmiyyətli incə bir məqam mövcuddur!
Məsələ ondan ibarətdir ki, Ulu öndər dəfələrlə vurğulamışdır ki, Azərbaycan xalqı zəkidir, o, elm və təhsil üzərində özünü yaratmışdır və indi də yaradır. Azərbaycan toplum olaraq mədəniyyət əsasında özünü təşkil etmişdir, bu kökdə tərəqqidə olmuşdur və indi də olur! Azər­baycan dövlətçilik ənənəsi məhz bu amil üzərində tarixin sınaqlarından çıxmışdır və indi də çıxmaqdadır!
Bizim dövlət və millət kimi özünü­yaratmağımız, təşkilatlanmağımız, mə­dəniyyət məkanı kimi mövcudluğumuz xalqın ziyalılığa, mənəvi-əxlaqi dəyərlərə üstünlük verməsinə və dövlət quruculu­ğunda bu məqamın aparıcı müəyyənedi­ci yer tutmasına söykənir. Bu isə toplum miqyasında xalqın sosial, mədəni, əxlaqi, siyasi, mənəvi, tarixi, ideoloji enerjisini vahid hədəfə fokuslaşdırmaqla “yaradıcı sinerji” yaratmaq anlamına gəlir!

Azərbaycan xalqının yaradıcı sinerjisi

“Xalqın yaradıcı sinerjisi” anlayışı abstrakt (mücərrəd) mənalı deyildir – hər bir tarixi mərhələdə konkret məzmun kəsb edir. Eyni zamanda, həmin sinerjini özündə akkumulyasiya edən (toplayan, daşıyan və bütün cəmiyyətlə paylaşan) sosial varlıqlar vardır. Onlar ziyalılar, ya­radıcı adamlar, vətənpərvər şair və yazı­çılardır!
Onlar filosoflar, konkret elm sahəsinin fədakar “savaşçıları”dır, onlar bəstəkar­lar, musiqiçilər, özlərində indi ilə gələcə­yin enerjisini daşıyan siyasi liderlər, döv­lət xadimləridir.
Onlar Azərbaycan ziyalılarıdırlar ki, xalqı həm Türk dünyasında, həm də bütün dünyada layiqincə təmsil edirlər! Onlar “Azərbaycan” adlı müqəddəs mə­dəniyyət məkanının “sönməyən ocaqla­rıdır”!
Kimlərdir? Tariximzə baxın – hər zirvədə bir “yanar ocaq”, “sönməyən tonqal” görəcəksiniz! Bax, onlar Oğuz xanın, Tomrisin, Nizaminin, Nəsiminin, Füzulinin, Bəhmənyarın, Tusinin, Vaqi­fin, Rəsulzadənin, Cavidin, Zərdabinin, Nərimanovun, Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Tofiq Quliyevin, Sabi­rin, Vahabzadənin, Heydər Hüseynovun, Səməd Vurğunun, Lütfizadənin və adları­nı saymaqla bitməyən minlərlə ruh, ener­ji və mənəviyyat sahiblərinin, müqəddəs şəhidlərimizin indi də yolumuza işıq sa­çan kimlikləridir!
Bir xalq olaraq yaşamaq istəyiriksə, bu şəxsiyyətləri yalnız yad etməməli, tək­rar-təkrar öyrənməli, təşviq etməli, onları gənclərə nümunə kimi göstərməliyik. Bu yolda elmi araşdırmalar, müxtəlif yubi­leylər və başqa təşviq xarakterli tədbirlər arxivacibdir! Ulu öndər Heydər Əliyev fəaliyyəti boyu məsələnin bu tərəfini daim aktuallaşdırmış və praktiki reallaşdırmış­dır! Heydər Əliyevin keçirdiyi yubileylər, təşkil etdiyi tədbirlər bu anlamda strateji xarakterli olmuşdur! Tarix göstərmişdir ki, Heydər Əliyev bununla həm Azərbaycanı mədəniyyət və mənəviyyat məkanı kimi qorumuşdur, həm də yeni inkişafı motivə etmişdir!
AMEA-nın vurğuladığımız məsələni mühüm elmi işlərdən biri kimi qarşıya qoyması həmin səbəblərdən çox vacib strateji məqamdır! Yaradıcılıq və təşki­latçılıq təşəbbüskarlığının əhəmiyyəti buradan qaynaqlanır! Xalq, dövlət, millət və elm qarşısında məsuliyyət və vicdan hissi buradan güc alır!
Tanınmış və görkəmli insanlarımızın yaradıcılıqlarının araşdırılması ilə on­larla bağlı təşviqi xarakterli tədbirlərin keçirilməsinin vacib elmi vəzifə olaraq müəyyən edilməsi həm ortaq yaradıcılıq sinerjisini stimullaşdırır, həm də sırf elmi xarakterli araşdırmaların dövlətçilik ma­raqlarına uyğun aparılmasına güc verir.
Böyük yaradıcı insanlar özlərində həm birləşdirici, həm də aydınlaşdırcı keyfiyyətlər daşıyırlar. Bu mənada onla­rın yaradıcılığı bir nümunə və mayakdır! Bu işığın və nurun şəfəqlərində Azərbay­can alimləri ənənə ilə müasirliyin vəhdə­tində tədqiqatlar apara bilərlər! Həmin fəaliyyətin konkret elmi təşkili aspekti isə fənlərarası kontekstdə araşdırmalar nə­ticəsində aydınlaşır və konkret məzmun alır. Bu proses gedir!
Əlbəttə, AMEA-nın bir baş elmi təşki­lat kimi fəaliyyətini tam əhatə etmək üçün geniş araşdırma gərəkdir. Lakin bu qısa təhlil də göstərir ki, AMEA ölkə rəhbəri­nin elm camiyəsinin qarşısına qoyduğu vəzifələri sırf dövlətçilik mövqeyindən Azərbaycanın tərəqqisi naminə həyata keçirməkdə israrlıdır. Bunun üçün müasir elmi yanaşmalardan və idarəetmə mexa­nizmlərindən, struktur islahatlarından fəal istifadə etməkdədir! Ümid edirik ki, bu yolda yeni uğurlar qazanacaqdır!

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

"Xalq qəzeti"