12.12.2023, 06:59 - Baxış sayı: 112

Azərbaycan fevral zəfərinə hazırlaşır


Azərbaycan fevral zəfərinə hazırlaşır

Növbədənkənar Prezident seçkilərini keçirmək ideyası zərurətdən yarandı

Qloballaşan və sürətlə dəyişən dünyada əsl liderlər çevik, konstruktiv, milli maraqlara və dövlətçiliyə xidmət edən addımlar atmalıdırlar. Bu zaman milli maraqlarla beynəlxalq hüququn uyğunluğunu gözləmək də mühüm şərtdir. Çünki milli maraqların daimi reallaşması üçün dövlət səviyyəsində onun hüquqi prinsiplərə uyğun olmasını təmin etmək vacibdir. Prezident İlham Əliyev dövlət başçısı kimi bütün fəaliyyəti dövründə bu aspektlərdə yüksək zəka və məharət sahibi olduğunu sübut etmişdir. 44 günlük Zəfər savaşından sonra başlamış postmüharibə mərhələsində də siyasi situasiyaya tam hakim olduğunu nümayiş etdirməkdədir. Nümunələr çoxdur. Onların sırasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə bağlı verilən sərəncam həm taktiki, həm də strateji baxımdan böyük əhəmiyyətə malikdir.
Eyni zamanda, bu məsələnin geosiyasi, siyasi, hüquqi və dövlətçiliyin təkamülü aspektində kompleks olaraq vacibliyini anlamaq gərəkdir. Öncə, növbədənkənar Prezident seçkilərinin keçirilməsi zərurəti haqqında müəyyən məqamlara aydınlıq gətirək. Məsələ ondan ibarətdir ki, Azərbaycan dövlət müstəqilliyini XX əsrin 90-cı illərində bərpa edəndən sonra ölkə ərazisində Prezident seçkiləri keçirmək imkanına malik olmamışdır. Qarabağda erməni separatizmi və ona dəstək verən havadarları bu prosesi pozmuşlar. Necə deyərlər, 1990-cı ildən bu yana Qarabağda Azərbaycan Respublikası Prezidenti seçkilərinin seçki qutuları qoyulmamışdır. Bu da müəyyən hüquqi aspektlərdə bəzi bədxahlarımızın narazılığına səbəb olur, siyasi və hüquqi dairələrdə süni etirazlar yaradırdı.
2020-ci ildə 44 günlük Zəfər savaşından və 2023-cü ildə 23 saat 41 dəqiqəlik antiterror tədbirlərindən sonra Azərbaycan Respublikası dövləti tam olaraq beynəlxalq aləmdə hüquqi olaraq tanınan öz ərazi bütövlüyünü bərpa etdi. Bununla yanaşı, Azərbaycan Respublikası müstəqil dövlət kimi suverenliyini də tam təmin etdi.
Müasir müstəqil dövlətin mövcudluğunun geosiyasi, siyasi və hüquqi amillərindən xəbərdar olan hər kəs yaxşı bilir ki, bu, ilk növbədə, ölkənin daxilində, regionda və dünya miqyasında yeni siyasi-hüquqi və geosiyasi durumla bağlıdır. Konkret ifadə etsək, artıq reallıq olan bu durumun dövlətçilik baxımından siyasi və hüquqi təsbiti zərurətə çevrilmişdir. Növbədənkənar Prezident seçkiləri bu təsbitə aparan real hüquqi prosesdir və siyasi-geosiyasi “yoldur”. Bu məqamın siyasi təhlili üzərində geniş dayanaq.

a) “Siyasi konformizm”i qəbul etməyən lider

Öncə, vurğulayaq ki, növbədənkənar Prezident seçkiləri keçirilməsi haqqında dövlət başçısının sərəncamı müstəqil siyasətdən və yüksək siyasi iradədən xəbər verir. Müasir politologiyada “siyasi konformizm” adlanan bir məhfum var. Siyasətdə konformizm passiv siyasi uyğunlaşmanı, adaptasiyanı ifadə edir. Bu, həm də mövcud siyasi nizamın öz siyasi mövqeyi olmadan passiv qəbul edilməsidir. Bir qədər geniş aspektdə konformizm “mənə bir şey olmasın” məntiqi ilə hakim siyasi stereotiplərə boyun əyməkdir.
Prezident İlham Əliyev seçkilərlə bağlı atdığı addımla, ümumiyyətlə, 2003-cü ildən başlayan müstəqil siyasətçi-lider obrazını bir daha təsdiqləmiş oldu. Çünki məhz Zəfər savaşından və bir günlük antiterror tədbirlərindən sonra Azərbaycana müxtəlif istiqamətlərdən təzyiq eməyə çalışanlar, özlərinin siyasi maraq və məqsədlərini qəbul etdirməyə cəhd edənlər az deyil. Elə indi də, xüsusilə Qərb dövlətləri tərəfindən “məsləhət” verənlər, “yol göstərənlər” və bir sıra hallarda “ittiham edənlər” də meydandadırlar. Onların hay-küyü azalmır.
Bütün bunlara Prezident nəinki sinə gərdi, hətta öz düşünülmüş dövlət quruculuğu siyasətini yeni mərhələyə yüksəltdi. İlham Əliyev konformizm arxasında gedən lider deyildir. Növbədənkənar Prezident seçkiləri məhz bu şücaətin, dərin siyasi kursun növbəti rəmzidir.
Bundan başqa, növbədənkənar seçkilərin üç aspektdə siyasi əhəmiyyəti vardır. Onlar Azərbaycan cəmiyyətində, beynəlxalq aləmdə və strateji fəaliyyət istiqamətlərində olduqca dərin mənaya malikdirlər.

b) Siyasi leqallıq və legitimlik

Birincisi, hakimiyyətin leqallığı (qanuniliyi) məsələsi ilə bağlıdır. Politologiyada hakimiyyətin leqallığı qanuni hüquqa əsaslanan fenomendir ki, rasional əsaslandırılmış sanksiyalarla möhkəmləndirilməlidir. Bu zaman leqallıqda mənəvi aspekt ikinci sıraya keçir. Yəni müasir müstəqil və suveren dövlət üçün hakimiyyətin leqallığı prinsipial hüquqi aktdır. O, faktiki olaraq siyasi nizamı müəyyən edir.
Təsadüfi deyildir ki, müstəqil dövlətlərə qarşı Qərbin bir sıra dairələri məhz hakimiyyətin leqallığı ilə bağlı müxtəlif addımlar atmağa çalışırlar. Süni yollarla cəmiyyətdə və beynəlxalq aləmdə hakimiyyətin tam leqal olmadığı təəssüratını yaratmağa cəhdlər edirlər. Etiraf edək ki, indi bir sıra ölkələrdə müşahidə olunan “rəngli inqilablar” həm də hakimiyyətin leqallığına şübhə yaratmaq istiqamətində atılan qondarma addımların nəticəsidir. Bundan başqa, məsələnin daxili ictimai durumla bağlı çox vacib tərəfləri mövcuddur.
Deyək ki, hakimiyyət qanuni nüfuza malik ola bilər. Lakin cəmiyyət bunu ədalətli hesab etməyə bilər. Bu, başqa şərtlərlə yanaşı, o zaman baş verir ki, ölkənin hər hansı bir hissəsində dövlət başçısı seçkisində vətəndaşların iştirakı təmin edilmir. Hüquqi fakt olaraq müəyyən dairələr bəyan edirlər ki, cəmiyyətin konkret hissəsi dövlət başçısının seçilməsində iştirak etmədiyindən iqtidar legitim deyildir. Buna müasir siyasi elmdə “legitimlik defisiti” deyirlər!
Siyasi legitimlik qəbul edilən siyasi nizamın hüquqi və mənəvi olaraq ədalətli olmasına inamdır! Onu vurğulayaq ki, legitimlik cəmiyyətin daha çox hissəsinin və əsas siyasi qüvvələri tərəfindən mövcud dövlət hakimiyyətinin, onun fəaliyyətinin və təşəkkül üsullarının (siyasi varisliyi və ya irsiliyi, seçim qaydasını və s.) tanınmasıdır.
Deməli, indiki mərhələdə Azərbaycan üçün həm daxili durum, həm də beynəlxalq münasibətlər kontekstində hakimiyyətin leqallığı və legitimliyi taktikası ilə yanaşı, strateji əhəmiyyət kəsb edir. Özü də məsələnin bu tərəfi çox məqamları özündə ehtiva edir.
Birinci, onu deyək ki, erməni işğalı altında olan ərazilərdən başqa, Azərbaycan Respublikasının digər ərazisində hazırkı hakimiyyət həm tam leqal, həm də tam legitim olaraq vətəndaşlar və siyasi qüvvələr tərəfindən tanınırdı. Buna zərrə qədər də şübhə yox idi. Çünki seçkilər tam şəffaf və seçicilərin yüksək aktivliyi şəraitində keçirilmişdir və İlham Əliyev böyük səsçoxluğu ilə qalib gəlmişdir. Bunu əsas siyasi qüvvələr də qeyd-şərtsiz qəbul etmişlər.
İkinci, eyni zamanda, 2003-cü ildən bu yana bədxahlarımız olan müəyyən dairələr süni təsirlərlə iqtidarın leqallığını və legitimliyini nə qədər şübhə altına almağa çalışsalar da, cəmiyyət bu oyuna getməmişdir.
Üçüncü, ancaq indi məsələnin aktuallığı Azərbaycan Respublikasının işğaldan azad olunmuş hissəsində yaşayan vətəndaşların da seçiləcək Prezidentin, onun quracağı hökumətin leqallığını və legitimliyini təsdiq etməli olmaları ilə bağlıdır!
Bu, başqa məqamlarla yanaşı, bütün ölkə ərazisində siyasi varisliyin (irsiliyin) və seçim qaydasının qəbul edilməsi deməkdir! Həmin hadisə baş verdikdən sonra, Qarabağın yeni inzibati-ərazi strukturlaşması və idarəetmə üsulu ilə tam leqal və legitin Azərbaycan ərazisi olduğu hüquqi təsbit edilmiş olur!
Əlbəttə, növbədənkənar Prezident seçkilərinin vurğulanan siyasi, hüquqi və mənəvi tərəfləri ilə yanaşı, dövlət başçısının konkret siyasi çağırışları və dəvətlərini də ehtiva etdiyini demək lazımdır. Bu baxımdan İlham Əliyevin bu addımı hakimiyyətlə intellektin yeni səviyyədə birliyinə səsləyiş və dəvətdir!

c) Hakimiyyətlə intellektin birliyi

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun tam legitimliyi və leqallığının təmini suverenliklə yanaşı, sosial tərəqqi üçün daha geniş fəaliyyət məkanı yaratmaq xətti ilə sıx bağlıdır. Suverenlik və legitimlik yalnız hüquqi fakt deyildir, həm də cəmiyyətin tərəqqisini təmin edə biləcək konkret fəaliyyət planıdır. Bu planın reallaşdırılması sadə iş sayılmır. Burada Prezident – lider siyasi, hüquqi, sosial, iqtisadi, mədəni və mənəvi-əxlaqi aspektlərin vəhdətinə nail olmalıdır.
Növbədənkənar Prezident seçkiləri həmin aspektdə hakimiyyətlə intellektin daha yüksək səviyyədə birliyinə səsləyişdir! Bu fenomenə “ləyaqətli hakimiyyəti” (meritokratik) təmin etmə də demək olar. Bunun mənası ondan ibarətdir ki, müasir mərhələdə hakimiyyətlə intellekt nə qədər yüksək səviyyədə çulğalaşarsa, bir o qədər sosial tərəqqi geniş məkan qazanar.
Meritokratiyada daha istedadlı, yaradıcı və innovativ düşünən intellekt sahiblərinin dövlət quruculuğuna cəlb edilməsi başlıca məqsədlərdən sayılır! İlham Əliyevin siyasi kursunda, o cümədən müstəqil inkişaf etmiş milli dövlət quruculuğu konsepsiyasında insan və intellekt faktorlarının mərkəzi yer tutması bütün bunlara görə təsadüfi deyildir! Bu xəttin 2024-cü ildə Prezident seçkilərindən sonra da davam etdirilməsi zəruridir
Təbii ki, həmin çərçivədə dövlətin ərazi bütövlüyünün, suverenliyinin və siyasi legitimliyinin tam təmin edilməsi mühüm şərtdir. Çünki o halda ölkənin intellektual potensialını dövlət quruculuğu prosesinə daha səmərəli cəlb etmək imkanı yaranır. Burada siyasi varisliyin təmini də ciddi rol oynayır. Hakimiyyətlə intellektin münasibətləri sinerji yaratmağa istiqamətlənir. Deməli, hakimiyyət – intellektual birliyi liderliyin siyasi sinerjisində mühüm yer tutan amillərdəndir.
Bu prosesdə mühüm funksiyanı yerinə yetirən digər bir məqamı da vurğulamaq gərəkdir. Prezident növbədənkənar Prezident seçkiləri təyin etməklə, bütövlükdə, Azərbaycan seçicilərini həmrəylik göstərməyə və bunu həm də dövlətçilik qarşısında bir məsuliyyət kimi yerinə yetirməyə dəvət edir.

d) Həmrəylik toplum məsuliyyəti kimi

Bütövlükdə, həmrəyliyin fəlsəfi-sinergetik anlamı mürəkkəbdir. Biz ona toxunmuruq. Siyasi mənası olan məqam kimi isə həmrəylik ümumi maraq daxilində fəaliyyət və inanc birliyi nümayiş etdirməyin əyani ifadəsi olduğunu qeyd edə bilərik. Həmrəylik bu əsasda ümumi məqsədə çatmağa yardım edir. Hazırda hər bir Azərbaycan vətəndaşı üçün müstəqilliyi qorumaq və yüksək inkişaf səviyyəsinə nail olmaq ümumi məqsədlər sırasındadır. Bunu isə qüdrətli lider, milli və çalışqan iqtidar, leqallığı və legitimliyi tam qəbul edilən hakimiyyət vasitəsilə reallaşdırmaq mümkündür.
Azərbaycanda Vətən savaşını başlamaq vaxtı və bir sutqalıq antiterror tədbirləri necə böyük strateji əhəmiyyət daşıyırdısa, növbədənkənar Prezident seçkilərinin zamanı da bir o qədər strateji olaraq vacibdir. Hətta, həmin qərarın geosiyasi, siyasi və idaretmə ilə yanaşı, legitimlik və leqallığın hüquqi təsbiti baxımında əhəmiyyəti olduqca yüksəkdir.
Bu qərar neçə-neçə bədxahın Azərbaycana ziyan vurmaq imkanını əlindən alır!
Bu qərar həm də Azərbaycan toplumunu yeni səviyyədə milli müstəqil dövlətçilik yolunda səfəbərliyə dəvət edir.
2024-cü ilin Prezident seçkiləri postmüharibə mərhələsinin ən vacib addımlarından biridir.
Bütövlükdə, cənab Prezidentin toplumsal məsuliyyətə çağırışıdır.
Xeyirli, uğurlu olsun!

Füzuli Qurbanov,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru


"Xalqqazeti.az"