02.02.2024, 06:11 - Baxış sayı: 180

AMEA – Azərbaycanın elmi yaddaş və intellektual məkanı - II MƏQALƏ


“Azərbaycan Milli Elmlər Akademiyası respublikanın dövlət müstəqilliyinə xidmət etməlidir və Azərbaycan elminin inkişaf etməsində aparıcı rol oynamalıdır”.

Heydər ƏLİYEV,
Ümummilli lider


II məqalə

AMEA elmi yaddaşın milli sərvətə çevrilməsi yolunda

Biz, I məqalənin sonlarında qeyd etmişdik ki, AMEA müstəqil dövlətin in­kişafı üçün çox böyük işlər görə bilər və elmi müasirləşmə hər kəsdən öncə bu strukturun çiyinləri üzərində mümkündür.
Bəli, hazırda AMEA-nın rəhbərliyi prosesləri məhz bu istiqamətdə aparır. Bu qurumun rəhbəri akademik İsa Hə­bibbəyli bütün intellektual potensialı, praktiki fəaliyyət imkanları ilə AMEA-nın Azərbaycan müstəqil dövlətçiliyinin in­kişafı naminə intensiv çalışması xəttini həyata keçirir. Bu, pafoslu ritorika deyil­dir – hazırda AMEA-da gedən proseslə­rin təhlilindən yaranmış fəlsəfi-sinergetik qənaətdir.
Həmin tezisin doğruluğunu sübut et­mək üçün kifayət qədər faktlarımız vardır. Akademik İsa Həbibbəyli məsələyə sırf müstəqil dövlətçiliyi, Ulu öndərin dövlət quruculuğu konsepsiyası və onun siya­si varislik prinsipi üzrə Prezident İlham Əliyevin böyük uğurla inkişaf etdirilməsi kontekstində yanaşdığından, irəli sürülən hər bir fikrin də fəlsəfi-elmi sübutu olma­lıdır.
Burada qeyri-elmi və ya dayaz yanaş­ma keçərli deyil. Digər tərəfdən, nəzərə almaq gərəkdir ki, AMEA rəhbərliyi döv­lətçilik baxımından çox ciddi məsələlər­lə məşğuldur və onların fəlsəfi-elmi (o cümlədən, sinergetik) dərki arxivacibdir! AMEA perspektivli olduğu qədər də ciddi təşkilatdır! Həm də ona görə ki, Ulu öndə­rin müəyyən etdiyi kimi, AMEA Azərbay­canda “elmi varisliyin” daşıyıcısı olmalı­dır. “Elmi varislik” anlayışı Prezidentin tam əməl etdiyi siyasi varisliyin tərkib his­səsidir. Elmi varisliyin başlıca prinsiplərini Prezident İlham Əliyev müəyyən edir və onun icrası baş təşkilat kimi AMEA-nın üzərinə düşür! Bu, şərəfli olduğu qədər, həm də məsuliyyətli bir işdir!
Burada təhlillər AMEA-nın elmi-mədə­ni yaddaş fenomeni kimi yaradıcı aspekt­də milli sərvətə çevrilməsinə prosessual, yəni daim özünüyeniləşdirən strukturun dərki fonunda aparılır. Eyni zamanda, obrazlı desək, AMEA intellektual poten­sialın elm naminə əyaniləşən, aktualla­şan və reaktuallaşan (təkrar-təkrar elmi tədqiqatlarda əyaniləşən, predmetləşən) məkanıdır. Bu anlamda təşkilat Azərbay­can Respublikasının elmi gerçəkliklərinin mərkəzi, avanqardı və həm də intellektu­al məsuliyyətini dərindən dərk edən stra­teji strukturlarından biridir!
Düşünürük ki, məhz bu anlamlar kontekstində AMEA Azərbaycanın elmi yaddaşı olmaqla intellektual məkanı kimi mövcudluğunun sintezini özündə ehtiva edən yeganə təşkilatdır! Sonuncu tezisə ulu öndər Heydər Əliyevin yuxarıda deviz kimi verdiyimiz dahiyanə fikrinin işığında baxmaq istərdik. Çünki o halda AMEA-nın indiki rəhbərliyinin elmimizin dövlət­çilik naminə milli sərvətə çevrilməsi yo­lunda sərf etdiyi böyük zəhməti dərindən duymuş və soyuq məntiqlə də dərk etmiş olarıq!

Ulu öndərin tezisinin iki aspekti

Yuxarıda gətirdiyimiz nümunədə iki fikir aspekti bir-biri ilə vəhdətdə ifadə edilmişdir. Birincisi, “Azərbaycan Milli Elmlər Akademiyası respublikanın dövlət müstəqilliyinə xidmət etməlidir”, ikincisi, “Azərbaycan elminin inkişaf etməsində aparıcı rol oynamalıdır”!
Ulu öndərin fundamental əhəmiyyətli tezisinin birinci hissəsi AMEA-nın ümumi strateji missiyasını ifadə edir. Dövlətçi­lik ənənəsi ilə elmi ənənənin qarşılıqlı əlaqəsinin məzmunundan bu strateji is­tiqamət müəyyən edilir. Bunun əsası Ulu Öndərin bütövlükdə elm və mədəniyyətin tarixən Azərbaycan cəmiyyəti və dövlət­lərinin həyatında oynadığı roldadır.
Heydər Əliyevin çox sayda fikirlə­rində ana xətt kimi belə bir məna keçir: Azərbaycan xalqı kökdən zəkidir, ziyalı­dır və fəaliyyətinin kollektiv formasında, o cümlədən, dövlət quruculuğunda da­ima elmə, mədəniyyətə, təhsilə, azər­baycanlı ziyalılığının aydınlığına və fə­zilətinə əsaslanmışdır. Elmə verilən bu qiymət dövlətçilik baxımından çox vacib bir özəlliyi aydınlaşdırır: Azərbaycan­da dövlətçiliyin təməlində mədəniyyət, mənəvi-əxlaqi dəyərlər və ziyalılığın fə­ziləti dayanır! Bu, bütövlükdə, Azərbay­can dövlətçilik fəlsəfəsinə şər-böhtan at­mağa cəhd edənlərə ən tutarlı cavabdır. Eyni zamanda, əhəmiyyətli məqamdır ki, Ulu öndər dövlətçilik kontekstində cəmiy­yətin elmi vəziyyətinin formalaşmasında AMEA-nı başda görmüşdür. Məhz bu anlamda alimləri çox şərəfli bir xidmətə – Azərbaycanın dövlət müstəqilliyinə xid­mət etməyə dəvət etmişdir və Prezident kimi tapşırıq vermişdir, qarşıya müqəd­dəs vəzifə olaraq qoymuşdur!
Tezisin ikinci hissəsi bu vəzifənin işığında olduqca aktual görünür. Ulu ön­dər AMEA üzərinə belə bir məsuliyyət qoymuşdur: AMEA Azərbaycan elminin inkişaf etməsində aparıcı rol oynamalı­dır! Bu isə akademiya daxilində düzgün elm siyasəti yeritməyi özündə ehtiva edir. “Elm siyasəti” dedikdə elmi tədqiqatlarda yaradıcılığı, innovativliyi, elmi fəaliyyətin təşkilinin optimallaşdırılmasını təmin et­mək (qabaqcıl təcrübələri öyrənmək kon­tekstində), AMEA-nın struktur-funksional mövcudluğunda islahatların aparılması­na və araşdırmalarda alınan nəticələrin çevik olaraq praktiki tətbiqinə nail olmaq nəzərdə tutulur (bizim anlamımızda). Tə­bii ki, həmin prosesin uğurlu olması üçün həm yüksək elmi yaradıcılıq mühitini yaratmaq, həm də təşkilatın struktur və funksional imkanlarını daim inkişaf etdir­mək gərəkdir.
Bizcə, məhz bu şərtlər daxilində Ulu öndərin müəyyən etdiyi anlamda AMEA Azərbaycanın milli sərvəti kimi elm-mə­dəniyyət yaddaşı və intellektual məkan olaraq tarixi yerini tuta bilər! Hazırda AMEA-nən rəhbərliyi bütün imkanları bu istiqamətə yönlətmişdir. Bu prosesin məzmununu və məqsədini ifadə edən bir neçə faktor mövcuddur. Onların üzərində geniş dayanaq!

“Öncə dövlət müstəqilliyinə xidmət!”

AMEA-nın indiki prezidentinin bütün çıxışlarında ifadə etdiyi ilk və ana tezis bundan ibarətdir. Akademik İsa Həbib­bəyli öz elmi yaradıcı və təşkilati fəaliy­yəti ilə bunun nümunəsini də göstərir. AMEA prezidentinin ictimai-humanitar elmlərin hər bir sahəsində aktual hesab etdiyi hər mövzu birbaşa müstəqil dövlət­çiliklə əlaqəlidir.
Məsələn, Tarix İnstitutunda Azərbay­can dövlətçiliyinin keçmişi, bu günü və gələcəyi müstəqil dövlətçilik konseptinin Heydər Əliyev tərəfindən müəyyən edil­miş məna, məzmunu və strategiyası kontekstində araşdırılır.
Folklor İnstitutu aktiv şəkildə Azər­baycan folklorunun Ulu öndərin müəyyən etdiyi aspektlər üzrə müstəqil vətəndaş cəmiyyətinin formalaşmasında və dövlət quruculuğunda yeri və rolunu araşdırır. Bu zaman folklorun ictimai faktor kimi multikultural cəmiyyətdə birləşdirici rolu önə çəkilir.
Fəlsəfə və Sosiologiya İnstitutunda daha çox aktuallıq kəsb edən mövzular dövlətçiliyin tarixi, siyasi, fəlsəfi və ide­oloji aspektlərinin Ulu öndərin müəyyən etdiyi müstəqillik fəlsəfəsi çərçivəsində müzakirə olunur. Bu zaman, AMEA prezi­denti və institut rəhbərliyi Ulu öndərin “Bir millət, iki dövlət” kəlamı və azərbaycançı­lıq ideologiyası kontekstində araşdırma­ların aparılmasına önəm verirlər. Həmin prizmada da Prezident İlham Əliyevin fəaliyyətinin müxtəlif aspektləri fəlsəfi və siyasi-nəzəri refleksiya edilir. Bu sırada AMEA-nın rəhbəri Prezident İlham Əli­yevin daxili və xarici siyasətinin vəhdətdə tədqiq edilməsinə xüsusi önəm verir.
Burada akademik İsa Həbibbəyli “Bir millət, iki dövlət” kəlamı və azərbaycan­çılıq ideologiyasının qarşılıqlı əlaqəsi aspektində Prezidentin həyata keçirdiyi genişmiqyaslı proqramların tədqiq edil­məsinə ayrıca diqqət göstərir və lazımi istiqamətləri müəyyənləşdirir.
Bunlarla yanaşı, AMEA-da Azərbay­can Prezidentinin “intellektin milli sərvətə çevrilməsi” tezisinin fəlsəfi-tarixi, etik, estetik, sosioloji, psixoloji, siyasi-nəzəri araşdırılması getdikcə daha geniş və də­rin istiqamətlərdə həyata keçirilir.
Vurğulanan ruhda və istiqamətdə AMEA-nın digər tədqiqat institutlarının da fəaliyyətindən bəhs etmək olar. Bu mü­hiti yaradan və istiqamətləndirən birbaşa AMEA rəhbərliyidir!
AMEA rəhbərliyinin fəaliyyətinin digər tərəfi birbaşa ölkədə elmin inkişafında aparıcı rol oynamaqla bağlıdır. Burada da maraqlı və əhəmiyyətli saydığımız bir sıra məqamların üzərində geniş dayan­mağa ehtiyac duyuruq.

Elmdaxili potensial və xarici əlaqə sintezində

Öncə, onu vurğulayaq ki, bu məsələ heç də sadə və asan başa gələn proses deyildir. Ümumi səviyyədə problemə ya­naşanda onun bütövlükdə dünya elmi üçün aktuallıq kəsb etdiyini anlamış olu­ruq. Bununla bağlı Qərbdə, Rusiyada, Uzaq Şərq ölkələrində kifayət qədər ciddi elmi araşdırmalar mövcuddur. Onlarda ifadə edilən ideyaları elmin inkişafı kon­tekstində bir neçə qrupda cəmləşdirmək mümkündür. Bu, bizə baxılan problem kontekstində nəyi verəcəkdir?
Hər şeydən öncə, həmin problemlə­rin dünya üzrə mövcudluğu özəlliyi fo­nunda Azərbaycanda həyata keçirilən elmi araşdırmaların fəlsəfəsinin uğurlu olub-olmaması haqqında fikir formalaşar.
Bundan əlavə, dünyanın qabaqcıl ölkələrində nəzəri araşdırmalarla praktiki tətbiqin innovativlik kontekstində qarşı­lıqlı əlaqələri haqqında geniş təsəvvür yaranar.
Nəhayət, bu təsəvvürlər bizə AMEA-nın indiki rəhbərliyinin elmin inkişafında aparıcı rola necə nail olmaq istiqamətin­də apardığı axtarışların fəlsəfi-sinergetik dərkinə imkan verər.
Ayrıca, biz “sinergetik dərk” məsələsi­ni gəlişi və səslənişi müasir kimi görünən ritorika statusunda işlətmirik. Sinergetik dərk keyfiyyətcə mürəkkəb prosesləri in­diki mərhələdə elmi olaraq daha adekvat qavramağın səmərəli epistemoloji (ümu­mi və sadə halda epistemologiya - dər­ketmə nəzəriyyəsi, yəni idraketmə nəzə­riyyəsi) sistemi kimi faydalıdır.
Təbii ki, məsələnin bu cür qoyuluşu bəri başdan Azərbaycan elminin inki­şafında AMEA-nın aparıcı rol oynaması məsələsinin kompleks xarakterli olduğu­nun təsbitidir. Burada, da istər-istəməz, həm baxılan problemin ciddi elmi xarak­terdə olmasını, həm də onun adekvat, çağdaş tələblərə cavab verən səviyyədə araşdırılması üçün fənlərarası (interdisip­linar) yanaşmaya ehtiyacın yaranmasını qəbul etmək lazım gəlir. Bu məqamdan da məsələnin daha aktual və maraqlı mərhələsi başlayır.

Füzuli QURBANOV,

XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru


"Xalqqazeti.az"