30.01.2024, 08:37 - Baxış sayı: 233

Azərbaycan Türk ictimai-fəlsəfi fikir tarixinə töhfə vermiş qadınlar: XURŞİDBANU NATƏVAN


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)


Azərbaycan Türk ictimai-fəlsəfi fikir tarixinə töhfə vermiş qadınlar: XURŞİDBANU NATƏVAN

Qarabağ xanlarının nəslindən olan Xurşidbanu Natəvan (1832-1897) 1832-ci il avqustun 15-də Şuşada, Qarabağın son xanı Mehdiqulu xan Cavanşirin ailəsində dünyaya gəlmişdir. Xalq arasında “Xan qızı” ləqəbi ilə tanınan Natəvan saray tərbiyəsi gormüş, dövrün tanınmış alim və sənətkarlarından dərs almışdır. Güney Azərbaycanımızdan olan alim-tədqiqatçı Məhəmməd Rza Kərimi yazır ki, Natəvan ibtidai təhsilini ev müəllimlərinin yanında almış, ana dili ilə bərabər fars və ərəb dillərini öyrənmiş, Şərq klassiklərinin əsərləri ilə yaxından tanış olmuşdur. 20-ci əsrin əvvəllərində yaşamış tanınmış Azərbaycan Türk mütəfəkkiri Firudin bəy Köçərli özünün məşhur “Azərbaycan türklərinin ədəbiyyatı” əsərində Natəvanın tərcümeyi-halından və əsərlərindən geniş şəkildə bəhs etmişdir. O, yazırdı: “Mərhumeyi-məğfurə validi-əmcədinin vəfatından sonra atasının yerində əyləşib, bir müddət artıq təntənə ilə atası kimi cəmi Qarabağa xanlıq elədi. Əvvəlcə Dağıstan nücəbalarından knyaz Xasay cənablarına ərə gedib və ondan iki nəfər övladı olubdur”. Xurşidbanu Natəvanın gənc yaşlarında çarlığın etibar etdiyi dağıstanlı knyaz Xasay xan Usmiyevlə evlənmək məcburiyyətində qalmasına əsas səbəb çarizmin onun Qarabağ bəylərindən biriylə ailə qurmasını özü üçün təhlükəli hesab etməsi idi. Hər halda Mehdiqulu xan Cavanşirin ölümündən sonra (1845) Qarabağ xanlığının başına keçən Natəvanın Quzey Azərbaycan xanlarının varislərindən biri ilə evlənməsi çar Rusiyasının rəhbərliyi tərəfindən üçün doğru sayılmamışdır. Bu baxımdan Qarabağ xanlığının yenidən dirçəlməməsi üçün çar Rusiyası Xurşidbanu Natəvanın dağıstanlı bir knyazla ailə qurmasını daha məqbul hesab etmişdir.
Xasay xanın qulluğu ilə əlaqədar olaraq dörd-beş ilə yaxın Tiflisdə yaşaması, Xurşidbanunun burada şair və rəssam kimi formalaşmasına böyük təsir göstərmişdir. Tiflis mühiti Xan qızına Qafqazın çoxmillətli mədəniyyəti ilə tanış olmaq və ondan bəhrələnmək imkanı yaratmışdır. Natəvan bu şəhərdə rus, gürcü mədəni cəmiyyətlərinə qoşulmuş, özü də milli ənənəsi, kübarlara məxsus davranışı və üç dildə sərbəst danışması ilə bu cəmiyyətlərdə maraq oyatmışdır. Ümumiyyətlə, bir sıra vilayət və şəhərlərə səyahətə çıxması Xurşidbanunun təfəkkür dairəsinin genişlənməsinə, dünyagörüşünün artmasına təkan vermişdir. Vladiqafqaza, Dağıstana, Şirvana, Bakıya, Gəncəyə və Naxçıvana səfər zamanı o, çarizmin ucqarlarda yeritdiyi müstəmləkə siyasətinin şahidi olmuş, yüksək rütbəli dövlət qulluqçuları, yazıçı, alim və səyyahlarla görüşmüşdür.
1858-ci ildə Bakıda məşhur fransiz yazıçısı Aleksandr Düma ilə X. Natəvanın görüşdüyü də məlumdur. Xasay xanın fransız dilində “əsil parisli kimi” danışması, Natəvanın isə özünü təhsilli, dünyagörüşlü Azərbaycan Türk xanımı kimi aparması Düma və digər qonaqların diqqətinə səbəb olmuşdur. Natəvanın Bakıdan Şıx kəndinə daş yol çəkdirməsi haqqında ilk məlumatı da Aleksandr Düma özünün "Qafqaza səyahət" kitabında vermişdir.
1864-cü ildə Xasay xanın ailəsini atıb getməsi və Knyaz Loris-Melikovla münaqişə nəticəsində sürgünə göndərilərək, 1866-cı ildə orada özünü öldürməsi, Xurşidbanuya boşanmaq üçün qanuni əsas vermişdir. Şairin camaat arasına uzüaçıq çıxması, şeirə, rəsmə və musiqiyə həvəs göstərməsi din xadimlərinin xoşuna gəlməmişdir. Xurşidbanu tənə və məzəmmətlərə son qoymaq üçün 1869-cu ildə Seyid Hüseyn Ağamirov adlı bir şuşalı ilə ailə qurmuşdur. Düşmənləri Natəvanın ailə üzvləri arasında təfriqə salıb, böyük oğlu Mehdiqulu xanın evdən başgötürərək, uzaq vilayətlərə getməsinə müvəffəq olmuşdular. Bunun ardınca 16-17 yaşlı oğlu Mir Abbasın ölümü Xurşidbanunu çəkilməz dərdlərə, məşəqqətlərə düçar etmişdir. Oğul dağına tablaşmadığından Natəvanın səhhəti pozulmuş, bir müddət xəstə yatmış, nisbətən sağalıb ayağa qalxdıqdan sonra da ruhi iztirablar, üzüntülər Xurşidbanunu rahat buraxmamışdır.
Artıq 1870-1880-ci illərdə onun hayatında və yaradıcı¬lığında yeni mərhələ başlamışdır. Şair maarifləndirmənin, mədəniyyətin yayılmasına öz töhfəsini vermiş, ictimai-mədəni tədbirlərdə fəal iştirak etmışdir. Bu illərdə o, əsas diqqəti 18 kənddən, bir neçə yaylaq və zavoddan ibarət təsərrüfatı nizama salmaq və onu yeni qaydada idarə etmək işinə yönəltmiş, yollar çəkilməsinə, körpülər salınmasına, məktəb binası tikilməsinə illik gəlirdən xüsusi fond ayırmışdır. Natəvanı Qarabağın abadlaşdırılması, Şuşanın mədəni görkəm alması, maarifləndirmə və digər məsələləri ciddi düşündürmüşdür. Azərbaycan Türk mütəfəkkiri Mir Möhsün Nəvvab “Təzkireyi-Nəvvab” əsərində X.Natəvanın yaradıcılığına yer verməklə yanaşı, onun xeyriyyəçiliyini də qeyd etmişdir. Nəvvab yazırdı: “O, həmişə səxavət və xeyriyyə mənbəyi olan, hörmətli nəsli və əcdadı kimi ehsanlar vermişdir. Xüsusilə 1291-ci ildə (miladi 1872-1873) Şuşa şəhəri əhalisi üçün verdiyi ehsan ondan ibarətdir ki, şəhərin qərb hissəsindən (Şuşaya) daxil edib. Suyu saxlamaq üçün böyük və möhkəm bir anbar tikdiribdir. Şəhər əhalisinin istirahət və gəzintisi üçün cənnət kimi bir bağ saldırdı”. Doğrudan da o,1873-cü ildə yüz min manat sərf edərək, yeddi kilometrlik məsafədən sıldırım qayaların döşü ilə Şuşaya içməli su çəkdirmiş, Şuşada bağ saldırmış, uşaqların təhsil almasına çalışmış və digər xeyriyyəçilik işləri ilə məşğul olmuşdur. Bu baxımdan 1875-ci ilin payızında Şuşa şəhərində “Şuşa” xeyriyyə cəmiyyəti tərəfindən əsası qoyulmuş qız məktəbinin yaranmasında da, Natəvanın müəyyən rol oynamasını istisna etmirik. Tanınmış Azərbaycan Türk mütəfəkkiri Hüseyn Baykara yazırdı ki, həmin dövrdə Şuşada qızlar üçün məktəbin açılmasında “Şuşa” xeyriyyə cəmiyyəti böyük rol oynamışdı.
O, 1897-ci il oktyabr ayının 2-də Şuşada vəfat etmişdir. Dəfn mərasimində iştirak edən camaat hörmət əlaməti olaraq, şairənin cənazəsini Şuşadan Ağdama qədər piyada aparmış, Xan qızı Ağdamda “Imarət” deyilən ailə qəbiristanlığında dəfn olunmuşdur. Şairin ölümü təkcə Azərbaycanın yox, bütün Qafqazın qabaqcıl, maarifpərvər adamlarını kədərləndirmişdir. Bu münasibətlə “Qafqaz”, “Tərcüman” və başqa qəzetlərdə nekroloqlar və Natəvanın həyat fəaliyyəti haqqında yazılar dərc edilmişdir. Xurşidbanunun vəfatı şairlər tərəfindən “ədəbiyyat aləminə üz vermiş fəlakət”, şeir məclisində “günəşin batması” kimi obrazlı ifadələrlə qələmə alınmışdır.
Natəvan yaşadığı dönəmin içində öncəliklə, bir qadın lider olaraq yaşadığı problemlərlə mübarizə etmiş, eyni zamanda xanlığın idarə edilməsində bir sıra isalahatlar aparmağa çalışmışdır. Natəvan Qarabağ Xanlığının son varisi kimi həm Şuşa şəhəri və ətraf ərazilərin idarəçiliyi ilə məşğul olmuş, həm də Şuşada “Məclisi üns” (1864-1897) ədəbi məclisinin inkişafında mühüm rol oynayaraq burada ictimai-fəlsəfi məzmunlu şeirlərin müzakirəsini təşkil etmişdir. “Azərbaycan tarixi” çoxcildliyinin 4-cü cildində yazılır ki, “Məclisi-üns” 1864-cü ildə Şuşada Mirzə Rəhim Fəna tərəfindən təşkil edilmişdi: “1872-ci ildə görkəmli şairə Xurşidbanu Natəvan (1832-1897) məclisə qoşulduqdan sonra onun üzvlərinin sayı daha da artmış, fəaliyyəti geniş və müntəzəm şəkil almış və bütün ölkədə şöhrət tapmışdır. “Məclisi-üns”ün Natəvan, Mirzə Rəhim Fəna, Mirzə Ələsgər Növrəs, Mirzə Həsən Yüzbaşov, Mömobey Məmai və baqşa üzvləri var idi”. Ancaq bəzi tədqiqatçılar yazırlar ki, 1872-ci ildə Xurşidbanunun təşəbbüsü və maddi yardımı ilə əsası qoyulan “Məclisi-üns” ədəbi məclisi öz ətrafına otuza yaxın şair toplamışdır. Məhəmməd Rza Kərimi də yazır ki, Natəvan Şuşada “Məclisi-üns” adlı ədəbi məclis yaratmış və ona rəhbərlik etmişdir: “Bu ədəbi məclis Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında özünəməxsus rol oynamışdır. Çünki o, bir nümunə rolu oynadı və çox keçmədi ki, Azərbaycanın başqa yerlərində də ona oxşar məclislər yarandı və fəaliyyət göstərdi”. Bizcə, Natəvan “Məclisi-üns”ün inkişafında və fəallığında mühüm rol oynamış, anca ona qədər həmin məclis bir qədər zəif şəkildə də olsa, mövcud olmuşdur.
“Məclisi-üns” üzvlərinin sayına və tərkibinə görə sonradan təşkil edilən “Məcməüşşüara” (Bakı), “Beyti-Fəramuşan” (Şuşa), “Beytüs-səfa” (Şamaxı) məclislərindən fərqlənmişdir. Firudin bəy Köçərli yazırdı: “Xurşidbanu elmü mərifət sahibəsi olmağa görə, əksəri-övqatı ürəfa, şüəra və üdəba dairəsində keçirərdi. Şeir və qəzəli sevib, özü dəxi gözəl və zərif təb sahibəsi idi. Mərhum Qasım bəy Zakir və sonralardan Abdullah bəy Asi və onun müasirləri və xüsusən hali-həyatda olan Mirzə Rəhim Fəna cənabları ol gövhəri-pakın inayətləri sayəsində təblərinə vüsəti qüvvət verdilər”.
Tədqiqatçılara görə, Natəvanın təxminən iyirimi (20) ilə qədər rəhbərlik etdiyi “Məclisi-üns” də Azərbaycan türkcəsi, fars dilləri ilə yanaşı, cığatay dilində (Özbək türkcəsində) də qiymətli mənzumələr yaranmışdır. Məclisdə klassiklərdən tərcümələr edilmiş, burada Xaqani, Nizami, Füzuli kimi qüdrətli qələm sahiblərinin əsərlərinə nəzirələr yazılmışdır. Şeirlərin bir qismi də məşğələ zamanı məclis üzvlərinin bədahətən söylədikləri beyt və ya misralardan düzəlmişdir. “Məclisi üns” adlı ədəbi məclisdə fəal şəkildə iştirak edən Natəvanın şeirlərindəki eşqin, sevginin məşhur şair-mütəfəkkirimiz Məhəmməd Füzuli kimi cismani deyil, daha çox mənəvi xarakter daşımasına şübhə etmirik. Bunu, Məhəmməd Rza Kərimi də çox doğru qeyd edərək yazırdı: “Natəvan özünəməxsus bir şairə idi. O, Füzulinin üslubunda yazsa da, heç vaxt təqlid arxasınca qaçmamışdır. Onun özünəməxsus üslubu formalaşmışdı”. Məsələn, Natəvan, bir şeirində Füzuli ruhunda belə yazırdı:
Dilbərə, dərdi-dilimdən belə ünvan etdim –
Ki, qəmi-hicridə dil mülkünü viran etdim.
Mümkün olmaz mənə vəslin bilirəm həşrə kimi,
Ol səbəb məskənimi kuhü biyaban etdim.
Eşq sultanı mənim qətlimə fərman gətirib,
Etmədim tərki-vəfa, taəti-fərman etdim.
Səri-kuyində qoyub başımı bir uf demədim,
Səri-sidq ilə dilü canımı fərman etdim.
Yoxdu bir kimsə məgər dərdimi bilsin, ya Rəb –
Ki, mən öz qanım ilə dərdimə dərman etdim.
Dərdi-hicrində gözüm yaşı tutub dünyanı,
Nuh tufanı kimi gör ki, nə tufan etdim.
Natəvan, etmədi ol səngdilə naləm əsər,
Gecə-gündüz nə qədər naləvü əfqan etdim.
Deməli, Natəvan öz ilahi sevgisindən əl çəkmir, çünki bu eşq onun yalnız bu həyatı deyil, əbədi həyatı üçün bir dönməzlikdir. Bu anlamda, insanın içindəki dərdini də özü kimi biləcək ikinci bir insan yoxdur, yalnız Tanrıdan başqa. Tanrı və insan vəhdəti dərdli ilə dərdsizi bir-birindən ayıra bilər. Ancaq dərdli, möhnətli birisinin, eyni zamanda nə qədər dərdsiz olması da aşikardır. Çünki içindəki dərdləri Tanrıyla bölüşən insan sanki dərdsizləşir və zahirən dərdli ikən dərdsiz görünür. Bizcə, bu anlamda bəlkə də, insan üçün tək çarə özünə Dost bildiyi Tanrıdan başqa ilah yoxdur. Şübhəsiz, belə bir Dostun əliylə ölmək də, əslində cismani cəhətdən ölməkdirsə, mənəvi cəhətdən ölümsüzləşməkdir. Bu anlamda, cismani dünyada özümüzə dost bildiklərimiz də, əgər əsil Dostu anlamırlarsa o zaman, yenə tək çarə içimizdəki ilahi Dosta üz tutmaqdır. Natəvan yazır:
Rəqib töhməti etdi məni cüda, ey dust,
Bu zülfü gördü rəva, görmə sən rəva, ey dust!
Əgər ki, tiğ şəkib öz əlinlə öldürsən,
Deyil cəfa bu mənə, bilməzəm cəfa, ey dust!
Kənardən baxaram mən həqir həsrət ilə,
Bu, yaxşı şivə deyil, olma bivəfa, ey dust!
Rəqibə xoşdu həmişə məni kənar etsin,
Fəda o himmətinə, olasan riza, ey dust!
Nə tab hicrinə vardır, nə taqətim səbrə,
Bunun əlacı ki,mümkün deyil mana ey dust!
Sənin bu hüsnünə layiq heyf ki, əhdin yox,
Nə qədər səy elədim, tapmadım dəva, ey dust!
Bəli, bu hicrin ilə mən həmişə xoşhaləm,
Görək ki, neyləyəcək axırı qəza, ey dust!
Rəqib görməsin, Allah, visali-işrətini,
O səpdi tuxmi-fərağı, görüb rəva, ey dust!
Çağırram Allahı mən hali-Natəvan ilə,
Məgər ki, tez verə həq düşmənə cəza, ey dust!
Natəvan bu şeirində də, Allahın ədalətinə sığınaraq mənəvi və maddi anlamdakı “dostu” bir-birindən fərqləndirməyə çalışmışdır. Buna səbəb də odur ki, insan nə qədər ilahi bir Dostu idrak etməyə çalışsa da, obyektiv aləmdə mövcud olan “dost”u da bir kənra qoymaq mümkün deyildir. O zaman insan obyektiv aləmdəki “dostu” ilə, ilahi bir Dost arasında nə cür bağlılıq yarada bilər!? Bizcə, insanın şüurundakı ilahi “dost”la, real həyatdakı “dost”un oxşar cəhətləri ilə fərqlilikləri də görməyi bacarmaq lazımdır. Təsadüfi deyil ki, xalq arasında deyirlər ki, dostunu, yol yoldaşını mənə göstər sənin mahiyyətcə kim olduğunu deyək. Deməli, obyektiv aləmdəki “dost”muzun, yol yoldaşımızın mahiyyəti xeyli dərəcədə, bizim “mən”imizin mahiyyətini ortaya qoyur ki, bu da mənəvi Dosta olan münasibətimizin bu və ya digər formada ifadəsidir.
Natəvanın şeirlərində insan ruhunun daxili iztirabı və azadlığa doğru can atması da çox hiss olunur. Hər bir insan öz daxili narahatçılığından, nigarançılığndan qurtulmaq üçün bir şeylər aramaqda, sanki yeni bir azadlıq əldə etmək istəyində olur.
Yenə ya rəb, nə qəmgindir mənim bu şad olan könlüm,
Rumuzi-eşqdən agah olub, ustad olan könlüm.
Görübdür yarı əğyarə olubdur məhvi-nəzzarə,
Edibdir sinəsin parə, mənim abad olan könlüm.
Niyə peymandan keçdin, niyə zəncirdən qaçdın?
Nədəndir çöllərə düşdün, mənim bərbad olan könlüm?
Fəraqın ruzi-məhşərdir, sərasət mehnətü qəmdir,
O zülfün kiymi dərhəmdir, mənim azad olan könlüm.
Baxın bu Natəvan zarə, günü bəxtim kimi qarə,
Gəzər Məcnun tək avarə, mənim naşad olan könlüm.
Şairə bir tərəfdən könlünün iztirabından yazdığı halda, digər tərəfdən onu bu iztiraba salanın “zalımlığı”ndan bəhs edir:
Qoyubdur intizarında, neçin gəlməz, neçin gəlməz?
Həmişə ahü zarında, neçin gəlməz, neçin gəlməz?
Üzüldüm karivanımdan, əl üzdüm xanimanımdan,
Fələk incir fəqanımdan, neçin gəlməz, neçin gəlməz?
Gedibdir qafilə salar, olubdur gözlərim xunbar,
Nə bir yarü, nə bir qəmxar, neçin gəlməz, neçin gəlməz?
Könüldə ahu-zarım var, nə səbrü nə qərarım var,
Deməz bir dilfikarım var, neçin gəlməz, neçin gəlməz?
O zülfi-nərkisi-məstə könül çoxdandı pabəstə,
Məni hicran edəb xəstə, neçin gəlməz, neçin gəlməz?
Səri-kuyin gəzər könlüm, güli-ruyin sevər könlüm,
Vüsalın çün dilər könlüm, neçin gəlməz, neçin gəlməz?
Yaxud da:
Çəkirdim həsrətini, görmədim, xudahafiz!
Olubdur indi işim naləvü fəğan, ölürəm.
Fəda o qamətinə kim, qəza nə xoş çəkmiş,
Qədər büküb belimi, eyləyib kəman, ölürəm.
Fərəqdan tükənib tabü taqətim, billah,
Vüsalə etməz əlim, zarü Natəvan ölürəm!

Natəvanə görə, zəmanə onu elə bir möhnətə salıb ki, bu dərd-qəmdən qurtulmaq mümkün deyil. O, yazırdı:
Zəmanə saldi əcəb möhnətü məlalə məni,
O mahrudən iraq verdi qəm zəvalə məni.
Tükəndi tabü təvan, ey xudayi-ləmyəzəli!
Ya tez bu canımı al, ya yetir vüsalə məni!
Sənə nə qədri dedim, rəhm qıl mənə, getmə!
Gəl indi gör ki, fəraqın salıb nə halə məni!
Nə vaxtadək qəmi-hicrində ahü zar çəkim?
Tərəhhüm eylə, gətir sən də bir xayalə məni!
Kəsildi səbrü qərarım, fəraqə tabım yox,
Rəvadı təngə gətirsin bu ahü nalə məni?
Alıbdı əqlimi sərdən, qərarımı dildən,
Edib bəlayə fələk, gör necə həvalə məni.
Təəccübəm ki, neçün rəhmə gəlmədin, zalım?!
Fəraq oduna yaxıb salmısan bu halə məni.
Nə yaxşı günlər idi kim, səninlə munis idim,
Zəmanə indi edib sinə dağlı lalə məni.
Vüsalə yetməyibən zarü Natəvan qaldım,
Edib fələk yenə həsrət o məhcəmalə məni.

Xurşidbanu Natəvan şikayət edirdi ki, könül verib “dost” sandığımızın bir müddət sonra düşmən cildində ortaya çıxması çox dözülməz olur. Çünki insan özünə yaxın bilib ürək sirrini, mərhəm hisslərini açıqladığı, düşüncələrini paylaşdığı “dost”un bir gün tamam başqa formada olduğunu gördükdə, daxilən sarsılır. Hətta, bəzən iş o yerə gəlib çatır ki, “dost” hesab etdiklərin düşməninlə bir yerdə görünür, zərbə üstünə zərbə alırsan. O, yazırdı:
Ey dust, yararmı böylə iqrar?
Yar olduğum idi, oldum əğyar,
Sən qeyrilər ilə üns tutdun,
Bilməm niyə yarını unutdun?
Sən qeyr ilə həmzəbanü yekdil,
Əmma, mənə ruzgar müşkil.
Bəsdir mənə verdiyin bu xiffət
Əğyar arasında, bimürüvvət!
Birəhmlik etdiyin yamandır,
Bir rəhm elə kim, aman, amandır!
Bax bir fələkə, gör indi, zinhar,
Gör kimlər ilə edibdir iqrar?
Əfsus ki, keçdi ruzigarım,
Ahım sənə çatmaz, ey nigarım!
Biganəlik etmə, aşinayəm,
Dərgahinə kəmtərin gədayəm.
Hər an ki, məni bu halə salmış,
İndi belə qeylü-qalə salmış.
Gəl rəhm qıl indi, padşahım!
Əflakə yetişdi dudi-ahım.

Natəvan bir şeirində isə bu dünyada bir çox şeylərin olmasındansa olmamasını arzu etmişdir:
Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı,
Nə də bu aləm ara dil müqəyyədi-qəm olaydı.
Nə hicr atəşinə odlanıb yanaydı dilim,
Nə eşqin içrə könül böyləşad xürrəm olaydı.
Nə sərv qəddin olaydı, nə həsrətilə gözüm gur
Nə ruzgar fəraqində qamətim xəm olaydı.
Nə bəhr olaydı, nə ümman, nə böylə göz yaşı cari,
Nə gül üzündə, ilahi, bu növi şəbnəm olaydı.
Nə gül olaydı, nə gülzari-gülşənin dəxi seyri,
Nə xar möhnəti, bülbül, səninlə möhkəm olaydı.
Nə cah olaydı, nə zindan, nə karivan güzəri,
Nə Yusifi bu bəladə görən bir adəm olaydı.
Nə bəzm, olaydı, nə bazari Yusif əhvalı.
Nə rəhgüzərdə Züleyxa qəm ilə həmdəm olaydı.
Nə ah olaydı, nə əfsus, nə parə-parə könül,
Nə Natəvanın, ilahi, həvəsı dəhrəm olaydı!

Bizcə, Natəvanın sözügedən şeirində insanın bu dünyada varlıq və yoxluq anlamındakı narahatıçılığı, yaxud da nigarançılığı öz əksini tapmışdır. Düşünən hər bir insan kimi Natəvan da insanın və real dünyanın varlığının bir anlamının olub olmamasında çarəsiz kimi görünür. İnsan özünün və dünyanın varlığından bir tərəfdən nə qədər şad-xürrəm kimi görünsə də, digər tərəfdən özü, ya da ətrafında baş verən üzücü hallardan dolayı pessimiszmə qapılır. Çünki dünyada ölümlə həyat, sevinclə kədər, sevgiylə nifrət, xeyirlə şər bir yerdə mövcuddurlar. Bunların hər ikisini də reallıqda öz həyatında müşahidə edən Natəvan sonunda bütün burnların olmasındansa da, heç əvvəlcədən olmamasını diləmək kimi bir qənaətə gəlmişdi. Bütün bunlar, yəni dünyada var olmaqla var olmamaq arasındakı nisbət Natəvanın dünyagörüşünün yekunu idi.
Yeri gəlmişkən, Natəvanın oğlu Mir Həsən Ağa anasının yuxarıda sözükeçən şeirinə bir nəzirə yazmışdır:
Nə zülfi-yarə, ilahi, könül müsəxxər olaydı,
Nə elə zarü pərişan, nə belə müztər olaydı.
Nə mah tək doğuban, aləmi münəvvər edəydi,
Nə zülməti-şəbi-zülfündə dil mükəddər olaydı.
Nə əhd olaydı, nə misaqü sidq olaydı, nə kizb,
Nə də zəmanədə pemaşikəst dilbər olaydı.
Nə sərvqədd olaydı, nə qamətü şümşad,
Nə də xürama gələndə qiyami-məhşər olaydı.
Nə udü məcmər olaydı, nə zülfi-faliyə bu,
Nə də diyarü, Xütən içrə mişkü-ənbər olaydı.
Nə qaşi müqəvvəs oalydı, nə tir tək müjgan,
Nə çak-sinə edən tiğü-tisy xəncər olaydı.
Nə mey olaydı, nə işrət, nə cami-badeyi-nab,
Nə Miri məst eləyən saqiyi-sitəmgər olaydı

Qeyd edək ki, Mir Möhsün Nəvvab Natəvanın yaradıcılığına yüksək dəyər vermiş, onun yaradıcılığını “Təzkireyi-Nəvvab” kitabında əks etdirmişdir. Nəvvab bununla bağlı yazdığı bir şeirində Natəvana verdiyi böyük dəyəri də çox anlamlı şəkildə ifadə etmişdir. O, yazırdı:
Əliyyeyi-aliyə Ağayi-cəlilə,
Neçün əşarınız olma hüveyda?
Qamu əşarlar əncamə yetdi,
Sizinkindən əsər olmazmı peyda?

Hilali-nov kimi düşmüş xəfayə,
Xətti-müşkiniz dönmüş hümayə,
Və ya iksirə, ya kim, kimyayə,
Bulunmaz bir əsər manəndi-Ənqa.

Mənim qəsdim budur banuyi-əzəm,
Sizin əşarınız olsun müqəddəm,
Bu namə nami olsun, həm mükərrəm,
Vəgərnə rövnəq olmaz bunda əsla.

Kəlamınız gərək sərdəftər olsun,
Cəvahir nəzmininzdən əşhər olsun,
Kütüb təzyinə düşsün, ənvər olsun,
Necə xurşidi-ənvardan bu dünya.

Ümumiyyətlə, Natəvanın yaradıcılığı əsasən, bu dünyanın faniliyində və axirətə inamda əsasən nikbinlik üzərində qurulsa da, ancaq bəzi tərəddüdləri də hiss etmək mümkündür. Xüsusilə də, ömrünün son illərində nikbinliyin müəyyən qədər pessimizmə doğru yuvarlanması hiss edilməkdədir. Ancaq bütövlükdə Natəvanın özündə güc taparaq toparlanması və özündən sonrakı qadın şair-ədiblərə çığır açması da, danılmaz bir həqiqətdir.
Eyni zamanda, o, yalnız ilahi məhəbbəti, ilahi eşqi tərənnüm etməklə kifayətlənməmiş ictimai-maarifçi şeirlər də yazmışdır. Məhəmməd Rza Kərimi də yazır ki, Natəvanın müasirləri əsasən eşqi, məhəbbəti mədh edən şeirlər yazsa da, o, məhəbbəti tərənnüm etməklə yanaşı, xalqın acınacaqlı həyatını, qadının şərəf və ləyaqətini də təsvir etmişdir. Kərimi yazırdı: “Natəvan pak məhəbbətdən, ayrılıq və intizardan, yarla görüşmək arzusundan, eşq və məhəbbətdən gözəl, şairanə duyğularla bəhs edirdi. O, şeirlərində qızları onların razılığı olmadan ərə verən mühitə, qadınları məhrumiyyətə düçar edən şəraitə etiraz edirdi. O, qadınların hüquqlarının tapdalanmasından narahat olurdu. Əlbəttə, Natəvan öz etiraz və nigarançılıqları ilə maarifpərvər bir xanım kimi məzlumların ümid yeri olmuşdur”.
Deməli, Natəvan Xanlığın başçısı kimi də siyasi-ictimai məsələləri dərindən anlamış, idarəetməni düzgün təşkil etməyi bacarmışdı. Başqa sözlə, Natəvan yaradıcılığında siyasi məsələləri əks etdirməsə də, ancaq Xanlığın son başçı varisi kimi həyatı boyunca maarifin, mədəniyyətin yayılmasına çalışmış, sosial-mədəni və xeyriyyəçilik tədbirlərində fəal iştirak etmişdir.
XIX əsr Azərbaycanın qadın-şair ədibimiz Xurşidbanu Natəvan yalnız ədəbiyyat baxımından deyil, ictimai-fəlsəfi anlamda da özünü ifadə etməyi bacarmışdır. Ola bilsin ki, onun yaradıcılığında ictimai-fəlsəfi məzmun çox da özünü büruzə verməmişdir. Ancaq onun şeirlərindəki mənaların mahiyyətini yalnız zahirlə, təzahürlə qiymətləndirmək də doğru olmazdı. Məsələn, Natəvanın şeirlərində yalnız dünyəvi yara həsr edilmiş mənaları deyil, eyni zamanda ilahi xarakterli mahiyyəti də görmək lazımdır. Ən əsası da odur ki, Natəvan bir qadın olaraq da istər dünyəvi yara, istərsə də İlahiyə olan sevgisini ifadə etməkdə özündə iradə tapa bilmişdir. Belə ki, Natəvan Qarabağ Xanlığının varisi kimi öz nufuzundan istifadə edərək bu bölgədə mühüm işlər görmüş, xeyriyyəçilik və maarifçiliklə məşğul olmuşdur. Dövrünün tanınmış ictimai xadimi olan Natəvanın yenilikçi addımları ilə yanaşı, onun romantik-fəlsəfi mahiyyətli yaradıcılığından, xüsusilə də insani hisslərin dünyəviliklə yanaşı, ruhaniyyatından söz açmamaq mümkün deyildir. Onun şeirlərindəki ruhani-mənəvi duyğular nə qədər bu dünya ilə bağlı olsa da, eyni zamanda ilahi xarakter daşıyan məzmundan da xali deyildir.

İstifadə olunmuş ədəbiyyat

Azərbaycan qadın şairləri antologiyası (2005). Bakı, “Avrasiya Press”
Azərbaycan tarixi (2007). Yeddi cilddə. IV cild (XIX əsr). Bakı, Elm
Azərbaycan ədəbiyyatı. XIX əsr & Poeziya (2009). İki cilddə I cild. Bakı, “Nurlar” NPM
XIX əsr Azərbaycan şeri antologiyası (2005). Bakı, "Şərq-Qərb"
Baykara Hüseyn (1992). Azərbaycan istiqlal mübarizəsi tarixi. Bakı, Azərnəşr
Ələkbərli F.Q (2018). Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər). I hissə. Bakı, “Elm və təhsil”
Əhmədov Hüseyn (2006). XIX əsr Azərbaycan məktəbi. Bakı, ABU
Köçərli Firidun bəy (2005). Azərbaycan türklərinin ədəbiyyatı. İki cilddə, 2-ci cild. Bakı, Avrasiya-Press
Kərimi Məhəmməd Rza (2014). Azərbaycan mədəniyyəti və ədəbiyyatında məşhur qadınlar. Bakı,”Zərdabi” nəşriyyatı
Müznib Əlabbas (2012). Natəvan Xurşidbanu. Bakı, Elm və Təhsil
Məmmədli Ruhiyyə, Əhmədova Sevil (2017). Tək İnci Kimi Parlayan Xan Qızı Xurşidbanu Natəvan. Bakı, F.Köçərli adına Respublika Uşaq kitabxanası
Natəvan Xurşidbanu (2004). Əsərləri. Bakı, “Lider nəşriyyat”
Nəvvab Mir Möhsün (2006). Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”
Nəvvab Mir Möhsün (1995). Təzkireyi-Nəvvab. Bakı, “Azərbaycan” nəşriyyatı
Tərbiyət Məhəmmədəli (1987). Danişməndani-Azərbaycan. Bakı, Azərnəşr
Təkləli-Nuriyeva Minəxanım (2017). “Nigarinin ideya-məslək ortağı Xasay xan Usmiyevin XIX əsr Qafqaz-Azərbaycan ədəbi-mədəni mühitində yeri”. III Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumu Materialları (red. Fariz Xəlilli ve Metin Hakverdi¬oğlu), Şamaxı/Azerbaycan
Sipahi Esra Banu, Özsoy Bahar, Qasımov Murad (2018). “Azerbaycan’da Öncü Bir Kadın: Xurşidbanu Natevan’ın Yaşamı, Sanatsal Kişiliği ve Liderlik Özelliği Üzerine Bir Değerlendirme”. Bitlis Eren Üniversitesi Akademik İzdüşüm Dergisi. Cilt: 3, Sayı:3, Eylül, Bitlis