06.03.2024, 10:47 - Baxış sayı: 272

Türk Dövlətləri Təşkilatının geosiyasi arxitekturası və mədəni arxetipləri


f.ü.f.d., Məhəmməd Cəbrayılov
Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri

Bu gün qlobal çağırışların mürəkkəbliyi onu göstərir ki, beynəlxalq təhlükəsizliklə bağlı mövcud problemləri heç bir dövlət təkbaşına effektiv şəkildə həll edə bilməz. Mövcud qlobal problemlərin milli təhlükəsizliklə bağlı yaratdığı məsələlər bir tərəfdən beynəlxalq təşkilatların fəaliyyətində effektivlik səviyyəsini aktuallaşdırır, digər tərəfdən bu təşkilatların fəaliyyəti ilə bağlı çoxsaylı suallar yaradır. Bu sualların mühakiməsində dövlətlərarası əməkdaşlıq, etibarlılq, qarşılıqlı etimad, davamlı iqtisadi müttəfiqlik, mədəniyyətlərə qarşılıqlı hörmət və regional problemlərin aradan qaldırılmasında ortaq əməkdaşlıq kimi məsələlərin bugünkü vəziyyətini sorğulamadan milli təhlükəsizliyi təminatlı səviyyəyə yüksəltmək mümkün deyil. Hər bir ölkənin təmsil olunduğu beynəlxalq təşkilatın həmin ölkənin milli təhlükəsizliyində oynadığı rolun və funksional əhəmiyyətinin hansı səviyyədə olduğu ilə bağlı suallar isə məsələnin başqa tərəfidir.
Türk Dövlətləri Təşkilatının (TDT) geosiyasi sərhədlərinə daxil olan mədəni arxetiplərini müasir beynəlxalq münasibətlərin mürəkkəb və qeyri-müəyyən şərtləri daxilində incələdikdə aydın olur ki, ortaq irsə əsaslanan regional əməkdaşlıq platformasında bu arxetiplərin sülh və sabitlik üçün oynadığı rolun tarixi əsasları var. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin andiçmə mərasimində Türk dünyası ilə əməkdaşlığın dövlət siyasətində prioritet olduğunu və Türk Dövlətləri Təşkilatını vahid bir ailə kimi təsvir etməsi onu göstərir ki, regional və milli təhlükəsizliyin təmin olunmasında bu təşkilatın alternativi yoxdur. Məsələn, Prezident Ilham Əliyevin qeyd etdiyi: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” fikrindəki əsas məqsəd, beynəlxalq birliyi təşkil edən qlobal güc mərkəzlərinin regional və milli təhlükəsizliklə bağlı yaratdığı təhdidlərə qarşı ortaq dəyərləri bölüşən dövlətlərin birliyinin yeni geosiyasi şəraitə keçidini təmin etməkdir. Digər məqsəd Türk Dövlətləri Təşkilatını gücləndirmək və bu təşkilatı təmsil edən ölkələrin mədəni əlaqələri üzərində ümumi maraqlarını inkişaf etdirən siyasi-iqtisadi məqsədlərə və regionun geosiyasi problemlərini həll etmək effektivliyinə nail olmaqdır. Buradan aydın olur ki, TDT-nin unikal geosiyasi arxitektura çərçivəsində fəaliyyət göstərməsiylə bağlı meydana çıxan zəruri şərtlər bu təşkilata üzv olan dövlətlər arasında paylaşılan mədəniyyət arxetiplərinin təsiriylə formalaşır. Bütün bu aspektlər təkcə onun strukturunu və məqsədlərini müəyyən etmir, həm də onun daha geniş beynəlxalq ictimaiyyətlə qarşılıqlı əlaqəsinə təsir göstərməsini şərtləndirir.
Göründüyü kimi, qlobal səviyyədə güclərin balanslaşdırılmasına (Avropa İttifaqı, Qərb dövlətləri, Çin, Rusiya və başqaları) nail olmaq üçün, eyni maraqlar ətrafında eyni dəyərləri bölüşən dövlətlərin iştirakını təmin edən strateji çərçivələr müəyyənləşməlidir. Bunun üçün eyni məqsəd ətrafında birləşən TDT-yə üzv ölkələr arasında əlaqələrin tənzimlənməsi, geosiyasi kontekstdə beynəlxalq münasibətlərin müəyyənləşməsi istiqamətində gözlənilən əsas çərçivələri qeyd edə bilərik:
Çoxtərəfli diplomatiya – beynəlxalq təşkilatlar vasitəsilə xalqlar arasında dialoq və əməkdaşlığın təşviq edilməsi istiqamətində danışıqlar aparmaq, milli maraqları tarazlaşdıran əməkdaşlıq çərçivələri yaratmaq, münaqişələrin aradan qaldırılması istiqamətində fəaliyyətin təşkil olunmasını gücləndirməklə TDT çoxtərəfli diplomatiya sahəsində ümumi məqsədlərə çata bilər. Təşkilatdaxili əməkdaşlıq səviyyəsində rəsmi tərəfdaşlıq və əməkdaşlıq müqavilələrinin yaradılması sahəsində birgə təşəbbüslər, layihələrə qarşılıqlı dəstək mədəni inteqrasiya kimi sahələrdə birgə səylərin artırılması TDT-nin beynəlxalq səviyyədə nüfuzunu artıra bilər.
İqtisadi inteqrasiya təşəbbüsləri - Bu, bir tərəfdən ticarət sazişlərinin asanlaşdırılmasını, infrastruktur layihələrinin dəstəklənməsini və investisiyaların təşviqini əhəmiyyətli səviyyədə artırır, digər tərəfdən azad ticarət və iqtisadi tərəfdaşlığın təşviqi ölkələrin maraqlarını bir-birinə bağlayır. İqtisadi inkişaf, iqtisadi inteqrasiya qarşılıqlı asılılığa gətirib çıxara bilər ki, bu da mövcud tarazlığı poza biləcək birtərəfli hərəkətlərə qarşı çəkindirici rol oynaya bilər.
Yumşaq güc və mədəni diplomatiya - hərbi və iqtisadi vasitələrdən başqa, mədəniyyət, siyasi dəyərlər və kənardan edilən yardımlar vasitəsilə maraqları təmin edən strategiya qurmaq qlobal güc balansına töhfə verə bilər. Bu yanaşma xoş niyyəti gücləndirən və sabitliyin təmin olunmasında mədəniyyətlərarası dialoqu və anlaşmanı təşviq edən strategiyanı əhatə etməlidir. Burada koordinasiya edilmiş beynəlxalq səylərin mühüm əhəmiyyət kəsb etdiyi sahələr nəzərdə tutulur. Məsələn, bu cür təşəbbüslərə TDT-yə üzv olan ölkələrdə elmi əməkdaşlıq, tələbə mübadiləsi proqramları, mədəniyyət festivalları və türk irsinin qorunub saxlanması, xalqlar arasında xoş niyyət və əməkdaşlığın gücləndirilməsi üçün layihələr daxil ola bilər.
İnkişaf etməkdə olan gücləri balanslaşdırmaq - dialoq və əməkdaşlıq vasitəsilə yüksələn güclərlə əlaqə qurmaq, eyni zamanda, mövcud güc strukturlarının bu dəyişikliklərə uyğunlaşmasını təmin etmək. Bu, milli maraqları müdafiə etmək və dəyişən qlobal mənzərəni əks etdirən gücün yenidən bölüşdürülməsinə imkan verəcək qədər çevik olmaq arasında incə balans tələb edir. Bu istiqamətdə bir neçə böyük qlobal gücün təsiri altında olan regionda TDT-yə üzv dövlətlər öz milli maraqlarını daha böyük dövlətlərin maraqları ilə balanslaşdırmaq üçün mürəkkəb geosiyasi durumla üzləşməli olurlar. Bu baxımdan TDT qlobal və regional əməkdaşlığı davam etdirərkən, üzv dövlətlər üçün yaranan mürəkkəb vəziyyətin idarə edilməsi yalnız, təşkilatın ümumi məqsədlərini ifadə edən geosiyasi arxitektura daxilində həyata keçirmək mümkündür.
Hərbi ittifaq və çəkindirmə - TDT daxilində hərbi ittifaqların yaradılması və saxlanması qarşılıqlı müdafiə prinsipi vasitəsilə potensial təcavüzkarların qarşısını alaraq kollektiv təhlükəsizliyin təmini baxımından əhəmiyyətlidir. Hərbi güc balansı hər hansı bir dövlətin və ya blokun başqası üzərində hakim olmasına çəkindirici təsir edir. Qlobal güc balansına nail olmaq davamlı səy və düzəliş tələb edən davamlı bir prosesdir. Söhbət təkcə hər hansı millətin həddindən artıq qüdrətli olmasının qarşısını almaqdan ibarət deyil, həm də bütün ölkələrin təhlükəsizliyinə, rifahına və hüquqlarına hörmət edilən və qorunan bir sistem yaratmaqdır.
Qlobal çağırışların kollektiv şəkildə həll edilməsi – TDT tərəfindən öz üzvləri arasında dialoq və əməkdaşlığı təşviq etməklə yanaşı, qlobal çağırışların həlli istiqamətində dünya miqyasında strateji konsepsiyalar irəli sürməklə beynəlxalq səviyyədə öz rolunu artıran nəticələrə nail olmaq mümkündür. Məsələn, iqlim dəyişikliyi, pandemiya və kibertəhlükəsizlik kimi bütün planetə təsir edən məsələlərdə əməkdaşlıq təşəbbüsləri irəli sürməklə ənənəvi güc balansına təsir edən ölkələri ümumi məqsədlər ətrafında birləşdirmək olar. Birgə layihələr, həmçinin regional ekoloji problemlərin həllinə kömək edə bilər, üzv dövlətlər arasında və ondan kənarda əməkdaşlığı təşviq edə bilər.
Hüquqi və normativ çərçivələr - sabit beynəlxalq nizam üçün TDT-yə üzv olan ölkələr arasında beynəlxalq mütəşəkkil cinayətkarlıq, terrorizm və kibertəhdidlərə qarşı transmilli təhlükələrin aradan qaldırılması istiqamətində birgə səylərin birləşdirilməsini təmin edən və hüquqi çərçivələri müəyyənləşdirən müqavilələrin imzalanmasına ehtiyac duyulur.
TDT-nin fəaliyyəti ilə bağlı qeyd olunan çərçivələrin müəyyənləşməsi, bir tərəfdən təşkilata üzv dövlətlərin təhlükəsizliyini təmin edəcək, digər tərəfdən təbii resursların maneəsiz dünya bazarlarına çıxışına şərait yaradacaq. Bu baxımdan TDT regional və beynəlxalq əməkdaşlıqda Avropa və Asiya arasında körpü yaradan strateji əhəmiyyətli mövqeləri tutur. Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanın əhəmiyyətli ticarət yolları və enerji dəhlizləri boyunca yerləşməsi, xüsusilə bu ölkələrin malik olduğu geostrateji üstünlüyü nəzərə alan TDT platformasında fəaliyyətləri onlara Avrasiyada enerji təhlükəsizliyi, ticarət əlaqəsi və geosiyasi sabitlik ilə bağlı müzakirələrdə mühüm üstünlüklər qazandırır. Bu üstünlüklərin Türk dünyasına qazandırdığı önəmi daha çox hiss edən İlham Əliyev qeyd edir ki, “...Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”.
Beləliklə, Türk dünyasının mədəni arxetiplərinin yayıldığı geosiyasi məkanda oynadığı rola nəzər saldıqda aydın olur ki, ümumtürk mədəniyyətinin mövcud olduğu coğrafi ərazilərdə etibarlı ticarət yollarının, etimad mühitinin, qarşılıqlı hörmətin, qonaqpərvərliyin min illərlə hakim olduğu dəyərlər tarixi, sosial və geosiyasi kontekstlərdən asılı olaraq dəyişməmişdir. Dəyişməyən bu xüsusiyyətləri təsdiq edən bugünkü reallıqları Türk dünyasının bütöv tarixinin hər parçasında izləmək mümkündür. O zaman imperiyaların, transformasiya proseslərinin xalqların milli identikliyinə etdiyi təsirlər, nədən Türk dünyasının mədəni arxetiplərini dəyişdirə bilmədiyi haqda çoxsaylı suallara cavablar axtarılmalıdır. Lakin meydana çıxan bu tip sualları cavablandırmadan, Türk dünyasının mədəni arxetiplərinin dəyişməyən keyfiyyəti ilə bağlı analiz və sorğulama aparmadan, müxtəlif coğrafiyalarda yaşayan türksoylu toplumları birləşdirən ümumi arxetiplərin əsas xüsusiyyətini qeyd etmək daha doğru olar:
Ənənəçilik - türk soyuna mənsub toplum adət-ənənəyə, mədəni keçmişə güclü bağlılığı olan ümumi mədəniyyəti bölüşür.
Güclü ailə dəyərləri - ümumtürk mədəniyyətində ailə mərkəzi rola sahibdir və böyüklərə hörmət ailədaxili nizamın formalaşması kimi, bütün münasibətlərdə dəyər ölçüsüdür.
Şərəf və qürur - ləyaqət, hörmət, sədaqət türksoylu insanın şərəf məsələsi olmaqla yanaşı, maddi-mənəvi keçmişi üzərində tarixən formalaşmış dövləti, vətəni, sahib olduğu mövcud dəyərləri onun qürur yeridir.
Dözümlülük və bacarıqlılıq – türksoylu toplum çevik və bacarıqlı, çətinliklərin öhdəsindən gələ bilən, dəyişən şərtlərə - özünün malik olduğu xüsusiyyətləri dəyişdirmədən uyğunlaşan insanların ümumi cəmindən ibarətdir.
Qonaqpərvərlik –qonağa qarşı səxavətli, istiqanlı və səmimiyyət türksoylu cəmiyyətin əsas xüsusiyyəti olaraq, insanların bir-biriləri ilə əlaqələrində mövcud olan hörmət və mərhəmət mühiti yaradır.
Dini tolerantlıq – dini dəyərlərin şəfqət və ədalət kimi əxlaqi prinsiplərinə sadiqlik, fərqli inanclara qarşı tolerantlıq səviyyəsinin yüksək olması türksoylu cəmiyyətlərdə mənəvi sistemin əsasını təşkil edir.
Musiqi və sənət sevgisi - ümumtürk mədəniyyətində milli musiqi, milli rəqs, milli memarlığa olan sevgi özünəməxsus zənginlik yaradır.
Quruculuq təşəbbüskarlığı – sahib olduğu maddi mədəniyyətin tarixi kökləri üzərindən müasirliyin tələbləri səviyyəsində qurub, yaratmaq təşəbbüskarlığı bütün türk toplumunun mədəni arxetiplərinin əsasını təşkil edir.
Yuxarıda qeyd etdiyimiz arxetiplərin başqa mədəniyyətlərlə birləşən və ayrıcı xətlərini göstərən təsnifatı müəyyənləşdirməkdə əsas məqsəd, Avroasiya məkanının müxtəlif coğrafi bölgələrində yaşayan türksoylu toplumları birləşdirən ümumi xüsusiyyətləri göstərməkdir. Burada,beynəlxalq təşkilatların və qlobal güclərin regionlara və dövlətlərə qarşı tətbiq etdikləri ayrıcı xətlərlə bağlı Prezident İlham Əliyevin andiçmə mərasimində xüsusilə vurğuladığı fikri xatırlamaq yerinə düşər: “...əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq!”.
Bu baxımdan TDT üzvlərinin geosiyasi məqsədlərini uyğunlaşdıra bilməsi üzv dövlətlərin müxtəlif maraqlarını effektiv şəkildə idarə etmək qabiliyyətindən asılıdır. Digər tərəfdən Türk dünyasının mədəni arxetiplərini təşkil edən ortaq cəhətlər, üzv dövlətlərin müasir milli kimliklərini müəyyənləşdirməklə yanaşı, həm də geosiyasi arxitekturanın sabit inkişafı üçün ciddi əsaslar yaratması, təşkilat daxilində zəngin unikal tarixi, mədəni və siyasi təcrübəni əks etdirir.

"Azertag.az"