16.01.2024, 07:12 - Baxış sayı: 540

Fəlsəfə elmləri doktoru Arzu Əşrəf Hacıyevanın Akademik Heydər Hüseynov haqqında yeni monoqrafiyası nəşr edilib


Fəlsəfə elmləri doktoru Arzu Əşrəf Hacıyevanın Akademik Heydər Hüseynov haqqında yeni monoqrafiyası nəşr edilib

Bu yaxınlarda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Azərbaycan fəlsəfə tarixi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Arzu Əşrəf Hacıyevanın “Filosof və dövrü. Konseptual yanaşmalar” adlı yeni monoqrafiyası (Bakı: “Zərdabi Nəşr”, MMC NPM, 2023. 216 səh. + 7 səh. şəkil) çapdan çıxıb. Kitab görkəmli Azərbaycan alimi, filosof və ictimai xadim, akademik Heydər Hüseynovun 115 illiyinə həsr edilmişdir.
Akademik Heydər Hüseynovun keçən əsrin 30-cu illərinin sonlarından başlayaraq, Azərbaycanda sovet dövrü humanitar və ictimai elmlər sahəsinin təşəkkülündə, xüsusilə ilk vitse-prezidenti olaraq Azərbaycan Elmlər Akademiyasının elmin inkişafına istiqamət verən çoxşaxəli strukturlu təsisat kimi təşkilində və möhkəmləndirilməsində xidmətləri böyükdür. Kitabda onun “Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən” fundamental monoqrafiyası (1949) ilə Azərbaycan fəlsəfə tarixinin yeni bilik sahəsi kimi əsasını qoyması ilə bahəm, xalqımızın milli özünüdərkində müstəsna rolu xüsusi olaraq vurğulanır, əsərin özəllikləri şərh edilir. Burada akademikin faciəsinin səbəbləri, onun bu sonuncu taleyüklü əsərində yaşadığı təzadlı, dramatik dövrün izləri sovet elmi məkanı və Azərbaycan mədəniyyətinin geniş kontekstində açılıb göstərilir. Qaldırılan problemlər müxtəlif konseptual və metodoloji (əxlaqi, tarixi, intertekstual, hermenevtik, fəlsəfi-tənqidi) rakurslardan təhlil edilir.
Kitab 2023-cü il üzrə İnstitutun mühüm elmi nəticəsi kimi dəyərləndirilmişdir.