25.12.2023, 07:16 - Baxış sayı: 339

ZİYA BÜNYADOVUN DİNŞÜNASLIQ SAHƏSİNDƏ XİDMƏTLƏRİ


Arzu HACIYEVA,
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun
Azərbaycan fəlsəfə tarixi şöbəsinin müdiri,
fəlsəfə elmləri doktoru,
arzuhaciyeva@mail.ru

“Ziya Bünyadov xalqımızın XX əsrdəki ən görkəmli alimlərindən biri, ən görkəmli tarixçilərindən biri, ən görkəmli nümayəndələrindən biri olmuşdur” – Ulu Öndərimiz Heydər Əliyevin bu sözləri unudulmaz alimimizə verilən ən yüksək qiymətdir. Həqiqətən də, akademik Ziya Bünyadovun yorulmaz elmi fəaliyyətindən xəbər verən zəngin irsi elmimizə böyük töhfələr bəxş etmişdir. Onun “Azərbaycan VII-IX əsrlərdə”, “Azərbaycanın Atabəylər dövləti” kimi sanballı monoqrafiyaları, çoxsaylı elmi-publisistik məqalələri, orta əsrlər tariximizin öyrənilməsi üçün dəyərli ilkin məxəz və qaynaqların ingilis, ərəb, rus dillərindən ana dilimizə tərcümələri nəinki tarixçilər, ümumiyyətlə, elmin müxtəlif sahələrinin mütəxəssisləri üçün böyük önəm kəsb edir. Çünki burada təkcə tarixi hadisələr, faktlar deyil, həm də xalqımızın etnogenezi problemi, başqa dövlət və xalqlarla münasibəti, iqtisadi, siyasi, hüquqi, fəlsəfi baxışları, mədəniyyəti, o cümlədən etiqad etdiyi dinlər, təsisat və baxışlar sistemi kimi konkret varlığında öz əksini tapmışdır. Din orta əsrlərdə həm Avropa, həm də Şərqdə hakim ideologiya idi. Həmin dövrdə ictimai-siyasi hadisələr, azadlıq hərəkatları istisnasız olaraq dini bayraq altında baş vermişdir. Z.Bünyadov da əsərlərində xalqımızın tarixi taleyində mühüm rol oynayan dinlərin – Zərdüştilik, xüsusən Xristianlıq və İslamın, müxtəlif təriqətlərin xarakteri, mahiyyəti, ictimai proseslərə təsiri və nəticələrini gərgin, mürəkkəb zamanın peripetiyaları fonunda işıqlandırmışdır.
Alimin dilimizə tərcümə etdiyi orta əsrlərə aid qaynaqlar da dinlərin cəmiyyət həyatında yeri, mövqeyi barədə canlı təsəvvür yaradır. Onların arasında Moisey Kalankatuklunun “Albaniya tarixi” (“Aqvan tarixi”) əsəri [1] xüsusilə böyük əhəmiyyətə malikdir. Bu əsər ölkəmizin Adəm dövründən başlayıb X əsrə qədərki tarixini işıqlandıran yeganə və olduqca dəyərli yerli mənbədir. 1993-cü ildə “Elm” nəşriyyatında çapdan çıxan bu tərcümə əsərinin ərsəyə gəlməsində Ziya Bünyadovun zəhmətini yüksək qiymətləndirən Mahmud İsmayılov redaktor adından yazdığı məqaləsində deyirdi: ““Albaniya tarixi” bir neçə dəfə erməni dilində, həmçinin rus və xarici dillərdə nəşr olunmuş, hamısı da Moisey Kalankatuklunun müəllifliyi ilə. Burada oxucu yenə baxışlarına heyrətedici sual doldurub soruşa bilər. Necə? Alban abidəsi, ulularımızın abidəsi neçə dəfə müxtəlif dillərdə nəşr olunduğu halda, bəs albanların xələfləri niyə öz ulularının abidəsinə belə biganə olublar, onu ana dilimizdə nəşr etməyiblər. Çox düz sualdır, amma bilmirəm necə cavab verim. Yalnız təəssüf. Bir də bu kitabı Azərbaycan dilinə tərcümə edib öz xalqına çatdırmaq təşəbbüsünü öz üzərinə götürmüş akademik Z.M.Bünyadova minnətdarlıq etmək qalır” [1, 3]. Lüğətlərimizdə xristianlıq anlayış və istilahlarının qarşılığı olmadığından tərcümə ağır başa gəlmişdi. Akademik Albaniya tarixinin XI-XII əsrlərdəki tarixinə də işıq salmaq üçün kitaba hələ 1960-cı ildə tərcümə edib “Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri”ndə (İctimai elmlər seriyası, № 3, 1960) dərc etdirdiyi Gəncə sakini Mxitar Qoşun (təx. 1120-1213) yarımçıq qalmış “Alban salnaməsi”ni də əlavə etmişdi. Hər iki abidəni, həm Moisey Kalankatuklunun “Albaniya tarixi”, həm də Mxitar Qoşun “Alman salnaməsi”ni qeyd və şərhləri ilə təchiz etmişdi.
Moisey Kalankatuklunun əsərində Azərbaycanın şimalında – Albaniyada Xristianlığın yayılması, dövlət dini kimi qəbul edilməsi, Xristianlığın təkcə başqa dinlərlə (məsələn, Zərdüştiliklə) deyil, onun öz daxilində yaranan müxtəlif bidətçi məzhəblər, o cümlədən geniş yayılmış nəsturilik, yəqubilik kimi məzhəbləri, həmçinin Alban kilsəsi ilə erməni qriqoryan kilsəsi arasında gedən ideoloji mübarizə və s. barədə dolğun bəhs edilir. Həmin məsələləri “Azərbaycan VII-IX əsrlərdə” əsərində, bir çox məqalələrində araşdırarkən, Z.Bünyadov dinlərin xalqların etnogenez proseslərinə qaçılmaz təsirinə diqqət verir. Moisey Kalankatuklunun “Albaniya tarixi”nə, həmçinin digər ilkin mənbələrə istinadla göstərir ki, VII əsrin sonlarında ərəb xilafəti tərəfindən zəbt olunmuş Azərbaycan torpaqlarında yerli xristian albanların çoxu İslam dinini qəbul etmiş, lakin ərəblərin əli çatmayan dağlıq yerlərdə yaşayan əhali öz dinində qalmış, tədricən erməniləşmişdir. Bu işdə erməni kilsəsinin “böyük xidmətləri” olmuşdur. O, satqınlıq, yaltaqlıq vasitəsilə əvvəlcə xilafətin köməyi, sonralar isə digər istilaçıların icazəsi və yardımı ilə Alban kilsəsinin nüfuzunu əlindən alaraq, özündən asılı vəziyyətə salmışdır. Erməni ruhanilər ərəb hakimlərin əli ilə albanların bütün ədəbi abidələrini dağıdıb məhv etmiş, alban mədəniyyətini, heç olmazsa, azacıq xatırlada biləcək heç bir şey qoymamış [2, 95], “Albaniya tarixi” də daxil olmaqla, alban yazılı abidələrinin əslini məhv etməzdən əvvəl onları qədim erməni dilinə çevirərək, özlərinin mirası elan etmişlər. Digər tərəfdən, Erməni Kilsəsi hazırda Albaniyanı Ərməniyyənin vilayəti kimi qələmə verməklə albanların Xristianlığı ermənilərdən 270 il əvvəl qəbul etməsi faktını öz xeyrinə çevirərək, Alban Kilsəsinin birinciliyini mənimsəməyə çalışır. Ziya Bünyadov ermənilərin bütün bu əsassız iddialarını tutarlı dəlillərlə təkzib etmişdir. Əslində tariximizin yuxarıda qeyd olunan məlum məqamları dinlərin xalqların tarixində oynadığı fatal rola bariz nümunədir.
Z.Bünyadov ərəb xilafətinə qarşı Babəkin başçılığı altında Xürrəmilər hərəkatından danışarkən də, onun ideoloji təməlinə – din örtüyünə toxunmağı unutmur. O, Babəkin təbliğ etdiyi, yaydığı etiqadda Allahın insan surətində görünəcəyinə, yəni hülula, ruhun bir cisimdən başqa bir cismə köçdüyünə (tənasüx ər-ərvah), imamın qeyb olmuş ruhunun çox sonralar qayıdacağına (ricət) inamın mühüm yer tutduğunu, Xürrəmilərin inanclarının təməlində Zərdüştilik və Məzdəkilikdəki kimi işıq və zülmət rəmzləri olan iki böyük mənəvi qüvvəyə, yəni xeyir və şərə inamın durduğunu qeyd edir [2, 228]. Təbii ki, bu ideya azadlıq hərəkatının sosial özəyini təşkil edən və həmin dinlərə sitayiş edən Azərbaycan kəndlilərinin dünyagörüşünə yaxın idi. Monoqrafiyada İslam, Xristianlıq, Zərdüştilik və Məzdəkiliyə münasibətin həm xilafətin, həm də Xürrəmilərin siyasi məqsədləri ilə əlaqəsini izləmək mümkündür. Z.Bünyadov üçün tarixi hadisələrin obyektiv dərkində, faktlardan dürüst elmi nəticələr əldə edilməsində din mühüm amildir. Bu cəhətdən tərcümə etdiyi Sədrəddin Əli əl-Hüseyninin “Əxbar əl-daulət əs-Səlcüqiyyə” (“Zubdat ət-təvarix fi əxbar əl-ümara və-l-muluk əs-Səlcüqiyyə”) – “Səlcuq əmirləri və hökmdarları haqqında xəbər verən salnamələrin qaymaqları” əsərinin giriş məqaləsində görkəmli alimin orta əsr müəllifinin öz diqqətini əsas etibarilə sultanların fəaliyyətinə yönəldib, dini münaqişələrlə bağlı hadisələrdən yan keçdiyini, əsərində ismaililər haqqında, müxtəlif dini qruplaşmalar və şəhərlərdə müxtəlif məzhəblərin nümayəndələri arasında toqquşmalar barədə az məlumat verdiyini xüsusi nəzərə çatdırması və bunu müəllifin yazı xüsusiyyətləri və subyektiv maraqları ilə əlaqələndirməsi səciyyəvidir [3, 15-16].
Z.Bünyadovun əsas tədqiqat obyekti olan orta əsr Şərq müsəlman ölkələrinin, o cümlədən Azərbaycanın ictimai-siyasi, iqtisadi, mənəvi həyatında Quran müstəsna rol oynamışdır. O, həmin bölgədə nəinki ortodoksal İslamın, həm də qeyri-ortodoksal, hətta bidətçi məzhəblərin, çoxsaylı ideoloji-siyasi, dini-mistik və fəlsəfi cərəyanların nümayəndələri üçün əsas qaynaqlardan biri, bəlkə də, birincisi olmuşdur. Onlar dünya, cəmiyyət, insan haqqında fikirlərini, hətta İslam ehkamlarından uzaq düşüncələrini əsaslandırmaq üçün Quranın nüfuzuna istinad etmişlər. Bu baxımdan dünyada tanınmış şərqşünas alimin Quranı Azərbaycan dilinə çevirmək və elmi cəhətdən araşdırmaq istəyi tamamilə təbii olsa da, onu gerçəkləşdirmək dinin yalnız tənqid və ateizmin təbliğ olunduğu sovet dövründə qeyri-mümkün idi. Hər sahədə cəsarəti ilə seçilən Z.Bünyadov Azərbaycan SSR EA-nın Elmi Xəbərlərində 1987-ci ildə dərc etdirdiyi “Quranın 36-cı Yasin surəsi haqqında bir neçə söz” adlı məqaləsi ilə [4] bu sahədə də ilk addımı atmışdır. Burada o, Quranın “Şərq xalqlarının ictimai və mənəvi inkişafına təsir dairəsinə görə … bütün bəşəriyyətin mədəni irsinə mənsub”luğunu, dünya mədəniyyəti tarixində Əhdi-Ətiq və Əhdi-Cədid ilə bir cərgədə dayandığını göstərərək, Quranın məzmunu, müsəlmanların həyatında rolu, yaranması, quruluşu, səciyyəvi xüsusiyyətləri haqqında çox qısa məlumat vermiş, onu şərhlərsiz başa düşməyin mümkünsüzlüyü və bunun səbəblərini müxtəsər şəkildə açıqlamışdır. Daha sonra Məkkə surələrindən olan “Yasin” surəsinin dəfn və yas duası kimi istifadə edilsə də, onun məzmununun mərhuma heç bir aidiyyəti olmamasını, burada “Xristianlığın İsa peyğəmbərin həvariləri (apostolları) tərəfindən ilkin təbliği, həmçinin insan günahları, axirət gününün labüdlüyü, Cənnət və Cəhənnəmə kimlərin düşəcəyi haqqında məlumat” verildiyini bildirmişdir [4, 123]. Sonda həmin surənin mətnini Azərbaycan dilinə öz tərcüməsində, ona şərh və qeydlər əlavə etməklə vermişdir. Beləliklə, bu tərcümə xalqımızı ilk dəfə olaraq Quranın ən məşhur surələrindən birinin məzmunu ilə tanış etmişdir. Qeyd etmək lazımdır ki, həmin məqalənin “Xəbərlər”də M.Səttarov və M.Cəlilovun “Beynəlmiləl və ateist tərbiyənin vəhdəti” adlı yazısından sonra yerləşdirilməsində, hətta Z.Bünyadovun da “Yasin” surəsini tərcümə etməsinin səbəbi kimi həmin surəni mərhumun adına oxuyaraq varlanmaqdan “xəcalət çəkməyən”, “cəddiqırıq” mollaları ifşa etmək məqsədini göstərməkdə sovet dövrünün dinə soyuq münasibəti aydın duyulur. Bu, başlanğıc idi.
Dil, üslub, quruluş, forma, məzmun etibarilə qeyri-adi xüsusiyyətlərə malik olan ecazkar Quranın adekvat tərcüməsinin mümkünsüzlüyü hamıya bəllidir. Bununla belə, bu gün Ziya Bünyadovun və Vasim Məmmədəliyevin birgə tərcüməsi bizdə Quranın ən mötəbər tərcümələrindən sayılır və çox vaxt ona müraciət edilir. İstər tərcümə, istərsə də ona yazdığı şərhlər azərbaycanlı şərqşünası Quranın bilicisi kimi səciyyələndirir. Son əsərlərindən olan və ölümündən sonra işıq üzü görən “Dinlər, təriqətlər, məzhəblər” əsəri [Bakı, Azərbaycan nəşr, 1997] alimin dinlərə dair zəngin material topladığından xəbər verir. Buna qədər, ideoloji ştamplar ruhunda olan sovet dövrü nəşrlərində cəmiyyətin inkişafında özünü büruzə verən ziddiyyətlər birtərəfli şərh olunur, əksər hallarda isə ört-basdır edilirdi. Ateizm ideologiyasının hakim olduğu ölkələrin dinə münasibəti xüsusilə qərəzli idi. Dinin “qalıqlarını” aradan qaldırmaq məqsədilə kütləvi tirajla buraxılan kitablar, broşürlər, “Вопросы научного атеизма”, “Атеистические чтения”, “Религии мира” tipli məcmuələr əslində dinə qarşı təbliğat mahiyyəti daşıyırdı. Oxucular din tarixi, müxtəlif dinlər, təriqətlər, məzhəblər haqqında məlumatları “Атеистический словарь”, “Словарь атеиста” qrifli lüğətlərdən, soraq, məlumat kitablarından ala bilərdilər. Demək lazımdır ki, hətta bu cür ateizm mövqeyindən tərtib edilmiş lüğətlər, soraq kitabları da Azərbaycan dilində iki-üç tərcümə, məsələn, “Ateistin cib lüğəti”, “İslam” (Qısa məlumat kitabı) və s. ilə təmsil olunmuşdu. Bütün bunları, həmçinin milli mədəniyyətimizin tarixən dinlə bağlılığını nəzərə alsaq görərik ki, Z.Bünyadovun dinlər haqqında Azərbaycan dilində yazılan ilk arayış tipli, obyektiv müəllif əsərinə, həqiqətən, böyük ehtiyac, tələbat var idi və bu gün də var. On il sonra, 2007-ci ildə yenidən nəşr edilməsi [5] əsərin əhəmiyyətini bir daha təsdiq edir. O, dinə münasibətindən asılı olmayaraq hamı üçün - həm dindarlar, həm ateistlər, həm də tərəddüd edənlər, dinə mötədil münasibətlər bəsləyənlər üçün böyük maraq kəsb edir.
Kitabda əlifba sırası ilə müxtəlif dinlərə aid istilahlar, etiqad və inamlar, cərəyan, məzhəb və təriqətlər, hərəkatlar, müxtəlif dinlərin, xüsusilə İslamın tarixi ilə bağlı olan məşhur şəxsiyyətlər haqqında məlumat verən böyüklü-kiçikli 800-dən çox məqalə toplanmışdır. Alimin bu elmi əsəri ona qədər nəşr edilən arayış, məlumat kitablarından fərqli olaraq bir sıra məziyyətləri ilə seçilir. Əsərin üstün cəhətlərindən biri müxtəlif mövzuların və bəlli anlayışların daha geniş və dərin şərhlərlə, əlavə faktlar, maraqlı, incə təfsilatlarla işıqlandırılmasıdır. Bu, şəksiz, müəllifin ərəb, fars dillərində ilkin mənbələrə istinad etməsindən irəli gəlir. Məsələn, “aşura” sözü adətən Peyğəmbərin nəvəsi Hüseynin matəm günü kimi başa düşülür. “İslam” adlanan qısa məlumat kitabında da göstərilir ki, bu, “şiə təqviminin əsas tarixidir, hicrətin 61-ci ili məhərrəm ayının 10-da (680-cı il oktyabrın 10-da) öldürülmüş imam əl-Hüseyn ibn Əlinin yad edilməsi günüdür” [6, 33]. Z.Bünyadov “Aşura” məqaləsində [5, 39-40] şiə və şiə nüfuzu altında olan ölkələrdə, Məhərrəmin 10-cu gününün başqa adətlərlə əlaqəsini göstərərək mövzunu daha düzgün, dolğun işıqlandırır, Aşuranın oruc tutulan gün olduğunu, Peyğəmbərin həmin sözü Mədinəyə köçərkən yəhudilərdən götürdüyünü, Tövratda bu sözün böyük günah təmizləmə günü kimi işlədildiyini və müsəlmanlar üçün sünnə sayıldığını açıqlayır. Həmin günün Nuhun gəmisi rəvayəti ilə bağlı tarixi səbəblərini, müqəddəsliyini göstərir, bu vaxt icra olunan ayin və mərasimlərdən bəhs edir. Məqalədən dini davranışın qəribəliyini göstərən belə bir maraqlı məlumat da alırıq: eyni şəhərdə, şiələrin ziyarət yeri olan Kufədə hər il Aşura günü rafizilər imam Hüseynin Kərbəlada şəhid olması ilə əlaqədar matəm keçirir, özlərini döyür, hüzn-kədərlərini izhar edirlərsə, Kufənin nasibiləri həmin gün, əksinə, bayram edir, matəmi bidət ilə qarşılayırlar. Öz hərəkətlərini “aşura” günü gözlərinə sürmə çəkənin o ildə gözü ağrımaz, qüsl edən o il xəstələnməz – deyə əsaslandırmağa çalışırlar.
Kitabda dini terminlər mümkün qədər hərtərəfli araşdırılır, müqəddəs kitablarda nə münasibətlə işlədildiyi, hansı mənanı daşıdığı, imkan daxilində başqa dinlərin və ya eyni din daxilində müxtəlif cərəyan, məzhəblərin ona münasibəti qeyd edilir. Əsər mentalitetimiz, düşüncə tərzimizlə sıx bağlı olan təbii dilimizin semantik təhlilinə kömək etmək baxımından da əhəmiyyətlidir. Belə ki, buradakı istilahların, sözlərin azərbaycanca tərcüməsi verilməklə yanaşı, onlarda ehtiva olunan müxtəlif mənalar da açılır. Oxucu müxtəlif dinlərlə əlaqədar yaranan və dilimizə keçən bəzi sözlərin (məsələn, “millət”, “mənat”, “zəqqum”, “zındıq”, “mürtəd”, “sirena”, “vulkan” və s.) müasir mənalarına uyğun gələn kökləri ilə tanış olmaq imkanı qazanır, bəzi şəxs adlarının (“Musa”, “Vəli”, “İlyas” və b.) mənalarını öyrənə bilir. “Tanrı” məqaləsində həmin sözün müxtəlif türk xalqlarının şivələrində, Mani din sistemində, Orxon-Yenisey kitabələrində işlənmə formaları və məna çalarları öz əksini tapıb. Müəllif “Ön söz”də “Allah”, “Quran”, “Məhəmməd” və “Mötəzilə” məqalələrini təqdim etdiyi üçün professor Vasim Məmmədəliyevə təşəkkürünü bildirmişdir. Əminik ki, müsəlman aləmində müqəddəslik rəmzi sayılan kəlmələr haqqında yazmağı ilahiyyatçıya həvalə etməsi yüksək alim nəzakətinin, müsəlmanların hiss və duyğularına hörmətinin ifadəsidir. Həmin məqalələrə gəldikdə, ilahiyyatçılıq nəzərindən yüksək səviyyədə yazılmış, irəli sürülən müddəa və mülahizələr teoloji dəlil və sübutlarla əsaslandırılmışdır.
Bir çox mütəfəkkirlər din və fəlsəfənin yaxın olduğuna diqqət yetirmişlər. Hegel “Dinin fəlsəfəsi” əsərində yazmışdır: “Dinin predmeti də fəlsəfəninki kimi öz obyektivliyində əbədi həqiqətdir, Tanrıdır və Tanrıdan və Tanrının izahından başqa şey deyildir. … dini açıqlayarkən, fəlsəfə özünü izah edir, özünü açıqlayarkən dini izah edir”. Onun fikrincə, fəlsəfə və din bir-birinin eyni olub, yalnız Uca Yaradanı dərketmə metodlarına görə fərqlənirlər [7, 219-220]. Bu baxımdan təsadüfi deyil ki, ensiklopedik soraq kitabında istər qədim yunan, Avropa və istərsə də Şərq filosofları (Anaksaqor, Anaksimandr, Ksenofan, Epikür, Aristotel, Platon, Avqustin Avreli, Origen, Cordano Bruno, Kant, Bruno Bauer, Martin Buber, Əbu Həfs Sührəvərdi, Həllac, Şihabəddin Əbdülfütuh Yəhya Sührəvərdi, ibn Rüşd, Məhəmməd Abdo, Məhəmməd İqbal, Mirzə Fətəli Axundov və b.), onların əsərləri və dinə münasibəti haqqında məlumat verən xeyli məqalə toplanmışdır. Burada İslam tarixini əks etdirməklə bərabər, həm də fəlsəfi-ictimai fikrə təsiri nəzərindən təsəvvüf, hürufilik, ismaililik, babilik, bəhailik və digər dini təriqətlər, dini-mistik fəlsəfi cərəyanlar haqqında yazılan məqalələr din və fəlsəfənin qarşılıqlı münasibətlərinə işıq salmaq baxımından xüsusi maraq doğurur. Eyni zamanda, müəllifin kitabda ayrıca bəhs edilməyən bütün müsəlman təriqətlərinin adlarını əlifba sırası ilə qısa arayış şəklində “Təriqət” məqaləsinə əlavə etməsi tədqiqatçılara böyük köməkdir.
Kitabda, əvvəl göstərdiyimiz kimi, təkcə İslam haqqında deyil, həmçinin qədim Babil, Misir, Assur, yunan, Roma, Skandinav tanrıları, İudaizm, Xristianlıq, Buddizm, Hinduizm dinləri ilə bağlı terminlər haqqında da maraqlı informasiyalar vardır. Əsər Azərbaycan dilində elmi-fəlsəfi, dini terminologiyanın işlənməsi sahəsində təcrübə baxımından da diqqəti cəlb edir. Lakin qeyd etməliyik ki, bəzi sözlərin, dini-fəlsəfi istilahların, əsər adlarının ərəbcə, tərcüməsiz verilməsi müasir oxucunun mətni qavramasını çətinləşdirir. Ümid edirik ki, gələcəkdə buraxılacaq və daha çox sözü, istilahı əhatə edəcək ensiklopedik nəşrlərdə bunlar nəzərə alınacaqdır.
Akademik Ziya Bünyadovun orta əsrlər Şərqinin qarışıq, mürəkkəb zamanı içərisində cəmiyyətdə baş verən hadisələrə güclü təsir göstərən dini dinamik proses kimi araşdırması, dünya mədəniyyətinin böyük abidəsi Quranın tərcüməçilərindən olması, həmçinin bütün elmi yaradıcılığının bir növ məntiqi davamı və yekunu olan “Dinlər, təriqətlər, məzhəblər” əsəri onu din fenomeninin dərin bilicisi kimi səciyyələndirir və dinşünaslıq sahəsində xidmətlərini danılmaz edir.

ƏDƏBİYYAT
1. Kalankatuklu Moisey. Albaniya tarixi. Mxitar Qoş. Alban salnaməsi. Bakı: Elm, 1993, s. 270.
2. Bünyadov Ziya. Azərbaycan VII-IX əsrlərdə. Bakı: Azərnəşr, 1989, 336 s.
3. Садр ад-дин Али ал-Хусейни. Ахбар ад-даулат ас-Селджуки. (“Зубдат ат-таварих фи ахбар ал-умара ва-л-мулук ас-Селджукиййа”) – “Сообщения о сельджукском государстве”. (“Сливки летописей, сообщающих о сельджукских амирах и государях”). Изд. текста, перевод, введ., примечания и приложения З.М.Буниятова. Москва: Гл. редакция Восточной литературы, 1980.
4. Bünyadov Ziya. Quranın 36-cı Ya sin surəsi haqqında bir neçə söz // Azərbaycan SSR EA-nın Elmi Xəbərləri, Tarix, fəlsəfə və hüquq seriyası: 1987, № 4, s. 122-127.
5. Bünyadov Ziya. Dinlər, təriqətlər, məzhəblər. Bakı: Şərq-Qərb, 2007, 334 s.
6. İslam. Qısa məlumat kitabı. Bakı: Azərnəşr, 1985, 164 s.
7. Гегель Г.В.Ф. Философия религии. В двух томах. Т.1, Москва: Мысль, 1975, 534 с.