26.02.2024, 07:54 - Baxış sayı: 424

Azərbaycan Türk ictimai-fəlsəfi fikir tarixinə töhfə vermiş qadınlar: HEYRAN XANIM


Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent,
fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)


XIX əsrdə klasik fəlsəfə ilə qeyri-klassik fəlsəfə arasında tərəddüd edən, bir çox hallarda dünyəvi fəlsəfi təfəkkürə yaxınlaşan mütəfəkkirlərimiz arasında Naxçıvanda anadan olub Təbrizdə yaşamış Heyran xanım da olmuşdur. Təqribən 1770-ci illərdə Naxçıvanda anadan olan Heyran xanımın nəsli-kökü Azərbaycan türklərinin Dünbüli oymağından Kəngərlilər ailəsi ilə bağlıdır. Heyran xanım yazırdı:

Soruşursan nəsəbini bu yazıq Heyranın,
Bir Əli xadimidir, cümlə-cəhanə bildir.
Naxçıvan şəhrinin əşrafına çatsa nəsəbi,
Əslinə varsan əgər, tayifəsi Dünbülidir.


1826-1828-ci illər Rusiya-Qacarlar müharibəsində ruslara yenilən Fətəli şah Qacarın orduları geri çəkilərkən yolları üzərində bulunan yaşayış yerlərindəki xalqı da Qacarlar dövlətinə köçməyə məcbur etmişlərdir. Məcburi köçə cəlb olunan ailələrdən birisi də Heyran xanımın ailəsi olmuşdur. Beləliklə Heyran xanım, doğum yeri olan Naxçıvandan ayrılmaq məcburiyyətində qalmış və ömrünün sonuna qədər Təbrizdə yaşamışdır.
Məhəmmədəli Tərbiyət “Danişməndani-Azərbaycan” əsərində Heyran Xanım haqqında yazır: “Heyran xanım Azərbaycanın məşhur ailələrindən və Dünbüli tayfasının hörmətli qadınlarından olmuşdur. O. Təbriz şəhərində doğulmuş, lakin onun nə doğulma, nə də vəfatı tarixi məlum deyildir. Mən (M.Tərbiyət) onun qohumlarından eşitmişəm ki, Heyran xanım səksən yaşında vəfat etmişdir. Onun divanı dörd min beş yüzə yaxın fars və türk dillərində qəsidə, qəzəl, qitə və tərci-bəndlərdən ibarətdir. Heyran xanımın şeirlərindən çoxu Abbas Mirzə və onun bacısı haqqında deyilmişdir”.
Qeyd edək ki, Heyran xanım ana dili Türkcə ilə yanaşı, Ərəb və Fars dillərində yüksək təhsil almış, Şərqin Firdovsi Sədi, Hafiz, Nizami, Füzuli, Nəsimi kimi klassiklərinin yaradıcılığını oxuyub öyrənmişdir: “Onun şeirlərində Azərbaycan sənətkarlarından Həsənoğlu, Nəsimi və Füzulinin təsiri akşar duyulur. Şairənin bir sıra qəzəlləri dahi Füzuliyə nəzirə şəklində yazılmışdır. Lakin şairənin orijinal şeirləri daha çoxdur. Belə şeirlərində o, bir tərəfdən təmiz eşqin, saf məhəbbətin vəsfini verir, digər tərəfdən zəmanə zülmünün çoxluğundan bəhs edərək dövranın möhnətindən, fələyin gərdişindən acı-acı şikayətlənir. Heyran xanımın əsərləri nikbin pafosu, tərənnümün səmimiliyi, dilin sadəliyi və aydınlığına görə XIX əsr Azərbaycan ədəbiy¬yatında xüsusi yer tutur”.
Fəlsəfə elmləri doktoru, AMEA-nın müxbir üzvü Könül Bünyadzadəyə görə tanınmış Şərq filosoflarının yaradıcılığı ilə yaxından tanış olan, onların şeirlərinə çoxsaylı nəzirələr yazan azərbaycanlı şairə Heyran xanım ictimai və fəlsəfi məzmunlu poeziyaya malik olmuşdur.
Dini-fəlsəfi dünyagörüşü. Heyran xanımın dini-fəlsəfi dünyagörüşündə qismən şiəlik, daha çox isə Füzuli ruhu özünü büruzə verir. Məsələn, o, 1831-ci ilə Təbrizdə və ətraf ərazilərdə yayılmış vəba xəstəliyindən bəhs edərkən türk, qeyri-türk əhalini dini anlamda müsəlman deyil, şiələr kimi qələmə vermişdir:

İlahi, həlak oldi şiələr,
Torpaqda yatdı yeniyetmələr.


Heyran xanımın Tanrı+İnsan bütünlüyünü ifadə edən və daha çox Füzuli ruhunda yazdığı şeirləri diqqəti cəlb etməkdədir. Belə ki, şairə Füzuli kimi şeirlərində Tanrıya doğru can atır, ilahi sevgiyə qovuşmaq üçün çırpınır. Heyran xanım yazır:

Çarə yox dərdimə ol ləli-dütadən qeyri,
Kimsə tutmaz əlimi zülfi-rəsadən qeyri,

Yoxdu bir yar, edə halımı dildarıma ərz,
Səri-kuyunda məgər badi-səbadən qeyri,

Bəxtimiz şeşdəri-heyrətdə idi, çünki bizə,
Görmədi yar rəva çövrü cəfadən qeyri.

Gərçi dildar mənə eylədi çox zülmü sitəm,
Mən ona eyləmənəm mehrü vəfadən qeyri.

İstərəm dilbərimin xidmətinə əzm qılam,
Töhfəmiz yox dəxii bir, xeyr-i duadan qeyri.

Olmadı bunca giriftar-i qəm-ü dərd-ü ələm,
Ser-i kuyində mən-i bəxti qəradan qeyri.

Düsmənin tənəsi, hicran oldu, qurbət əlimi,
Yoxdu qəmxar bizə kimsə, Xudadan qéyri.

Gər qəza saldı səni yardan ayrı, Heyran,
Daha təqdirə nədir çarə, rizadan qeyri.


Cəfər Xəndan çox doğru qeyd edir ki, şairə bir çox hallarda Füzulini izləyib ona nəzirələr yazsa da, bu nəzirələr epiqon şairlərin yaratdığı sönük əsərlərdən fərqlənmişdir: “Məlumdur ki, Füzulini təqlid edən bir çox şairlərin bədbəxtliyi, ona bir yenilik əlavə etməmələrindən ibarət olmuşdur. Heyran xanımın yaradıcılığı isə belə deyildir. O, əksinə Füzuliyə yazdığı nəzirələrdə belə yüksək sənət əsəri yaratmaq prinsipinə sadiq qalmışdır. Bizcə belə hallarda Füzuli yaradıcılığı Heyran xanım üçün bir ölçü meyarı olmuşdur”. Rəfiqə Qasımova da yazır ki, Heyran xanım Füzuliyə yazdığı nəzirələrdə yüksək sənət əsəri yaratmağa çalışmış, əsasən buna nail olmuşdur.
Heyran xanım “Ey həkim” şeirində də Füzuli ruhunda ilahi eşqə qovuşmaq üçün çəkdiyi iztirabın, bu yolda sərf etdiyi zəhmətin davasını axtarır:

Bir nəzər ləli-ləbi-cananə eylə, ey həkim,
Çarəyi bu dərdi-bidərmanə eylə, ey həkim!

Gər bəhşiti-cavidan istərsə könlün şövqilə,
Bir güzər, sən məhfili-cananə eylə, ey həkim!

Hicri-dilbər öldürür axırı məni, sən rəhm elə,
Xəncərin çək, qeylimi mərdanə eylə, ey həkim!

Qıl tərəhhüm haqlıma, eylə əlaci-dərdimi,
Bir dəva ver, əqldən biganə eylə, ey həkim!

Rahi-həq istərsə könlün, məscidə girmə, saqın,
Şövqilə əzmi-rəhi-meyxanə eylə, ey həkim!

Çəkmə zəhmət xarü xəsdən, əzmi-kəbə eyləmə,
Qəsdi-bəzmi-vəsli-sahibxanə eylə, ey həkim!

Bir qulaq as naley-Heyrana, hifz et naləsin,
Bəzmi-hikmətdə onu əfsanə eylə, ey həkim!


Bizə elə gəlir ki, Heyran xanımı Məcnun kimi səhralara salan da Füzuli də olduğu kimi, Yaradana olan sonsuz sevgidir. Onun üçün, bu dünyada əgər gerçək bir sevgi varsa, o da Yaradana olan uca və ilahi eşqdir ki, ancaq xilas yolu da Ona bağlıdır. Bu anlamda hər hansı sevgiliyə olan bənzətmələr formal xarakter daşıyır, çünki bu dünyadakı məcnunluq, ya da leyliliyin özü də ilahi eşqin zərrələridir. Məsələn, o yazırdı:

Ey gözəl, yoxdur mənim tək qəddinə dilbaxtə,
Qədrimi mən bikəsin bil sən, dolanım başına!
Mən düşüm səhralərə Məcnunsifət, şuridəvar,
Qıl təmaşa halıma, gül sən, dolanım başına!

Ya da:
Qəmim əğyardən hərçənd gizlətdi, nihan etdim,
Görüb payanə yetməz, eşqimin sirrin bəyan etdim,
Gecə ta sübh olunca nalə çəkdim, ələman etdim,
Səhər vaxtı olub diltəng əzmi-gülistan etdim,
Çü, Heyran nalə etdi, bülbüli-şeydayə bənzətdim.


Heyran xanımın daxili iztirablarını aradan qaldıracaq Yaradanla yanaşı, gerçək bir “Yar”a da ehtiyacı var idi. Həmin “Yar” Məcnunsifət, Fərhad¬sifət, Xosrovsifət bir Məhbub idi ki, şairə bunu gizlətmir də. Rəfiqə Qasımova yazır: “Ümumiyyətlə, Heyran xanımın şeirlərinin hamısı məhəbbət mövzusuna həsr olunmuş və onun lirik qəhrəmanı, xüsusilə ömrünün sonlarında kimsəsiz, həmdəmsiz, eşq dərdindən şam kimi yanan bir aşiqdir. Onun sevgilisi isə eşqdən xəbərsiz, qayğısız, etinasız, vəfasız və zalımdır. O, öz aşiqinin deyil, əğyarın məclisini işqılandırır. Xüsusilə, qəzəllərin lirik qəhrəmanı şairə özü çox nəcib, həssas ürəyə malik fədakar, öz sədaqətini məhəbbətdə axtaran, həyatın yüksək mənasını sevgidə görən bir insandır. Lakin onu da qeyd etmək lazımdır ki, şairənin bu müqəddəs, təmiz məhəbbəti onun şəxsi həyatı ilə daha çox bağlı kimi görünür”. Heyran xanım yazır:

Olubdu qəm yatağı, şad gördüyün könlüm
Dağıldı qüssədən, abad gördüyün könlüm.

Diyari qəmdə giriftarü dəstgir oldu,
Kəməndi firqətə, azad gördüyün könlüm.

Fəraq dərdinə axtardə, tapmadı çarə,
Cəmi hikmətə ustad gördüyün könlüm.

Səriri-vəsldə Xosriovsifət oturmuşdu,
Olubdu kuhdə Fərhad, gördüyün könlüm.

Fəraqi-möhnətə düşmüş pərişikəstə olub,
Vüsal seydinə səyyad gördüyün könlüm.

Hücumi-möhnətü qəmdən, süpehri-əlayə
Yetirdi naləvü fəryad, gördüyün könlüm.

Çəkib şərarələr, etdi vücudimi, Heyran,
Misali-kureyi-həddad gördüyün könlüm.


Başqa bir şeirində də şairə “Yar” üzündən hicrandan üzüldüyünü, həsrətə dözə bilmədiyini yazır:

Hicran ələmi saldı ayaqdan məni-zari,
Daruyi-vüsali mənə bir çarə yetirsin.

Səbrim kəsilib, yar mənum canımı alsın,
Ya şad eləsin vəsl ilə, didarə yetirsin.

Dünyadə və üqbadə görüm mətləbə yetsin,
Hər kəs məni ol yari-vəfadarə yetirsin...

Gəl Tanrı üçün bunca sitəm eyləmə izhar,
Qoy yarə özün bu dili-avara yetirsin.

Bikəsliyimə rəhm eyləsin xaliqi-biçün,
Heyrani o şahzadə digər-barə yetirsin.


Heyran xanımın düşüncələrindəki Tanrı ilə “Yar”ı, utopik və gerçək anlamda dərk edib, hər iki anlayışın mahiyyətində bir bütünlüyü görmək zəruridir. Çünki obyektiv aləmdəki bir “Yar”ın, yəni Məcnun, Fərhad, Xosrov sifətindəki sevgilinin varlığı, yeganə Yaradanın varlığının arxa planda qalması demək deyil. Bəlkə, əksinə hesab etmək olar ki, obyektiv aləmdəki “Yar”ı arzulamaq, üstəlik bunun üçün obyektiv, ya da qeyri-obyektiv aləmlərin sahibi olan Yaradandan yardım diləmək özü də bir üsuldur. R.Qasımova yazır: “Bütün yaradıcılığı boyu sevgilisinin vüsalına nail olmayan, həyat qədər şirin, dünya qədər gözəl sevgilisinin ömrünün axrına kimi həsrətini çəkməyə məcbur olan aşiq – Heyran xanımın son çarəsi Tanrıdan kömək diləməkdir. Beləliklə, şairə bəzən məhbbət haqqında duyğu və düşüncələrini mistik rəngə boyayır ki, bu bir tərəfdən onu əhatə edən dövrdən, digər tərəfdən özünün uğursuz və nakam eşqindən irəli gəlir”.
Hesab etsək ki, Tanrı obyektiv aləmdəki Aşiqlə Məşqun qovuşmasının, - istər ruhi, istərsə maddi anlamda olsun, əsas səbəbkarıdır, o zaman bu qovuşmanın sonunda Tanrının özüylə bir bütünləşmə olaraq da anlamaq olar. Əgər Tanrı obyektiv aləmdəki iki sevgilinin maddi anlamda qovuşmasından deyil, ancaq ruhi bütünlüyündən yanadırsa, bunun da bir anlamı olsun gərək. Ola bilsin ki, Heyran Xanım kimi “Yar”dan yazıb onun vüsalından bəhs edənlər, həmin “Yar”ı iki anlamda dərk ediblər. Başqa sözlə, “Yar” anlayışını birmənalı şəkildə ilahiləşdirmək qədər, bu məfhumu sırf cismani anlamaqda irəli sürmək də doğru deyildir. Bizcə, ən doğru olanı maddi və mənəvi “Yar”ın bütünlüyünü başa düşməkdir. Heyran Xanım yazır:
Ya Rəb, kərəm et, ol büti-mehparə qayıtsın,
Bir rəhm eləsin, bu dili-bimarə, qayıtsın.

Bu dil ki, ona mənzil idi, oldu xərabə,
Əzm etsə əgər yar, dəxi harə qayıtsın?

Şanə çəkibən çin-çin elə, sal uzə zülfün,
Qüllab kimi ucları rüxsarə qayıtsın.

Mürqi-dili-zarim genə avarə qalıbdır,
Zülfün xəmin aç, ta ki, bu avarə qayıtsın.


Bu şeirində şairənin anlatmaq istədiyi “Yar”ın cismanilikdən xeyli dərəcədə uzaqlaşıb ruhi, mənəvi bir mahiyyət kəsb etdiyini görürük. Çünki yalnız mənəvi, ya da xəyalən arzulana “Yar” qüsursuzdur. Doğrudur, mənəvi ya da xəyalən arzulanan “Yar”ın da özünəməxsus “nazı”, “zalımlığı” var. Amma həmin “Yar”ın “zalımlığ”ı, “insafsız”lığı onun sevgisinin aliliyinə, paklığına xələl gətirmir. Əksinə, vüsal gününün dəyərini birə min qat artırır. Heyran xanım yazır:

Yarım, mənə eylə bir nəzarə,
Oldu ciyərim həzar parə.

Hicrində mənim həzin könülüm,
Şölə çəkibən tökər şərarə.

Bir ah çəkib fəğan edim mən,
Ta od düşə dəştü kuhisarə.

Can getdi sənin yolunda badə,
Ey dust, bu dərdə varmı çarə?

Leyli sən idin, seni sevənlər,
Məcnun kimi düşdü ruzigarə.

Çoxdur sənin aşiqin əgərçi,
Bir mən kimi yoxdu bəxti qarə.

Heyran! Gözü yolda qaldı, canan,
Qıl çarə bu dərdi-intizarə.


Heyran xanım bu şeirlərində, sadəcə “Yar”ına qovuşmağa can atan bir insandır. Ancaq şairə üçün əsas qurtuluş yolu “Yar”a qovuşmağa can atan cismani “Mən” deyil, ruhi “Mən”dir. Çünki cismani “Mən”dən fərqli olaraq mənəvi “Mən” heç bir əngəl tanımır. Heyran xanım yazır:

Əsiri-möhnəti-hicran mənəm, mən,
Qəribü zarü sərgərdan mənəm, mən.
O gülzari-vüsalindən uzaqda,
Çü bülbül ruzü şəb nalan mənəm, mən.
Nə mənzil, nə məkan, nə xaniman var,
Cahanda xəstəyi-dövran mənəm, mən.
Sənin hicrin ilə, bu şəmsi-taban,
Bulud tək daima giryan mənəm, mən.
Bu məclisdə olub pərvanə misli,
O nari-eşqilə suzan mənəm, mən.
Əsiri-zülfün içrə yox mənim tək,
Sədaqəllə sənə qurban mənəm, mən.
Qanıma təşnəsən sən ey sitəmkar,
Üzünə valehü Heyran mənəm, mən.


“Sənin” şeirində də insani sevgini ilahiləşdirən Heyran xanıma görə, ülvi eşqlər göylə bağlıdır və sonsuzdur:

Görsə Ay, ya ki, Günəş nur-i cəmalini sənin,
Sovurar öz başına xak-i məhalini sənin.

Saydı əsillər o gül çöhrəni qəlb ayinəsi,
Qiblə etdi ürəfa ebr-i hilalini sənin.

Harut öz sehrini yaddan çıxarar, görsə əgər,
O gözəl gözlərini, seyr-ü vüsalini sənin.

Dirilik çesməsidir sözlərin ariflər üçün,
Daha üstün sayır onlar ləb-i alini sənin.

Tutmaga can quşunu tor ilə dən lazımdır,
Dedilər tor saçını, dən isə xalini senin.

Xızır tək ölməz olar bağrına kim bassa yəqin,
O gül əndamını bir də pər-ü balini senin.

Tanrı odla çiçəyi yan yana xəlq etmiş ki,
Derdli Heyran ətrindən duya halini sənin.


Şairə öz düşüncələrində saf, ülvi yol tutsa da, yenə də özünü haradasa suçlayır, dindən kənara çıxmasından ehtiyat edir. Tanınmış mütəfəkkir Mirzə İbrahimov yazır: “Yaşadığı dövrün zehniyyəti və şüuru Heyran xanımın qəzəllərində əks olunmuşdur. Onun əsərlərindəki fəlsəfi ruh və məna dolğunluğu da buradan doğur. Onun ənənəvi Şərq şeiri üslubunda yazılmış qəzəlləri mövzu etibari ilə klassik ədəbiyyatın çərçivəsindən kənara çıxmayıb, “əzəli və əbədi məhəbbəti” tərənnüm etsə də, öz ruhu, ifadə tərzi və hissiyyatı etibari ilə realist əsərlərdir”. Heyran xanım bir şeirində romantika ilə reazlim arasında belə “körpü” yaradaraq yazırdı:

Yetişib müjdeyi-canbəxş ki, canan gəliri
Canibi-gülşənə ol sərvi-xuraman gəliri.
Ayrılıq dərdi məni saldı ayaqdan, yarım-
Etməyə bu dili-pürdərdimə dərman, gəliri.
Əsibən badi-səba zülfi-siyahin dağıdıb,
Mehr tek mah üzü oldu dirəxşan, gəliri.
Qaməti sərvi-səhi, zülfı kəməndi-dilü can!
Üzü gül, qaşı kaman, kirpiyi peykan gəliri.


Vilayət Quliyev hesab edir ki, Məhsəti Gəncəvidən sonra Heyran xanım Azərbaycan poeziyası tarixində ikinci professional qadın şairdir: “Təsadüfi deyildir ki, bu iki görkəmli qadın şairənin həyatında, taleyində də bir sıra oxşar cəhətlər nəzərə çarpır. Heyran xanım öz mübarizliyində, üsyankarlığında Məhsəti səviyyəsinə yüksələ bilməsə də, öz böyük sələfinin poetik ənənələrini yeni, daha çətin və ziddiyyətli şəraitdə ləyaqətlə davam etdirmişdi. Heyran xanım eyni zamanda azərbaycandilli poeziyanın Məhsətisi, Füzuli ədəbi məktəbinin, Füzuli ənənə- lərinin ən layiqli davamçılarından biri idi”.
Heyran xanımın bu yüksək mərtəbəyə çatmasını, yəni Füzuli ənənəsinin layiqli davamçısı olmasını hər bir şeiri, qəzəli də təsdiq etmiş olur. Məsələn, o bir qəzəlində ali bir sevgiyə qovuşmaq üçün Yaradandan yardım diləyir. O, yazırdı:

Ey fələk, dərdü qəmim şərhini cananə yetir,
Səbt qıl mülk xəracini, o sultanə yetir.

Daha yox tabü tavan cismi-zəifimdə mənim
Ya ki al canımı, ya dərdimi dərmanə yetir.

Ruhpərvərdi ləbi vəqti-təbəssümdə, səba!
Ruhi bu təndən alıb, ol ləbi-xəndanə yetir.

Gördü ol zülfi könül, oldu pərişan əhval,
Bu pərişanlığımı zülfi-pərişanə yetir.

Zülfi ruyin eylədi məzhəbimi süst mənim,
Ya məni kafər elə, ya da ki imanə yetir.

Getdi ol Yusifi-məhru, gözüm ağlama az,
Xuni-nabi-ciyərin cəhd elə ümmanə yetir.

Bunca Heyrani-həzin, salma ayaqdan özüvü,
Gülşəni-canda bitən sərvi-xuramana yetir.


Heyran xanımın “Yar”a olan sevgisinin bəzən dünyəvi, bəzən də məcazi xarakter daşıdığı sirr deyil. Məsələn, o bir şeirində yazırdı ki, “Yar” üçün canını fəda edəndə əslində Ondan başqa “Yar” yox imiş. Bəs, bu “Yar” necə “Yar”dır ki, Onun məcazi, ya da dünyəvi olması, bu aləmdə, ya da başqa aləmdə olması bəlli deyil. Heyran xanım yazır:
Fəda olanda sənə mən, cahanda can yox idi,
Əsri-hüsnün olan dəmdə bu cahan yox idi.

O gün ki, eşqinə uydum, yox idi xar ilə gül,
Yox idi, bülbüli-şeyda, nə bağiban yox idi.

Olanda vəslinə müştaq könül aləmdə,
Nə mınfəətdən əsər, nə xeyir, ziyan yox idi.

Məhəbbətin ürəyimdə duru o dəmdən ki,
Gecə-gündüzdən əlamət, sübut, nişan yox idi.

Könül quşum o zaman ki, vuruldu, düşdü tora,
Nə ki bu yer üzü, hətta o asiman yox idi.

Qamətin sərvini Heyran yuva edən dəmdə,
Nə bir avazeyi-bülbül, nə aşiyan yox idi.


Fikrimizcə, Heyran xanımın dünyəvi “Yar”la məcazi “Yar” arasında gedib gəlməsi təsadüfi deyil. Çünki hər iki “Yar” sonunda eynidir, bir bütündür.
Göründüyü kimi, Heyran xanım düşüncələrində öz dövrünün şərtləri altında bəzən şiə imamiliyinə meyil etsə də, ancaq bununla qapanıb qalmamışdır. Hər halda Heyran Xanımın şeirlərindəki “Yar”a olan sevgi həm azadlığın bir simvoludur. Yəni cismani olaraq bədən nə qədər qeyri-azaddırsa, ruhi halda isə bir o qədər azaddır. Əslində daha çox vacib olan da ruhun köləliyinə son qoymaqdır. Bizcə, Heyran xanımın dünya¬görüşündə ruhi azadlıq ön planda olub, hətta cismani azadlığa doğruda xeyli dərəcədə can atmışdır. Bu anlamda Heyran xanımın fəlsəfi təfəkkürü kifayət qədər yetkin olmuş, dünyanın maddi və mənəvi problemlərinə işıq tutmağa çalışmışdır.


İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

Azərbaycan klassik ədəbiyyat kitabxanası. 20 cilddə, 8-ci cild. Bakı, Elm, 1988
Bünyadzadə Könül. Eşqin hikməti: Rabiə əl-Ədəviyyə və Edith Stein.Bakı, Tuna Printing&Publishing Company, 2018
Qasımova Rəfiqə. Heyran xanım.// Cənubi Azərbaycan ədəbiyyatı tarixi. Iki cilddə, I cild (XIX əsr). Bakı, “Nurlar” , 2009
Cənubi Azərbaycan ədəbiyyatı antologiyası. 4 cilddə, 1-ci cild. Bakı, “Elm”, 1981
Quliyev Vilayət. Tarixdə iz qoyan şəxsiyyətlər. Bakı, “Ozan”, 2000
Xəndan Cəfər. Seçilmiş əsərləri. Üç cilddə, 2-ci cild. Bakı, Çaşıoğlu, 2010
Heyran xanım. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, 2006
Heyran xanım. Seçilmiş əsərləri. Bakı, Azərnəşr, 1961
Heyran xanım. Qəzəllər // XIX əsr Azərbaycan ədəbiyyatı (poeziya) iki cilddə - I cild. Bakı, “Nurlar” NPM 2009
Heyran xanım. Qəzəllər // XIX əsr Azərbaycan şeri antologiyası, Bakı, "Şərq-Qərb", 2005
Heyran xanım. Qəzəllər // Azərbaycan qadın şairləri antologiyası. Bakı, “Avrasiya Press”, 2005
Kafkasyalı Ali (Tertibçi). İran Türk Edebiyatı Antolojisi. 5 cilddə, III cild. Erzurum, Atatürk Universitesi Basımevi, 2002, s.60; Tərbiyət Məhəmmədəli. Danişməndani-Azərbaycan. Bakı,Azərnəşr, 1987
Kafkasyalı Ali (Tertibçi). İran Türk Edebiyatı Antolojisi. 5 cilddə, III cild. Erzurum, Atatürk Universitesi Basımevi, 2002, s.61