18.01.2024, 15:36 - Baxış sayı: 133

Fəlsəfə və Sosiologiya İnstitutunda doktorant və dissertantlar üçün mühazirələr keçirilib


Fəlsəfə və Sosiologiya İnstitutunun Şöbə müdiri – fəlsəfə elmləri doktoru, professor Adil Əsədov “Estetika fəlsəfi sistem kontekstində” adlı mühazirə ilə çıxış etmişdir.
Fəlsəfə və Sosiologiya İnstitutunda doktorant və dissertantlar üçün mühazirələr keçirilibMühazirəni giriş sözü ilə açan professor bildirib ki, fəlsəfənin ümumilikdə 5 bölümü mövcuddur. Bunlara gözəllik fəlsəfəsi, varlıq fəlsəfəsi, əxlaq fəlsəfəsi, siyasət fəlsəfəsi və təfəkkür fəlsəfəsi aiddir. Fəlsəfə qarşısında duran əsas sual həyatın mənası nədədir? Mən nə üçün yaşayıram? Bu məsələlərə fəlsəfənin hər bölməsi ayrı-ayrı cavablarla geniş şəkildə izah edilir.
"Mən necə olmalıyam?" və "Dünya necə olmalıdır?" suallarına müfəssəl cavab vermək öhdəliyindən Gözəllik fəlsəfəsi çıxış etməli, "Mən nəyə güvənə bilərəm?" sualına nəticə etibarı ilə Varlıq fəlsəfəsi cavab verməli, "Mənim nə etmək imkanım var?" sualını son nəticədə Təfəkkür fəlsəfəsi cavablandırmalı, "Nəyi etmək mənə yasaqdır?" sualına Əxlaq fəlsəfəsi cavab tapmalı, "Mən nə etməliyəm?" sualına cavab isə Siyasət fəlsəfəsinin və bütövlükdə fəlsəfənin son sözü olmalıdır.
Fəlsəfə və Sosiologiya İnstitutunda doktorant və dissertantlar üçün mühazirələr keçirilibBundan əlavə professor rasional fəlsəfə, onun 5 bölməsi və onların tutduqları əsas vəzifələr haqqında məlumat verib. Fəlsəfə bütövlükdə və fəlsəfənin hər bir bölümü ayrılıqda zəka və dərrakə əsasında qurulur. Fəlsəfənin bu və ya digər bölümlərinin formalaşması təbii ki, bütövlükdə fəlsəfi yaşantının tamamlanması demək deyil. Fəlsəfi yaşantının tamamlanması o halda mümkündür ki, fəlsəfənin hər bir bölümü tamamlanmış olsun. Buradan belə bir nəticəyə gəlmək olar ki, gözəlliyin fəlsəfəsi digər bölümlərin məntiqi əsasını təşkil edir.
Alim yekunlaşdıraraq qeyd etdi ki, fəlsəfə özündə yalnız bilikləri deyil, hissləri, həyəcanları, duyğuları və bütün problemləri də özündə birləşdirir.
Mühazirənin sonunda doktorant və dissertantlar onları maraqlandıran suallarla Adil Əsədova müraciət etmiş və mövzu ətrafında diskussiya aparılmışdır.