21.05.2018, 13:58

Fəlsəfə İnstitutunda “Azərbaycan Xalq Cümhuriyyəti – 100: varislik və müasirlik” adlı elmi konfrans keçirilib


Fəlsəfə İnstitutunda “Azərbaycan Xalq Cümhuriyyəti – 100: varislik və müasirlik” adlı elmi konfrans keçirilibMayın 21-də AMEA Fəlsəfə İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti – 100: varislik və müasirlik” adlı elmi konfrans keçirilib.
Konfransı açıq elan edən Fəlsəfə İnstitutunun direktoru, f.ü.e.d., professor İlham Məmmədzadə iştirakçıları salamlayaraq Cümhuriyyətin 100 illiyi münasibətilə təbrik edib və bildirib ki, konfrans Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamına əsasən təşkil olunub. Ölkəmizin hər yerində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi geniş şəkildə qeyd edildiyini deyən İlham Məmmədzadə bildirib ki, xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının qürur duyduğu bir gündür.
Cümhuriyyət dövründə müasir tipli dünyəvi məktəblərin açılması, Universitetin fəaliyyətə başlaması, Cümhuriyyətin maarifçiliyə və təhsilə verdiyi ən böyük dəyərlərdən biri olduğunu qeyd edən İ.Məmmədzadə, Cümhuriyyət zamanında maarifçilik sahəsində görülən işlərdən danışıb.
Sonra Azərbaycan Milli Məclisinin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov “Azərbaycan Xalq Cümhuriyyəti: ənənə və varislik”, A.A. Bakıxanov adına Tarix institutunun aparıcı elmi işçisi, t.ü.f.d. İlqar Niftəliyev “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti tarixinə dair və Fəlsəfə İnstitutunun baş elmi işçisi f.ü.e.d. Aydın Əlizadə “Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanda sovetlərə qarşı gizli mübarizə” mövzusunda məruzə ilə çıxış etmişlər.
Sonda Fəlsəfə İnstitutunun əməkdaşları Yasəmən Qaraqoyunlu, f.ü.f.d. Faiq Ələkbərov, f.ü.e.d., dosent Xatirə Quliyeva, f.ü.e.d. Füzuli Qurbanov, f.ü.e.d. Rəfiqə Əzimova, f.ü.f.d., dosent Eynulla Mədətli mövzu ətrafında çıxış edərək, öz fikirlərini bölüşüblər.