09.02.2024, 06:48 - Baxış sayı: 295

Türkiyənin Naxçıvanda xilaskarlıq missiyası


Naxçıvan Muxtar Respublikası – 100

I. Qədim diyar daşnak quldurların hədəfində


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında 30 dekabr 2023-cü il tarixli Sərəncamı Azərbaycanın bu qədim diyarının son 1 əsrdəki keşməkeşli tarixinə bir daha nəzər salmağı, onun ana Vətənlə sıx bağlılığına, muxtariyyət statusuna gətirən mübarizə yoluna və ondan sonrakı mürəkkəb dövrün şərəfli və bəlalı gedişatına tarixi səyahət etməyi gündəmə gətirir.
Əvvəla, vurğulamaq istərdim ki, tarixçilərimiz həm sovet dövründə, həm də müstəqillik illərində Naxçıvan Muxtar Respublikasının, onun tarixinin ayrı-ayrı mərhələlərinin tədqiqi sahəsində gərəkli işlər görmüşlər. Bu sahədə ilk tədqiqatçılar sırasında Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (sonra Naxçıvan Dövlət Uni­versiteti) sevimli müəllimimiz olmuş, tarix elmləri namizədi, dosent Əli Əliyevin (1905–1997) xüsusi yeri və xidməti vardır. Bu fədakar alim 1941–1970-ci illərdə Muxtar Respublikada yüksək dövlət vəzifələrində çalışmış, eyni zamanda, erməni-daşnak iddialarına və fitnələrinə qarşı hər zaman inadla elmi mübarizə aparmışdır.
Əli müəllim Naxçıvanda və digər bölgələrdə daşnak quldurlarının, onların liderlərinin xalqımıza qarşı kütləvi qətliamlar törətdiyini dəfələrlə SSRİ və Azərbaycan SSR rəhbərliyinə yazdığı məktublarında faktlarla göstərmiş və kəskin ittiham etmişdir. Sarsılmaz milli mövqeyinə görə daim təqiblərə məruz qalmasına baxmayaraq əqidəsindən dönməyən Əli Əliyev Naxçıvanın XX əsr tarixinin gizli saxlanılan səhifələrinə öz tədqiqatları ilə işıq salmışdır.
1917-ci il oktyabr bolşevik çevrilişindən sonra Qafqazın digər xalqları kimi Azərbaycan xalqı da öz müqəddəratını təyin etmək üçün mübarizəyə qalxdı. Əli Əliyevin şahidi olduğu və qələmə aldığı kimi, 1917-ci ilin sonlarında ermənilərin Naxçıvana qarşı iddialarının xüsusilə güclənməsi 1918-ci ilin əvvəllərində artıq real təhlükəyə çevrildi, daşnakların silahlı dəstələri türklərlə mübarizə adı altında Naxçıvanın ərazisinə soxulub soyqırımı keçirməyə başladılar. Yalnız Naxçıvan bölgəsində 73 min 727 nəfər Azərbaycan türkü qətlə yetirildi. 1917-ci ilin sonlarından 1918-ci ilin aprelinədək ermənilər Naxçıvanın da daxil olduğu və əhalisinin böyük əksəriyyətini Azərbaycan türklərinin təşkil etdiyi İrəvan quberniyasında 197 kəndi talan etdilər və etnik təmizləmə apardılar.
1917-ci ildə Rusiyada oktyabr çevrili­şindən sonra bolşeviklərin çağırışı ilə Birinci Dünya müharibəsində, o cümlədən, Rusiya–Türkiyə cəbhəsində vuruşan rus əsgərləri evlərinə döndülər. Türkiyə ilə Rusiya arasında 18 dekabr 1917-ci ildə Ərzincanda bağlanan saziş müharibəyə son qoydu. Lakin rus ordusundakı on minlərlə silahlı erməni əsgər və zabiti hərbin əvvəlindən işğal altında olan, bir çox qismi isə hələ 1877–1878-ci illər müharibəsində istilasına məruz qalan Osmanlı torpaqlarında türk-müsəlman əhalini ucdantutma qırırdı.
Onlar rus ordusunun tərk etdiyi bu torpaqlarda gələcək “Böyük Ermənistan” qurmağı planlaşdırırdılar. Vladimir Leninin başçılıq etdiyi RSFSR Xalq Komissar­ları Sovetinin 29 dekabr 1917-ci il tarixli “Türkiyə Ermənistanı haqqında” dekreti bilavasitə buna xidmət edirdi. Elan edilirdi ki, Rusiyanın fəhlə və kəndli hökuməti “Türkiyə Ermənistanı” ermənilərinin tam müstəqilliyə qədər azad surətdə öz müqəddəratını təyinetmə hüququnu müdafiə edir.
Bölgəyə qoşun yeritmək, erməni “xalq milisi” yaratmaq, müxtəlif ölkələrdəki ermənilərin buraya köçürmək və s. məkrli məqsədlər nəzərdə tutulurdu. Bütün bu vəzifələr Qafqaz işləri üzrə müvəqqəti komissar Stepan Şaumyana həvalə olunmuşdu. Bu işğalçı siyasətin qarşısını almaq üçün Türkiyənin 3-cü ordusunun komandanı Vehbi Mehmet paşa Birinci Dünya müharibəsində şücaət göstərmiş Kazım Qarabəkirin onun ordusuna verilməsini baş komandanlıqdan xahiş etdi. 28 yanvar 1918-ci ildə kurmay-albay K.Qarabəkir I Qafqaz Kolordusu komandanlığına təyin olundu.
Ağır qış şəraitinə baxmayaraq, K.Qarabəkirin kolordusu fevralın 13-də Ərzincanı, martın 12-də Ərzurumu, martın 13-də Həsənqalanı erməni işğalından azad etdi. Sonra isə 40 il Rusiya işğalı altında qalan, 1917-ci ilin oktyabrından isə ermənilərin işğalına düşən torpaqların azad edilməsinə başlandı. Aprelin 25-də Sarıqamış, ondan sonra Qars qalası azad edildi. Bu xidmətlərinə görə K.Qarabəkirə mirliva (general-paşa) rütbəsi verildi.
Kazım Qarabəkir paşanın qoşunları 1918-ci il mayın 15-də artıq Osmanlı dövlətinin Rusiya ilə 1877-ci illərdəki sərhədlərinə çıxaraq Gümrüyə (Aleksandropol) hücuma başladı. 9 lokomotiv, 120 vaqon, çoxlu top, tüfəng və sairə ələ keçirildi. K.Qarabəkir paşa mayın 20-də Gümrünü tutub, qərargahını burada yerləşdirdi. Bir həftə içərisində erməni ordusunu 60–70 km geriyə sıxışdıraraq İrəvanı və Eçmiədzini (Üçkilsə) almaq üçün əlverişli mövqe qazandı.
O zaman Türkiyə ərazisində ermənilərin Ermənistan dövləti yaratmaq planı türk ordusunun qətiyyətli zərbələri ilə puça çıxmış, ermənilər əsas mərkəzləri olan Gümrünü və bir sıra mövqelərini buraxaraq geri çəkilməyə məcbur olmuşdular. 1918-ci ilin mayında Tiflisdə istiqlalını elan edən Ermənistanın Osmanlı dövlətindən sülh istəməsindən başqa yolu qalmamışdı. Türkiyədə belə qəti mövqe formalaşmışdı ki, onun ərazisində Erməni dövlətinin yaradılmasından söhbət gedə bilməz. Belə bir dövlət yaranacaqsa, bu Rusiya işğalındakı Qafqazda mümkün ola bilər.
Türklər ermənilərin o zaman əsas istinadgahı sayılan Gümrünü isə bir daha əldən vermək niyyətində deyildilər. Buna görə Ermənistan Respublikası elan ediləndə bu ölkənin paytaxtının hara olacağı sual altında idi. Müəyyən tövsiyələr olsa da, İrəvanın ermənilərə verilməsi ilə əlaqədar Azərbaycan hökumətinə ciddi bir təzyiq yox idi. Türkiyə Ordusu tərəfindən sıxışdırılan və əsasən İrəvana və quberniyanın yaxın qəzalarına doluşan ermənilərin hərbi gücü olsa da, İrəvan və bütün vilayət hüquqi olaraq Azərbaycan torpağı idi və əhalisinin mütləq əksəriyyətini soydaşlarımız təşkil edirdi.
1918-ci ilin mayında Gürcüstanda və Ermənistanda olduğu kimi, Azərbaycanda da müstəqillik elan olundu. Keçmiş İrəvan xanlığının, və quberniyasının ərazisində yaradılan Ararat Respublikası (Ermənistan) hökuməti müstəqilliyini elan edən andan Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürdü. Daşnak hökuməti tabeliyində olan, dünya müharibəsində iştirak etmiş, eləcə də Türkiyəyə qarşı döyüşlərdə təcrübə keçmiş minlərlə silahlı əsgərlə Azərbaycan torpaqlarını zorla ələ keçirməyə başladı.
Belə bir şəraitdə 1918-ci il mayın 29-da Azərbaycan Milli Şurasının iclası keçirildi. Milli Şuranın üzvü Fətəli Xan Xoyski Milli Şura nümayəndələrinin erməni Milli Şurası nümayəndələri ilə Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi ilə əlaqədar aparılan müzakirələrin nəticəsi barədə məlumat verərək bildirdi ki, Aleksandropol Türkiyəyə keçdiyindən erməni dövlətinə siyasi mərkəz lazımdır. Belə mərkəz isə ancaq İrəvan ola bilər, ona görə bu şəhərin ermənilərə güzəşt edilməsi labüddür. Təklif səsə qoyulub qəbul edildi.
Sənəddən məlum olur ki, bu təklifin lehinə 16 nəfər səs vermiş, 1 nəfər əleyhinə olmuş, 3 nəfər səsvermədə iştirakdan imtina etmişdir. Deməli, həmin iclasda Milli Şuranın 28 üzvündən 20-si iştirak etmişdir.
Mayın 29-da, istiqlaliyyətin bəyan edilməsinin ertəsi günü Azərbaycan hökumətinin İrəvanı Ermənistana verdiyini elan etməsi nəinki erməniləri ərazi iddialarından çəkindirdi, əksinə, onların iştahını daha da artırdı. Azərbaycanın Baş naziri Fətəli xan Xoyski həmin günlərdə Batumda Milli Şura sədri Məhəmməd Əmin Rəsulzadə ilə bərabər, Osmanlı dövlətinin səlahiyyətli nümayəndələri ilə danışıqlarda iştirak edən xarici işlər naziri Məmmədhəsən Hacınskiyə Tiflisdən göndərdiyi teleqramında yazırdı: “Çox hörmətli Məmməd Həsən! Burada Azərbaycanın müstəqilliyi haqqında teleqramı göndərməyimizə müxtəlif maneələr yaradırlar. Teleqramın mətnini rus və fransız dillərində Sizə göndərirəm ki, oradan radio ilə, birbaşa xəttlə Konstantinopola, oradan da radio ilə digər yerlərə ötürülsün. Teleqramı xarici işlər naziri olaraq tək özünüz imzalaya bilərsiniz. Nəsib bəy və Sultanov əhalini məlumatlandırmaq və hazırlamaq üçün Yelizavetopola yola düşdülər. Ermənilərlə bütün mübahisələri bitirdik, onlar ultimatumu qəbul edər və mübahisələrə son qoyarlar. Biz İrəvanı onlara güzəştə getdik”.
Yeri gəlmişkən, qeyd edək ki, həmin akta Pezident İlham Əliyevin verdiyi qiymət tarixi reallıq və siyasi məzmun baxımından tamamilə obyektiv və ədalətlidir: “Sirr deyil ki, XX əsrdə Azərbaycan torpaqları hissə-hissə Ermənistana verilmişdir. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranandan bir gün sonra, əfsuslar olsun ki, İrəvan şəhəri Ermənistana verildi. Halbuki, bunun heç bir əsası yox idi. Bu, qədim Azərbaycan şəhəridir... O qərara gəldikdə isə mən hesab edirəm və yəqin ki, hamı mənimlə razılaşar, o böyük bir tarixi cinayət idi, səhv yox, cinayət. Birincisi, İrəvanda o vaxt yaşayan azərbaycanlılardan soruşulmadı. İkincisi, nə qaçaqaç idi? Hara tələsirdilər?.. 1920-ci ilin aprelində sovetləşmədən sonra noyabr ayında artıq sovet hökuməti Qərbi Zəngəzurun böyük hissəsini Azərbaycan­dan qoparıb Ermənistana vermişdir”.
Göründüyü kimi, Naxçıvanın Azərbaycanın əsas hissəsindən bu şəkildə ayrı salınması, eləcə də, Azərbaycanın Türkiyə ilə təbii sərhədlərinin əldən verilməsi Ermənistanın Naxçıvana olan iddialarını daha da körükləmişdi. 29 may 1918-ci ildə İrəvana sahib olandan sonra daha da şirnikləşən daşnaklar Naxçıvan, Zəngəzur, Qarabağ torpaqları hesabına Ermənistanı genişləndirmək, eyni zamanda rus, ingilis himayəsindən istifadə edərək Türkiyənin bir sıra şərq vilayətlərini ələ keçirmək niyyətində idilər.
Qayıdaq Naxçıvana erməni quldur basqınlarının törətdiyi fəlakətlərə. 1918-ci il may ayının sonlarında Naxçıvan bölgəsinin əhalisi Kərim xan İrəvanlının başçılığı ilə Osmanlı dövlətinin Şərq cəbhəsinəki 3-cü Ordu komandanı Mehmed Vehbi paşanın yanına nümayəndə heyəti göndərib erməni işğalına qarşı hərbi qüvvə ilə yardım göstərməyi xahiş etdi. Türkiyə ilə müharibədə məğlubiyyətin labüd olduğunu anlayan ermənilər 1918-ci il mayın 26-da müstəqil dövlətlərini elan edən kimi Türkiyə ilə sülh bağlamağın zərurətini başa düşüb barış istədilər.
Bu vaxtlar gürcülər də Türkiyə ilə müharibə vəziyyətində idilər. 1918-ci il iyunun 4-də Batumda Türkiyə dövləti Ermənistan və Gürcüstanla ayrı-ayrılıqda sülh müqaviləsi bağladı. Həmin gün Türkiyə ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında isə dostluq müqaviləsi bağlandı. Müqaviləni Azərbaycan Cümhuriyyəti adından xarici işlər naziri Məhəmməd Həsən Hacınski və Milli Şura sədri Məhəmməd Əmin Rəsulzadə imzaladılar.
Azərbaycan Xalq Cümhuriyyəti ilə Türkiyə arasında 4 iyun 1918-ci ildə Batumda bağlanan müqavilə üzrə qardaş ölkənin göstərdiyi əsgəri yardım milli istiqlalımızın qələbəsində, eyni zamanda, xalqımızın erməni və rus işğalından qorunmasında əvəzsiz rol oynadı. Hələ Azərbaycan hökuməti Tiflisdən Gəncəyə köçürülməmiş Nuru paşanın komandanlığı ilə Azərbaycana yardıma gəlmiş Türk qoşunları Gəncədə yerləşib gözləyirdilər. Türk qoşunları Azərbaycana iki qrup halında gəlmişdilər. Birinci qrup Məhəmməd Əmin Rəsulzadənin “xilaskar mələk” adlandırdığı Nuru paşanın rəhbərliyi ilə 1918-ci il iyunun 7-də İran ərazisindən keçməklə Zəngəzur üzərindən, ikinci qrup isə iyunun 9-da Qazax üzərindən Gəncəyə çatmışdı. Vahiməyə düşən, bu hərbi yürüşdən həyacanlanan Stepan Şaumyan təcili Leninə və Stalinə teleqram vurmuşdu: “Türklər Qarakilsədən, Dilicandan keçib Ağstafaya çatıblar. Oradan da birbaşa Bakıya və Culfaya gedəcəklər. Xəbər verirəm: hücum başlanmışdır”.
Bu dövrdə erməni qulduru Andranik bolşeviklərlə işbirliyi yaradaraq Naxçıvanı, Zəngəzuru ələ keçirmək üçün əməliyyatlara başlamışdı. Bakıdakı bolşevik hökumətinin başçısı S.Şaumyandan dəstək alan Andranik Şərur–Dərələyəz və Naxçıvan qəzalarında qanlı qırğınlar törətmişdi. Bölgəni kütləvi qırğından yalnız Türkiyə xilas edə bilərdi.
1918-ci il iyunun əvvəllərində 9-cu və 11-ci Türk diviziyaları Uluxanlıdan Naxçıvana hərəkət etdi. 1918-ci ilin iyun ayının 4-də xilaskar türk qoşunu Naxçıvana daxil oldu. Şəhər əhalisi türk qoşununu toy-bayramla qarşıladı, şəhərdə Türkiyə bayrağı qaldırıldı. Naxçıvan üzərində Türkiyə himayəsi bərqərar oldu. Türk qoşunları və Naxçıvanın yerli müdafiə qüvvələri daşnak quldur dəstələrini darmadağın edib bölgədən qovdular. Naxçıvanın 15 kəndini viran qoymuş Andranik bu məğlubiyyətdən sonra Zəngəzura doğru hərəkət etdi.”
Naxçıvanda Milli Şura sədri Cəfərqulu xan, onun oğlu Kəlbəli xan, Rəhim xan, Kamran xan, Cabbarağa Vəzirov və başqalarının səyləri ilə yerli inzibati komitə bərpa olundu. Bölgənin erməni işğalından qorunması üçün tədbirlər görüldü.
Bu vaxtlar gənc Azərbaycan Cümhuriyyəti hökuməti hələ Azərbaycanın bütün ərazilərinə hakim deyildi. Bakı və şəhərətrafı birbaşa Rusiya hökumətinin başçısı V.Leninə tabe olan bolşevik rus, erməni komissarlarından ibarət üzdəniraq “Bakı kommunası”nın əlində idi. Bu hərbi-siyasi diktaturanın ruslardan və ermənilərdən ibarət silahlı qüvvələri, eləcə də ayrı-ayrı erməni silahlı birləşmələri Azərbaycan Cümhuriyyətini beşiyindəcə boğmaq üçün birləşərək Gəncəyə hücumlara başladılar.
Həm daşnaklara, həm də bolşevik istiqlalçılarına qarşı mübarizə aparan Azərbaycan hökuməti Naxçıvanın, Zəngəzurun müdafiəsində ciddi çətinliklərlə qarşılaşmışdı. Bakıdan Naxçıvana gələn dəmiryolu İrəvandan keçirdi. Şose yollarının keçdiyi Zəngəzur bölgəsinə erməni silahlı quldur dəstələri tez-tez basqınlar edir, əhaliyə divan tuturdular. Buna görə də Azərbaycan hökuməti ilə lazımi əlaqə yox idi. Naxçıvan həm özünü idarə etməkdə, həm də ərazi bütövlüyünü, xalqın təhlükəsizliyini təmin etməkdə ağır məsuliyyət yükünü özü çəkməli olmuşdu. Belə çətin vəziyyətdə özünü Azərbaycanın ayrılmaz hissəsi sayan Naxçıvan Türkiyənin qardaşlıq yardımına arxalanaraq azərbaycançı siyasət yeridir, təpədən-dırnağa qədər silahlanmış erməni quldurlarına qarşı mətanətlə mübarizə aparırdı.
Lakin yaranmış şərait elə idi ki, Naxçıvan bölgəsi erməni daşnaklarının hücumlarına təkbaşına davam gətirə bilməzdi. Türkiyədə işğalçılıq planları boşa çıxan, türk qoşunları tərəfindən əhalisinin əksəriyyətini Azərbaycan türklərinin təşkil etdiyi İrəvana sıxışdırılan daşnak-erməni qüvvələri buradan Şərur–Kəngərli torpaqlarına həmlələr edir, nəzarətlərindəki ərazini genişləndirməyə can atırdılar.
Birinci Dünya müharibəsi davam edirdi. Bitərəf İranın ərazisi müharibə edən ittifaqların döyüş meydanına çevrilmişdi. İngiltərə, Rusiya və Osmanlı Türkiyəsi burada savaş halında idilər. Cənubi Azərbaycanın bir qismi Rusiyanın, digər qismi Türkiyənin hərbi nəzarətində idi. 1 avqust 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin Naxçıvan bölgəsi, həmçinin Cənubi Azərbaycanın Təbriz bölgəsi K.Qarabəkir paşanın 1-ci Qafqaz kolordusunun təsir dairəsində idi. Avqustun 7-də K.Qarabəkir paşa qərargahını Təbrizdən Naxçıvana köçürdü. Qafan tərəfdən Naxçıvana hücuma hazırlaşan erməni quldurlarının qarşısı kəsildi.
1 avqust 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin Naxçıvan bölgəsi, həmçinin Cənubi Azərbaycanın Təbriz bölgəsi K.Qarabəkir paşanın 1-ci Qafqaz kolordusunun təsir dairəsində idi. Avqustun 7-də K.Qarabəkir paşa qərargahını Təbrizdən Naxçıvana köçürdü. Qafan tərəfdən Naxçıvana hücuma hazırlaşan erməni quldurlarının qabağı alınmış oldu. Bir qədər sonra Təbrizi tutmağa can atan ingilis qoşunlarını qabaqlamaq üçün K.Qarabəkir paşa avqustun 16-da II tüməni Təbrizə göndərdi. Özü isə sentyabrın 2-də qərargahı ilə Təbrizə getdi. Sentyabrın 5-də döyüşə girən türk qoşunları ingilisləri qəti məğlubiyyətə uğradıb Kaplankuh dağınadək təqib etdilər, hətta onların iki təyyarəsini vurub saldılar.
Sentyabrın 15-də Türkiyə və Azərbaycan silahlı qüvvələrindən təşkil olunmuş Qafqaz İslam Ordusu Nuru paşanın komandanlığında Bakını rus və erməni qəsbkarlarından azad etdi. AXC hökuməti Gəncədən Bakıya köçdü. Bu xəbər Naxçıvanda böyük sevinclə qarşılandı.
Oktyabrın 22-də K.Qarabəkir paşa Cənubi Azərbaycanı tərk edərək Naxçıvana yola düşdü. Oktyabrın 25-də Culfaya, sonra isə Naxçıvana gəldi. Lakin cəmi 6 gün sonra oktyabrın 31-də K.Qarabəkir paşa əmr aldı ki, I kolordu qərargahı ləğv edilir, özü də İstanbula çağırılır. Bu onunla əlaqədar idi ki, 30 oktyabr 1918-ci ildə I Dünya müharibəsində vuruşan dövlətlər Mudros müqaviləsi bağlamışdılar və məğlub tərəf kimi Türkiyə bir çox sərt tələblər altına salınmışdı. Türk qoşunları Qafqazı tərk etməli, müharibədən əvvəlki sərhədlərə çəkilməli və bir sıra ağır əzici tələblərə əməl etməli idi.
Nuru paşa Bakıdan və Azərbaycanın digər bölgələrindən qoşunları çıxardığı kimi, K.Qarabəkir paşa da 1918-ci il noyabrın 1-də qərargahı ilə Naxçıvandan qatarla Qarsa yola düşməli oldu. Mudros şərtlərini eşidən K.Qarabəkir paşa çox pərişan olmuş və demişdi: “40 illik əsarətdən 6 ay öncə qurtulan və erməni məzalimindən ağır yaralar alan... türk-müsəlman əhalisinin yaşadığı bu bölgələr, biz 1914-cü ilin hüduduna çəkilincə yenidən erməni-gürcü zülmünə məruz qalacaqdır. Buna çarələr düşünüb, tədbirlər görməliyik”.
Bu dövrdə türk qoşunlarının tərk etdiyi digər bölgələr kimi, Naxçıvan ərazisində də erməni işğalından qorunmaq məqsədilə bir məhəlli hökumət yaradılması zəruri olmuşdu. 3 noyabr 1918-ci ildə Naxçıvandan, İrəvan ətrafından, Şərur Eçmiəzdin və Sürməlidən (İqdır) gələn nümayəndələr Qəmərlidə keçirilən təsis yığıncağında mərkəzi İqdır olan Araz–Türk hökuməti təşkil etdilər. Naxçıvan rəsmən hökumət mərkəzi olmasa da, idarəçilik və müdafiə işlərinin əksəriyyəti məhz burada yerləşmişdi. 1918-ci il noyabrın 7-də K.Qarabəkir paşanın Naxçıvanın köməyinə göndərdiyi əsgərlər Şaxtaxtı kəndini və dəmir yolu stansiyasını er­məni silahlı qüvvələrindən təmizlədilər, 4 top və digər hərbi qənimətlərlə yana­şı, 170 silahılı əsir götürüldü.
1918-ci il ilin dekabrında türk əsgərləri Zəngibasar və qismən də Vedibasar ərazilərini azad edib Şərura daxil oldular. Kəlbəlı xanın 400 nəfərlik süvarisi də köməyə gəldi və birlikdə polkovnik Doluxanovun qoşununa ağır zərbə en­dirildi, ermənilər Arazdəyən stansiyasınadək qovuldular.
Bölgədə yaranmış belə mürəkkəb şəraitdə Araz–Türk Respublikası rəhbərliyi ingilislər tərəfindən sıxışdırılaraq get-gedə işlərdən kənar edilirdi. Araz-Türk Respublikasının nümayəndəsi P.Bayrambəyov AXC Parlamentinin iclaslarında iştirak edir, vəziyyətlə əlaqədar Parlamenti məlumatlandırırdı.
Naxçıvanı faktiki olaraq Cəfərqulu xan idarə edirdi, Kəlbəli xan bölgə silahlı qüvvələrinin komandanı idi. Bölgənin müdafiəsində türklərin burada qoyub getdiyi 300 əsgər və 5 zabit yaxından iştirak edirdilər.
Naxçıvanda keçmiş xan nəslinə məxsus şəxslər İrana meyl edir, AXC-lə əlaqələrin möhkəmləndirilməsinə xüsusi səy göstərmirdilər. AXC hökumətinin göndərdiyi nümayəndələr burada Cəfərqulu xan, Kalbalı xan və Araz–Türk hökuməti rəhbərliyi arasındakı ixtilafı aradan götürməyə və beləliklə, ingilislərin ermənipərəst siyasətini xeyli əngəlləməyə nail oldular. Burada Naxçıvanın Azərbaycan Xalq Cümhuriyyətinə birləşməsi barədə akt tərtib edildi.
1918-ci il noyabrın 30-da hərbi nazir Abdulla paşa ilə görüşəndə K.Qarabəkir paşa boşaldılan Şərq bölgəsində (Üçsancaq, Ahılkələk, Ahıska və Naxçıvan) ermənilərin və gürcülərin yerli türklərə qarşı qırğına başlayacaqları fikrini bildirərək narahatlığını ifadə etmişdi. Daim Qafqaz türklərinin taleyi ilə yaxından maraqlanan və imkanları çərçivəsində bu bölgə türklərinə köməyini əsirgəməyən K.Qarabəkir paşa 23 dekabr 1918-ci ildə Rodosda yerləşən 14-cü kolordu komandanlığına təyin olunanda təkidlə Şərq cəbhəsinə göndərilməsini xahiş etdi. Nəhayət, onun bu xahişi nəzərə alındı və o, 13 mart 1919-cu ildə Ərzurumdakı 15-ci kolordu komandanlığına təyin edildi.
K.Qarabəkir paşa xidmət yerinə yola düşməzdən əvvəl 1919-cu il aprelin 11-də artıq Müttəfiqlərin işğalı altında olan İstanbulda Mustafa Kamal paşa ilə görüşündə demişdi: “Paşam, mən sabah Ərzuruma hərəkət edirəm, İstanbulda nə vəziyyətdə qalırsınız qalıın, bir şey etmək imkansızdır... Anadoluya, ordu başına gəliniz... Millətin qurtuluş açarı şərqdədir... Şərqdə milli hökumət əsaslarını qurduqdan sonra siz qərbə təvəccöh edərsiniz”.
19 may 1919-cu ildə Mustafa Kamal paşa yaxın məsləkdaşları ilə Samsuna çıxmağa müvəffəq oldu. 3 iyun 1919-cu ildə Ərzuruma gəldi. Ordudan istefasını teleqrafla İstanbula, Osmanlı dövlətinin yetkililərinə bildirib türk xalqının milli-azadlıq mübarizəsinə başçılıq etməyə başladı. Onun rəhbərliyi ilə 23 iyuldan 7 avqusta qədər türk xalqının taleyində mühüm rol oynayan böyük Ərzurum Konqresi keçirildi.
Qeyd etmək lazımdır ki, Osmanlı dövlətində baş verən yeni hadisələri izləyən Naxçıvan əhalisinin qabaqcıl nümayəndələri düşünürdülər ki, Ərzurum Konqresinə nümayəndələr göndərib bölgənin qorunması üçün dəstək istəyə bilərlər və bu məqsədlə təcili olaraq Türkiyəyə heyət göndərdilər. Naxçıvan nümayəndələri həmin konqresə gedib çata bilməsələr də, Naxçıvan əhalisinin nümayəndələrinin vəkili Hacı Cabbarın konqresdə iştirak etməklə əlaqədar Qarsdan göndərdiyi iki teleqram Konqresə yetişdi və iclasların sonunda Naxçıvan bölgəsinin erməni istilasından qorunması və bölgəyə əsgəri yardım edilməsi ayrıca müzakirə olundu.
K.Qarabəkir paşa Naxçıvan bölgəsini daim diqqət mərkəzində saxlayırdı. Hələ konqresdən əvvəl, 17-18 iyul 1919-cu il gecəsi, əvvəlcədən verdiyi əmrə uyğun olaraq, Naxçıvan bölgəsinə hücuma keçən ermənilərin qarşısını almaq üçün Bəyazit qarnizonundan yüzbaşı Xəlil bəyin başçılığı ilə dörd zabit, 7 əsgərdən ibarət bir qrupu Naxçıvandakı müdafiə qüvvələrini təşkil etmək üçün yola salmışdı. Lakin bu iş elə təşkil edilmişdi ki, zahirdə görünsün ki, guya, Xəlil bəy və yoldaşları fərarilik edərək ordudan özləri qaçmışlar.
Bu yolla Naxçıvan türklərinə silah, cəbhə ləvazimatı, təcrübəli zabitlər göndərildi ki, bu tədbirlərin də bölgənin müdafiəsində əhəmiyyətli rolu oldu. K.Qarabəkir paşa 1919-cu ildə Ərzurum Konqresinin sonunda şərqi Anadoludakı diviziya komandirinə belə bir təlimat vermişdi: “Hər tərəfdən məhzur bir haldayıq, yalnız Azərbaycana açıq Naxçıvan pəncərəsi var. Onun qapanmamasını istəyirəm”.
Bölgədə yaranmış vəziyyətdən istifadə edən, o zaman bütün Qafqazı öz təsir dairəsində saxlayan ingilislər Naxçıvan bölgəsinin daşnak Ermənistanına verilməsi üçün çox canfəşanlıq edirdilər. 1919-cu ilin fevralında kapitan Lautonun missiyası Naxçıvana gəldi. (Q.Mədətov. Naxçıvanda Sovet hökumətinin qələbəsi və Naxçıvan MSSR-nin təşkili. Bakı, 1968 (rus dilində). Həmin ilin fevralında burada elan edilən ingilis general-qubernatorluğuna Naxçıvan əhalisi qətiyyən etimad etmirdi. Belə bir vəziyyətdə Qafqazdakı Britaniya komandanlığı adından general Devi 1919-cu il mayın 1-də Şərur–Ordubad daxil olmaqla bütün Naxçıvan bölgəsinin Ermənistana verildiyini bəyan etdi.
Bu xəbər xalqın qəti etirazına səbəb oldu. Buna baxmayaraq, 1919-cu il mayın 14-də general Devi və Ermənistanın baş naziri Q.Xatisov Naxçıvana gəldilər. Naxçıvanda Milli Şuranın və əhalinin qəti etirazına baxmayaraq, ingilislər daşnak Varşamyanı general-qubernator təyin etdilər. AXC-nin buradakı zabitlərini Naxçıvanı tərk etməyə məcbur etdilər. Bununla əlaqədar Naxçıvanın Milli Şura sədri AXC hökumətinə bildirdi ki, Naxçıvan əhalisi ermənilərə tabe olmur, tezliklə Azərbaycan qoşunları tərəfindən Zəngəzurun tutulmasını və Azərbaycanla birləşməyi gözləyir. 3 may 1919-cu ildə AXC-in Ermənistandakı diplomatik nümayəndəsi Ermənistan hökumətinə bəyanat verdi. AXC hökuməti bütün vasitələrlə Naxçıvanın Ermənistan tərəfindən ilhaqına mane olmağa çalışsa da, təhlükə lap yaxında idi.
1919-cu il iyunun 21-də erməni qoşunları Naxçıvan bölgəsini qismən işğal etdilər. Naxçıvanla yanaşı, Vedibasar, Şərur, Şahtaxtı, Ordubad, Zəngəzur hücumlara məruz qaldı. İngilislər ermənilərin vəhşi zorakılıqlarına göz yumurdular. Naxçıvanda əhali adından çıxış edən Hacı Həsənli demişdi: “Biz ingilis hökumətinin əmrinə razı olub daşnak respublikasını qəbul etməyəcəyik. Naxçıvan ölkəsini al qanımızla hər cür təcavüzkarlardan müdafiə edəcəyik”.
Tanınmış yazıçı, publisist, ictimai xadim Əli Səbri Qasımov Zaqafqaziya Ali Komissarı Haskellə 1919-cu il sentyabrın 9-da Naxçıvan nümayəndələrinin Tiflisdə görüşündə müraciətlə demişdi: “Naxçıvan əlində silah öz istiqlalını son nəfəsinədək qoruyacaqdır. Biz Ermənistan adlı hökumət tanımırıq”. Bu müraciət “Azərbaycan” qəzetinin 1919-cu il, 193-cü nömrəsində dərc edilmişdi.

II. Naxçıvan əhalisinin erməni təcavüzünə qarşı mübarizəsi

AXC hökumətindən gözlənilən yardımları ala bilməyən Naxçıvan əhalisi, Milli Şura ermənilər əleyhinə ümumxalq mübarizəsinə qalxdı. 1919-cu ilin iyulunda Naxçıvanda daşnaklara qarşı geniş xalq üsyanları başladı. Kəlbəli xanın rəhbərliyi ilə xalq qoşunu ermənilərə sarsıdıcı zərbə vurdu, avqustun 30-da Naxçıvan şəhəri ermənilərdən təmizləndi.
Bu azadlıq savaşında Naxçıvandakı azsaylı türk əsgərləri və zabitləri qəhrəmancasına vuruşdular. Hakimiyyəti oturduğu əskəri kazarmadan kənara çıxmayan erməni general-qubernator Varşamyan və erməni qüvvələri Naxçıvandan qovuldular. Xatırladaq ki, hələ 28 fevral 1919-cu ildə AXC Bəhram xan Naxçıvanskinin başçılığında Naxçıvan general-qubernatorluğunu yaratmışdı. Az sonra onu qısa müddətdə Haşımbəyov əvəz etmişdi. (Əliyev, s.62) Ermənilər Naxçıvandan qovulandan sonra AXC hökuməti Səməd bəy Cəmillinskini Naxçıvan bölgəsinin general-qubernatoru təyin etdi. Səməd bəy dərhal idarəetmə strukturları yaratmağa başladı. Xəlil bəyi bölgə qoşunlarına komandan təyin etdi. Kəlbəli xan həm komandan müavini, həm də Naxçıvan qoşun dəstəsinin komandiri oldu.
1919-cu ilin iyul-avqustunda Naxçıvana gələn Amerika polkovniki Rey Cəfərqulu xanla və Xəlil bəylə gizli danışıqlar apararaq burada Amerika general qubernatorluğu yaratmağı irəli sürmüşdü. Avqustun sonunda Amerika polkovniki Paskel Paris Sülh Konfransı və Antanta Müttəfiqlər şurası adından Azərbaycan hökumətinə bildirmişdi ki, Şərur, Naxçıvan və Dərələyəzdə ABŞ general-qubernatorluğu yaradılır. Oktyabrın 23-də polkovnik Edmond Deli qubernator kimi işə başlamalı idi.
Belə bir şəraitdə AXC rəhbərləri ABŞ nümayəndələri ilə fəal danışıqlara girdilər. Polkovnik Paskelin nümayəndəsi general Robinson Naxçıvana gəldi, ardınca general Mozetey, onlar gedəndən sonra polkovnik Rey gəldi. Rey özünün general qubernator təyin edildiyi haqqında xalqa məlumat vermək üçün camaatı yığmağı təkid etdi. Lakin oktyabrın 23-də toplanan Milli Şura qərar verdi ki, xalq azərbaycanlı general-qubernatordan başqa, heç kimi tanımaq istəmir. Belə olduqda Rey polkovnik Delini Naxçıvan hökuməti yanında müşavir təyin edərək bölgəni tərk etməli oldu.
1919-cu ilin noyabrında ermənilər yenidən Naxçıvan torpaqlarına hücumlara başladılar. Ordubadın bir neçə kəndini ələ keçirən ermənilər əhaliyə divan tutdular. Xəlil bəyin göndərdiyi taborlar ermənilərə güclü zərbə vurub geri oturtdu. Ermənilərlə döyüşdə Kəlbəli xan fədakarlıq göstərirdi, lakin onun həm Naxçıvanın general-qubernatoru C.Cəmillinski, həm də Xəlil bəylə ixtilafları hələ qalmaqda idi. AXC nümayəndələri bu gərginliyin götürülməsi üçün səy edirdilər. Sonra Kəlbəli xan Türkiyənin yüksək hərbi ordeninə layiq görüldü. AXC hökuməti də Naxçıvanın müdafiəsindəki xidmətlərinə görə ona general- mayor rütbəsi verdi.
1920-ci ilin əvvəllərində ermənilərin Naxçıvana hücumları yenidən başlandı. Naxçıvanın etibarlı müdafiəsini təmin etmək məqsədilə Xəlil bəy Bəyazit türk diviziyasının komandiri Cavid bəyə müraciət etdi. K.Qarabəkir paşanın tapşırığı ilə Naxçıvanın müdafiəsi üçün tədbirlər hazırlandı. 1920-ci ilin martında XI Qafqaz ordusu komandanı K.Qarabəkir paşanın qərarı ilə Naxçıvandakı türk qüvvələrini gücləndirmək və Xəlil bəyə dəstək üçün Əli Teymur bəyin başçılığı altında 50 nəfərdən ibarət türk bölüyü göndərildi.
Bu tədbirlərin fövqəladə əhəmiyyəti var idi, çünki Naxçıvanın AXC ilə əlaqələri çox zəifləmişdi. AXC hökumətinin daxili və xarici siyasi vəziyyəti olduqca pisləşmişdi. Belə şəraitdə martın 21-də daşnak qoşunları Naxçıvan üzərinə irimiqyaslı hücuma keçdilər. Türk zabiti Zob bəyin, Kəlbəli xanın, Xəlil bəyin, Nuru bəyin, Nəci bəyin, Ədib bəyin başçılığı ilə dö­yüşən taborlar ermənilərə zərbə vuraraq geri oturtdular.
23 aprel 1920-ci ildə Ankarada Mustafa Kamal paşanın başçılığı ilə Böyük Millət Məclisi keçirildi. K.Qarabəkir paşa Şərq cəbhəsinə komandan təyin olundu və dərhal ermənilərə qarşı döyüşə hazırlaşmağa başladı. 1920-ci il mayın 6-da Naxçıvandakı türk əsgərlərinin işlərini yoxlamaq, həmçinin lazımi köməklik göstərmək üçün ordu zabitləri Veysəl Ünüvar, Kamil bəy və Cəlal bəydən ibarət bir heyət Naxçıvana göndərildi. II Qafqaz tüməninin qərargah rəisi Bakı ilə əlaqə yaradıb oradakı vəziyyəti öyrənmək məqsədi ilə bu heyətə daxil edilmişdi. Şərurun Şahtaxtı kəndində heyəti İbrahim Şahtaxtinski (Behbud Şahtaxtinskinin qardaşı) qarşıladı, qonaq etdi. Heyət mayın 10-da qatarla Naxçıvana gəldi.
Bu vaxtlar AXC-nin təyin etdiyi general-qubernator Naxçıvanda otursa da, bölgə felən Naxçıvanın Milli Şurası (Cəfərqulu xanın başçılığı ilə) və Özünümüdafiə Komitəsi (Kəlbəli xanın başçılığı ilə) tərəfindən idarə olunurdu. Buradakı türk əsgərləri və zabitləri də Naxçıvanın xanı və digər qeyrətli oğulları ilə bərabər bu diyarın ermənilərdən müdafiəsində yaxından iştirak edirdilər.
Veysəl bəy bir hərbi müfəttiş kimi Ordubaddan Dəvəliyə qədər yerləşdirilmiş taborları yoxlayırdı. Sonralar general olmuş Veysəl bəy xatirələrində yazırdı ki, “Xalq rus və erməni təzyiqindən qurtarmış olmasının nəşəsi içində bizi məhəbbətlə salamlayırdı”. Şərurun Yengicə kəndində Məşədi Hüseynin evində qonaq qaldığını yazan Veysəl bəy, onu Şərur türklərinin qəhrəmanı kimi, ermənilərlə aparılan mübarizədə malından və canından keçən bir insan kimi təsvir edir. Mayın 16-da Veysəl bəy təftiş işlərini bitirib Şaxtaxtı-Maku yolu ilə Bəyazitə qayıtdı.
1920-ci il aprelin 27-də bolşevik Rusiyası Azərbaycanı işğal edəndən sonra Zəngəzurda və Naxçıvan bölgəsində ermənilər daha da fəallaşdılar. Onlar Naxçıvan da hücumlar edir, əhaliyə divan tuturdular. Zəngəzurda yolları tutub Naxçıvanın Azərbaycanla əlaqəsini kəsmişdilər. Buna görə K.Qarabəkir paşanın əmri ilə Bəyazitdən minbaşı Əli Dəmir bəyin başçılığı ilə iki tabur Naxçıvana göndərildi.
Bu vaxtlar Naxçıvanda ictimai-siyasi vəziyyət olduqca mürəkkəb idi. İndiyədək Naxçıvanda türk əsgərlərinin başında duran, bu bölgənin müdafiəsi üçün xeyli işlər görmüş olan Xəlil bəy Naxçıvanda bəzi dairələrin güdməyə başladığı ermənilərlə anlaşmaq, danışıq yolu ilə sülhə nail olmaq siyasətinə görə istefa vermişdi. Buna görə 5 iyul 1920-ci ildə Veysəl bəy Naxçıvandakı qüvvələrə rəhbərlik etmək üçün yenidən Naxçıvana göndərildi.
Veysəl bəy yuxarıda adı çəkilən xatirələrində yazır ki, naxçıvanlılar türkləri ruslarla müttəfiq olmaqda ittiham edirdilər. Naxçıvanın çox qeyrətli və qəhrəman bir türk kəndi olan Nehrəmdə bir toplantı yapıldı. Azərbaycanın uğradığı fəlakət anladıldı, bolşeviklər lənətləndi. Mitinqdə deyilirdi: “Türkiyə özünü qurtarmaq üçün bizi qurban edir. Əgər bolşeviklərin xatiri üçün təərrüzdən vaz keçməsələrdi, bu gün iki düşmən arasında qalmayacaqdıq”. Naxçıvanda eyni zamanda bolşevik təbliğatı aparan qüvvələr də fəallaşmışdı, az sonra Naxçıvan bölgəsi də ruslar tərəfindən işğala məruz qaldı və iyulun 28-də burada Sovet hakimiyyəti qurulduğu elan edildi.
Azərbaycan hökumətinin sədri Nəriman Nərimanovun sərəncamı ilə (Orconikidzenin təzyiqi ilə) 1920-ci ilin avqustunda Tambov kəndlilərinin üsyanının amansız məhv edilməsində rol oynamış Bahadur Vəlibəyov 300 nəfərlik süvari qoşunla Naxçıvana fövqəladə komissar vəzifəsinə göndərildi. İranda mühacirətdə olan Abbasqulu bəy Şadlinski dəstəsi ilə Naxçıvana dəvət edildi və “Qırmızı tabor” adı ilə formalaşdırıldı. Bu tabor daşnak Njdenin quldurlarının dəf edilib qovulmasında həlledici rol oynadı.
Şərur qəzası ermənilərdən tamamilə azad edildi və orada da Qəza İnqilab Komitəsi təşkil olundu. Qırmızı Tabor 1921-ci ilin yanvar-fevral aylarında Dərələyəz-Şərur-Qəmərli də daşnaklara sarsıdıcı zərbələr vurdu. Abbasqulu bəy Şadlinski və onun rəhbərlik etdiyi Qırmızı Taborun qəhrəman mübarizə yolu Əli Əliyevin 1990-cı ildə Bakıda nəşr edilən “Qırmızı Tabor” kitabında ilk dəfə geniş işıqlandırılmışdır.
B.Vəlibəyov və rəhbərlik etdiyi 1920-ci il oktyabrın 5-də yaradılan Naxçıvan Fövqəladə Komissarlığı Naxçıvanın yerli nüfuzlu şəxslərinə – Kəlbəlı xana, atası Cəfərqulu xana, Rəhim xan Naxçıvanskiyə qarşı ədalətsiz repressi­ya tədbirləri həyata keçirirdi. Fyodorovun başçılıq etdiyi Naxçıvan İnqilab Komitəsi bütün yerli vətənpərvər qüvvələri təqib edir, həbs edir, işgəncələrə məruz qoyurdu. Fyodorov Türkiyə təmsilçisi Xəlil bəyin fəaliyyətini bütün vasitələrlə məhdudlaşdırırdı. O da, Vəlibəyov kimi, türk əsgərlərinin Naxçıvandan çıxarılmasına təkid edirdi.
Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra RSFSR-in milli işlər komissarı İ.Stalin 1920-ci il dekabrın 3-də ermə­ni xalqına göndərdiyi teleqramda bildirir ki, guya: “Sovet Azərbaycanı “mübahisəli” vilayətlərdən könüllü olaraq əl çəkir və Zən­gəzurun, Naxçıvanın və Dağlıq Qaraba­ğın Sovet Ermənistanına verilməsini elan edir”. Bu xəbər Naxçıvan əhalisinin kütləvi etirazı ilə qaşlılanır. Naxçıvanda Sovet hakimiyyəti qurulmuş olsa da, ermənilərin özbaşınalığı davam edirdi. Daşnaklar hər cür təcavüzə əl atırdılar.
1920-ci il dekabrın sonlarında Ermənistan İnqilab Komitəsi Naxçıvanın Sovet Ermənistanının bir hissəsi olduğuna dair bəyanat verdi. Bu bəyanata Naxçıvanda əhali kəskin etirazı ilə cavab verdi. Əli Əliyev Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivindəki sənədə istinad edərək yazır ki, Azərbaycan rəhbərliyi İnqilab Komitəsinin üzvü və ədliyyə komissarı Behbud Şahtaxtinskini yaranmış vəziyyəti araşdırmaq üçün Naxçıvana ezam edir.
B.Şahtaxtinski əhali ilə görüşdə deyir: “Azərbaycan sizi torpağınızla birlikdə Ermənistana satıb, əgər mən Bakıda olsaydım, buna qəti surətdə razılıq verməzdim. Mən Azərbaycan İnqilab Komitəsinin üzvü kimi Vəlibəyovu vəzifədən azad edib özümlə Bakıya aparacağam. Siz torpağınızla birlikdə öz müstəqilliyinizi saxlamaq istəyirsinizsə, burada istinad edəcəyimiz yeganə qüvvə Türkiyə qoşunlarıdır. Xalq bu qoşunların ətrafında sıx birləşməlidir. Sizin müstəqilliyinizi və torpağınızı yalnız onlar qoruyacaqlar və sizi ağır fəlakətdən xilas edəcəklər”.
Şərq cəbhəsində erməni qoşunlarına qarşı uğurlu əməliyyatlar keçirən K.Qarabəkir paşa 1920-ci ilin sentyabrın 29-da Sarıqamışı, oktyabrın 1-də Kağızmanı, oktyabrın 30-da Qarsı ermənilərdən azad etdi. Ultimatumla noyabrın 7-də Gümrünü götürdü, noyabrın 12-də İqdırı azad etdi. Nəhayət, noyabrın 25-də ermənilər təslim olmaq notasını qəbul edərək (bu nota 10-15 gün əvvəl erməni hökumətinə verilmişdi) danışıq stolu arxasına gəldilər və 3 dekabr 1920-ci ildə Gümrü müqaviləsi bağlandı.
Bu, yeni Türkiyənin ilk siyasi zəfəri idi. Təkcə Qarsın fəthində ermənilərin iki generalı, 6 polkovniki, 16 yüzbaşısı, 1500 əsgəri əsir götürülmüşdü. 1110 erməni əsgərzabiti məhv edilmişdi. Əsirlər arasında Ermənistanın hərbi naziri Araratov, Baş qərargah rəisi Vəkilov, Qarsın komendantı Primov (rus) və bir mülki nazir də var idi.
Qısa müddətdə K.Qarabəkir paşanın qoşunları gürcülər tərəfindən işğal edilmiş bölgələri də geri aldı. 1921-ci il fevralın 23-də danışıq yolu ilə gürcülərin boşaltdıqları Ərdəhana türk bayrağı sancıldı. Türk qoşunları martın 9-da Ahıskanı, 11-də Batumu, 14-də Ahılkələki azad etdilər. Türk qoşunlarının bu zəfərli irəliləyişləri Moskvada həftələrlə gecikdirilən Rusiya Xarici İşlər naziri Çiçerin və onun erməni müavini Qaraxan tərəfindən “ermənilərə Türkiyə torpaqlarından pay verilməsi” ilə əlaqədar çəkçevir müzakirələrini sürətləndirdi.
Qeyd edilməlidir ki, Batum müqaviləsinə görə (4 iyun 1918-ci il) Naxçıvan Türkiyənin himayəsində idi və Türkiyə hərbi sahədə olduğu kimi, diplomatik sahədə də Naxçıvanın heç bir halda Ermənistana verilməməsi üçün ciddi səy göstərmişdi. Buna görə sonrakı illərdə də ermənilərin, ingilislərin, amerikalıların, həmçinin rusların müxtəlif yollarla Naxçıvana yiyələnmək, yaxud Ermənistana vermək kimi cəhdlərinə qarşı Osmanlı Türkiyəsi kimi, Mustafa Kamal Türkiyəsi də bütün mümkün olan va­sitələrlə mübarizə aparmışdır.
1920-ci ilin dekabrın 13-də Moskva danışıqlarına yola düşməzdən əvvəl Türkiyə nümayəndə heyətinin başçısı Y.Kamal bəy Mustafa Kamal paşa ilə görüşmüş və “Paşam, ruslar Naxçıvan üzərində israr edərlərsə, nə yapalım? –deyə soruşmuşdu. Mustafa Kamal Paşa demişdi: “Naxçıvan türk qapısıdır. Bunu xüsusi nəzərə alaraq əlinizdən gələni yapınız”. Həqiqətən, həftələrlə davam edən çətin danışıqlardan sonra Naxçıvan bölgəsinin taleyini müəyyən edən Moskva müqaviləsinin bağlanmasına nail olunmuşdu. Naxçıvanın Türkiyəyə bağlanmasına qəti etiraz edən rus tərəfi bu bölgənin Ermənistana, bu olmazsa, Rusiyaya qatılmasına cəhd etsə də, türk diplomatiyası sonda qoyduğu şərtlə qədim türk diyarının Azərbaycanın himayəsinə verilməsinə nail oldu.
1921-ci il martın 16-da Rusiya ilə Türkiyə arasında bağlanan dostluq müqaviləsi Rusiya-Türkiyə arasında bir çox prinsipial məsələlərlə yanaşı, Naxçıvan bölgəsinin də, taleyini birdəfəlik həll etdi. Müqavilənin üçüncü maddəsinə uyğun olaraq Naxçıvan qoruyuculuq haqqını heç bir zaman üçüncü bir dövlətə buraxmamaq şərti ilə, bir muxtar bölgə kimi Azərbaycanın tərkibinə verildi. Bu maddədən çıxan qəti fikir ondan ibarət idi ki, Naxçıvan bölgəsi üzərində yalnız Azərbaycanın suveren hakimiyyəti olmalıdır və Azərbaycan buradakı hakimiyyətini, bu bölgənin müdafiəsində hansısa təhlükə yaranarsa, Türkiyədən başqa üçüncü dövlətə güzəştə gedə bilməz.
Moskva müqaviləsindən iki həftə sonra, 1921-ci il aprelin əvvəllərində Azərbaycan Sovet hökuməti Naxçıvanın taleyi ilə əlaqədar göstərdiyi milli xidmətlərə görə kiçik bir xatirə olaraq Şərq cəbhəsi komandanı K.Qarabəkir paşaya və TBMM başqanı Mustafa Kamal paşaya 800 əyar gümüşdən, 24 nəfərlik 279 vahiddən ibarət iki yemək servizi dəsti hədiyyə göndərdi.
1921-ci il oktyabrın 13-də Türkiyə ilə Ermənistan, Azərbaycan və Gürcüstan arasında Rusiya nümayəndəsinin iştirakı ilə bağlanan Qars Müqaviləsi Naxçıvan bölgəsi ilə əlaqədar Moskva Müqaviləsinin şərtlərini bir daha təsdiqlədi. Bununla Naxçıvanın taleyi həmişəlik müəyyən edildi. Bu çox mühüm tarixi əhəmiyyətli müqavilə Naxçıvan bölgəsinin qorunması üçün etibarlı siyasi təminat oldu.
Moskva və Qars müqavilələrində Naxçıvanın təsbit olunan statusu Azərbaycanın qədim torpağı olan Zəngəzurun Sovet hakimiyyəti tərəfindən Ermənistan Respublikasına verilməsindən, bununla da Naxçıvanın Azərbaycanın əsas hissəsindən fiziki olaraq ayrı salınmasından sonra xüsusilə aktuallaşdı və 1924-cü ilə elan ediləcək Muxtar Respublika statusu üçün zəmin yaratmış oldu. Sonrakı illərdə bu müqavilə həm də, bu bölgənin bütövlüyünün qismən də olsa qorunub saxlanmasında həlledici rol oynadı. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 1924-cü il 9 fevral tarixində verdiyi dekretlə Azərbaycanın Naxçıvan bölgəsi Muxtar Sovet Sosialist Respublikasına çevrildi.
Akademik İsmayıl Hacıyevin yazdığı kimi, Naxçıvanın tarixi müqəddəratında, onun Azərbaycanın tərkibində saxlanmasında bir sıra amillərlə yanaşı, Moskva və Qars beynəlxalq müqavilələrinin də böyük rolu olmuşdur. Hər iki beynəlxalq müqavilə müddətsiz imzalanmış və bu gün də qüvvədədir. Həmin müqavilələr onu imzalayan dövlətlər tərəfindən birtərəfli qaydada ləğv edilə bilməz.
Azərbaycan 1991-ci ildə öz müstəqilliyinə yenidən qovuşandan sonra hələ SSRİ zamanında, 1980-ci illərin axırlarından ölkəmizə qarşı başlanan erməni se­paratizmi, ardınca torpaqlarımızın işğalı Ermənistan tərəfindən blokadaya salınan Naxçıvan MR üçün ciddi təhlükə yaratdı. Tarix təkrar olunurdu, yeni şəraitdə də istiqlalını əldə etmiş Azərbaycan Respublikası Naxçıvanın müdafiəsində ciddi səy göstərə bilmirdi. Naxçıvan Muxtar Respublikasında Vətən torpqalarının müdafiəsi uğrunda erməni silahlı qüvvələri ilə aparılan qeyri-bərabər döyüşlərdə onlarla şəhid verilmiş, Sədərək rayonunun Kərki kəndi isə ermənilər tərəfindən işğal edilmişdi.
Bu şəraitdə muxtar respublikaya rəhbərlik edən ulu öndər Heydər Əliyev 1992-ci il may ayının 21-də Londonun “Daily Telegraph” qəzetinə müsahibəsində Ermənistanın təcavüzkar siyasətini kəskin tənqid edib bu hərəkətlərin davam etdiriləcəyi təqdirdə yardım üçün Türkiyəyə müraciət edəcəyini bəyan etmiş, 1921-ci ilin oktyabrında bağlanmış Qars Müqaviləsi ilə Naxçıvanın qorunmasında, onun ərazi bütövlüyünün təmin edilməsində Türkiyənin söz sahibi olduğunu bəyan etmişdi.
1998-ci il yanvarın 14-də Azərbaycan Respublikası Konstitusiya Komissiyasının iclasında Prezident Heydər Əliyev demişdi: “Mən hesab edirəm ki, Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz onu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq”. Fikrini davam etdirən Ulu Öndər vurğulamışdı ki, Naxçıvanın muxtariyyəti Azərbaycanla Türkiyənin sərhəd əlaqəsi üçün tarixi bir hadisədir. Çox tarixi bir hadisədir ki, o vaxt həm Azərbaycanın tərkibində Naxçıvanda muxtariyyət yaranıbdır, həm də o sərhədlər həmin müqavilələrdə nizamlanarkən Azərbaycanın Türkiyə ilə kiçik də olsa, bir sərhədi yaranıbdır.
Ümummilli lider Heydər Əliyevin 1991–1993-cü illərdə qardaş Türkiyə Cümhuriyyətinin rəhbərləri ilə yaratdığı şəxsi əlaqələrin, həyata keçirdiyi intensiv görüşlərin və müzakirələrin Naxçıvan Muxtar Respublikasının qorunmasında, eləcə də, ölkələrimizin qarşılıqlı münasibətlərinin inkişafı və daha da genişlənməsində xüsusi əhəmiyyəti oldu. Türkiyənin Baş naziri Süleyman Dəmirəlin tapşırığı ilə Türkiyə Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Ermənistanın təcavüzü ilə əlaqədar yaranmış vəziyyəti öyrənmək məqsədilə 21 may 1992-ci il tarixində Naxçıvana gəldilər. Naxçıvan MR Ali Məclisində səfir Ömər Ərsunun başçılıq etdiyi heyəti qəbul edən Heydər Əliyev Ermənistan silahlı qüvvələrinin 1992-ci il mayın 18-dən muxtar respublikanın Şərur və Sədərək bölgələrinə silahlı təcavüzü barədə məlumat verərək bu istiqamətdə görülən tədbirləri də bildirdi.
Bu vəziyyətlə əlaqədar Türkiyə Cümhuriyyəti hökumətinin qəti xəbərdarlığından sonra təcavüzkar Ermənistan Respublikası Naxçıvana birbaşa hərbi təcavüzdən çəkinməyə məcbur oldu, lakin blokada siyasətini davam etdirməyə başladı. Eyni zamanda Ali Məclisin Sədri Heydər Əliyevin Naxçıvanın müdafiəsi sahəsində həyata keçirdiyi ardıcıl siyasət, xüsusilə də Qars müqaviləsini gündəmə gətirməsi bu bölgəni həm xarici müdaxilədən, həm də daxili çətinliklərdən xilas etməkdə tarixi rol oynadı. Ulu öndər Heydər Əliyev Qars müqaviləsinin siyasi əhəmiyyətini vurğulayaraq demişdi ki, Naxçıvan Azərbaycanın əsas torpaqlarından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan sənəddir.
Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəlin anadan olmasının 75 illiyi münasibətilə Ankarada, Çankaya köşkündə, 1 noyabr 1999-cu ildə çıxış edən Heydər Əliyev bir daha bildirmişdi: “Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz hissəsidir. Ancaq təəssüf ki, 1920-ci ildə Sovet hökuməti xəritələri böləndə, Azərbaycanın Zəngəzur mahalını alıb Ermənistana verəndə Naxçıvan Muxtar Respublikası Azərbaycanın böyük torpağından ayrı düşübdür”.
Ulu öndər daha sonra qeyd etmişdi ki, Ermənistan–Azərbaycan münaqişəsi başlayandan sonra Naxçıvan blokada halına düşdü və orada yaşamaq çox çətin oldu: “Hörmətli Süleyman Dəmirəlin Azərbaycana etdiyi yardımın ən önəmlisi, Naxçıvan Muxtar Respublikasının o illərdə yaşamasını, dayanmasını təmin etməsidir. Araz çayı üzərində qısa bir zamanda həmin o “Həsrət körpüsü” yaranmasaydı bu, mümkün deyildi. O qışın 40 dərəcə şaxtasında Türkiyədən, Naxçıvana elektrik xətti çəkildi, başqa yardımlar edildi. Mən orada yaşadığım dövrdə bunları öz gözümlə görmüşəm”.
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi bu qədim diyarın yaxın tarixinə bir daha nəzər salmağa, bu bölgənin, eləcə də, bütövlükdə Azərbaycanın ən yeni tarixində qardaş Türkiyənin oynadığı tarixi rolu daha dərindən dəyərləndirməyə, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” düsturu əsasında qurulan Azərbaycan–Türkiyə birliyinin gündən-günə artan gücünü və təsirini qiymətləndirməyə imkan yaratmışdır.

Eynulla MƏDƏTLİ,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri dokroru


Məqalə "Xalq qəzeti"nin 2, 6 və 9 fevral 2024-cü il tarixlərində dərc edilib.