29.03.2024, 07:19 - Baxış sayı: 109

AMEA – müstəqil dövlətçiliyin xidmətində - I MƏQALƏ


AMEA – müstəqil dövlətçiliyin xidmətində  - I MƏQALƏ

Müstəqil Azərbaycanın Elmlər Akademiyası bütün elmi potensi­alı özündə cəmləyərək, xalqımızın yaradıcılıq sahəsində nəyə qadir olduğunu dünyaya göstəribdir.

Heydər ƏLİYEV,
Ümummilli lider






Mədəniyyət və intellekt əsrində elm

Rəqabətə davamlı inkişafda qərar­lı olan hər bir müstəqil dövlət üçün elm mədəniyyət və intellekt əsrində strateji əhəmiyyət kəsb edir. Hətta, müəyyən mənada, elmi inkişaf XXI əsrdə müstəqil dövlətçiliyin, suverenliyin və davamlı tərəqqinin əsas qarantıdır. İnsan fəaliy­yətinin bir-biri ilə tarixdə görünməmiş sə­viyyədə, əhatədə və dərinlikdə qarşılıqlı təsirlərdə olduğu indiki mərhələdə intel­lektual fəaliyyət ön plana çıxmışdır.
Təsadüfi deyildir ki, elmin strateji planlaşdırılmasında dünyanın ən qa­baqcıl ölkələrinin qəbul etdikləri inkişaf konsepsiyalarında süni intellekt məsələsi ilk sırada yer alır. Bunun fonunda kiber­fiziki texnikanın, yeni informasiya-kom­munikasiya texnologiyalarının, rəqəmsal idarəetmənin inkişaf etdirilməsi xüsusi vurğulanır. Keçən əsrin ikinci yarısından başlayaraq elmi konsepsiyalarda və el­min fəlsəfəsndə əsas tezislərdən biri olan “cəmiyyətin ayrı-ayrı sahələrini inkişaf et­dirmək stratejisi deyil, onların bir-biri ilə harmoniyada inkişafı real müsbət nəti­cələr verə bilər”– fikri hazırda özünü yeni səviyyədə təsdiq etməkdədir.
Bu “yeni səviyyə” toplumun və döv­lətin davamlı, dayanıqlı və konstruktiv inkişafı üçün elmmərkəzli yeniləşmələrin özünütəşkil formasında cəmiyyətin bü­tün fəaliyyət istiqamətlərini əhatə etməsi zərurəti ilə bağlıdır. Elmsiz sosio-mədə­ni, sosial tərəqqi olmadan davamlı və müsbət nəticəverici elmi inkişaf mümkün deyildir! Üstəlik, bu özəlliyin iki miqyasda qarşılıqlı əlaqəsi Azərbaycan üçün vacib tələbə çevrilmişdir: birincisi, ölkədaxili sə­viyyədə elmi tərəqqi, ikincisi isə ölkədaxili elmi inkişafın qlobal miqyasda elmi inki­şafla uyğunlaşdırılmasıdır.
Bu iki miqyasın uyğunlaşması məsələsi də ciddi elmi problemdir. Bu­rada elmi fəaliyyətin təşkilindən, fərdi səviyyədə yaradıcılığın stimullaşdırılma­sından tutmuş, kollektiv olaraq səmərəli araşdırmalar aparmağa maksimum şə­rait yaradan elmi institutlaşmaya qədər geniş çeşidli vəzifələr qarşıya çıxır.
Alimləri innovativ yaradıcılığa yönəlt­mək, bunun üçün uyğun mühit forma­laşdırmaq, alınan nəticələrin topluma tətbiqi üçün çevik sistem yaratmaq hər bir müstəqil dövlət üçün prioritet is­tiqamətlərdən birinə çevrilmişdir. AMEA Azərbaycanda vurğulanan aspektdə elmi fəaliyyətin nəzəri-konseptual və fe­ili stimulvericisi, onu praktiki reallaşdıran başlıca elmi strukturu və strateji dövləti orqandır! Bu anlamda Elm Günü həm də AMEA-nın bayramıdır! Təsadüfi deyildir ki, Prezident İlham Əliyev 2018-ci il apre­lin 9-da mart ayının 27-nin Azərbaycanda “Elm Günü” elan edilməsi ilə bağlı Sərən­camı həm də AMEA-nın təsis edilməsi tarixini nəzərə alaraq imzalamışdır.
Bu fikirlərin işığında 2024-cü ildə Elm Günündən AMEA-nın son birillik fəaliy­yətinə və planlaşdırılan gələcək fəaliyyət istiqamətlərinə nəzər salmağa qərar ver­dik.

Ümumi yığıncaqda səslənən məqamlar

Bu il fevralın 29-da AMEA Rəyasət Heyətində keçirilən ümumi yığıncaq he­sabat xarakterli idi. AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin məruzəsin­dən aydın oldu ki, ölkənin baş elmi təş­kilatı Prezident İlham Əliyevin müəyyən etdiyi istiqamətlər üzrə müstəqil dövlətçi­liyə xidmət etməkdə israrlıdır. AMEA-nın fəaliyyətinin ümumi fəlsəfəsini, ideoloji və təşkilati ana xəttini dövlət başçısının müəyyənləşdirdiyi inkişaf kursunun ümu­mi müddəaları və ayrıca Prezident İlham Əliyevin elmlə bağlı verdiyi sərəncamlar təşkil edir.
AMEA rəhbəri aydın və qəti şəkildə təşkilatın fəaliyyətinin məhz bu çərçivədə inkişaf etdiriləcəyini ifadə etdi. Belə ay­dın oldu ki, artıq AMEA-nın fəaliyyəti tam olaraq Azərbaycanın müstəqil dövlətçili­yinin strateji inkişafı kontekstində, insan faktoru və müstəqil dövlətçiliyin davamlı inkişafı mərkəzdə olmaqla, intellektual tərəqqi müstəvisinə keçirilmişdir. Təşki­latın 2023-cü il hesabatına və planlaşdı­rılan fəaliyyət istiqamətlərinə bu prizma­dan baxmaq zəruridir.
Ümumi səviyyədə AMEA-da elmi tədqiqatların istiqamətləri belə müəyyənləş­dirilmişdir: “Elmin müxtəlif sahələri üzrə tədqiqatların genişləndirilməsi, müasir təfəkkürlü, kreativ düşüncəli və vətənpər­vər gənclərin vaxtında elmi araşdırma­lara cəlb edilməsi, elmi tədqiqatların rəqabətli və məqsədli maliyyələşdiril­məsi mexanizminin yaradılması, yüksək texnologiyaların xüsusən, süni intellekt texnologiyalarından istifadə imkanla­rının artırılması, azərbaycançılıq ideo­logiyasının, multikulturalizm siyasətinin tədqiqi, milli-mənəvi dəyərlərin araşdırıl­ması dövlətin elmi fəaliyyət sahəsindəki siyasətinin mühüm istiqamətlərini təşkil edir”.
Burada AMEA-nın fəaliyyəti nəzərdə tutulan bütün istiqamətlər üzrə lakonik ifadə edilmişdir. Bu istiqamətləri məntiqi strukturlaşdırsaq, görə bilərik ki, ölkənin strateji inkişaf kursunun ruhuna, real­laşma proqramlarının məzmununa tam uyğun olaraq, elmi fəaliyyətin stimullaş­dırılması, onun təşkili və müxtəlif sahələr üzrə tədqiqat istiqamətlərinin müəyyən edilməsi XXI əsrin tələbləri səviyyəsində müəyyən olunmuşdur.
Kreativ düşüncəli gənclərin elmə cəlb edilməsi, elmi tədqiqatların rəqabətəda­vamlı olması, elmin maliyyələşdirilməsi və yüksək texnologiyalardan (ayrıca, süni intellektdən) istifadə cəmiyyətin so­sial, mənəvi-əxlaqi və ideoloji (azərbay­cançılıq, multikuturalizm, milli-mənəvi dəyərlərin araşdırılması timsalında) fak­torları ilə vəhdətdə AMEA tarixində ilk dəfədir ki, geniş interdisiplinar yanaşma əsasında fəaliyyətin ümumi konsepsiya­sına daxil edilir.

İnterdisiplinarlıq yeni səviyyədə

Əlbəttə, öncəki mərhələlərdə də bu istiqamətdə addımlar atılırdı. Lakin indi məsələyə çoxparametrli məntiq əsasın­da (buna sinergetik ruhlu “multifraktal məntiq” də demək olar) elmi tədqiqatların Azərbaycanın strateji inkişaf konsepsi­yası çərçivəsində fənlərarası yanaşma müstəvisində baxılır. Burada ölkənin stra­teji inkişaf kursu ilə elmi tədqiqatların təş­kili, aparılması, alınan nəticələrin praktiki sahədə funksionallaşması arasında real bağlantının mümkünlüyünü sübut etmək üçün “multifraktal məntiq” anlayışına qısa izah vermək gərəkdir.
Öncə, onu vurğulayaq ki, “multifrak­tal məntiq” anlayışı üzərində israrçı de­yiləm. Başqa terminoloji ifadələr də möv­cuddur və onlarda əhəmiyyətlidir. Lakin AMEA-nın elmi tədqiqatların fənlərarası yanaşma kontekstində fəaliyyətinin ölkə­nin strateji inkişafı ilə bağlı vacib bir özəl­liyini “multifraktallıq” termini ilə daha dol­ğun ifadə edilməsi mümkünlüyünü istisna etmirik. “Fraktallıq” termini hər hansı ob­yektin müəyyən fasilələrlə özünü struk­tur-funksional mövcudluğunda tam oxşar olaraq təkrarlığını ifadə edir (termin fizika qaynaqlıdır). “Multifraktallıq” isə müxtəlif təkamül dinamikasına malik olan mürək­kəb sistemdə çox sayda fraktalların ortaq ritmdə təkamülünü nəzərdə tutur.
Elmi yaradıcılıq fərdi və kollektiv səviyyədə müxtəlif fraktal davranışla­rın bir-biri ilə ortaq ritmə gətirilməsi kimi təsəvvür edilə bilər. Bura, bütövlükdə, cəmiyyəti, dövləti və ölkəni əhatə edən faktorları da əlavə etdikdə kifayət qədər mürəkkəb mənzərə alınır. Məsələn, “ya­radıcılığın sırf idraki aspekti ilə sosial, iq­tisadi, energetik, idarəetmə və ya hüquqi legitimlik sferaları arasında nəticəverici bağlantıları nəzəri-konseptual müstəvidə necə müəyyən etmək olar” tezisi aktual­laşır.
AMEA-da bu ümumi tezisin konkret ifadəsi elmi fəaliyyətin fərdi təşkili ilə kol­lektiv təşkilində, təşkilatın ayrı-ayrı insti­tutları arasında fəaliyyətin uğurlu koordi­nasiyasında, sırf idraki fəaliyyətlə ölkənin bütün istiqamətlərdə davamlı və sistemli inkişafı arasında praktiki nəticə verə bilə­cək ahəngdar inkişafın təmin edilməsin­də tapır. Bunun üçün, təbii ki, çox sayda parametrə eyni məntiqi çərçivədə bax­mağa imkan verən xüsusi yanaşma la­zımdır. “Multifraktal məntiq” buna xidmət edə bilər.
Lakin məsələnin bu aspektdə real məzmun kəsb etməsi son dərəcə mürək­kəb prosesdir. Buna görə də AMEA rəhbərliyinin həmin istiqamətdə atdığı addımları çox cəsarətli və perspektivli hesab etmək olar. Başqa yol yoxdur və Azərbaycanın inkişafının yeni tarixi mər­hələdə daha uğurlu olması üçün bu cür cəsarətli addımlara ehtiyac yaranmışdır!
2023-cü ildə AMEA-da həyata ke­çirilən fəaliyyət proqramlarının ümumi xarakteristikası təşkilatda fənlərarası fəaliyyətdə yeni mərhələyə qədəm qoyul­masının ümumi fəlsəfi və feili əlamətləri­ni aydınlaşdırır. Ümumi yığıncağın qərar layihəsində deyilir: “2023-cü il Azərbay­can elmi, o cümlədən, Azərbaycan Milli Elmlər Akademiyası üçün də uğurlu ol­muşdur. Həyata keçirilən çoxşaxəli isla­hatların miqyasına görə 2023-cü il Azər­baycan Milli Elmlər Akademiyası üçün yeni yüksəliş mərhələsi kimi xarakterizə olunur. AMEA-da həyata keçirilən isla­hatlar elektron elmin inkişafı, beynəlxalq elmi əlaqələrin yeni ideoloji prinsip­lər əsasında qurulması, xüsusən, türk dövlətləri və onların elmi qurumları ilə əlaqələrin gücləndirilməsi, akademiyanın nüfuzlu beynəlxalq qurumlara üzvlüyü­nün təmin edilməsi, elmi istiqamətlərlə elmi müəssisələrin strukturu arasında optimal struktur modellərinin müəyyən­ləşdirilməsi, bir sıra institutların adlarının və fəaliyyət istiqamətlərinin dəyişdirilmə­si, paralelliklərin aradan qaldırılması və s. istiqamətləri əhatə edir”.
Deməli, yeni fəaliyyət xəttinin nəzə­ri və praktiki bazası artıq yaradılmışdır. Bundan sonra, məncə, daha məsuliyyət­li və çətin mərhələ başlanır. Bu nəticəni əsasən iki səbəbdən çıxarırıq.
Birincisi, postsovet məkanında belə təcrübə yoxdur. Məsələ hansısa dövlə­tin zəif və ya güclü elmi kurs seçməsi ilə bağlı deyildir. Və kimsə bizim seçimimizi fövqəladə bənzərsiz kimi tədqim etmək fikrinə düşmür. Məsələnin məğzi ondan ibarətdir ki, Azərbaycan bir tərəfdən ölkə­daxili mühitdə elmi araşdırmaların təşkili və alınan nəticələrin tətbiqi sferalarında yenilik etməli, digər tərəfdən isə xarici elmi strukturlarla əməkdaşlığı elə qur­malıdır ki, ölkənin strarej inkişaf kursuna xidmət etsin.
İkincisi, Azərbaycanın strateji inkişaf kursu digər dövlətlərdən fərqləndiyindən burada təcrübə mübadiləsi də incə seçim tələb edir. Düşünürük ki, həmin bağlılıqda AMEA rəhbərliyinin Türk Dövlətləri Təşki­latına daxil olan ölkələrin elmi strukturları ilə əlaqələrə strateji əhəmiyyət verməsi olduqca doğru seçimdir.

“Beynəlxalq əməkdaşlıq dördbucağı” – AMEA-dan yeni nümunə

Bu baxımdan qərar layihəsində “Bey­nəlxalq əlaqələrin inkişafı istiqamətində islahatlar çərçivəsində AMEA-nın elmi müəssisələri ilə Beynəlxalq Türk Akade­miyası, Türkiyə Elmlər Akademiyası, Ata­türk Kültür, Dil və Tarix Yüksək Qurumu, TUBİTAK və Orta Asiya respublikaları­nın elmlər akademiyaları arasında elmi əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqatların, digər elmi və elmi-təşkilati tədbirlərin həyata keçirilməsi davam et­dirilsin” və “Azərbaycan Milli Elmlər Aka­demiyasının üzvü olduğu beynəlxalq elmi qurumlar – Beynəlxalq Elmi Şura, Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyası (AASSA), Avrasiya Uni­versitetlər Birliyi ilə elmi əməkdaşlığının daha da genişləndirilməsi, birgə proq­ramlarda fəal iştirakın təmin edilməsi is­tiqamətindəki fəaliyyət davam etdirilsin”, kimi punktların yer alması təqdirəlayiqdir.
Təbii ki, AMEA rəhbərliyi Rusiya elmi təşkilatları ilə ənənəvi olan əməkdaşlığa da ciddi diqqət yetirməkdədir. Bununla AMEA, fikrimcə, maraqlı və əhəmiyyətli “beynəlxalq əməkdaşlıq dördbucağı” ya­radır: AMEA–TDT elmi strukturları–Qərb elmi strukturları–Rusiya elmi təşkilatları.
Bu yeni əməkdaşlıq şəbəkəsi AMEA-nın qarşıya qoyduğu fəaliyyət fəlsəfəsinin məzmunundan qaynaqlanır. O fəlsəfənin başlıca tezisini belə təsəv­vür etmək olar: Azərbaycanın müstəqil strateji inkişafına xidmət edə biləcək dünya miqyasında hər bir elmi struk­turla konkret nəitcəverici əməkdaşlıq proqramlarını həyata keçirmək.
Eyni zamanda, bu prosesin ayrıca Azərbaycan miqyası ilə Türk Dövlətləri Təşkilatı miqyasında fəaliyyətlə uyğun­laşdırılaraq aparılması xüsusi məna kəsb edir.

(Davamı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

"Xalq qəzeti"