08.02.2024, 06:24 - Baxış sayı: 218

AMEA – Azərbaycanın elmi yaddaş və intellektual məkanı - III MƏQALƏ


“Elmi sinerji”nin Azərbaycan nümunəsi

II məqalənin sonuncu müddəaları Azərbaycanda elmin inkişaf perspektiv­ləri ilə dünya miqyasında elmin inkişafı arasında uyğunluq kontekstində AMEA-nı Azərbaycanın elmi yaddaşı və intel­lektual məkanı kimi necə daha səmərəli fəaliyyət səviyyəsinə yüksəltməyin fəl­səfi-sinergetik anlamı ilə bağlı idi. Buna ümumi halda “sinergetik dərk” deyirik və ona uyğun olaraq söhbət Azərbaycan elmində nəzəri ilə praktiki-tətbiqi aspekt­lərin “elmi sinerjisi”nin Azərbaycan nü­munəsini yaratmaqdan gedir.
Bu məqsədə çatmaq üçün məsələyə iki səviyyədə – dünyada perspektivli elmi tərəqqiyə nail olmağın fəlsəfi-elmi araşdırılması və Azərbaycan təcrübəsini nəzərə almaqla alınan ümumi nəticələrin elmimizə necə səmərəli tətbiq etmənin nəzəri modelinin yaradılması səviyyələ­rində baxmaq zəruridir.

Araşdırmalar göstərir ki, müasir mərhələdə elmin inkişafı əsasən üç is­tiqamətdə baş verir:
– Rəsmi elmi strukturların (o cümlə­dən, akademiyaların) elmi fəaliyyəti;
– universitetlər çərçivəsində aparılan tədqiqatlar;
– müstəqil araşdırmaçıların elmi ax­tarışları.

Biz birinci istiqamət üzərində ikinci və üçüncü ilə bağlı mövcud fikirləri təhlil edəndən sonra dayanacağıq.
İndi Azərbaycanda universitet tər­kibində elmi axtarışların daha səmərəli olması ilə bağlı fikirlər müsbət mənada dəbdədir. Təbii ki, Qərbin və Uzaq Şərqin inkişaf etmiş ölkələrinin universitetlərində yeni nəzəri ideyalar, innovativ ixtiralar, praktiki-tətbiqi potensialı güclü olan araş­dırmalar aparılır və ondan böyük səmərə görürlər.
Birincisi, elmi axtarışların bu cür institutlaşması əsrlərdir ki, təhsillə vəh­dətdə aparılır və bu sahədə Qərbin bö­yük təcrübəsi mövcuddur. Buna görə də həmin yol yalnız ona oxşar təcrü­bəsi olan ölkələrdə perspektivli səmərə verə bilər. Burada “perspektivli səmərə” dedikdə uzun müddətli, sistemli və da­vamlı olaraq elmi fəaliyyət göstərmənin nəzəri və praktiki modelinin mövcudlu­ğu nəzərdə tutulur. Qısa müddətli “elmi sıçrayış”ı bütövlükdə elmi tərəqqi ad­landırmaq olmaz.
İkincisi, hazırda Qərb fəlsəfi-elmi fikrində mövcud universitet strategiya­sının dalana dirəndiyi haqqında nüfuzlu arqumentlər ifadə olunur. Konkret ola­raq, Qərbdə, Rusiyada və Çində uni­versitetin Humbolt idealına “yenidən baxmaq” (İ.T.Kasavin) ehtiyacından bəhs edən ciddi araşdırmalar meydana gəlmişdir. Bu barədə ilk yazanlar sıra­sında tanınmış filosof və elmin meto­doloqu Pol Feyerabend də vardır. Son 4 ildə bu mövzuda çox sayda sanballı araşdırmalar Avropada, Amerika qitə­sində, Uzaq Şərqdə aparılmışdır.
İ.T.Kasavin yazır ki, müasir texno­elmin və elmi tədrisin (təhsilin) yara­dıcı şəxsiyyətə təsiri onun “habitus”u­nu yaradır (P.Burdyenin istifadə etdiyi termindir), yəni “şəxsiyyətin inkişafının əsas istiqaməti”ni müəyyən edir. Bu bağlılıqda Humboltun universitet stra­tegiyasına yenidən baxılmalıdır. Çünki həmin strategiya Orta əsrlər Avropa­sında əsas olaraq kilsəyə, orduya və türmələrə qarşı “fiksasiya” kimi yaradıl­mışdır.
Konkret desək, universitetlər daxili tələbata görə insan yetişdirməyi deyil, kilsə, ordu və türməyə əks olan şəxsiy­yətlər yetişdirməyə üstünlük verdilər. Universitetlərin təhsil strategiyası ins­titutsional (öz missiyasına uyğun) ma­raqları təmin etməyə yönəlməmişdir. Bu, doğrudan da, özünüyaradan insan yetişdirmək strategiyası deyildir, sadə­cə, “elə olma” məntiqinə dayanan fiksa­siyadır (Kasavin, İ.T., 2022, s. 23).
Mövzunun elmi detallarına getsək, mətni mürəkkəbləşdirəcəyik. Ona görə də gəlinən ümumi qənaəti qısa vurğu­layaq: müasir mərhələdə dünyanın ən aparıcı universitetləri belə strategiya­da “tədqiqat dalanı”na dirəndiyini etiraf edirlər. Özü də başlıca olaraq müasir mərhələdə uğurlu ola biləcək İnsan yetişdirmək aspektində situasiyanı ye­niləşdirməyin zəruriliyini vurğulayırlar. İnsan yaradıcılığı nədir? Elmi yaradıcı­lığın sosial-mədəni kontekstini tərəqqi naminə necə səmərəli etmək olar? Və sair kimi suallara intensiv cavab axta­rırlar.
Onda məntiqi nəticə alınır: Azər­baycan kimi dünyanın aparıcı elmi kə­siminə inteqrasiya etmək kursunu seç­miş müstəqil dövlətlərdə universitetlərin strategiyası necə müəyyən edilməlidir? Bizim nümunə (mayak) kimi baxdığımız universitet strategiyası haqqında Qərb­də “dalana dirənmişik” fikri varsa, biz də ən yaxşı halda həmin dalana qədər getməyəcəyikmi? Əminəm, kor-koranə qəbul edib, “universitet yaxşı, akademik elmi fəaliyyət ondan zəif” kimi məntiqlə davransaq, gözümüzü həmin “yaradıcılıq və elmi” dalanında açacağıq.
Müasir mərhələdə elmin inkişafı­nın ikinci xəttini müstəqil araşdırmaçılar təşkil edirlər. Bu tendensiyanın Qərbdə təcrübəsi toplanmışdır. Rusiyada xeyli zəifdir. Araşdırmalar, əsasən, “prekari­at” anlayışı ilə bağlı aparılır. “Prekarlar” daimi iş yeri olmayan, müqavilə əsasın­da sərbəst fəaliyyət göstərən yaradıcı insanlar qrupuna aiddir. Bir zamanalar Qay Standinq onları “təhlükəli sinif” ad­landırmışdı. Çünki prekarlar, adətən, rəsmi orqanlarla, dövlətin elm siyasəti ilə razılaşmırlar. Hətta Rusiyada onların bir etiraz dalğası meydana gəlmişdi.
Yuxarıda vurğulanan məqamlarla bağlı Azərbaycan kontekstində sualı belə qoyuruq: Azərbaycanda müstəqil araş­dırma, o cümlədən, prekarlıq təcrübəsi mövcuddurmu? Məncə, mövcud deyildir. Onda hazırda elmin bu ölkədə müstəqil yaradıcı insanlar vasitəsilə inkişafı haqqında danışmağın heç yeri yoxdur.
Üçüncüsü, sinergetikada mürəkkəb və qeyri-xətti sistemlərlə bağlı belə bir teorem vardır: ən yaxşı ideyaları belə za­manında sistemə tətbq etməyəndə onun özünütəşkili baş vermir, əksinə, sistem deqradasiyaya uğrayır. Deməli, strate­ji olaraq da hansı ideyanı nə zaman və necə topluma tətbiq etməyin dəqiq təhlili aparılmalı və proqnozlar verilməlidir.
Bütün faktlardan hansı nəticə alınır? Azərbaycanda böyük təcrübəsi və nəti­cələri olan akademik tədqiqatlar istiqamə­ti aparıcı olmalıdır. Bunun üçün AMEA-nın fəaliyyətinin stratejisi istiqaməti ulu öndər Heydər Əliyevin müəyyən etdiyi nəzəri və konseptual çərçivədə müstəqil dövlətçiliyə və elmin daxili potensialı üzə­rində inkişaf etdirilməsinin sintezi ilə sıx bağlı olmalıdır.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin fəaliyyətinin mərkəzi punktunu məhz bu məqam təşkil edir. Bununla praktiki olaraq Azərbaycanda həm elmi tədqiqatların müasir tələblər səviyyəsində aparılmasını təşkil etmək, həm gələcək üçün universitetlərin yeni strategiyasını müəyyən etməyin nəzəri, metodoloji və praktiki-proqram əsaslarını hazırlamaq, həm də müstəqil dövlətçiliyə xidmət əsasında güclü dövlətçiliklə güc­lü intellektual cəmiyyətin formalaşması arasında harmoniya yaratmaq istiqamət­lərində dövlətin yanında olmağı təmin et­mək mümkündür.
AMEA bu vəzifənin öhdəsindən gəl­mək üçün kifayət qədər təcrübəyə, in­tellektual potensiala və indiki rəhbərliyin yaradıcı idarəetmə potensialına malikdir.
Tədqiqatda fənlərarası (interdisipli­nar) yanaşmadan nəzəri ilə yanaşı, prak­tiki olaraq istifadə etmənin həm fərdi-ya­radıcı, həm də akademik-institusional təcrübəsi mövcuddur. Bu təcrübə 80 ildir ki, fəaliyyət göstərən AMEA-nın institut­larının vahid sistem tərkibində qarşılıqlı əlaqədə işləməsindən toplanmışdır! Bu təcrübə Ulu öndərin müəyyən etdiyi mə­nada AMEA-nın milli sərvət kimi faydalı olmasını təmin etməkdədir.
Bundan başqa, elmin “Azərbaycan sinerjisi” intellektual sərvətin milli sərvətə çevrilməsi sayəsində reallaşmaqdadır. Bu məsələ birbaşa müstəqil güclü döv­lətin və güclü vətəndaş cəmiyyətinin for­malaşması strategiyası ilə bağlıdır. Çünki müasir inkişaf etmiş dövlətlərdə milli in­tellektual potensial ölkənin və cəmiyyətin xeyrinə istifadə əsasında tərəqqi etmək­dədir. Hər hansı alim məşhur ola bilər, lakin onun məşhurluğu milli sərvət funk­siyasını yerinə yetirməyə bilər. Yaradıcı adam mütləq yaşadığı ölkənin, mənsub olduğu cəmiyyətin, vətəndaşı olduğu dövlətin fəziləti və rifahı üçün yaratma­lıdır. Onun elmi nəticələrinin cəmiyyətə faydası olmayacaqsa, milli sərvət adlan­dırılmaz. Milli sərvət olmadan isə, ümu­miyyətlə, nə cəmiyyət, nə də dövlət var ola bilməz.
Beləliklə, AMEA-nın Azərbaycan el­minin inkişafındakı yeri və rolu yalnız bu təşkilatın elmi yaddaş olması ilə məhdud­laşmır. AMEA həm də intellektual məkan kimi, daim dinamik funksiya yerinə yeti­rir. Bu iki faktorun kəsişməsinin yaradıcı sahəsində AMEA həm özünü, həm də ölkənin elmi mühitini formalaşdırır Təş­kilatın hazırkı rəhbərliyi bu məsələyə Azərbaycanda müstəqil dövlətçiliyin in­kişafına maksimum xidmət fəlsəfəsi ilə yanaşır. Bu isə o deməkdir ki, uğurlar getdikcə daha çox olacaqdır.

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

"Xalqqazeti.az"