20.02.2024, 08:22 - Baxış sayı: 322

Süni intellekt fəlsəfəsi haqqında


Zərqanayeva İradə Zumrad qızı
f.ü.f.d., dosent

Süni intellekt fəlsəfəsi texnologiyada məntiqi əməliyyatlardan istifadə proses və hadisələrinin nəticələrini, başqa sözlə, süni intellektə əsaslanan “mexaniki təfəkkür”ü öyrənir. Eyni zamanda, o, maşınların funksionallığından irəli gələn problemlərlə məşğul olur. İnsanın zehni-bədən qarşılıqlı əlaqəsini cihazlara tətbiq etmək hazırda mürəkkəb vəziyyətlər yaradır. Süni intellektin tətbiqi genişləndikcə, süni intellekt fəlsəfəsində yeni cərəyanlar yaranır.
Massaçusets Texnologiya İnstitutu Kompüter Elmləri laboratoriyasının direktorlarından biri olan Edvard Fredkinə görə “Tarixdə üç böyük hadisə vardır: Bunlardan birincisi kainatın yaranması, ikincisi həyatın yaranması, üçüncüsü süni intellektin yaranmasıdır” Bəşəriyyət tarixi hazırda üçüncü dövrünü yaşayır [4]. Maks Teqmark isə “Yaşam 3.0 - süni intellekt çağının insanı olmaq” (2019) əsərində bəşəri təkamülü üç mərhələdə xarakterizə etmişdir: yaşam 1.0 - bioloji, 2.0 -mədəni, 3.0 - texnoloji təkamül. İnsan nəslinin təkamül tarixi: 1.0 mərhələsində proqram təminatı və avadanlıqlar olmadan, yalnız fitri zəka, təbii intellekt vasitəsilə baş verir; 2.0 mərhələsində təbii intellektlə yanaşı, mədəni inkişafın təsirləri, proqram təminatı (hissi məlumatların toplanması və emalı, qərar vermək üçün istifadə edilən alqoritmik hesablamalar, yazıb-oxumaq, danışıb-gülməyə qədər bütün emosional təəssüratlar təbii beyin olmasa belə, informasiya şəklində qorunub saxlanır, biliyin əldə olunması və yayılması bir an çəkir. 3.0 mərhələsində bəşəriyyət hər iki təkamül zəncirindən tamamilə azad - yeni proqram təminatı və super süni intellektə sahib robotlarla idarə olunur [3].
Süni intellektin məzmununu anlamaq üçün əvvəlcə insanın diğər canlılardan fərqini ifadə edən üç açar söz üzərində durmaq lazımdır: qavrayış, bilik və intellekt. İntellekt əqli funksiyaların yerinə yetirilməsinə, insanlarda müşahidə, qavrama, təfəkkür və dərketmə qabiliyyətlərinə, eləcə də yadda saxlamaq, təsəvvür etmək, qiymətləndirmək, mühakimə aparmaq kimi əməliyyatların yerinə yetirilməsinə xidmət edir. Süni intellektin yaradılmasında insan ağlının iki əsas funksiyası: qavrayış və təfəkkür nəzərə alınmışdır. Şüurda baş verənlər başqaları tərəfindən müşahidə edilə bilmir, başqa sözlə, zehndə baş verən hər şey yalnız insanın özünə məlumdur. Fəlsəfənin əsas funksiyası, məhz insanın daxili aləminin zahirə yansıdılması, hikmətin tədqiqidir.
“Süni intellekt” anlayışı insanların ağılla əlaqədar - “öyrənmək” və “problemləri həll etmək” kimi idrak funksiyalarını təqlid edən maşınları xarakterizə etmək üçün istifadə olunur. Süni intellekt (Sİ, ingiliscə: AI - Artificial Intelligence) insanlara xas olan təbii zəkanın maşınlara tətbiqi təcrübəsidir. Sİ hazırda əsasən iki kateqoriya üzrə aparılır: Ümumi Süni İntellekt (ÜSİ - ingiliscə Artificial General Intelligence - AGI) və Bioloji süni intellekt (BSİ - ingiliscə: Artificial Biological Intelligence ABI) - təbii zəkanı təqlid etmək cəhdləri. Lakin yaxın gələcək üçün SSİ (super süni intellekt) haqqında proqnozlar da verilir.
ÜSİ və BSİ öz mühitini hiss edən və məqsədə çatmaq üçün maksimum hərəkətləri yerinə yetirən cihazlara verilən funksiyalardır. Sİ maşınlara insana məxsus təcrübələri öyrənməklə yanaşı, yeni şəraitlərə uyğunlaşmaq və insanın yerinə yetirdiyi tapşırıqları icra etmək imkanı verir. Bu gün elmə məlum olan Sİ nümunələrinin əksəriyyəti: şahmat oynayan kompüterlərdən özü idarə olunan avtomobil və müxtəlif modifikasiyalı dronlara qədər, hamısı dərin araşdırmalar və təbii dilin əmrlərinin işlənməsinə əsaslanır.
Maşınların “bacarıqlar”ı artdıqca, “intellekt” tələb edən vəzifələr adi texnologiyaya çevrilir. Bu texnologiyalardan istifadə etməklə, kompüterlər böyük həcmdə verilənləri emal edə və verilənlərdəki nümunələri tanımaqla xüsusi tapşırıqları yerinə yetirə bilirlər.
Hazırda süni intellekt dünyanın aktual elmi tədqiqat sahələrindəndir. İnsan süni intellekt yaratdıqdan sonra bu intellektin iş prinsipinin tənzimlənməsi problem ortaya çıxmışdır. İnsanların düşüncə mədəniyyəti fəlsəfə ilə inkişaf etdiyi kimi, süni intellektin nəticələri də “süni intellekt fəlsəfəsi” sahəsində araşdırılır.
Məlumdur ki, məntiqi əməliyyatlar: “Bütün insanlar ölür. Sokrat insandır. Deməli, Sokrat da öləcək” məşhur ifadəsindəki sistem üzrə işləyir. Kompüterlər də oxşar funksiya əsasında verilənlərdən nəticə çıxarır. İnsanların düşüncə formaları proqram təminatında modelləşdirilir. Hazırda müəyyən kontekstdə verilmiş sözün mənası haqqında məlumatı kompüter müəyyən edə bilir. Bu baxımdan, bəzi müddəaların və nəticələrin verildiyi cümlələrdən əskik müddəanın çıxarılması və ya verilən bütün müddəalardan ortaq nəticənin əldə edilməsi üçün aparılan araşdırmalar böyük əhəmiyyət kəsb edir.
Alan Türinqin və Stiven Houkinqin söylədikləri kimi, süni intellektin insanların həyatını təhdid edəcəyi haqqında ehtimallar mövcuddur [4]. Belə ki, insanlar informasiyadan nəticə çıxaran, yeni nəzəriyyələr inkişaf etdirən və ya nəzəriyyələr arasında naməlum əlaqələri tapan süni sistemlər yaradırlar. Müasir proqram tərtibatçıları kompüteri birbaşa olaraq, “özünü dərk etmə”yə proqramlaşdıra bilirlər.
Kompüterin özü haqqında faktları aşkara çıxarmaq üçün güzgü metodundan istifadə olunur. Bu zaman “Güzgü testi” kompüterin idrakı rolunu oynayır. Bu halda o yalnız başqasını deyil, həm də “özünü dərk edə”, dəyərləndirə, müvafiq funksiya seçə və dəyişdirə bilir. ÜSİ qabiliyyətinə “özünüdərketmə” funksiyasının verilməsi süni intellektə təbii intellekti təqlid etmək imkanı verir. Beləliklə, ÜSİ-in köməyi ilə cihazlar “özlərini dərk edə”, öz “mənlikləri” də daxil olmaqla hər cür dərin və incə məsələləri “qavraya” (proqramlaşdıra) və həyata keçirə (müvafiq əməliyyat icra edə) bilirlər. Bu halda maşın özünü ağıllı adam kimi aparır.
Hazırda süni intellektin həyata daxil olması “süni intellekt etikası”, “süni intellekt estetikası”, “hüquq və Sİ” kimi yeni fəlsəfi istiqamətlərin yaranmasına səbəb olmuşdur. Rusiyalı mütəxəssislər süni intellektin fəlsəfi-metodoloji və elmi-nəzəri problemlərini ilkin olaraq 11 istiqamətdə həll etməyi qarşılarına məqsəd qoymuşlar: 1) elektron mədəniyyət, 2) futuroloji layihələr və Sİ, 3) süni şəxsiyyətlər, cəmiyyət və dünyalar, 4)multiagent superkompüter tədqiqatları, 5) paralel və antropoform işlər, 6) kompüter dünyası yaradıcılığı, 7) intellectual texnologiya və təhsil, 8) biliklərlə idarəetmə, 9) refleksiv proseslərin idarə olunması, 10) kiberfiziki reallıq və insan, 11) neyrofəlsəfə. Bu məqsədlə Rusiya Elmlər Akademiyası başda olmaqla ali təhsil mərkəzlərində və regionlarda nəzəri-praktik fəaliyyətlərə start verilmişdir [1].
İnsanın öz bioloji intellektinə əli ilə yaratdığı Sİ vasitələrini əlavə etməsi düşüncə gücünə güc qatmış, əhatə dairəsi və sürətini hədsiz artırmışdır. Bəşəriyyət artıq Sİ-in yaratdığı inqilabi sıçrayışın nəticələri ilə qarşı-qarşıyadır. Məhz bunu nəzərdə tutan Erik Brunjolfson demişdir: “Süni intellekt sahəsindəki güclü irəliləyiş yaxın tarixdə insanlığın zirvəsi və ya tənəzzülünə səbəb ola bilər” [3].
Alınmış mühüm elmi nəticələr:
1. Süni intellekt fəlsəfəsi zehni durum vəziyyətlərinin davranışlarla əlaqələndirilərək texnikaya intiqalı hadisə və proseslərini izah edir. Eyni zamanda maşınların funksionallığından yaranan problemlərin həlli ilə məşğul olur. Ağıl-bədən qarşılıqlı əlaqəsinin cihazlara intiqalı fərqli situasiyalar yaradır. Süni intellektin tətbiq sahələri genişləndikcə, süni intellekt fəlsəfəsində yeni istiqamətlər yaranır.
2. İnsan düşüncəsi azad olduğu kimi, fəlsəfə - düşüncə mədəniyyəti də dəyişgəndir. Ağıl, iradə qəzəb və şəhvət hissləri onu fərqli istiqamətlərə yönəldə bilir. Süni intellekt isə azad deyildir: istehsalçısının iradəsinə tabedir. Onun azadlığı verilənlər bazası və təyini funksionallıq hədləri ilə məhduddur.

Ədəbiyyat
1.https://cyberleninka.ru/article/n/filosofiya-iskusstvennogo-intellekta-v-rossii-s-nachala-veka-ponastoyaschee-vremya/viewer
2. Kordon Arthur K. Applying Computational Intelligence: How to Create Value. Heidelberg: 2010, 447 p.
3. Tegmark Max. Yaşam 3.0 - yapay zeka çağında insan olmak (2019) Pegasus yayınları. İstanbul: 2019, 462 səh.
4. Turing Alan (1950) Computing Machinery and Intelligence. Mind 49: p. 433-460. https://redirect.cs.umbc.edu/courses/471/papers/turing.pdf 22.12.22