05.12.2023, 06:26 - Baxış sayı: 221

Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru: Azərbaycanda kişi-qadın bərabərliyi Fransadakı kimi olmamalıdır


Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru: Azərbaycanda kişi-qadın bərabərliyi Fransadakı kimi olmamalıdırAMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadənin APA-ya müsahibəsi:

- Bu gün doktoranturanı bitirən bütün ixtisas sahibləri sonda fəlsəfə doktoru adı alır. Bu yanaşma nə dərəcədə doğrudur? Yəni, deməyim odur ki, fəlsəfə o qədər sadə bir şeydirmi ki, hamı o adı alsın? Dünyada bu praktika var? Yoxsa, bu ənənə bizdə Sovet təhsilinin qalığıdır?

-

Belə bir ənənə Avropada çoxdan var. Bunun adı PhD-dir. Açılışı da fəlsəfə doktorudur. Bunu bütün sahələrdən olan doktorantlara verirlər. Bizim seçimimiz Avropa standartlarına uyğundur. Fəlsəfə elmin başlanğıcında Avropada əsas yer tuturdu. Qədim yunan fəlsəfəsi bütün elmlərin əsasında dayanan fenomendir. Amma belə olmalıdır, yoxsa yox, sabahkı gün fəlsəfə necə olacaq sualına gəlincə, bu, hansı elmlərin əsas olacağından asılıdır. Axır vaxtlarda biz yazırıq ki, əsas elm riyaziyyat olmalıdır. Mən də hesab edirəm ki, riyaziyyat elmdə və fəlsəfədə böyük yer tutmalıdır. Məsələn, riyazi məntiq fəlsəfənin əsas qollarındandır və belə də olmalıdır. Amma bütün alimlərə riyaziyyat üzrə elmlər doktoru adının verilməsi məncə doğru olmaz. O baxımdan ənənə elmdə və digər bütün işlərdə pis bir şey deyil. Ənənəni saxlamaq lazımdır. Bu gün bir məsələ də gündəmdədir. Bu, süni intellektdir. O da riyaziyyata əsaslanır. İndi bütün dünyada və Azərbaycanda da alimlər süni intellektin fəlsəfəsini, təsirlərini, təhdidlərini öyrənməyə çalışırlar. Ad o qədər də böyük bir şey deyil. Əsas o adın daşıyıcısının kim olmasıdır. Çalışmalıyıq ki, alimlərimiz keyfiyyətli olsun. Bunun yolları yaxşı məqalələr, kitablar yazmaq, dünyəvi elmin qovşağında birgə işlər görmək, xarici alimlərlə ünsiyyətdə olmaq və öz ideyalarını onlara da çatdırmaqdan keçir. Bəzən biz elə düşünürük ki, hansısa elmlər sanballıdır, hansısa elmlər yox. Reallıqda isə nəzəri, fundamental və tətbiqi elmlər var və hərəsinin öz çətinlikləri olur.

- Bu adın daşıyıcıları arasında yaxşılar daha çoxdur, yoxsa zəiflər?

- Desəm ki, güclü alimlərimizin çox olması fikri ilə razıyam düz olmaz. Desəm ki, razı deyiləm, onda da səhv etmiş olaram. Hər zaman yaxşı, orta və zəif alimlər olub. Hərəsinin öz vəzifəsi var. Onlara həm maddi, həm də elmi dəyərləndirmə baxımından fərqli yanaşma olmalıdır. Zəif alim diskussiyalarda, danışıqlarda, dialoqlarda kömək edir. Hansısa zəif, adi sualları verərkən, bəlkə də, ağıllı alimi sadə insanlara fikrini çatdırmağın yollarını düşünməyə vadar edir. Ortabab alimlər də çoxdur. Lakin bizdə böyük alimlər azdır. İndi dünya elmində də böyük adlar tükənib. İndiki şəraitdə elmdə bir növ hərc-mərclik var. Yaxşı alimi tapmaq asan məsələ deyil. Zəif alim yaxşı professor olub dərsi yaxşı izah edə bilər. Amma böyük alim bəzən yaxşı müəllim ola bilmir. Yaxşı olardı ki, alim müdafiə edərkən həm özü, həm də kollektivi yerinin harda olduğunu görsün. Bu məsələdə problemlərimiz həddən artıq çoxdur.

- Ümumiyyətlə, fəlsəfə və ya elm sahəsi ilə bağlı sovet təhsil sistemindən qalma hansı mexanizmlər var ki, hazırkı zamanla ayaqlaşmır, dəyişdirilməsinə ehtiyac var?

- Sovet imperiyasının süqutundan 30 ildən çox vaxt keçib. Bu gün demək olar ki, sovet dövründən bir şey qalmayıb. Digər tərəfdən, müasirlik hələ keyfiyyətlilik demək deyil. Keyfiyyət müasir problemlərə müasir nəzəri-işgüzar baxış tələb edir. Bizdə sovet dövrü ilə əlaqədar əsas problem ictimai elmlərdə tətbiqi problemlərin az öyrənilməsidir.

- Sovet dövründə bilirik ki, fəlsəfə elmi-ateizm üzərində qurulmuşdu. Lakin indi müstəqil dövlətik, hamıya məlumdur ki, əhalinin əksəriyyəti müsəlmandır. Hazırda ölkədə tədris olunan fəlsəfə yenə də elmi ateizmə söykənir? Bundan başqa, son statistikalar göstərir ki, dünyada ateistlərin sayı artır. Bu tendensiya ölkəmizdə, xüsusən gənclər arasında da özünü göstərir?

- Mən müasir şəraitdə ateizm sözünü işlətməzdim. Ateizm inkar etmək deməkdir. Elm həmişə yoxlanılmış məlumatla məşğuldur və dindən ayrıdır. Elm min dəfə yoxlamağı tələb edir. Dində isə belə deyil. Burada hər şeyin aydın olduğu, sorğu-sualsız qəbul edilməsi tələb olunur. Dinsiz tariximiz, yaddaşımız yoxdur. Amma dini elmə bağlamaq düz olmaz. Alimlər hesab edir ki, din çox çətin, elm isə yüngül problemdir. Yüngül problem odur ki, onu həll etmək olar. Amma dini problemi həll edə bilməzsiniz. Siz ona ya inanırsınız, ya da inanmırsınız. Elm bəzi məsələlərin sorğu-sual edilməsi zamanı ortaya çıxır. Dini həqiqət elmə keçmir. Elmin öz həqiqətləri var. İnsanlar gənclikdə dinə inanmırlar, amma yaşlaşanda birdən Allahı tapırlar. Bu, elmi inkar etmək deyil, sadəcə öz təcrübəsini inkar etməkdir. Bir növ başqa dünyaya keçməyə hazırlaşırsan.

- Siz necə Allahı tapa bilmisinizmi? Sizcə Allah varmı?

- Ürəyimdə buna bir münasibət var. Adi insan kimi mən də çox şeydən qorxuram. Lakin alim kimi məsələ bir az fərqlidir. Ürəkdə inam olsa da, işlərə gəldikdə inam digər tərəfdə qalır. Orada dinin yerini görmürəm. “Allah var, ya yox?” məsələsi XIX əsrə qədər fəlsəfənin əsas suallarından biri olub. Xaricdə indi belə şeylərlə məşğul olan azdır. Amma bizdə var. Nə qədər xəstə adam orda, burda gəzir (gülür). Bura yazılarla gəlirlər. Öz fikirlərini nümayiş etdirmək üçün böyük bir Elmi Şura yaradılmasını istəyirlər. Hansısa sözlə sübuta yetirməyi sevirlər. Məsələn, bu sözdə 99 məna var deyirlər və elm olduğuna inandırmaq istəyirlər. Amma aydındır ki, bu, elm deyil, məzələnməkdir. Bizim institutda əvvəllər dini sahədən olan şəxslərlə diskussiyaların aparılmasını istəyənlər var idi, amma indi yoxdur. İndi inanan da elmlə məşğul olur, inanmayan da. Digər tərəfdən dinə birmənalı olaraq hörmət olmalıdır. Milyonlarla insan inanır. Bu, adi bir şey deyil. İnama hörmət mütləqdir.
Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru: Azərbaycanda kişi-qadın bərabərliyi Fransadakı kimi olmamalıdır
- İlham bəy, Azərbaycanda fəlsəfə ilə bağlı bu boyda institut fəaliyyət göstərir. Məlumdur ki, buranın yaşaması üçün büdcədən müəyyən vəsait ayrılır. Bilmək istərdim direktoru olduğunuz institut nə vaxtsa, dünya fəlsəfə elminin inkişafı üçün cüzi də olsa hansısa nailiyyətlərlə çıxış edibmi? Heç institutun tarixində belə hadisə olubmu?

- Azərbaycanda böyük müdriklər olub. İndi də yaxşı alimlər, filosoflar var. Biz istəyərdik ki, onların sayı çox olsun. Amma istəməklə olmur. Bizim filosofların yazıları, kitabları həm akademiyanın, həm institutumuzun saytına yerləşdirilir. Kimə maraqlıdırsa, istifadə edir. Bu gün alimlərimiz müxtəlif seminarlarda, beynəlxalq konfranslarda iştirak edirlər, yazıları beynəlxalq elmi jurnallarda dərc olunur. Axır vaxtlarda maraqlı işlərin artdığını müşahidə edirəm. Xaricdə reytinqli jurnallarda çap olunmaq elə də asan deyil. Bəziləri deyir ki, çox bahadır. Amma mən bilirəm ki, Rusiyada nəşr olunan "Вопросы философии" jurnalında nəşr olunmaq pulsuzdur. Sadəcə olaraq rus və ya ingilis dilində yazmaq lazımdır. Bizim alimlərimiz orada tez-tez çap olunurlar. Xarici konfranslara dəvət alan alimlərimiz çoxdur. Bu, o deməkdir ki, maraq var. Məsələn, Faiq Ələkbərli Azərbaycan fəlsəfə tarixinə dair iki yeni kitab yazıb. Düzdür, bəzi məsələlərdə onunla razı deyiləm, amma maraqlı yazıb. Vəziyyət yaxşılaşır.

- Ötən əsrin ikinci yarısından başlayaraq dünyada Şərq fəlsəfəsi məktəblərinin yüksəlməsi tendensiyası baş verdi. Bu baxımdan bir çox hind fəlsəfə məktəblərinin, yoqo təliminin, Oşonun adını çəkmək olar. Bu baxımdan Azərbaycandan hansı fəlsəfi axınları dünyaya təqdim etmək olar?

- Bəziləri hesab edir ki, Avropa fəlsəfəsi yüngülləşib, yox olur, problemlidir və hər şeyi Şərqdən gözləmək lazımdır. Mən isə belə düşünmürəm. Keyfiyyətli alimlər, filosoflar gərək bir-birindən bəhrələnsinlər. Şərqdə maraqlı filosoflar var. Çox deyil, amma var. Onları narahat edən problemlər elə Qərb filosoflarını da narahat edir. Bir zaman Qərb və Şərq filosofları ayrılmışdılar, lakin indi onları birləşdirən problem var. Məsələn, süni intellekt problemi və fəlsəfəsi, dərin fəlsəfə tarixi məktəblərinin hamısını bu, maraqlandırır. Jil Delyozu (XX əsr fransız filosofu -red.) Çin alimləri fransızlar qədər yaxşı tanıyırlar. Bu, o deməkdir ki, Delyoz nəsə tapıb. Əksinə Avropa fəlsəfəsində yapon filosoflarına maraq böyükdür. Çünki yaponlar süni intellekt fəlsəfəsində çox yaxşı yerlərdədir. Mən özüm Çində bir neçə konfransda iştirak etmişəm, onlar da bizə gəlib. Orada filosoflar iki yerə bölünür. Bəziləri kommunist fəlsəfəsi ilə məşğuldurlar. Onlarda o qədər də dərinlik yoxdur. Amma sırf elm fəlsəfəsi baxımından yaxşı filosofları var. Elmi fəlsəfədə maraqlı suallar var. Azərbaycandan da üç-beş filosof bununla məşğul olur və maraqlı işlər aparırlar. Hətta Avropada bilirlər ki, Azərbaycan fəlsəfəsində bu suallara yeni maraq var. Bunu mənə həm Avropada, həm də Rusiyadakı alimlər deyiblər.

- Redyard Kiplinq deyirdi ki, Şərq Şərqdir, Qərbsə Qərbdir. Necə düşünürsünüz, Qərblə Şərq nə zamansa birləşə bilərmi?

- Qərblə Şərq Homerin dövründən, bəlkə də bir qədər sonra ayrılıblar. Birləşmə məsələsinə gəlincə, siyasi birləşmə bu yollardan biridir, lakin bu da çətin prosesdir. İndi görürük ki, Avropada da siyasətdə problemlər çoxalıb. ABŞ-ın nəzarət elədiyi dünya nizamı axıra çatır. Ondan sonra nə olacağı aydın deyil. Fikrimcə türk dünyasının Avrasiyada rolu artacaq. Fəlsəfənin inkişafının bununla bağlı olub-olmayacağını bilmirik. Amma ola bilər. Elə bil ki, bu gün Şərq də, Qərb də yeni nizam axtarır. Qərb köynəyini saxlamaq istəyir, amma bəzi ölkələr fərqli düşünür. Məsələn, Macarıstan. Türkiyə bir tərəfdən Avropaya bağlıdır. Amma digər tərəfdən öz yolu var. Azərbaycanın Türkiyə və türk dünyası ilə münasibətlərinin Şərq, yoxsa Qərb kontekstində olduğunu birmənalı söyləmək mümkün deyil. Azərbaycan heç vaxt sırf Şərq ölkəsi olmayıb. Elə bil ki, hansısa mənada iki-üç dünyanı birləşdirir. Bildiyiniz kimi, kommunikasiya yolları açılır və bu yol Avropadan Çinə qədər gedəcək. Çox şey dəyişir və dünya dəyişikliklərə hazırdır.

- İlham müəllim, son yüzillərdə dünyada dominantlıq edən Qərb fəlsəfəsinin, eləcə də Qərb dəyərlərinin, bu dəyərlərə söykənən ölkələrin Qarabağ müharibəsi zamanı ikili standartlardan çıxış etdiyini gördük. Məsələn, Qərb mətbuatı, bir çox Qərb siyasətçiləri, təşkilatları son antiterror əməliyyatları zamanı Qarabağın erməni sakinlərinin könüllü olaraq Qarabağı tərk etməsini genosid adlandırdıqları halda Qəzzada baş verənlərə qarşı susqunluq nümayiş etdirirlər. Və ya dildə Azərbaycanın suverenliyini tanıdıqlarını deyirlər, əməldə başqa addım atırlar. Bu cür nümunələri artırmaq olar. Sizcə bu özü Qərb dəyərlərinin aşınması deyilmi?

- Qərbdən danışanda ilk növbədə belə bir sual yaranır ki, ABŞ nədir? ABŞ qlobal bir dövlətdir və həmişə öz fikrini yürüdərək Avropanı öz əlində saxlayır. Bu gün Avropa ABŞ-dan fərqli olaraq bəzi problemlərə başqa cür baxa bilər. Ən azından bilirik ki, XX əsrdə necə maraqlı şəxsiyyətlər Almaniya və Fransanı qabağa aparıb. Bu gün isə Makron demək olar ki, dolğun lider deyil. Prezident İlham Əliyev onu düzgün və yerində tənqid edir. Makron Fransa kimi zəngin bir ölkəni yüngül bir dövlətə çevirib. İndi Avropanın fikirlərini əsas kimi qəbul etmək doğru deyil. Avropada ikili standartlar, inkişafdan uzaqlaşma özünü göstərir. Avropanın siyasi sistemləri çətin durumdadır. Hazırda Avropa problemli dövrünü yaşayır. Azərbaycan isə inkişafda olan dövlətdir, həm işğaldan azad edilmiş ərazilərdə, həm də dünyada böyük layihələr aparılır. Uğur Avropada deyil, uğur Azərbaycan dövlətinin içində, bacarığında, quruluşundadır. Bəziləri 90-cı illərdə Fukuyamanı (Frensis Fukuyama - yapon əsilli yazıçı və siyasi iqtisadçı, 1992-ci ildə yazdığı "Dünyanın sonu və son insan" əsəri ilə məşhurluq qazanıb-red.) oxuyub inanıblar ki, hər şey Qərbin əlindədir və biz də onları təkrarlamalıyıq. Amma Qarabağ müharibəsi göstərdi ki, bu fikir yanlışdır. Azərbaycanın öz yolu, öz inkişafı var. Biz siyasi alətlərdən necə istifadə edəcəyimizi bilirik.

- Qərb dəyərlərinin tənəzzülünə ikinci nümunə: dünyada hazırda cinsi azlıqlara münasibət, feminizmin qabardılması, irqi ayrı-seçkiliyə aşırı dəstək özü də fəlsəfə-əxlaq deqradasiyası deyilmi?

- Prinsipcə ayrı-seçkilik yaxşı şey deyil. Bu, aydındır. Yaxud, qadınlarla kişilər bərabər olmalıdır. Amma bərabər olmaq mədəniyyətlə bağlıdır. Azərbaycanda müəyyən ənənələr var, o ənənələr dəyişir, amma onları unutmaq olmaz. Bərabərlik mədəniyyətə zidd olmamalıdır. Avropada isə hesab edirlər ki, onlar nəyi seçiblərsə, hamı da onu seçməlidir. Məsələn, kişi-qadın bərabərliyi Fransada necədirsə, Azərbaycanda, Türkiyədə, Qırğızıstanda və digərlərində də o cür olmalıdır deyə düşünürlər. Bu, doğru deyil. Amma qeyri-bərabərlik də yolverilməzdir. Biz özümüz yolumuzu axtarmalı, bərabərlik məsələsini ənənə ilə, mədəniyyətlə bağlamalıyıq. Avropada isə axır vaxtlarda mədəniyyətə zidd olan bərabərliyə gediblər. Cinsi məsələlərdə də kifayət qədər yanlış işlər aparılıb.

- İlham müəllim, çağdaş fəlsəfənin nə kimi problemləri var?

- Bu gün bütün filosoflar bölünüblər. Biri deyir etika ilə, biri deyir estetika ilə, biri deyir sosial fəlsəfə ilə məşğul olmaq lazımdır. Belə çıxır ki, sosial filosof etikanı, estetikanı bilmədən öz işi ilə məşğul ola bilər. Və yaxud elmi fəlsəfə ilə məşğul olan şəxs fəlsəfə tarixini bilməməlidir?! Fəlsəfəni ayrı-ayrı fənlərə bölmüşük, sanki onlar arasında heç bir münasibət yoxdur. Biz çalışırıq ki, bu bölünməni ləğv edək. Çünki filosof müdrik adamdır, onu hansısa sahələrə bölmək doğru deyil. Bu ənənə sovet dövründən qalıb və bu gün effekt vermir. Bu gün cavan biri gəlib müdafiə etmək istəyir və hesab edir ki, estetdir. Bu o deməkdir ki, o, filosof deyil, sadəcə adı fəlsəfə doktorudur. Etika, estetika ilə məşğul olmaq üçün fəlsəfəni bilmək lazımdır.

- Yeni texnologiyaların gətirdiyi əxlaq problemləri barədə nə deyə bilərsiniz? Məsələn, ən sadəsindən başlayaq, insanların öz intim həyatlarını göz önünə sərməsindən tutmuş insanların klonlaşdırılmasına qədər...

- Sosial şəbəkələrdə elə biabırçı məsələlər müzakirə edilir ki, bu insanlarda əxlaqın qalıb-qalmadığı adamı düşündürür. İkinci məsələ ailə dəyərləridir. İndi hamı evdə ayfonlarına baxır, ünsiyyət, valideyn-uşaq münasibətləri arxa planda qalır. Bu gün valideynlər uşaqlarına ən müasir texniki vasitələri alırlar, amma uşağın kim olacağı, bəlkə də, onları maraqlandırmır. Müasir şəraitdə ailə demək olar ki, itir. Boşanmalar, uşaqlarla bağlı problemlər çoxdur. Bu gün Rusiyada boşanmaların qadağan edilməsi barədə düşünürlər. Yaxud boşanma prosesini çətinləşdirmək istəyirlər. Bir tərəfdən bu da düz deyil. Boşanma insanın azadlığıdır. Səhv edib, amma azadlığını qaytarmaq istəyir. Bu, müasirliyin reallığıdır. Amma belə də olmaz. Nə evlənəndə fikirləşirlər, nə boşananda... Deməzdim ki, bunun səbəbi Avropadan gələn dəyərlərlə bağlıdır. Azərbaycanda əhalinin yaşayış səviyyəsi nə qədər artırsa, yaxşılaşırsa, ailəni saxlamaq da o qədər də çətinləşir. Belə çıxır ki, çətin durumda ailə daha möhkəm olur. Belə bir reallıq var. Ailə institutunu qoruyub saxlamaq lazımdır. Çünki ailə mədəniyyətin əsasını təşkil edir. Ailə yaxşıdırsa, ölkədə hər şey qaydasındadır. Ailədə problemlər çoxalırsa, digər problemlərlə də üzləşə bilərik.

- Necə düşünürsünüz, ailələr köhnə dəyərlər üzərindənmi qurulmalıdır, yoxsa müasir ənənələr əsasında?

- Hər iki yol pis nəticəyə apara bilər, yaxşılığa da. Elə insanlar öz yarını elə yerlərdə tapıblar ki, bəlkə, orada heç kim yaxşı şey axtarmaz. Əksinə də olur. Möhkəm ənənələrlə qurulan ailələr birdən dağılır. İndi elə ailələr var ki, dağılmayıb, amma qadınlar istismara məruz qalır. İnsanlar özləri nəyi seçməli olduqlarını bilməlidirlər. Bizim və ümumiyyətlə sosial sahənin işi ailə institutlarına çətinlik gətirmək üçün sosial problemləri həll etməkdir. Sosial şəbəkədə tanış olub, heç bir qol çəkmədən, vətəndaş nikahında yaşayan normal cütlüklər kifayət qədərdir. Gərək ailə quranda hər iki gənc bir-birini tanısın, bir-birinin xasiyyətinə, xarakterinə bələd olsun.

- Bir hadisə baş verəndə deyirik ki, qismətində imiş. Ümumiyyətlə qismət, alın yazısı kimi məfhumlara münasibətiniz necədir?

- Tale məsələsi var. Amma biz öz seçimimizi də ortaya qoyuruq. Seçimlərimiz uğursuz taleyi dəyişdirə bilər. Həyatda hər şeyi qismətlə bağlamaq lazım deyil. Qismət pis ola bilər, amma onu dəyişdirmək insanın öz əlindədir.

- Və son sual: sizcə dünyada sol düşüncə yenidən şahlanırmı?

- Fikrimcə sağçılar daha çox inkişafdadır. Azı Avropada güc sağçıların əlindədir. Amma solçulardan danışmaq mənim üçün bir az çətindir. Çünki indiki solçular sovet vaxtının solçuları deyil. Onları başqa problemlər narahat edir və həmin problemlərin Şərqi maraqlandıracağına inanmıram. Amma sağçıların ideyaları maraqlı ola bilər. Avropanın zəifləməsi, nizamın dəyişməsi sağçıların əsas gücə çevrilməsinə gətirib çıxaracaq. Bu proses indi Almaniyada, Fransada gedir. Əsas iki Avropa ölkəsində sağçılar hesab edirəm ki, qələbəyə doğru gedir.

Çingiz Səfərli
APA