31.01.2024, 12:18 - Baxış sayı: 272

“HEYDƏR ƏLİYEV VƏ MULTİKULTURAL TƏHLÜKƏSİZLİK” KİTABININ TƏQDİMATI KEÇİRİLİB


“HEYDƏR ƏLİYEV VƏ MULTİKULTURAL TƏHLÜKƏSİZLİK” KİTABININ TƏQDİMATI KEÇİRİLİB

Yanvarın 31-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının sədri akademik Kamal Abdullanın Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Heydər Əliyev və multikultural təhlükəsizlik” kitabının təqdimatı keçirilib. Tədbirdə etnik və dini icmaların rəhbərləri, Azərbaycan Dillər Universitetinin müəllim və tələbə heyəti, elm və ictimaiyyət xadimləri iştirak ediblər.
Tədbiri açan BBMM-in icraçı direktoru Rəvan Həsənov bildirib ki, Multikulturalizm anlayışının coğrafiyamız üçün əhəmiyyəti böyükdür. Bu gün ayrı-ayrı bölgələrdə etnik münaqişələr baş verir. Azərbaycan çoxkonfessiyalı dövlətdir. Bunu qoruyub saxlamaq isə bizim üçün əsas hədəfdir. İcraçı direktor bildirib ki, Ümummilli Lider Heydər Əliyevin prezidentliyi dövründə gələcək üçün atdığı ən mühüm addımlardan biri də Azərbaycanın tarixi ənənələrini qoruyub saxlamaqla bağlı idi. Ulu Öndər multikultural dəyərləri Azərbaycanın gələcəyi üçün önəmli xətt seçib. Lakin bu gün dünyada monoetnikliyi seçən dövlətlər də var. Belə dövlətlərdən biri də qonşu Ermənistandır. Multikultural ölkə olaraq Azərbaycan üçün multikultural təhlükəsizlik vacib məsələdir. Azərbaycanda olan multikultural təhlükəsiz mühit Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində də həlledici rol oynadı. Vətən müharibəsində milli mənsubiyyətindən, dini inancından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı “Dəmir yumruq” ətrafında birləşdi, Vətənimizin suverenliyini təmin etdi. Akademik Kamal Abdullanın “Heydər Əliyev və multikultural təhlükəsizlik” kitabı Azərbaycanda olan multikultural mühitin öyrənilməsinə və təbliğinə bir töhfədir.
“HEYDƏR ƏLİYEV VƏ MULTİKULTURAL TƏHLÜKƏSİZLİK” KİTABININ TƏQDİMATI KEÇİRİLİBAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə Azərbaycanda tarixən müxtəlif millətlər arasında dostluq münasibətlərinin, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun olduğunu söylədi. Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi haqqında imzaladığı Sərəncamın əhəmiyyətindən bəhs edən İlham Məmmədzadə bildirdi ki, dövlətimizin başçısının təşəbbüsü ilə multikulturalizm dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov qeyd edib ki, bu gün multikulturalizm həm siyasi, həm dini, həm elmi, həm də təhlükəsizlik məsələsidir. Bu aspektdən yanaşdıqda Qərbdə hazırda müzakirə olunan məsələlərdən biri müxtəlif xalqların nümayəndələri olan milyonlarla insanın həmin ölkələrin cəmiyyətinə inteqrasiya edilməsi ilə bağlıdır. Bu gün Qərbin həll etmək üçün baş sındırdığı məsələni Azərbaycan xalqı yüz illər öncə həll edib. Multikultural dəyərlər yüz il öncə Azərbaycan xalqı üçün mədəniyyət məsələsi idi. Çünki bizdə inancından asılı olmayaraq, hər kəsi sevmək mədəniyyəti formalaşıb.
İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov deyib ki, müasir dünyada birgəyaşayış çərçivəsində ortaya çıxan böyük problemlərin əsas amillərindən biri milli, irqi və dini müstəvidə artan ayrı-seçkilikdir. Azərbaycanda insanlar təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dini dəyərlərə hörmət və qayğı mühitində yaşayırlar.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev qeyd edib ki, Azərbaycanda multikulturalizm, tolerantlıq ənənələri çox yüksək inkişaf yolu keçib. Bizim ölkədə müsəlmanlarla yanaşı, xristianlar, yəhudilər və digər dinlərin nümayəndələri əmin-amanlıq şəraitində yaşayırlar. İslam dinində digər dinlərə münasibət də tolerantlığa söykənir.
Bakı Dağ Yəhudiləri icmasının sədri Milix Yevdayev diqqətə çatdırıb ki, tolerantlıq Azərbaycan xalqının yüksək mədəniyyətinin təzahürüdür. Azərbaycanın tolerantlıq modelini dini və mədəni müxtəlifliyin harmoniyası kimi qəbul edirəm. Çünki harmoniya şəklində yaşamaq hər xalqa məxsus olmur. Bu harmoniya Azərbaycan xalqının yüksək mədəniyyəti sayəsində mümkündür. Biz Azərbaycanda qərib deyilik və burada özümüzü Vətəndəki kimi hiss edirik.
“HEYDƏR ƏLİYEV VƏ MULTİKULTURAL TƏHLÜKƏSİZLİK” KİTABININ TƏQDİMATI KEÇİRİLİBMənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov qeyd edib ki, sivilizasiyalararası münasibətlər və dialoq, eləcə də tolerantlıq mühitinin formalaşması üçün müəyyən amillər olmalıdır. Azərbaycanda tarixən həm coğrafi baxımdan, həm də sosial-mədəni cəhətdən həmin amillər mövcud olub. Belə ki, coğrafi baxımdan tarixi İpək Yolunun üstündə və Şərqlə Qərbin kəsişdiyi yerdə yerləşməyimiz, sosial-mədəni cəhətdən isə ərazimizdə bir çox dinlərin mövcud olması, mədəniyyətlərin qurulması sivilizasiyalararası dialoq və tolerantlıq mühitinin yaranmasına gətirib çıxarmışdır. Ənənə şəklində nəsillərdən nəsillərə ötürülən mühit bu gün artıq müstəqil və müasir Azərbaycan dövlətinin siyasətində prioritet istiqamətlərdən biridir. Mədəniyyətlər və dinlərarası qarşıdurmaların artdığı dövrdə müxtəlif mədəniyyətlərin qovşağında yerləşən müstəqil ölkəmiz multikultralizm və tolerantlığın mərkəzinə çevirilib.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Elnur Əfəndiyev vurğulayıb ki, mədəni müxtəliflik Azərbaycanın zənginliyidir. Azərbaycanda multikulturalizm tarixən formalaşmış həyat tərzidir.
Tədbirin sonunda kitabın müəllifi akademik Kamal Abdulla deyilən fikirlərə görə təşəkkürünü bildirib. Qeyd edib ki, kitab 2014-cü ildən bəri üzərində işlədiyi multikultural təhlükəsizlik ideyasının nəticəsidir. Multikultural təhlükəsizlik də nəqliyyat təhlükəsizliyi, enerji təhlükəsizliyi, qida təhlükəsizliyi kimi eyni şəkildə dövlət səviyyəsində qorunmalıdır. Akademik Kamal Abdulla vurğulayıb ki, multikultural təhlükəsizliyin ümumi mahiyyəti etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması deməkdir. Multikultural təhlükəsizlik ölkə daxilindəki multikultural sabitliyin, şəraitin, mühitin təzahürüdür.
Qeyd edək ki, nəşrin elmi redaktorları Azərbaycan Dillər Universitetinin Multikulturalizm mərkəzinin müdiri Loğman Əliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Rəşad İlyasov, korrektor Şəlalə Nəqşanidir. Kitabda həmçinin Rəcəb Tayyib Ərdoğanın, Vladimir Putinin, Corc Buşun, Toni Bleyerin, Gerhard Şröderin Ulu Öndər Heydər Əliyevlə bağlı fikirləri də öz əksini tapıb.
“HEYDƏR ƏLİYEV VƏ MULTİKULTURAL TƏHLÜKƏSİZLİK” KİTABININ TƏQDİMATI KEÇİRİLİB
“HEYDƏR ƏLİYEV VƏ MULTİKULTURAL TƏHLÜKƏSİZLİK” KİTABININ TƏQDİMATI KEÇİRİLİB
multikulturalizm.gov.az