31.01.2024, 10:43 - Baxış sayı: 188

AMEA – Azərbaycanın elmi yaddaş və intellektual məkanı


Azərbaycan Milli Elmlər Akade­miyası xalqın ümumi zəkasını, ağ­lını birləşdirən böyük bir sərvətdir. ...Elmlər Akademiyasının yaranma­sı Azərbaycanın çoxəsrlik tarixində mühüm bir hadisədir.

Heydər ƏLİYEV,

Ümummilli lider

I MƏQALƏ

“Elmi yaddaş” anlayışı

Ümumiyyətlə, “elmi yaddaş” anlayışı­nı Pyer Noranın daxil etdiyi “yaddaş mə­kanı” anlayışının tərkib hissəsi kimi qə­bul edirik. Fransa tarixşünaslığının canlı əfsanələrindən olan Pyer Nora “yaddaş məkanı” dedikdə toplumun tarixində xüsusi mədəni rol oynayan məkanları, böyük şəxsiyyətlərin, o cümlədən elm adamlarının fəaliyyətlərinin yaddaşda qalması üsulunu nəzərdə tuturdu.
Bu baxımdan hər bir xalqın mədəni, incəsənət, elmi, tarixi, siyasi və digər yaddaş yerləri (və ya məkanları mövcud olur). Bu, konkret xalqın keçdiyi tarixi tə­kamül yolu ilə bağlıdır. Daha əhəmiyyət­lisi odur ki, “yaddaş məkanları” tarixin sı­nağından keçərək, kollektiv şüurda yerini tutmalıdır. Burada həm xalqın öz tarixinə, həm də özünə münasibəti sintez halında özünü göstərir. Xalqın zəkası “yaddaş məkanları”nı müəyyənləşdirir və onlara uyğun olaraq, inkişaf və tərəqqi yolunu seçir.
Aydındır ki, xalqın hansı dəyərləri ta­rixinin, elminin və mədəniyyətinin yaddaşı kimi görmək istəməsindən çox məqamlar asılıdır. AMEA-nın müasir mərhələdə va­cibliyi baxımından bunun böyük əhəmiy­yəti vardır. Bu məsələyə daha geniş ay­dınlıq gətirmək üçün Azərbaycanda elmi ənənənin nə dərəcədə “yaddaş məkanı” olaraq cəmiyətdə və dövlət quruculuğun­da yer aldığına baxaq.

Azərbaycanda intellektin fəzilətliliyi və yaddaş

Ulu öndər Heydər Əliyev məsələ­nin bu aspekti ilə bağlı dahiyanə fikirlər söyləmişdir. Ümummilli liderin çox say­da fikirlərindən görünür ki, Azərbaycan xalqı daim zəkaya, elmə və təhsilə böyük önəm vermişdir. Azərbaycanda elm və təhsil adamlarına həmişə diqqət çox ol­muşdur, onların el arasında nüfuzu yük­səlmişdir.
Ulu öndər öyrədirdi ki, azərbaycan­lılar həmişə elmi cəmiyyətin ali dəyəri hesab etmişlər, ən qədim zamanlardan başlayaraq, elmi yüksək qiymətləndir­mişlər: “Azərbaycan xalqı yüksək elmə, biliyə, savada malik olan xalqdır”. “Hansı iqtisadiyyat olursa-olsun, elm inkişaf et­məlidir”. “Azərbaycan xalqı inkişaf etmiş xalqdır. Azərbaycan xalqı öz köklərinə görə zehni inkişaf etmiş xalqdır. Biliyə, inkişafa həmişə diqqət vermiş və bu yolla getmiş xalqdır.”
Ulu öndərin Azərbaycan xalqı və döv­ləti üçün elmin yüksək dərəcədə vacib olduğunu konkret ifadə edən bu fikirləri tədqiqatlar üçün mayak rolunu oynamalı­dır. Çünki burada həm tarixi həqiqət var­dır, həm də bu həqiqətin adekvat dərki üçün çox əhəmiyyətli tövisyələr mövcud­dur.
Heydər Əliyev, bütövlükdə, Azərbay­can xalqının tarixi təşəkkülünün elmi tərəfinə diqqət yetirməyi tövsiyə edir. Deyir ki, bu xalq kökündən ziyalıdır, qə­dimdən ziyalılıq onun tarixi təkamülündə aparıcı yer tutmuşdur. Bu, böyük tezisdir, həm də səsləyişdir, anlatmaqdır. Ulu ön­dər anladır ki, qədimdən Azərbaycanın müxtəlif sivilizasiyaların və mədəniyyət­lərin kəsişmə məkanı olması, onu mə­dəniyyətinə, həyat tərzinə və düşüncə üsuluna o dərəcədə hopmuşdur ki, bü­tövlükdə, cəmiyyət elmi dünyagörüşü ilə formalaşmışdır. Burada, təbii ki, dinin tə­siri inkar edilmir. Əksinə, dinin də rolunu elmi müəyyənləşdirməyə bir dəvət hiss olunur.
Digər məqam ondan ibarətdir ki, Azərbaycan xalqı inkişafı naminə daim elmə maraq göstərmişdir. Bunun üçün də azərbaycanlı təfəkkürü elmi-mədəni aspektdə başqa biliklərə həmişə açıq ol­muşdur. Təfəkkürün açıqlığı müasir filo­soflar tərəfindən intellektin fəzilətliliyinin əsas göstəricilərindəın biri kimi təqdim edilir. Deməli, qədimdən azərbaycanlı­ların təfəkkürləri fəzilətli olmuş, özündə mənəvi-əxlaqi fəzilətlə intellektual fəziləti sintez etmişdir. Bu məsələnin fəlsəfi əhə­miyyəti çox böyükdür və xüsusi araşdırıl­malıdır. Onu vurğulayaq ki, azərbaycanlı təfəkkürünün fəzilətliliyi Ulu öndərin ifadə etdiyi fikirlərin əsasında tədqiq olunmalı­dır.
Heydər Əliyevin fikirlərində intellektin fəzilətliliyi əlaməti kimi başqa bir keyfiy­yət yer almışdır. Bu, Azərbaycan fəlsə­fi-elmi təfəkkür ənənəsində intellektin daim birləşdirici və inkişafetdirici rol oy­naması ilə bağlıdır. Diqqət etsək, görərik ki, Ulu öndər daim cəmiyyətin inkişafını elmlə əlaqələndirir. Bütün fikirlərində elm bütövlükdə toplumun və dövlətçiliyin tərəqqisi kontekstində qiymətləndirilir. Burada hansısa şəxsin özü üçün elm öy­rənməsi arxa plana atılır.
Bundan başqa, Heydər Əliyev elmi fəaliyyəti həmişə cəmiyyət və dövlət üçün strateji dəyər kimi təqdim edir. Və bu zaman elmi düşüncənin birliyə, inkişa­fa və bəşəriliyə dəvətini ayrıca vurğulayır. Azərbaycan fəlsəfi-elmi təfəkkürü buna görə ənənəvi olaraq humanist, bəşəri və sülhpərvər istiqamətli olmuşdur. Bu, ümumiyyətlə, azərbaycanlı intellektinin fəzilətliyinin, onun zehni faktor kimi “xe­yirxahlığı”nın maraqlı əlamətlərindən bi­ridir. Bu problem də ciddi araşdırılmalıdır.
Məsələnin fəlsəfi-nəzəri təhlili üzərin­də çox geniş dayanmaq imkanı yoxdur. Ancaq aydındır ki, elmi təfəkkür və onun əsas funksiyası olan elmi araşdırma mə­dəniyyəti qədimdən Azərbaycan toplu­munun həyat fəaliyyətinin atributu olmuş­dur! Ulu öndər öz fikirləri ilə bunu dolğun ifadə etmişdir.
Bunlardan Azərbaycanda akademik elmi tədqiqatların tarixinə qısa nəzər salmaq üçün təbii maraq yaranır. Bu məsələnin üzərində bir qədər geniş da­yanaq.

Azərbaycan – zəngin akademik tədqiqatlar ölkəsi

VI əsrdə artıq Yunanıstanda “Beşin­ci akademiya” (neoplatonizim dönəmi) mövcud idi. Lakin 529-cu ildə Bizans imperatoru Yustinian Afinada bütün fəl­səfi məktəbləri bağladı. İoann Malala bu prosesi belə təsvir edir: “529-cu ildə...Afi­naya əmr göndərildi ki, fəlsəfəni heç kəs tədris etməsin, qanunu izah etməsin...”. 531-ci ilin sonu 532-ci ilin əvvəllərində Afina Akademiyasının rəhbəri Dəməşqin başçılığı ilə 7 filosof indiki Azərbaycanın da daxil olduğu siyasi-coğrafi və mədəni məkana qaçdı. Lakin 532-ci ilin sonunda yenidən Roma imperiyası ərazisinə qa­yıtdılar.
Qısa müddətdə olmasına baxmaya­raq, yunan fəlsəfə və elm adamlarının Azərbaycanın yerləşdiyi coğrafi və mə­dəni məkana gəlməsi və özləri ilə özəl fəlsəfi düşüncəni, məntiqi və elmi yunan yanaşmasını gətirməsi tarixi bir dönüşə – geniş ərazidə akademik tədqiqatlar ənənəsinin yaranmasına təkan verdi! Faktlar bunu sübut edir.
“Akademikləşmə” prosesinin özü­nün “yeni coğrafi və mədəni” məkanında sürətlə getməsi təsadüfi deyildi. Məsələ ondan ibarətdir ki, həmin dövrdə də Şərqdə ciddi elmi ənənə və ondan qay­naqlanan təfəkkür tərzi mövcud idi. Hətta xristian fəlsəfi təfəkkürünün qaynaqların­dan olan Müqəddəs Avqustin elmi fəaliy­yətinə maniçi kimi başlamışdır. Maniçilik III əsrdə meydana gəlmiş və geniş yayıl­mış bir fəlsəfi-dini cərəyan idi. Hər bir hal­da Şərqin və o cümlədən, Yaxın Şərq və Qafqazın yunan akademik məktəblərinə həssaslığı öncədən bu ərazilərdə elmə böyük canatmanın və regionun zəngin fəlsəfi, dini və elmi araşdırma ənənəsinə malik olması ilə sıx bağlıdır.
Bu əlamət özünü Azərbaycan da daxil olmaqla geniş ərazidə akademik araşdır­malarda yunan fəlsəfi-elmi məntiqi ilə Şərq araşdırma özəlliyinin sintezində tapdı. O cümlədən, indiki Azərbaycan ərazilərində meydana gələn akademik məktəblərdə hu­manitar və təbiət elmlərinin həm tədqiqində, həm də tədrisində özünü göstərmişdir. Bu bağlılıqda Heydər Əliyevin ifadə etdiyi aşa­ğıdakı fikirlər çox maraqlı və əhəmiyyətlidir. Ulu öndər III minilliyin gəlişi ilə bağlı xalqa müraciətində vurğulamışdır: “...Yunan-Roma mədəniyyətinin, bütün antik sivilizasiyanın güclü təsiri altında inkişaf edən elm, ədə­biyyat və incəsənətimiz çox erkən dövrlərdə özünəməxsus forma və məzmuna malik ol­mağa başlamışdır. Bununla yanaşı, sözsüz ki, bizim zəngin mədəniyyətimizin formalaşma­sına müxtəlif mərhələlərdə həm zərdüştlik, yəhudi, xristian, həm də islam mədəniyyətlə­rinin təsiri olmuşdur...”.
Bu fikirlərin çox mənaları vardır. O cümlədən, Ulu öndər ifadə edir ki, Azərbay­canda elmi tədqiqatların tarixi çox qədimdir və onun bir qolu yunan-Roma fəlsəfi-elmi xüsusiyyətlərinə gedib çıxır. Digər qolu isə Azərbaycanın mədəniyyət və elm məkanı kimi özəllikləri ilə əlaqəlidir. Buna görə də tədqiqatçılar yazırlar ki, qədim dövrlərdən Azərbaycanda təbiət elmləri ilə humanitar və tibb elmi qarşılıqlı əlaqədə araşdırlmışdır. Bu isə müasir akademik tədqiqatlar üçün xarak­terik olan xüsusiyyətdir.
Yunan akademik düşüncə tərzinin Azər­baycanın ərazisinə sirayət etməsi ilə VI-IX əsrlərdə elmin sürətli inkişafı üçün münbit şəraitin formalaşmasına səbəb olmuşdur. Və artıq IX əsrdə yeni elmi mərkəzlər şəbəkəsi yaranmağa başlamışdır. Bu prosesi ümu­miləşdirsək, deyə bilərik ki, Orta əsrlərdə İsfahan, Təbriz, Şamaxı, Marağa, Naxçıvan, Həmədan, Ərdəbil, Xoy, Urmiyə və digər yerlərdə çox sayda elmi tədqiqat mərkəzləri formalaşmışdır. Həmin mərkəzlər arasında elmi təcrübə mübadiləsi də mövcud olmuş­dur. Bunu tarixi mənbələrdəki faktlar göstə­rir.
Nəticədə, Azərbaycanda akademik araş­dırma mədəniyyəti yeni səviyyəyə yüksəlmiş və bu, bütövlükdə, elmi istiqamətlərin struk­turlaşması, təşkili və inkişaf etdirilməsinə ciddi təkanlar vermişdir. Bununla demək olar ki, artıq XII-XIV əsrlərə vahid Azərbaycan akademik araşdırma şəbəkəsi formalaşmış idi.
Vurğulanmalıdır ki, XIII əsrdə Təbrizdə “Rübi-Rəşidi” Akademiyası təşkil edilmişdir. Burada təbiət elmləri, riyaziyyat, tibb, hən­dəsə və humanitar elmlər üzrə elmi tədqiqat­lar aparılmışdır. Bu struktur müasir akademi­yaların strukturuna çox bənzəyir.
Çox əhəmiyyətlidir ki, həmin dövr Azər­baycan elmi mərkəzləri yalnız regioal miq­yasda deyil, dünya miqyasında diqqəti cəlb etmişdir. Nəsirəddin Tusinin məktəbində hətta uzaq Çindən gəlmiş alimlər tədqiqat aparmışlar. Sonra onlar vətənlərinə qayıda­raq Tusi modelinə uyğun tədqiqat məktəbləri yaratmışlar.
Sonrakı əsrlərdə Azərbaycanda akademik araşdırma mədəniyyəti daha da inkişaf etmiş və tendensiyadan davamlı inkişaf edən yara­dıcılıq üsuluna çevrilmişdir.

AMEA elmi yaddaşın milli sərvətə çevrilməsi yolunda: müasir mərhələ

Bütün bu faktlar nəyi ifadə edir? Hər şeydən öncə, Azərbaycanda qədimdən aka­demik tədqiqatların aparıldığını fakt kimi qəbul etməklə yanaşı, yaradıcılıqda xüsusi ənənə olaraq dərk etmək zərurətini ortaya qoyur. Bunun elmin təşkili və idarəedilməsi aspektində anlamlarından biri ondan ibarət­dir ki, AMEA-nı bağlamaq fikrinə düşənlər və “bu struktur nə etmişdir ki?” kimi sual verənlər nəyi baltaladıqlarının fərqinə var­sınlar. Azərbaycan elə bir elmi-mədəni mə­kandır ki, akademik araşdırmalar onun yara­dıcılıq potensialının nüvəsini təşkil edir. Bu nüvəni məhv etmək, özünü məhv etməkdir! Və burada heç bir bəhanə keçərli deyil – nə liberalizm nağılı, nə antisovetizm radikal mövqeyi, nə Qərb nümunəsində elmi fəa­liyyəti “müasirləşdrmək” bəhanəsi ilə olanı da dağıtmaq aqressivliyi, arqument deyildir. Təbii ki, elmi fəaliyyətin səmərəsini artırmaq üçün islahatlar zəruridir, lakin bunu ölkədə akademik tədqiqat ənənəsinə zərər verməklə etmək qətiyyən olmaz. Həm də AMEA indiki fəaliyyəti ilə sübut edir ki, müstəqil dövlətin inkişafı üçün çox böyük işlər görə bilər və elmi müasirləşmə hər kəsdən öncə bu struk­turun çiyinləri üzərində mümkündür.

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

"Xalqqazeti.az"