19.02.2024, 07:48 - Baxış sayı: 524

Gəncliyin hamisi akademik Arif Paşayevin elmi irsinin araşdırılması


Gəncliyin hamisi akademik Arif Paşayevin elmi irsinin araşdırılması“Biz nadir bir dövlətçilik irsinin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan dövlətimizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”

Heydər Əliyev

Azərbaycan xalqının ümummilli lideri
İnsan oğlunun bu dünyadakı əsl missiyasının nədən ibarət olduğunu anlayanlar və dəyərləndirənlər alimlər hesab olunur. Ümumilikdə hər bir kəs mövcud aləmi inkişafa aparan alimlərə borcludur. Təsadüfi deyil ki, insanlığın fəxri Həzrət peyğəmbərimiz Məhəmməd (s.ə.s.) deyirdi ki, alimlərə hörmət edən, elə bil mənə hörmət edib.
Elm aləmində insanın maraq göstərdiyi, məşğul olduğu sahələrdən biri də fizika və riyaziyyatdır. Q.H.Hardi yazırdı: “Dünyadakı ən məsum məşğuliyyət riyaziyyatdır”. Fizika və riyaziyyat ilə məşğul olan alimlər ilk olaraq mövcud ətraf aləmə maraq göstərmişdir. Elm, məlum olduğu kimi, heç kəsin istəyindən və iradəsindən asılı olmayan gerçəkliyi aşkar və sübut edir. Ərəb filosoflarından Əl Fərabinin fikrinə görə, dövlət ali sinfə mənsub adamların vasitəsi ilə yaranır.
Dünyada baş verən siyasi proseslərin formaca mürəkkəb və məzmunca ziddiyyətli olduğu bir dövrdə həyata keçirilən siyasətin səciyyəvi xüsusiyyətləri çox mühüm nəzəri, eyni zamanda praktik əhəmiyyətə malikdir. Elmin inkişaf tarixi sübut edir ki, onun müxtəlif mərhələlərində əldə olunan bütün elmi kəşflər, şəxsiyyət fenomeni ilə bağlıdır.
Yaradıcı insan başqalarından intellekti, dünyagörüşü, duyğu və düşüncələri ilə seçilir. Bu baxımdan akademik Arif Paşayevin elmi irsinin araşdırılması elmi-praktik baxımdan zəruridir. Arif müəllimin gördüyü əzəmətli işlər haqqında uzun illər müşahidələrim mənə haqq verir ki, gəncliyin hamisi olan bu böyük insan haqqında yazımı yazaraq gənclərə təqdim etməkdə bir payım olsun.
1934-cü il fevral ayı bəmbəyaz qara bürünmüş dünya körpə təbəssümünə bənzəyirdi. Uca Allah tərəfindən bu soyuq fevral ayı isti, həlim, mehriban ailəyə, ən əsası XX yüzillik Azərbaycan xalqının tarixininə, taleyinə görkəmli alim, ictimai-siyasi xadim, akademik Arif Paşayevi bəxş etdi.
Görkəmli yazıçı Mir Cəlal Paşayevin və Püstə xanımın ilk övladı - Arif Paşayev dünyaya göz açdı. Ədəbiyyatşünas alim olan atası Mir Cəlal Paşayev böyük ədəbiyyatçılar nəslinin yetişməsində əvəzsiz rol oynamışdır. İmam Zeynalabdinin nəslindən olan Mir Cəlal müəllim başdan-ayağa işıq, nur parçası idi. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasına 17 il ərzində Mir Cəlal Paşayev rəhbərlik edərək “Ədəbiyyatşünaslığın əsasları” kursunun əsasını qoymuşdur.
Mir Cəlal Paşayevin ata nəsihətlərini eşidib, ondan pərvazlanaraq Arif Paşayevin tədqiqatçılıq əzmi, öz zəhməti ilə qazandığı nailiyyətləri bitməz tükənməzdir. Akademik Arif Paşayev 1959-cu ildən AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətə başlamışdır. Alimin xarakterindəki ciddiliyi, bacarığı və böyük iradə sahibi olması tapşırılan işləri yüksək səviyyədə yerinə yetirməkdə ona dayaq olmuşdur .
Görkəmli alim elmi işlərini böyük əzmlə davam etdirərək 1960-1964-cü illərdə Moskvada "QİREDMET" İnstitutunda aspirant olmuş, 1966-cı ildə isə "Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi" mövzusunda namizədlik, 1978-ci ildə "Yarımkeçiricilərin tədqiqində qeyri-dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri" mövzusunda doktorluq dissertasiyalarının müvəffəqiyyətlə müdafiə edərək alimlik dərəcəsi almışdır.
Milli Elmlər Akademiyasının Fizika İnstitutunda 1987-1989-cu illərdə akademik Arif Paşayev ilk dəfə olaraq yüksək temperaturda ifrat keçirici halına keçən, yəni müqaviməti sıfır olan maddələri öyrənməyə başlayan ilk alimlərdəndir. Alim keçid xarakteristikalarını dəqiq öyrənmək üçün Fizika İnstitutunda orijinal, proqram təminatlı eksperimental qurğu yaratmışdı. Akademik Arif Paşayev yarımkeçirici materialların elektrofiziki parametrlərini kontaktsız ölçmək üçün cihazlar yaradıb istehsala buraxmışdır. Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə mikroelektronika sənayesinin sürətli inkişafa başladığı 70-ci illərdə Arif Paşayevin öz tədqiqatları ilə yaratdığı yeni nəzəri-təcrübi istiqamət tarixi əhəmiyyət daşımışdı. 1972-ci ilin sentyabrında SSRİ Elmlər Akademiyasının prezidenti alim Mıstislav Keldış məhz Arif Paşayevin rəhbərlik etdiyi Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunun Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları laboratoriyasına gəlməsi təqdirəlayiq hal idi.
Akademik Arif Paşayevin istehsala buraxdığı qurğular dünyanın bir çox elm mərkəzlərində, hərbi sənayedə və digər istehsalat sahələrində müvəffəqiyyətlə tətbiq olunaraq, elmi nəticələr ixtira səviyyəsində işlənib beynəlxalq sərgi və müsabiqələrdə qızıl, gümüş medallar və diplomlarla təltif olunmuş, bir sıra sənaye müəssisələrində tətbiq edilmişdir.
Arif Paşayev 1991-ci ildə avtonom hidroakustika informasiya sisteminin yaradılması sahəsindəki nailiyyətlərinə görə Azərbaycan SSR Dövlət mükafatı laureatı olmuşdur. Parafınə qarşı hazırlanan reagent 1995-ci ildə ''Ələt" yatağının mədənlərində istifadə edilmişdir. Bu sahədə görülən işlər daha da genişləndirilmiş, unikal avtomatik elektrik qızdırıcı qurğu yaradılmışdır. Arif Paşayev 400-dən çox elmi məqalənin, 30-dan artıq kitab və monoqrafiyanın müəllifidir.
Akademik Arif Paşayevin xidmətləri sayəsində Milli Aviasiya Akademiyası ölkə üzrə kosmos haqqında əsas elmi-tədqiqat mərkəzinə çevrilmişdir.
Akademik Arif Paşayev 2004-cü il fevralın 15-də elmi-pedaqoji xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni, 2009-cu ildə isə "Şərəf" ordeni, 2014-cü ildə “İstiqlal” ordeni ilə təltif edilmişdir. Beynəlxalq Elmlər Akademiyasının Elmi İnkişaf Beynəlxalq Şurasının qərarına əsasən, Nobel mükafatı laureatı İ.V.Pavlov adına "Qızıl nişan" və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının ali mükafatı - "Qızıl medal" ilə təltif olunmuşdur. Akademik Arif Paşayev, həmçinin Ukrayna və Gürcüstan Milli Aviasiya akademiyalarının fəxri doktoru, Vyana Beynəlxalq Universitetinin fəxri professoru seçilmişdir.
Və Xoşbəxtlik... Xoşbəxtliyi insan özü əldə etməlidir. Bu işdə bacarıqlı, təmkinli olmaq insanın ən yaxşı köməkçiləridir. Ən əsası ailədə xoşbəxtlik. Görkəmli yazıçı, ictimai xadim, professor Mir Cəlal Paşayev deyərdi: "Zəmanəmdə tərəfimdən xəlq olunmuş ən görkəmli əsər - mənim ailəmdir". Arif müəllim bu mənada çox xoşbəxt insandır ki, həyat yoldaşı, Azərbaycanın görkəmli alimi, professor Aida xanım İmanquliyeva olmuşdur.
İlk azərbaycanlı qadın ərəbşünas elmlər doktoru olan böyük alim AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru olmuş professor Aida xanım İmaquluyeva öz həyatını xalqının tarixinin, ənənələrinin minillik dərin köklərlə bağlı olduğu Şərq mədəniyyətini və ədəbiyyatını öyrənməyə sərf etməklə yanaşı, həm də hər şeydən əvvəl öz ailəsini, həyat yoldaşını çox sevən gözəl qadın idi.
Arif müəllim, həmçinin iki övlad atasıdır. Mehriban xanım Əliyeva akademik Arif Paşayevin və şərqşünas alim Aida xanım İmanquliyevanın ailəsində dün­yaya göz açaraq, ədəbiyyati, musiqini, gözəl sənət əsərlərini incəliyinə qədər hiss edən, duyan, yaşayan həddindən artıq kövrək, xəlqi insan olmaq­la, mədəniyyətimizin, incəsənətimizin, tarixi irsimizin böyük hamisidir. Tarixi həqiqətdir ki, Vətənə, xalqa, dövlətə xidməti, xeyirxahlığı həyat amalına çevirən Mehriban xanım Əliyevanın mənəvi şəxsi keyfiyyətləri gələcək nəsillər üçün nümunəyə çevrilərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin lider portretini uğurla tamamlayır.
Akademik Nərgiz xanım Paşayeva isə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru olmaqla, elmin, təhsilin inkişafına böyük töhfələr verməkdədir. BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri olaraq, ədəbiyyat tarixinin inkişafında mühüm xidmətləri olan Nərgiz xanım təqdirəlayiq mükafat və ordenlərlə təltif edilmişdir.
Akademik Arif Paşayev "Development of effective cooling schemes of gas turbine blades based on computer simulation", "Система диагностирования", "Study of the Forbidden Gap Width of Strained Epitaxial Lead Selenide Layers", "İngiliscə-Azərbaycanca-Rusca Aviasiya Terminləri Lüğəti" kimi xeyli sayda əsərlərin müəllifidir. Beynəlxalq Nəqliyyat, Beynəlxalq Mühəndislik, Beynəlxalq Ekoenergetika, Beynəlxalq Elmlər, Beynəlxalq İnformasiya Akademiyalarının akademiki Arif Paşayev hazırda "Azərbaycan Hava Yolları" Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektorudur. Azərbaycan Milli Aviasiya Akademiyası bu gün bütün dünyada tanınan ali təhsil müəssisələrimizdəndir.
Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə akademiya “Mülki Aviasiya ali təhsil müəssisəsi” sertifikatına layiq görülüb və Beynəlxalq Mülki Aviasiya Təşkilatının ali təhsil müəssisələri siyahısına daxil edilib. Təhsil sistemində Avropa standartlarına uyğun göstərdiyi yüksək xidmətlərə görə 2008-ci ildə Böyük Britaniyanın Oksford şəhərində Avropa Biznes Assambleyası, Oksford Energetika İnstitutu və Avropa Rektorlar Klubu tərəfindən təşkil olunmuş biznes, elm və incəsənət sahəsində liderlərin Oksford sammitində Milli Aviasiya Akademiyası “Avropa keyfiyyəti” beynəlxalq mükafatına layiq görülüb. Ömrünü elmin inkişafına həsr edən akademik Arif Paşayevin fizika sahəsindəki əvəzsiz xidmətləri tarixə qızıl hərflərlə həkk olunub.
Akademik Arif Paşayev Azərbaycan Respublikasının Dövlət mükafatına, fizika sahəsindəki yüksək nailiyyətlərinə görə "SSRİ-nin ixtiraçısı" medalına, akademik Y.Məmmədəliyev adına medala və İngiİtərə Beynəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalına layiq görülmüşdür. Arif müəllim yaradıcı bir insan, əsl təbiət vurğunu olmaqla, gəncliyi aydın sabahlara addımladır. Coşğun fəaliyyəti bu gün akademiyada təhsil alan tələbələrə sirayət edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva yazır: "Atamın insani keyfiyyətləri – onun tükənməz nikbinliyi, başqalarının dərdinə şərik olmaq, onları dəstəkləmək, hamı ilə dil tapmaq xüsusiyyəti, öz müsbət enerjisini ətrafındakı bütün insanlarla bölüşmək istedadı, müdrikliyi və sonsuz xeyirxahlığı mənim həyat amalımdır. O, uzun illərdir ki, Milli Aviasiya Akademiyasına rəhbərlik edir. Tələbələrlə rektor arasında qarşılıqlı hörmət, isti yoldaşlıq münasibətləri atamın yüksək şəxsi və peşəkar keyfiyyətlərinə daha bir sübutdur".
Bəli, akademik Arif Paşayevin gəncliyə ötürülən enerji, böyük alimin şəxsi nümunəsi bir növ "master klass" dərsləridir. Akademik Arif Paşayevin çoxillik həyat təcrübəsi gənclər üçün bir nümunədir. Arif Paşayevin elmi, pedaqoji, ictimai fəaliyyəti haqqında mükəmməl məlumat verən biblioqrafik vəsait elmimizdə mühüm rola malikdir.
Azərbaycanın görkəmli alimi, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Arif Mir Cəlal oğlu Paşayevi 90 yaşı tamam olması münasibətilə təbrik edirəm.
İnsan sevgisiylə yeri-göyü süsləyir. Qəlbimiz göy üzü kimi durulur. Ürəklərdə nə qədər arzular, ümidlər baş qaldırıb. Deməli yaşamağa, mübarizə aparmağa, sevməyə, sevilməyə dəyər. İrəlidə bizi nə qədər görüləsi işlər gözləyir.
Azərbaycan elm tarixində mühüm yer tutan böyük alim, bənzərsiz şəxsiyyət Arif müəllim Sizə biz gənclər uzun ömür, cansağlığı arzu edirik.
Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

science.gov.az