12.02.2024, 06:22 - Baxış sayı: 95

Yeni tarixi mərhələdə milli ideya və milli ideologiya


Yeni tarixi mərhələdə milli ideya və milli ideologiya

Mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə ol­malıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır.

İlham ƏLiYEV,


Azərbaycan Respublikasının Prezidenti


Azərbaycan: yeni tarixi mərhələnin çağırışları


Hər bir müstəqil xalqın tarixi təkamü­lünün mərhələləri olur. Həmin mərhələləri lideri ilə birlikdə xalq, cəmiyyət özü ya­radır. Sözün həqiqi mənasında, toplum azaddırsa, müstəqildirsə, qarşısına qoy­duğu məqsədlərə çatır. Məqsədlər ab-strakt, mücərrəd və hər şeyi əhatə edən olmur. Onlar konkret tarixi özəlliklərə uy­ğun olaraq cəmiyyətin (xalqın) malik ol­duğu dəyərlərin fonunda müəyyənləşir. Yəni kollektiv olaraq hansı məqsədlərə çatmaq məsələsi müəyyən edilir.
Bu proses asan deyildir. Burada xalqın liderinin zəkası, iradəsi, qətiyyəti və tarixi uzaqgörənliyi həlledici rol oyna­ya bilər. Strateji məqsəd düzgün müəy­yən ediləndə, obrazlı desək, o, cəmiyyə­tin legitimliyini qazanır. Yəni bütövlükdə, toplum həmin məqsədi “qanuni” (legitim) hesab edir. Bu zaman toplum toparlana­raq həmin məqsəd uğrunda həyat müba­rizəsinə başlayır. Və konkret məqsədə çatandan sonra qarşıya yeni vəzifə çıxır –əldə edilən nəticələr əsasında yeni düz­gün məqsədlər, vəzifələr və birgəyaşam formaları müəyyən etmək zərurəti yara­nır. Məhz bu keçid mərhələsi hər bir xalq üçün sınaq dövrüdür. Onun özünü nə dərəcədə yeniləşdirə bilməsi potensialı­nın özünütəsdiqidir.
Belə çıxır ki, cəmiyyət və ya xalq ha­lında birgəyaşamağın özünəməxsus ide­ya, mənəvi, əxlaqi və iradi şərtləri möv­cuddur. Bu prizamadan baxanda strateji məqsədlərə nail olmaq üçün zəruri olan mexanizmləri həm dərindən anlamaq, həm də onların reallaşması üçün konkret fəaliyyət planlarına malik olmaq gərəkdir. Bu cür mexanizmlər sırasında “milli ide­ya” və “milli ideologiya”nın rolu həlledici­dir.
Əslində, milli ideya və milli ideologi­ya yalnız məqsədə çatmaq mexanizmləri deyil. Onlar substantiv olaraq xalqın kol­lektiv mövcud olmasını şərtləndirən fun­damental anlayışlardır. Çünki ideya çoxlu sayda insanları konkret məqsəd ətrafın­da birləşdirə və onları fəaliyyətə motiva­siya edə bilər. Kollektiv fəaliyyəti yaxşı səviyyədə stimullaşdırılmayan xalqların tarixdə yeri məlum deyil.
Deməli, milli ideya və milli ideologiya həm kollektiv mövcudluğun mənəvi ba­ğıdır, həm də ümumi məqsədə çatma­ğın başlıca mexanizmi. Burada, təbii ki, milli ideya ilə milli ideologiyanın fərqini görmək lazımdır. Lakin onların hər ikisini kollektivə, xalqa, topluma məxsus olan səviyyədə mənəvi, ruhani, ideya faktor­larını aktuallaşdırmaq və reaktuallaşdır­maq (təkrar-təkrar aktuallaşdırmaq) özəl­liyi birləşdirir.
Bu məqam bir tarixi mərhələsini başa vurmuş və yeni mərhələyə qədəm qoyan xalqların həyatında özünü daha həssas aspektlərdə göstərir. Azərbaycan hazırda tarixi təkamülünün bu yeni keçid pilləsin­dədir. Dövlətçilik, müstəqillik, müasirləş­mək qüdrəti, daim uğurlu olmaq fəlsəfəsi baxımından son dərəcə əhəmiyyətli, mə­suliyyətli və şərəfli bir dövrdür!

Nələrə nail olunmuşdur?

Biz son 20 ilin qısa xronologiyası əsasında mövzuya uyğun kontekstlərdə suala cavab axtaracağıq. 2003-cü ildən Azərbaycan yeni Prezidenti ilə möhtəşəm proqramları həyata keçirməyə başladı. Bu barədə geniş informasiya verilmədi, ancaq dövlət başçısı əsas istiqamətverici və müəyyənedici tezisləri ilə kifayət qədər innovativ (yenilikçi) bir prosesə başladı­ğını aydın ifadə edirdi. Bu innovativlik bir­mənalı olaraq Ulu öndər Heydər Əliyevin siyasi varislik prinsipinə tam uyğun həya­ta keçirilirdi. Siyasi varisliyə əsaslanan yeniləşmə cəmiyyətin həyatının bütün sferalarını əhatə edirdi. Buraya iqtisadiy­yat, siyasət, geosiyasət, mənəvi-əxlaqi dəyərlər, sosial faktorlar, təhlükəsizlik, ordu quruculuğu, müdafiə fəlsəfəsinin yeniləşməsi daxil idi. Onların sintezi isə bir milli məqsədə çatmağa xidmət edirdi. Prezident İlham Əliyev bu barədə deyirdi: “Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik”.
Doğrudan da indi ötən həmin o 20 ilin hər ayına, həftəsinə, gününə baxanda Prezidentin nə dediyinin yeni prizmada fərqinə varırsan! Çox möhtəşəm və çə­tin bir məqsəd uğrunda dövlətin başçısı böyük qətiyyət, yüksək zəka və sınma­yan iradə ilə başlamışdı. Əksəriyyətin gözləmədiyi istiqamətdən ədalətli və ya­radıcı həmlələr edir, beynində, könlündə və qəlbində daşıdığı (bu da Ulu öndərin siyasi varisliyinin mühüm əlamətlərindən biridir – F.Q.) milli sevgini, ədaləti, qüru­ru, qətiyyəti və müdrikliyi reallaşdırdığı dövləti əhəmiyyətli böyük proqramların ruhuna və məzmununa hopdururdu. Bu­nunla damla-damla, qətrə-qətrə Azər­baycan cəmiyyətinin həyatına yeridilmiş məğlubiyyət sindromunu əridirdi! Onun fövqündə isə Prezidentin milli ideya və ideologiyada mükəmməl məzmununu və formasını almış Qələbə siyasəti daha da təkmilləşir, mükəmməl formada milyonla­rın ruhuna hopdurulurdu! Təsdiqi vardır!
O təsdiq gənclərin 2020-ci ildə “Vətən!”, “Azərbaycan!”, “Qarabağ!” de­yib bir nəfər kimi hərb meydanında şir kimi savaşmasıdır! Bir gənc belə, ordu­dan fərarilik etmədi! Əksinə, hərbi ko­missarlıqların qarşısında həyəcan və tələbkarlıqla torpaqları azad etməyə can atırdılar. Dünyanın hər yerindən yüz min­lərlə azərbaycanlı Azərbaycan Respubli­kasının Prezidenti və Ali Baş Komanda­nından cəbhəyə getmək istədiklərini və buna imkan yaradılmasını xahiş edirdilər! Niyə məhz Azərbaycan Prezidentin­dən bu xahişi edirdi gənclərimiz? Yalnız ona görə yox ki, dövlətin başçısı İlham Əliyevdir. Əsas ona görə ki, İlham Əliyevə inanırlar, ona tam etibar edirlər!
İlham Əliyevin gənclərdə illərlə ya­ratdığı, stimullaşdırdığı, səslədiyi və nəhayət, böyük anlamda tərbiyə etdiyi vətənsevərliyin, milliliyin, ideyanın ça­ğırışı, həyəcanı və “xahişi” idi, bu! Həm həyata keçirdiyi proqramları, həm siya­si-diplomatik məharəti, həm də mənə­vi-əxlaqi davranışları ilə nümunə olan Azərbaycan Prezidentini hər bir gənc səngərdə özü ilə bərabər görürdü və ya görməyi arzulayırdı. Prezidentə inanır və onunla birgə savaşmağa hazır olduqla­rını bəyan edirdi yüz minlərlə azərbay­canlı. Bax, o ruhları, könülləri, qəlbləri 2003-cü ildən bu yana milli ideya və milli ideologiya ətrafında birləşdirən Prezident İlham Əliyevdir.
Bu ruhani və mənəvi coşqu əsassız deyildi. Onun üç ideya sütunu vardı. Han­sılardır?

Ərazi bütövlüyü və suverenliyin 3 əsas sütunu: Milli ideya fonunda

44 günlük Zəfər savaşına qədər mil­li ideyanın məzmununu motivə edən və həm də formalaşdıran üç prinsip mövcud idi. Onları Prezident müəyyənləşdirmiş­di və praktiki fəaliyyətində qətiyyətlə və səmərəli yerinə yetirirdi. Həmin üç prin­sip bunlardır: tarixi ədalət, milli qürur və beynəlxalq hüquq! Bu prinsiplər dərin dü­şünülmüş və dəqiq ifadə edilmişdir. On­lar fəlsəfi və politoloji baxımdan çoxfunk­siyalıdırlar. Faktiki olaraq fərqli sferaları birləşdirə bilirlər.
Birincisi, bu prinsiplər milli ideya və milli ideologiyanın yaradılmasının və funksionallığını daim saxlamasının ma­hiyyətinə uyğundurlar. Filosofların fikrinə görə, milli ideya konkret millətin keçmiş­də, indi və yaxın gələcəkdə mövcudlu­ğunu izah edə bilən mənalar sistemidir. Bu zaman milli ideyanın məzmununa və məqsədinə millətin mentaliteti (o cümlə­dən, siyasi mentaliteti), xarakteri, haki­miyyətə münasibəti, başqa ölkələrə mü­nasibəti və s. kimi çoxlu sayda faktorların mümkün təsirlərini nəzərə almaq lazım gəlir.
Müstəqillik əldə edəndən sonra Azər­baycanın keçdiyi keşməkeşli yol fonunda bu məsələnin bizim üçün ikiqat çətin ol­duğunu anlamaq güc tələb etmir. Həmin faktorların fonunda milli ideya “millət indi nəyin naminə mövcuddur və onun gələ­cək missiyası nədən ibarətdir?” sualına cavab verməlidir. Özlüyündə bu məsələ də üç altməsələyə bölünür. Belə ki, milli ideya a) humanitar dəyərlərin; b) insan hüquqları və azadlıqlarının; c) ənənənin yeri və rolunu özündə dəqiq ehtiva et­məlidir. Bu faktorlardan hansına üstünlük verilməlidir?
Azərbaycan Respublikası Preziden­tinin ifadə etdiyi milli ideyada bu suala mükəmməl cavab vardır. Onlar lakonik şəkildə vurğuladığımız üç prinsipdə ifadə olunmuşdur. Tarixi ədalət, milli qürur və beynəlxalq hüquq keçmişi, indini və gələ­cəyi fəlsəfi-siyasi məntiqlə bir-birinə bağ­layan parametrlərdir. Çox əhəmiyyətlidir ki, bu prinsiplər həm ayrılıqda, həm də bir-biri ilə qarşılıqlı münasibətlərdə “za­manı xalqın kollektiv həyatı müstəvisində bütövləşdirir”: ədalət qürur və hüquqla tə­min edilir, qürur ədalətlilikdən və hüquq­dan qaynaqlanır, hüquq isə ədalət və qürurun sayəsində münasibətlərin qurul­masında “xəritə olur, yol olur”!
Deməli, müasir fəlsəfi-elmi təfəkkür­də mövcud olan “plektiks” (“sarmaşıq”, “bir-biri ilə bütün mənalarda vəhdətdə olan”) anlamı milli ideyada İlham Əliyev tərəfindən ifadəsini tapmışdır! Fəlsə­fi baxımdan da burada bir dinamizm və ahəngdarlıq (bu termini Əhməd Qəşə­moğlu mənasında işlədirik – F.Q. ) vardır. Biz konkret olaraq Jil Delyoz fəlsəfəsində indinin öz mövcudluğu üçün keçmişə və gələcəyə “yayılması” fikrini nəzərdə tutu­ruq. Bu yayılma xalq üçün elə olmalıdır ki, həm özünəməxsusluğunu saxlasın (tarixdir), həm də indi potensialını elə re­allaşdırsın (bu gündür) ki, gələcəyə pers­pektivi (strateji anlamdır) təmin etsin!
Buradan milli ideya və milli ideologi­ya ilə bağlı fəlsəfi əhəmiyyəti olan yeni məsələlər meydana çıxır. Məsələnin bu tərəfinə nəzər salmadan öncə bir məqa­ma aydınlıq gətirək.
Bir sıra hallarda milli ideya ilə milli ideologiyanı eyniləşdirirlər. Ancaq onlar fərqlidirlər. Hər ikisi dəyərlər sistemini ifa­də edir, onu ümumxalq miqyasına qədər genişləndirir və hər ikisi milli sayıla bilər. Ancaq ideologiya ideyaların mürəkkəb sistemidir. O, müxtəlif ictimai subyektlə­rin həyatının ideal və dəyərlərini özündə daşıya bilər. Məsələn, qrupların, insanla­rın, icmaların, sosial stratların, siyasi par­tiyaların və s. Bu mənada, milli ideya milli ideologiyanın tərkib hissəsi kimi görünür.
Başqa bir aspektdən isə milli ideya ideologiyanın sistemləşməsinin, onun mürəkkəb struktur-funksional fenomen kimi mövcudluğunun mümkün olmasını təmin edən əsas faktordur! Milli ideo­logiya milli ideyanın konseptləşməsi və konseptuallaşması sayəsində meydana gəlir.
Belə görünür ki, milli ideya və milli ide­ologiya milli özşüurdan qaynaqlanır. Milli özşüur məsələsi problemi daha dərinlərə aparır. Hər şeydən öncə, milli ideya və ideologiyanın milyonların özşüurları ilə sıx bağlılığını nəzərə almaq lazım gəlir. Bu baxımdan “milli şüurun milli ideyaya təsiri necədir və hansı hallarda onlar kol­lektiv miqyasda cəmiyyətə fayda verir?” kimi sual aktuallaşır.
Problemin fəlsəfi aktuallığı kifayət qədər ciddi faktorlarla əlaqəlidir. Çün­ki milli özşüur milli şüurun nüvəsi kimi daha çox fərdi şüura bağlıdır. O, başlıca olaraq, qiymətvermə və rasional-dəyər təsəvvürlərinin mərkəzi sistemi kimi çıxış edir. Bu isə fərdin həyatın mənəvi-ruhani cəhətində insanın özünü uyğun müəyyən etməsini ifadə edir. Deməli, milli özşüur ümummilli şüurun bu və ya digər kom­ponentlərinin fərdlər tərəfindən qavranıl­ması səviyyəsini əks etdirir. Özlüyündə özşüurun bu xüsusiyyəti milli ideya və milli ideologiyada milyonlarla fərdin ortaq təsəvvürlərini doğru ifadə etməklə sıx əlaqəlidir. Mürəkkəb sistemlərdə müxtə­lifliyin vəhdətini təmin etmək mahiyyətcə mürəkkəb və çətin işdir.
Bu bağlılıqda o da aydın olur ki, milli ideyanı və milli ideologiyanı formalaşdı­ran lider bütövlükdə milli özşüurun incə­liklərinə varmalı və onları toplum üçün səmərəli olan aspektdə sintez etməlidir.
Çox mürəkkəb və dinamik bir proses­dir. İlham Əliyev bunu bacardı! Yüksək səviyyədə bacardı!

II MƏQALƏ

Milli ideya iki fəlsəfi yanaşmanın işığında

Birinci məqalədəki yekun tezisimizin davamı olaraq son 20 ildə milli ideya və milli ideo­logiyanı nəzəri məzmunlaşdıran və praktiki reallaşdıran siyasətin fəlsəfi-elmi dərkinə çalışa­cağıq. Məsələyə bu cür yanaşmamızın elmi əsa­sı vardır. Bizcə, milli ideya və milli ideologiyaya fəlsəfi prizmada iki istiqamətdən yanaşmaq olar: Birincisi, abstrakt ümumfəlsəfi aspektdən. Ümu­miyyətlə, milli ideya və milli ideologiyaya anali­tik fəlsəfə kontekstində yanaşmaq mümkündür. İkincisi, məsələyə konkret predmet fəlsəfəsi, yəni Azərbaycan təcrübəsi fonunda nəzəri və prakti­ki-tətbiqi aspektlərin vəhdəti istiqamətindən ya­naşmaq olar.
Biz ikinci yanaşmaya üstünlük veririk. Çün­ki ümumi fəlsəfi analitik yanaşmanın təhlil gücü və yaradıcılıq potensialı nə qədər geniş olsa da, söhbət Azərbaycanın müəyyən dövrü üçün milli ideya və milli ideologiyanın formalaşmasının fəl­səfi və siyasi-nəzəri təhlilindən getməlidir. Ona görə ki, bu prosesin praktiki-tətbiqi aspekti ilə fəl­səfi-nəzəri tərəfinin vəhdət məsələsi çox önəmli­dir. Ümumumfəlsəfi analitik təfəkkürünün yüksək nəzəri “məsafəsindən baxışında” konkret mən­zərə vətəndaş üçün yayğın və xeyli mücərrəd görünə bilər. Eyni zamanda, onu da vurğulamaq zəruridir ki, bir başqa kontekstdə ümumfəlsəfi analitik tədqiqat olduqca vacibdir və onu mütləq reallaşdırmaq gərəkdir.
Bunlarla yanaşı, bizim yeni tarixi mərhələdə milli ideya və milli ideologiyanın formalaşması­nın Azərbaycan təcrübəsi kontekstində mütləq nəzərə almamızı zəruri edən bir arqumentimiz də var. Reallıq ondan ibarətdir ki, müasir mər­hələdə Azərbaycanda milli ideya və milli ideologi­ya “Heydər Əliyev–İlham Əliyev” siyasi varislik, idarəetmə və ideoloji “xətti”nin məhsuludur. Ulu öndər azərbaycançılıq ideologiyasını müasir anlam verdiyi “Müstəqil Azərbaycan” ideyası və konsepti əsasında məzmunlaşdırdı. İlham Əliyev XXI əsrin çağırışları kontekstində onu daha da zənginləşdirdi və faktiki olaraq yeni transformasi­ya mərhələsinə yüksəltdi.
Deməli, Prezidentin “Azərbaycanda yeni dövr başlayır” fikri milli ideya və milli ideologiyanın mərkəzi müddəasıdır. Bu istiqamətdə aparılacaq fəlsəfi və siya­si-nəzəri araşdırmalarda bu tezis ana xətt kimi keçməli, aparıcı və istiqamətverici fikir rolunu oynamalıdır. Bu isə o demək­dir ki, bizim yanaşmamızda ümumfəlsəfi analitik təfəkkürün Azərbaycan təcrübə­sinə “yüklədilməsi” abstraktlıqdan–milli ideyaya doğru istiqamətlənməsi deyil, milli ideyanın Azərbaycan təcrübəsindən fəlsəfi ümumiləşdirmələrə istiqamətlən­məsi aparıcılıq təşkil edir.
Beləliklə, məsələyə yeni dövrün özəl­likləri kontekstində yeni milli ideyanın konkret Azərbaycan təcrübəsinin fəlsə­fi təhlili prizmasından yanaşırıq. Məhz buna görə biz I məqalədə tarixi ədalət, milli qürur və beynəlxalq hüquq faktor­larını araşdırmanın mərkəzinə gətirmi­şik. Bunlar 3 sütun – təməl prinsiplərdir. Onların fəlsəfi analizinin daha aydın dərk edilməsi üçün öncə, “yeni tarixi mərhələ” tezisinin fəlsəfi izahını vermək lazımdır.

Dövlətçilik şüurunda mühüm aspekt – tarixiliyin və müasirliyin zaman kəsişməsi

Biz məsələni daha da nəzəriləşdir­mirik. Məsələyə dövlətçilik şüuru priz­masında baxmaqla milli ideya konteks­tində “başa çatmış mərhələ”dən “yeni mərhələyə” keçidin real ideya transfor­masiyasının fəlsəfi obrazını yaratmağa çalışırıq. Milli ideya və milli ideologiyada Heydər Əliyev – İlham Əliyev xətti özlü­yündə çoxaspektli dinamik prosesdir. Bu xətt davamlı transformasiyaları özündə ehtiva edir və onu bu cür ümumiləşdirici təfəkkürlə adekvat ifadə etmək mümkün­dür. Konkret faktların prizmasında bu te­zisi əsaslandıra bilərik.
Öncəki məqalədə vurğuladığımız kimi milli ideya təfəkkür hadisəsi kimi mil­li özşüur məsələsinə dayanır. Milli özşüur fərdlərin və onların əmələ gətirdiyi kollek­tivin özünüdərki, sosial münasibətləri an­lama tərzi, cəmiyyəti və dövləti dərketmə səviyyəsi, dünya duyumu və digər faktor­larla bağlı olduğundan bütövlükdə dövlət­çilik şüurunun tərkib hissəsi kimi təsəvvür edilə bilər. Milli özşüur faktiki olaraq fərdi şüurla toplum şüuru arasında münasibət­ləri yığcam ifadə edir. Deməli, hər hansı milli ideyaya dövlətçilik şüuru prizmasın­da baxmaq lazım gəlir.
Müasir mərhələdə dövlətçilik şüu­runun özü ierarxik struktura malikdir və funksional olaraq mürəkkəbdir. Onda bu fenomenin aparıcı elementlərini müəy­yən etmək zərurəti meydana çıxır. Milli ideya aspektində bu, faktiki olaraq hər ta­rixi dönəmdə dövlətçilik şüuru üçün daha aktual olan faktorların müəyyən edilməsi deməkdir. Lider bu baxımdan yaşadığı tarixi dönəmdə dövlətçilik şüurunun elə elementlərini aktuallaşdırmalıdır ki, ye­kunda milli ideyaya xidmət etsin. Bunun üçün mütləq keçilmiş tarixi mərhələni həm də fəlsəfi olaraq yaxşı anlamaq la­zımdır. Prezident İlham Əliyev fəaliyyə­tinin konkret punktları ilə bunları daim anlatmışdır. Əlavə olaraq da yerli tele­kanallara verdiyi son müsahibədə onun fəlsəfi, siyasi-nəzəri və realpolitik aspekt­lərini gözəl izah etmişdir.

1993-2003-cü illər – milli ideyanın başlanğıcı və bir mərhələnin sonu

Azərbaycan xalqının 1993-cü ildəki siyasi seçimi milli ideyanın müstəqil döv­lət quruculuğu kontekstində formalaşma­sına və onun mükəmməl baza ideologi­yaya çevrilməsinə təkan verdi. İndiki yol məhz o dövrdən başlayır. İlham Əliyev bu fikri belə ifadə edir: “Bugünkü real­lıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik”. Bu tarixi ədalətin bərpasına aparan, milli qüruru yenidən canlandıran və beynəlxalq hüququ təmin edən milli ideyanın başlanğıc mərhələsi idi. 1993-cü ildə milli ideya xilasedicilik­lə ərazi bütövlüyünün təmini sintezindən yarandı. Xilasediciliklə ərazi bütövlüyü­nün bərpası quruculuq və birləşdiricilik prinsipləri çərçivəsində konkret məz­munlaşırdı. Bu aspektləri azərbaycan­çılıq məfkurəsi ideologiya səviyyəsində mükəmməl surətdə vahid bir məzmun, semantik və funksional sistemdə bir­ləşdirdi. Bununla milli ideyanın əraziləri azad etmək qayəsi ilə xalqın bu ideya ətrafında birləşməsi vahid bir ideoloji sistemdə təcəssümünü tapdı. Bu proses 2003-cü ilə kimi Ulu öndərin rəhbərliyi ilə rəvan və ardıcıl olaraq inkişaf etdirildi, la­zım olan səviyyədə təkmilləşdi.
2003-cü ildə isə taleyin hökmü ilə Azərbaycan xalqı ikinci dəfə tarixi seçim etmək qarşısında qaldı. Prezident İlham Əliyev bununla bağlı demişdir: “Əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbay­can xalqı düzgün seçim etmişdi. Çünki hesab edirəm ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqlə­mişdi, yəni, Heydər Əliyev siyasəti da­vam etdirildi”.
Seçimin tarixiliyinin əlamətlərin­dən biri cəmiyyətin liderin güclü olma­sı həqiqətini tam qəbul etməsidir. Bu məsələ, adətən, dərindən dərk edilmir. Hesab edilir ki, hər bir cəmiyyət üçün güclü liderlik tələb olunan faktordur. Lakin əsas məsələ ondan ibarətdir ki, cəmiyyə­tin dövlətçilik və liderlik ənənəsi heç də həmişə bu istiqamətdə düzgün seçim edə bilmir, yəni məhz “hansı keyfiyyətlərə malik lideri güclü hesab etmək olar?” sua­lına dövrün tələblərinə uyğun cavab tapa bilmir. Nümunə kimi politoloq və diplomat Arçi Braunun Amerika üçün “güclü lider kimdir?” sualına adekvat cavab tapa bil­mədiyini göstərə bilərik. O, amerikalıların bir qisminin D.Trampı güclü lider kimi qə­bul etdiyi halda, digər qismin onun döv­lətçilik üçün təhlükəli fiqur olduğundan bəhs edirdi. Bu dilemmanı ABŞ cəmiyyə­ti hələ də həll edə bilməmişdir. Amerikalı siyasətçilər qarşıdakı seçkidə D.Trampın qalib gələ biləcəyini faciə kimi qarşılayır­lar. Cəmiyyət elektoratının bir hissəsi də bu fikirdədir.
Hesab edirik ki, xalqın düzgün seçi­mində əsas rollardan birini Heydər Əliyev anlamında “Azərbaycan ideyası” və azər­baycançılıq ideologiyası oynadı. Toplum artıq bu mənəvi-ideoloji prosesin kons­truktiv rolunu tam anlayır və ona uyğun seçim edirdi. Müstəqil dövlət quruculuğu­nun milli ideya və milli ideologiya aspek­tində ilk böyük qələbəsi bundan ibarətdir. Bu qələbənin konkret parametrlərini də Prezident İlham Əliyev müsahibəsində lakonik ifadə etmişdir. Onlar dövlətçilik prinsiplərinin bərqərar olması, vətəndaş cəmiyyətinin yaradılması və xalq-iqti­dar birliyinin dövlətçilik şüurunda önəmli amilə çevrilməsi idi.
Bütün bu nailiyyətlər milli ideyaya necə təsir etdi? Ümumi halda bu ideya dəyişdimi? Birinci mərhələnin xarakterik xüsusiyyəti məhz milli ideyanın ümumi məzmununun yeniləşməməsindən ibarət idi. Burada müəyyən yeni çalarlar mey­dana gəldi. Lakin, bütövlükdə, milli ide­yanın hədəfi dəyişməz qaldı: ərazi bütöv­lüyünü və suverenliyi tam bərpa etmək! Deməli, Azərbaycan təcrübəsində fəlsəfi baxımdan maraqlı bir özəllik mövcuddur. Milli ideya siyasi varisliyin gözləndiyi, la­kin dövlət quruculuğunda faktiki olaraq yeni mərhələnin başlanması fonunda ümumi miqyasda dəyişməyə bilər! Bu da, birincisi, Azərbaycanda yeni liderliyin ciddi surətdə siyasi varislik çərçivəsində təkmilləşdiyini ifadə edir. İkincisi, başlıca məqsəd şəxsiyyət deyil, uğurlu müstəqil dövlət qurmaqdan ibarət olduğu təsdiq­ni tapır. Üçüncüsü, milli ideyanı reallaş­dırmaq üçün qüvvələr yenidən bir yerə toparlanır, nəsillərin tərbiyəsi yeni səviy­yəyə yüksəldilir, ordu quruculuğu daha mükəmməl formada aparılır, cəmiyyətin birliyi modeli daha da inkişaf etdirilir və müdafiə fəlsəfəsi yeni məzmun çalar­ları alır. Bütün bu parametrlər 2003-cü ildən başlayaraq konkret proqramlarda ardıcıl, sistemli və qətiyyətli surətdə re­allaşdırılmışdır! Bu prosesin də ümumi əlamətlərini Prezident İlham Əliyev ifa­də etmişdir: “Sadəcə olaraq, onu demək istəyirəm ki, bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Hesab edirəm ki, bu, həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetləri­nin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər. Bu, təkcə mənim fikrim deyil, mənim bəzi həmkarlarım da bu barədə kifayət qədər açıq danışıblar.
Aydın olur ki, 2003-cü ildən başlaya­raq milli ideyanın həyata keçməsi ərazi bütövlüyünü və suverenliyi tam təmin et­məklə yanaşı, Azərbaycanı bir müstəqil dövlət olaraq güclü ölkələr sırasına çıxar­mışdır. Bu isə Azərbaycan təcrübəsində güclü liderin siyasi varisliyə və milli ideya­ya sadiqliyi daxilində böyük uğurlar əldə edə bilməsinin təsdiqidir.
Güclü lider həm də güclü cəmiyyətin formalaşmasının ümumi istiqamətlərini düzgün müəyyən etmişdir. Bununla da Avrasiya məkanında bir siyasi nümunə meydana gəlmişdir: müstəqil bir dövlətdə güclü lider, güclü dövlət və güclü cəmiy­yət ahəngdarlığı, harmoniyası, bir-birini tamamlaması baş vermişdir! Lider-döv­lət-cəmiyyət birliyi milli ideyanın əsas funksional parametrlərindən biridir. Bu­nunla millilik keçmişə, indiyə və gələcəyə cəmiyyətin bütün sferaları üzrə legitim təsir etmək imkanı qazanır. Müasir döv­lətçilikdə bu məqam xüsusi əhəmiyyət kəsb edir. Onu faktiki olaraq politoloqlar suverenlik və davamlı inkişafın başlıca legitim formulu adlandırırlar.
Deməli, Azərbaycan təcrübəsində milli ideyanı siyasi şüur və liderlik qayə­si tam reallaşdırmaq zəkası, niyyəti, məqsədi və həyata keçirmə üsulları müddətindən asılı olmayaraq, mütləq ça­tılmalı olan hədəf kimi qəbul edir. Prezi­dent İlham Əliyev bu məqamın da izahını dolğun şəkildə vermişdir.
Bu cür geniş fəlsəfi, nəzəri və siya­si-praktiki anlamda qəbul edilən milli ideyanın həyata keçməsi məhz həmin səbəbdən bir mərhələnin başa çatması kimi qəbul edilir. Bununla dövlətçilikdə milli ideyanın aparıcı və istiqamətverici rolu bir daha təsdiq olunur.
Beləliklə, yeni dövr başlayır və cənab Prezidentin sözləri ilə desək “Yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi”. Bu, fikir yeni mərhələdə milli ideyanın formalaşdırıl­masının əsas istiqamətinin ifadəsidir. Bu prizmada tarixi ədalətin bərpası, milli qü­rur və beynəlxalq hüquq faktorlarına bir daha fəlsəfi nəzər salmaq lazım gəlir.

III MƏQALƏ

Tarixi ədalət – Azərbaycan dövlətçiliyinin tarixin sınağından çıxmış prinsipi

Prezident İlham Əliyevin bu ilin əv­vəllərində yerli telekanallara verdiyi müsahibədə ədalətlilik haqqında ifadə etdiyi fikirlər milli ideya kontekstində məsələnin bu aspektini çox yaxşı izah edir. Dövlət başçımız yuxarıdakı iqti­basdan da göründüyü kimi, ədalətə inamın zəruri olduğunu vurğulayır. Yəni Azərbaycan dövlətçiliyində və cəmiy­yətin özünütəşkili ənənəsində ədalətə inam ilk sırada yer almışdır. Bu özəllik Azərbaycan cəmiyyətinin mövcudluq fəlsəfəsinə o dərəcədə hopmuşdur ki, artıq onu bizim toplumun var olmaq psixologiyasının əsas komponentlərin­dən biri kimi dərk etməyimiz son dərəcə vacibdir.
Buna görədir ki, dövlət başçısı ədalətə inam faktorunu üç mühüm top­lumsal (kollektiv) psixoloji məqam kon­tekstində izah edir. Birincisi, ədalətə inamsızlıq “istər-istəməz insanların şüuruna mənfi təsir göstərir”, ikincisi, “ruh düşkünlüyünə gətirib çıxara bilir”, üçüncüsü, “bədbinlik hisslərinin cəmiy­yətdə geniş vüsət almasına şərait ya­radır” (bax: İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib.
Bu müddəalar milli ideya baxımın­dan prinsipial fəlsəfi və psixoloji əhə­miyyət kəsb edir. Yeni tarixi mərhələdə milli ideyanın sosial-siyasi və psixoloji funksiyasının əhəmiyyətli cəhətlərini anlamaq üçün onların üzərində bir qə­dər geniş dayanmaq lazımdır.

Ədalətsizliyin insanların şüuruna təsiri

Prezident İlham Əliyev müsahibə­sində ayrıca vurğulayır ki, “30 il ərzində ədalətə inam Azərbaycan cəmiyyətində müəyyən dərəcədə sarsılmışdı”. Bu, ümumiyyətlə, “istənilən cəmiyyət üçün yaxşı hal deyil”. Tarixən ədalətə dərin inam əsasında özünüyaradan Azərbay­can cəmiyyəti üçün ədalətə inamın sar­sılması daha ağır nəticələr verə bilər. Toplum, bütövlükdə özünü inkişafdan qalar. Vahid bir sistem kimi mövcud ola bilmə imkanları minimuma enər. O hal­da hansısa milli ideyanın səmərəli funk­sionallaşmasından danışmaq belə –mümkün olmaz. Yəni ən yaxşı və güclü milli ideya belə, reallaşma şansını itir­miş olur.
Məhz buna görə də Prezident İlhamƏliyev Azərbaycan cəmiyyətində ədalə-tə inamın bərpasını milli ideya kon­tekstində mühüm vəzifələrdən biri kimi xarakterizə edir. Ədalət hissinin tama­milə itirilməməsi üçün isə ərazi bütöv­lüyünün bərpası əsas şərt kimi qəbul edilmişdir. Fəlsəfi baxımdan, bu, o deməkdir ki, ərazi bütövlüyünün bər­pası digər məsələlərlə yanaşı, həm də xalqda ədalətə inamın bərpa olunması deməkdir.
Öz növbəsndə bu prosesin çox mü­hüm məna çalarlarından biri də ədalə­tin tarixi aspektdə Azərbaycan toplumu üçün böyük əhəmiyyəti olduğunu in­sanlara çatdırmaqla əlaqəlidir. Vurğula­nan səbəblərdən, Azərbaycan toplumu üçün ədalətin tarixiliyi dövlətçilik kon­tekstində çox əhəmiyyətlidir. Ona görə ki, tarixən Azərbaycan dövlətçiliyində ədalət faktoru əsas yerlərdən birini tut­muşdur.
Belə nəticə alınır ki, İlham Əliyev Prezident kimi ədalətin bərpasını hə­mişə Azərbaycan dövlətçiliyinin əsas prinsiplərindən biri olaraq zəruri say­mışdır. Bu özəllik isə tarixi ədalətin dərindən və üzvi olaraq milli ideyanın mənası, məzmunu və mahiyyətində mühüm prinsip statusunda nəzərə alın­dığını ifadə edir. Ərazi bütövlüyünün bərpası milli ideya kimi bu səbəbdən tamamilə tarixi legitimliyi olan müsbət bir fenomen-prosesdir!
Bu əsasda tarixi ədalətin yeni mər­hələdə milli ideyanın substantiv və funksional olaraq vacib yer tutması mümkündür (bizcə, faydalı olardı). Yəni Azərbaycan tarixin bütün mərhələlə­rində ədalət prinsipini milli ideyanın mərkəzi amillərindən biri kimi əbə­diləşdirməlidir! Məsələnin digər aspekti Prezidentin vurğuladığı iki vacib sosi­al-psixoloji faktorla bağlıdır.

Ruh düşkünlüyü – toplumsal fəsad

Bu, doğrudan da, ağır dağıdıcı so­sial-psixoloji haldır. Əgər cəmiyyət ruh düşkünlüyünə uğrayarsa, onun özünə qiymət verməsi ciddi təhriflərə müşayiət olunur. Faktiki olaraq, cəmiyyət keç­miş-müasirlik-gələcək qarşılıqlı əlaqəsi kontekstində özünü adekvat dərk edib, konkret zaman-məkan reallıqlarında perspektivlilik aspektində qiymətlən­dirə bilmir. Bu, ümumi halda toplumun adekvat empatiya (özünüdərketmə) qa­biliyyətini itirməsi deməkdir. Belə halın mövcud olduğu cəmiyyətin bütövlüyünü saxlaması mümkün deyil. Proses uzun müddət mənfi istiqamətdə davam edər­sə, bütövlükdə, xalq yoxa çıxa bilər. Bu cür gedişatın əsas əlamətlərindən biri kollektiv reallıqlar səviyyəsində bədbin­liyin olmasıdır.

Bədbinlik – özünəinamın düşməni

Özünəinamın fərdi və xalq anlamın­da rolu çox güclüdür. Hər iki anlamda fəaliyyətin sonuclarına birbaşa təsir edir. Hətta, özünəinam güclü olanda di­gər sosial, psixoloji, mənəvi çatışmaz­lıqların bərpası imkanı meydana gəlir. Kollektiv miqyasda özünəinam isə ol­duqca əhəmiyyətli faktor kimi bütövlük­də cəmiyyətin sosial, psixoloji, mənəvi, mədəni, əxlaqi özəllikləri ilə sıx bağlıdır.
Bunlara görə, bədbinlik özünəina­mın azalmasının və ya olmamasının yekunudur. Bədbin cəmiyyətin daxili bağlantısı minimum səviyyədə olur. İn­sanları birləşdirən ictimai faktorlar öz funksiyasını yerinə yetirə bilmir. Başqa fəsadlarla yanaşı, bu, həm də kollektiv səviyyədə milli ideyanı görə bilməmək halını yaradır. Fəlsəfi ifadə ilə, bədbin­lik fərdin özünü milli ideya kontekstində identifikasiya etmək qabiliyyətini itirmə­si kimi bir qorxulu durum yaranmasını motivasiya edir.
Beləliklə, ədalətsizlik, ruh düşgün­lüyü və bədbinlik toplumsal miqyasda xalqın mövcudluğuna risk ola biləcək bir mühit formalaşdıra bilir. Prezident İlham Əliyev bu faktorların birgə təsirini sağlam cəmiyyətin yaranması və möh­kəmlənməsi üçün “çox təhlükəli amillər” kimi qiymətləndirməkdə tamamilə haq­lıdır. Xüsusilə milli ideyanın reallaşması aspektində bu məqamın ayrıca əhəmiy­yəti vardır.

Milli ideya və sağlam cəmiyyət: əks-əlaqə prinsipi kontekstində

Belə çıxır ki, tarixi ədalətin bərpası cəmiyyətdə ədalətə inamı, ruh yüksək­liyini və toplumsal nikbinliyi sitmullaş­dırır və onların qarşılıqlı təsirlərini milli ideyanın reallaşması aspektində har­moniya halına salır. Bu isə sağlam cə­miyyətin yaranmasının mühüm əlamət­lərindəndir. Müəyyən edilmiş milli ideyanın həyata keçməsi yalnız sağlam cəmiyyət mühitində mümkündür. Müa­sir tarixi mərhələ üçün cəmiyyətin “sağ­lamlığı”nın fəlsəfi anlamı azad və güclü vətəndaş cəmiyyətinin yaranması ilə sıx bağlıdır.
Bu fəlsəfi müddəaların fonunda mil­li ideya ilə sağlam cəmiyyət arasında əks-əlaqənin xüsusi məzmuna malik olması nəticəsini almaq olar. Konkret olaraq, milli ideya sağlam cəmiyyətin mövcudluğunu, sağlam cəmiyyət isə milli ideyaya inamı tələb edir. Bunun üçün milli ideya konkret mərhələ üçün real və əsaslı olmalı, inkişafın və özü­nütəşkilin əsas prinsiplərinə dayanmalı­dır. Bu mənada Azərbaycanda milli ide­yanın bir mərhələsinin tamamlanması sağlam cəmiyyətin yarandığının təsbiti və təsdiqidir. Cəmiyyət özünü adekvat empatiya edə bilir, qarşısına qoyduğu məqsədlərə çatmaq üçün öz ədalətini gözləyir, ruh yüksəkliyinə malikdir və sosial-psixoloji nikbinliyə malikdir. Vur­ğulanan bu özəlliklər milli ideyanın ilk mərhələsinin komponentləri kimi çox əhəmiyyətlidirlər. Eyni zamanda, yeni tarixi mərhələnin milli ideya kontekstin­də elə təməl sahəsini formalaşdırırlar ki, yeni milli ideyanı müəyyənləşdirmək üçün prinsipial əhəmiyyət daşıyırlar.
Bununla milli ideyanın reallaşmasın­da tarixi ədalətin bərpasının böyük əhə­miyyətini anlamaqla yanaşı, çox vacib bir məqamın aktuallığına da əmin olu­ruq. Bu, milli ideyanın həyata keçməsin­də ədaləti təmin edən liderin mövcudlu­ğu ilə bağlıdır.

Ədaləti təmin edən lider – milli ideyanın yaradıcısı və daşıyıcısı

Tarixin bütün dönəmlərində xalq üçün əhəmiyyəti olan ədaləti liderlər təmin edirlər. Cəmiyyət üçün milli ide­ya baxımından vacib olan yuxarıdakı faktorların reallaşması birbaşa liderin fəaliyyəti ilə sıx bağlıdır. Təsadüfi de­yildir ki, tarixdə “Qanuni Süleyman” ifa­dəsi vardır və yaxud elə liderlər olmuş­lar ki, onlara xalqın vicdanı və ədaləti kimi qiymət verirlər. Həmin liderlər milli ideyanın yaradıcıs və daşyıcılarıdır. Nümunə kimi, Heydər Əliyevin müasir mərhələdə müstəqilliyi milli ideyasının yaradıcısı və əsas daşıyıcısı olmasını göstərə bilərik. Bununla yanaşı, Şarl de Qoll Fransanıın müstəqilliyi ideyasının XX əsrin ikinci yarısında yaradıcıs idi. Mustafa Kamal Atatürk türklərin istiqlal milli ideyasının XX əsrdə yaradıcısı və əsas daşıyıcısı kimi, Mahatma Qandi isə Hindistanın azadlığı ideyasınını ya­radıcısı kimi qəbul edilir.
Azərbaycan üçün XXI əsrin çox çətin şərtləri altında ərazi bütövlüyünü bərpa etmək, sözün həqiqi mənasında, bu milli ideyanın yaradıcısını və daşıyı­cısını tələb edirdi. Vurğulanan anlamda məsələnin mahiyyəti ondan ibarətdir ki, sağlam, ədalətli, özünəinamlı, ruh yüksəkliyinə malik və nikbin cəmiyyət­də toplumsal maraqları ifadə edə bilən şəxsiyyət – lider olmalıdır. Məhz həmin liderin fəaliyyəti sayəsində vurğulanan müsbət toplumsal keyfiyyətlər potensi­aldan aktuallığa çevrilə bilir, yəni sosial praktika vasitəsilə tarixi reallığa çevrilir. Bu gerçəklikləri Prezident İlham Əliye­vin aşağıdakı fikirləri çox gözəl ifadə edir: “Ona görə ədalətə inanmaq üçün əsas olmalıdır. Onu da biz hamımız bilməliyik ki, ədalət özü-özünə gəlmir, ədaləti sən gərək təmin edəsən”.
Beləliklə, Azərbaycan üçün milli ideyanın reallaşması kontekstində ta­rixi ədalətin bərpası bir sıra faktorların mövcudluğunu zəruri etmişdir. Tarixi ədalətin bərpası baxımından bunun iki məqamı önəmli olmuşdur. Birincisi, tarixi ədaləti təmin edə bilən şəxsiy­yət-liderin mövcudluğu, ikincisi, sağlam cəmiyyət (“azad və güclü multikultural vətəndaş cəmiyyəti” mənasında). Lider azad və güclü multikultural cəmiyyəti formalaşdırmaqla onun ədalətə inamı­nı bərpa edir və bununla da müəyyən edilmiş prinsiplər üzrə milli ideyanın re­allaşması üçün “sağlam təməl fəaliyyət sahəsi” yaradır. Eyni zamanda, “sağ­lam təməl fəaliyyət sahəsi”nin başqa bir vacib komponentinin – milli qürur hissinin formalaşması üçün münbit və stimulverici şərait formalaşır.

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Məqalə "Xalq qəzeti"nin 13.01.2024, 10.02.2024, 12.02.2024-cü il tarixlərində dərc edilib.