26.01.2024, 10:25 - Baxış sayı: 191

Nizami Gəncəvi və İranın bəzi dairələrinin onu özünküləşdirmək məsələsi


AMEA Fəlsəfə və sosiologiya İnstitutunun Müasir fəlsəfə problemləri şöbəsinin b.e.i., f.ü.f.d. Elmira Təhməzova Əliseyran qızı Nizami Gəncəvi və İranın bəzi dairələrinin onu özünküləşdirmək məsələsi 2023-cü ilin mart ayında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan Novruz bayramı münasibətilə təbrik mesajı yayımlamışdır. Nazirin tviter səhifəsində paylaşılan təbrikində dahi Azərbaycan şairi Nizami Gəncəvi növbəti dəfə “İran şairi” kimi təqdim olunub: “Novruz ümid müjdəsi və qələbə anıdır. İran şairi Nizaminin fikrincə desək, yaz fəslində ağacların çiçəklənməsində öyrənirik ki; gəlin, bir seçim edək və ağacda bahar çiçəklənənə qədər çox çalışaq. Yaxşı günlər qabaqdadır. 1402-ci ildə Novruz bayramınız mübarək. Ən xoş arzularla”, - deyə Abdullahyan yazıb.
Bundan bir qədər əvvəl isə İran XİN-in sözçüsü Nasir Kənani də yuxarıda sözü gedən iddia ilə çıxış etmişdir. Buna cavab olaraq Nizamişünas alim Ə.Nəcəfov, politoloq Elxan Şahinoğlu, əvvəllərdə isə prof. Ə.Tağıyev öz yazılarında bu məsələyə tutarlı cavab vermişlər. Biz də bu məsələyə öz münasibətimizi bildirmək istərdik.
Son vaxtlar Tehranın Azərbaycana qarşı artan qeyri səmimi münasibəti - səfirliyimizə hücum zamanı mühafizə xidmətinin rəisinin qətlə yetirilməsi, ermənilərin bizə qarşı törətdiyi düşmənçilik zamanı Tehranın (İslam dininə mənsub olduqlarına baxmayaraq) ermənilərin yanında olması, Azərbaycanın ərazi bütövlüyünə qarşı aparılan düşmən münasibətdə Tehranın biganəliyi buna açıq sübutdur. Vaxtilə Nizamini böyük beynəlmiləlçi, hətta kosmopolit elan edirdilər. Şübhəsiz ki, Nizaminin yaradıcılığında milliliklə yanaşı, beynəlmiləl cəhətlər özündə birləşmişdir. Nizami bir tərəfdən bütün millətlərə və xalqlara bərabər nəzərlə baxırdı: - “Həbəşin qara olmasına baxmayaraq onun da bir insan kimi qəlbinin, ürəyinin olduğunu (ürəyinin ağ olduğunu) qeyd edirdi”.İkinci bir tərəfdən yanaşdıqda o, mənsub olduğu türk etnosunu sevir və onu məhəbbətlə tərənnüm edirdi. O, “Sirlər xəzinəsi” poemasındakı “Sultan Səncər və qarı” hekayəsində qarının dili ilə Sultanı tənqid edərək deyirdi ki, sən öz hərəkətinlə türklərə ləkə vurursan. Nizami bu əsərində qeyd etmişdir ki, türklərin tarixən həmişə ədalətli dövlətlər yaratdığını və bir türk dövlətində bu hadisənin baş verməsi onlar üçün şərəf deyil, əksinə əskiklikdir. Türklərin yaratdığı dövlətlərin ədaləti o qədər yüksəkdir ki, hətta osmanlılar dövründə bir sıra xalqlar könüllü surətdə bu dövlətin tərkibinə daxil olurdular. Onu da qeyd edək ki, “Leyli və Məcnun”un türk dilində deyil, fars dilində yazılmasına əmr verən Axistanın hərəkətləri şairi çox qəzəbləndirmiş, amma oğlu Məhəmmədin xahişi ilə əsəri farsca yazmağa razılıq vermişdir. Şair əsərdə öz etirazını bu sözlərlə ifadə etmişdir: “Nə curətim vardır əmirdən qaçam, nə də könlüm vardır xəzinə açam.”Sonra isə Axistanın ona göndərdiyi Afaqla evlənmiş, onu çox sevmiş, onun üçün Allah sən saxla bu türkzadəni: - demişdir. Afaqın vaxtsız ölümü şairi çox sarsıdır və ona qəsidə yazır. Nizaminin sədası Qızıl Arslana çatır və hökmdar özü onun ayağına, Gəncəyə gəlir.
“Şairin şöhrəti qonşu xalqları onu özününki kimi görməyə təhrik edir. Bu bir tərəfdən onun fars dilində yazması, ikinci tərəfdən də ümumbəşəri və tolerant şair olması idi”.
Tarixi araşdırarkən məlum olur ki, fars dilində yazmaq o dövrün ənənəsi idi. Amma bu ona əsas vermirdi ki, əgər şair fars dilində yazırsa farsa məxsus olsun. Onu da xatırlatmaq lazımdır ki, türklər öz milli əlamətlərinə və xüsusiyyətinə görə başqalarından fərqlənirdilər, baxmayaraq ki, onları ərəb və farslarla vahid islam ideyası birləşdirirdi. Bununla belə hər bir xalqların ona məxsus dilə və etnosa bağlılığı hiss olunurdu. Buna əsasən xatırlatmaq yerinə düşər ki, Firdovsinin İrana bağlılığı onu məcbur etmişdir ki, “Şahnamə”də İran şahlarını vəsf etsin, onları ərəblərdən, türklərdən və makediyalılardan yüksəkdə tutsun. İran şairi Firdovsi razılaşa bilmirdi ki, bir makedoniyalı İranı işğal etsin. Buna görə də o əsərində İskəndəri Fillippin oğlu deyil, Daranın oğlu kimi göstərmişdir. Eyni zamanda İskəndərin bir varis kimi İrana girməsini hesab edərək yazmışdır. Nizami isə İskəndəri “türk papaqlı Fillippin oğlu” hesab edirdi. Nizami bir türk oğlu olduğundan türklərin təssübünü çəkən bir şair kimi çıxış edirdi. Nizami irsinin böyük tədqiqatçısı prof. Rüstəm Əliyev yazırdı ki, Nizami nəinki türk, hətta türkçü idi. O, yazırdı: Xəzər dağından Çin suyuna qədər Türklərlə doludur bütün bu yerlər. (“İskəndərnamə”, Bakı, Azərbnəşr 1941, səh.318 )
Nizami Gəncəvi həmin dövrdə daxili ziddiyyətlər nəticəsində parçalanmaqda olan ərəb xilafətinin oğuz türkləri tərəfindən bərpa olunduğunu və onlar tərəfindən məmləkətin şəriət qanunlarına müvafiq şəkildə daha ədalətli idarə olunduğunu qeyd etmişdir:
Türklərin dövləti ona görə ucaldı ki, Məmləkətdə ədalət hakim oldu. (“İskəndərnamə”, Bakı, Yazıçı, 1982, səh. 101.)
Dağ kimi ucalmışdı bir zaman Türk dövləti
Sarmışdı məmləkəti ədaləti, şəfqəti.
(“İskəndərnamə”, Bakı, Yazıçı, 1988, səh 154.)
O, Orta əsrlərdə Azərbaycanın ən böyük qala şəhərindən olan Gəncədə doğulmuş və burada yaşayıb yaratmışdır. Burada zəngin kitabxana mövcud idi. Şair belə kitabxanalardan yararlanmışdır. Bu mühitdə Əbül-Ülla Gəncəvi, Qivami Gəncəvi, Məhsəti Gəncəvi və eyni zamanda farsların özlərinə çəkmək istədikləri Nizami Gəncəvi kimi dahi şəxsiyyətlər yetişmişdir.
Nizami vətənpərvər şair kimi yaşadığı Gəncə torpağını çox sevmiş və ömrünün sonuna qədər burada yaşamışdır. O, Azərbaycan ərazisinin qədim tarix və mədəniyyətə malik olan gözəl və zəngin bir diyar olduğunu, burada yaşayan insanların mərd və yaraşıqlı olduğunu böyük məhəbbətlə tərənnüm etmişdir:
Bu mərdlər, gözəllər yurdunda inan!
Çox saysız xəzinə gizləmiş zaman.
Böylə şux, sevimli, gülşən harda var?
Harda var xəzinə saçan bir diyar?
(“İskəndərnamə” (İqbalnamə) Az. SSREA nəş. B.1967, səh.191)
Şair doğulduğu, boya-başa çatdığı Gəncə şəhərinin bu unikallığını, gözəlliyini dərindən dərk etdiyi üçün ona edilən dəvətlərə məhəl qoymamış, heç bir zaman Gəncəni tərk etməmiş:
Düyünləmişdir mənim yaxamı doğma Gəncə,
Yoxsa İraq xəzinəsi qismətim idi məncə.
“İskəndərnamə” (Şərəfnamə) Yazıçı, B, 1988, s.35
Əsərlərinin tədqiqi sübut edir ki, xalq ilə bağlılıq, onun arzu və istəklərini yaxından öyrənmək, azadlıq və humanizm ideyalarının carçısı, insana məhəbbət ideyaları dahi şairi özünküləşdirmək istəyən İran rəsmilərinin xisləti və əməlləri ilə heç bir uyğunluğu yoxdur. Nizami irsini öyrənib ondan bəhrələnmək hər bir bəşər övladı üçün önəmlidir. Yoxsa xalqa zülm edib, onun azadlığını əlindən alan minlərlə günahsızları dar ağacından asaraq, sonra isə tribunalardan insanı ucaldan ideyaları ilə özü də ucalan böyük Nizamini özünküləşdirmək istəyən İran rəsmilərinin əməlləri ilə bir yerə sığmır!
Nizami türk köklü, türk nəcabətli Azərbaycanlıdır!
AMEA Fəlsəfə və sosiologiya İnstitutunun Müasir fəlsəfə problemləri şöbəsinin b.e.i., f.ü.f.d. Elmira Təhməzova Əliseyran qızı