30.01.2024, 08:42 - Baxış sayı: 212

Məhəmməd Əmin Rəsulzadənin istiqlal məfkurəsi işığında dahi Nizaminin (ədalətli) ideal cəmiyyəti


Məhəmməd Əmin Rəsulzadənin istiqlal məfkurəsi işığında dahi Nizaminin (ədalətli) ideal cəmiyyəti

Gənc yaşlarından Bakıda gizli dərnəklərdə fəaliyyət göstərmiş publisist, ictimai xadim, ideoloq, “Müsavat” partiyasının rəhbərlərindən biri Məhəmməd Əmin Axund Molla Ələkbər oğlu (1884-1955) Rəsulzadənin 2024-cü ilin yanvar ayında 140 illik yubileyi ilə əlaqədar AR Prezidentinin 30 dekabr 2023-cü il sərəncamında qeyd edildiyi kimi XX əsrin ilk onilliklərlərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş mütəfəkkirin uzun illər ərzində mühacirətdə müstəqil Azərbaycan arzusu ilə yaşaması və mübarizə aparması şübhəsiz Azərbaycan ictimai fikir tarixində xüsusi əhəmiyyət kəsb etmiş, dövlətin və böyük ictimaiyyətin daim diqqət mərkəzində olmuşdur. İctimai-siyasi fikir tarixində və dünya ədəbiyyatında böyük şəxsiyyətlər haqqında yazılmış əsərlər saysız hesabsızdir. Bu şəxsiyyətlər adətən yaşadıqları dövlətlərin zaman və məkan şəraitlərinə sığmırlar. “Nizamiyə borcumuz” haqqında M.Rəsulzadə yazır: “Azərbaycanın bu böyük oğluna can və ürəkdən bağlanmaq, ona aid maddi və mənəvi xatirələri vətən və milləti birləşdirən bir müqəddəsat kimi mənimsəmək, əsərlərini diqqət və ehtiram ilə öyrənmək, yaratdığı ədəbi tablo və timsallari müasir sənətin texnikası vasitəsilə yenidən canlandırmaq, möcüzəli sənətindəki bütün incəliklərin zövqünə varmaq, yüksək ruhundakı böyüklük və dərinliyin həqiqi ölçülərini bilməyə çalışmaq, varlığın sirlərini araşdıran hikmət və fəlsəfəsini qavramaq, bir sözlə: öz zamanında anlaşılmadığından şikayət etdiyi “türkcə”sini anlamaq – budur vətənpərvər Azərbaycan ziyalılarının və xalqını sevən bütün türklərin vəzifəsi” (s.31, Azərbaycan şairi Nizami M.Ə.Rəsulzadə).
Rəsulzadəyə görə Nizaminin insan haqqındakı mistik anlayışı onun dini dünyagörüşündən irəli gəlir. Nizami dindar olaraq bütün varlıqları Allahdan bilir - öz-özünə mövcud olan, varlığının forması olmayan, kimsəyə bənzəməyən, dəyişməyən və ölməyən bir Allahdan! O, belə bir mücərrəd Allaha tapınır. Bu tapınmada o, səmimi və fədakardır. M.Ə.Rəsulzadə təbiət və cəmiyyətə münasibətdə heç bir dövlət ideologiyasının tələblərinə sığışmamış, öz dünyagörüşünün müəyyənləşməsində müstəqil, sərbəst və azaddır. Nizaminin fikrincə eqoizm və Allahsevərlik özündən keçmək deməkdir. Çünki Allahsevərlik - gündüzə, özgüdərlik (eqoizm) isə gecəyə bənzəyir. Nizami “əvvəllərin əvvəli” və sonların sonu olub. Heç bir şey yox ikən “var olan” yaradana etiqad edir. Yaradılışda ikilik və ya çoxluğu “vəhdaniyyətçi” Nizami kökündən rədd edir. O, özünün vahid yaradan tərəfindən yaradıldığına inanır. “Yaxşısa da, pissə də yaradılışı ondandır:
Mənim cismimi torpaqdan yaratdın
Sən natəmizə təmizi qarışdırdın
Əgər mən təbiətcə yaxşı və pisəmsə,
Sənin hökmün bu naxışı mənə yazıb
(səh.26. Azərbaycan şairi Nizami)
Rəsulzadə insan mücərrəd bir ruh olmaq etibarı ilə, ancaq “fənafillah” olduğu zaman mənəvi dəyər və şərəfini qoruya bilir" fikrinə üstünlük verərək onun yalnız mənsub olduğu cəmiyyətə faydalı olması ilə daha şərəfləndiyini önə çəkir. Nizamiyə görə hər fərd öz millətindən bir parça olduğu üçün dəyərlidir: bu bir nemətdir. Bu neməti rədd etmək milləti rədd etmək deməkdir. Əsl humanist olaraq Nizaminin yaradıcılığında da əsas diqqət mərkəzində insan dayanır. Bu insan sülhsevər, zəhmətsevər, elmə həvəs göstərir, incəsənətə qiymət verir, ədəbiyyatla maraqlanır, ünsiyyətlidir. Əgər Xəmsəyə daxil olan ilk əsərdə "Sirlər xəzinəsi"ndə diqqət mərkəzində kərpickəsən kişi kimi sadə əməkçi insanlar dayanirsa, şairin son əsərində diqqət mərkəzində İsgəndər kimi müdrik qocalardan dərs almış, Peyğəmbər səviyyəsinə yüksəlmiş hökmdar durur.
Rəiyyət ilə hakim təbəqə arasında tarazlığın qorunmasına töhfələr vermiş şair son poemasında o fikrə gəlir ki, yalnız elmli insanlar mühiti dəyişə, bəşər nəsli üzərində tam üstünlük əldə edə bilərlər:
Elmlə, hünərlə! Başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
Bu aforizm fəlsəfə doktoru Əzizağa Nəcəfzadənin İmam Əlidən seçib götürdüyü kəlamından biri ilə səsləsir: “Hər bir insanın qiyməti onun elminin dəyəri qədərdir”. Nizamiyə görə dövlət həmişə lazımdır, lakin o, istismarçılara xidmət elədikdə, dovlətlilərin mənafeyini qoruduqda onda nüfuzunu itirir, bərabərsizlik və hərc-mərcliyin yaranmasına şərait yaratdığından həyat səhnəsindən çıxmalı olur. Məhz bütün bunlara görə Nizami elə cəmiyyət yaratmaq ideyasını irəli sürürdü ki, orada dövlət və onun təşkilatları cəza tədbirlərinə əməl eləsin, cəmiyyətin üzvləri bu qaydalarla tənbeh olunsunlar.
Nizami “İqbalnamə”də alim və elm adamlarının ümumiləşdirilmiş 7 nəfərinin adını çəkir: Sokrat, Əflatun (Platon), Ərəstu (Aristotel), Vales (Tales), Bəlinas (Viyanali Apollon), Fərfuriyus (Porfirini) V Hormuz (Hermes) dən ibarət bu alimlərin materiya və yaranış, dövlət və cəmiyyət məsələlərinə dair baxışlarına, ümumən fəlsəfi-etik görüşlərinə istinad etmiş, özündən qabaqkı bəşər mədəniyyətinin nailiyyətlərinə yiyələnə bilmiş və cahanşümul yaradıcılığı ilə özündən sonrakı ictimai-siyasi fikir tarixinə istiqamət vermişdir.
Nizami ideal cəmiyyət haqqındakı fikirləri də Avropa utopistlərini qabaqlamis XVl əsrdə ingilis Tomas Mora, XVl əsrdə italiyalı Tommazo Kampanellaya, XVll-XVlll əsrlərdə Jan Melyeyə və XlX əsrin utopik fransız sosialistləri Anri Sen Simon və Şarl Furye, ingilis Robert Ouenə hamı üçün məcburi əməyə və nemətlərin bərabər bölüşdürülməsinə əsaslanan cəmiyyət haqqında təlimin yaradılmasına təsir göstərmişdir.
Sovet şərqşünaslarindan Yevgeniy Bertels Nizaminin təsvir etdiyi “Cənnət şəhəri”ndəki ideal sosializminin şimalda SSRİ-nin olduğu yerdə yerləşdiyini əsaslandırmağa çalışsa da Azərbaycan mütəfəkkiri M.Ə.Rəsulzadə bu fikri əsassız sayaraq müqayisələr aparır və belə qənaətə gəlir ki, Nizaminin “Cənnət şəhəri” dindar, sovet cənnət şəhəri dinsiz, biri Allahı tanıyan, ikincisi isə inkar edəndir. Biri həqiqət carçısı, 2-ci yalanı ən böyük təbliğat silahı hesab edir. Birincidə sevgi əsasdır, ikincisində nifrət hakimdir. Birincidə insanlar arasında anlaşma əsasdırsa, ikincidə siniflər qovğası (mübahisə, savaş) əsasdır. Birincidə heyvanlar belə təhlükəsiz yaşadığı halda, ikincidə insanlar daim ölüm qorxusu altındadır. Birincidə qan tökmək haram ikən, ikincidə qanlıliq əsasdır. Birinci oğurluğun nə olduğunu bilmir, ikincidə isə oğurluq ən qanlı polis rejimidir. Birinci casusluq bilməz, ikincidə hamı casusdur. Birinci silahsızdırsa, ikinci təpədən dırnağa qədər silahlıdir. Rəsulzadəyə görə “Dini əxlaqa və ictimai anlaşmaya əsaslanan “Nizami sosial” utopiyası ilə dini rədd edən və siniflər qovğasıni əsas tutan qanlı “rus sosializminin” bir birinə bənzər heç bir tərəfi yoxdur” (səh.211). Doğrudan da müstəqillik işığında bütün digər problemlər kimi, Nizaminin haqqa, ədalətə söykənən və əsaslanan ideal hökmdarsiz cəmiyyətin düzgün təhlili və bizi razı salan şərhindəki bu son nəticələr daha inandırıcı, daha çox diqqətə uyğundur. Biz buna görə böyük mütəfəkkir Rəsulzadəyə minnətdar olmalıyıq. Çünki yalanı, saxta problemi doğruluq kimi göstərməyin axırı faş olmağa gətirib çıxarır. Doğruluğun isə üstünə pərdə çəkmək olmaz, çünki o, şəriət, mərifət, hidayət və sonda həqiqət adlı pillələrdən keçərək püxtələşir, öz mahiyyətindəki saflığı qoruyub saxlayır.
M.Ə.Rəsulzadə “Cənnət şəhəri” barədə Y.Bertelsin söylədiklərinə yenidən qayıdaraq “onun bir də zəmanəmizdə yaşamış olsaydı Nizami bizimlə yəni bolşeviklərlə birgə olardı” hökmünə etirazı bildirir. Biz bilirik ki, Nizami “İsgəndərnamə”nin Şərəfnamə hissəsində Rusiya və ruslardan bəhs edən maraqlı həyat lövhələri ilə bizi tanış edir. Nizami öz ana yurdunu, Bərdə hökmdarı Nüşabəni, onunla birlikdə bütün mədəni dünyanı idealizə etdiyi qəhrəmanı İskəndərin əli ilə rus təhlükəsindən xilas etmiş və onu əsirlikdən qurtarmışdır. Rəsulzadəyə görə Nizami İskəndərə kəşf etdirdiyi “Cənnət şəhəri”ni onun öz əli ilə külə döndərdiyi bir yerdə necə təsəvvür edə bilərdi? ...
Belə imkansızlığı və məntiqsizliyi yalnız dünyanın bütün millətlərini hakimiyyəti altına alıb onlardakı maddi-mənəvi bütün dəyərləri mənimsəmək istəyən qırmızı bolşevizmin ideoloqları təsəvvür edə bilərlər, Nizami yox (səh.212).
Bu müqayisəli təhlillə indi razılaşmaq olar. Çünki sovetlər birliyində yaşayan hər hansı alimin həddi nə idi ki, yaşadığı cəmiyyəti idealizə etməsin. Sovet metodologiyasının hökmünə əsasən hər bir alim ideal hesab etdikləri fikri həqiqət, doğruluq kimi qəbul etmək məcburiyyətində idilər. Rəsulzadənin isə fikrincə “sevgi ilə nifrət, rəhmət ilə lənət nə qədər bir araya sığa bilərsə, Nizami ilə bolşeviklər də o qədər birgə ola bilərlər”.
Nizaminin sosial ədalət məsələlərində cəmiyyətin tədrici inkişafı ilə bağlı təkamülü proseslər bir daha sübut edir ki, din və bəşəri amillər aparıcı istiqamət kimi dəyərləndirilir. Nizami dövrünün yaranmış bütün məşəqqətlərindən zülmün, zülmkarligin, zillət və zəlalətdən nicat yolunu bütün varlığa həyat və can verən tanrıda görür:
Sən ey bütün varlığa həyat verən, can verən!
Güldən yaranmışlara nəfəs verən, qan verən!
Bayrağın altındadır, ulu tanrı, xilqətin,
Biz səninlə mətinik, sənsə əzəldən mətin.
Mümkünmüdür bənzədək varlığını bir şeyə?
Kimsə sənə bənzəməz, bənzəməzsən kimsəyə.

M.Ə.Rəsulzadə əsərinin 222-ci səhifəsində “Son söz” başlığı ilə verdiyi 6-cı abzasda Nizaminin yenə də Cənnət şəhərinin üzərində dayanır. Böyük mütəfəkkirə görə cənnət şəhərinin timsalında gördüyümüz kimi Nizaminin maddiyyata deyil, mənəviyyata, nifrətə deyil, sevgiyə əsaslandırdığı ictimai quruluş sosial ədalətə susamış bugünkü bəşəriyyətin aradığı ideal nizam deyildirmi?!
Yüksək fəlsəfi düşüncə və kəskin siyasi görüşləri ilə insanlığın ən səmimi duyğularına və ən ülvi ideallarına tərcüman olan bu ilahi sənətkar bəşər mədəniyyətinin dahi bayraqdaridir. Nə qədər ki, bu dünyada həyat var, Nizamini bütün varlığı və olduğu kimi öyrənmək, ondan faydalanmaq ehtiyacında olanlar bitib tükənməyəcək.

Əli İbrahimov
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu “Heydər Əliyevin
siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı
elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent