29.11.2023, 06:47 - Baxış sayı: 241

Vətən müharibəsi qazisi Radif Mustafayevin şəxsi əşyaları Tarix Muzeyinə təqdim olunub


Vətən müharibəsi qazisi Radif Mustafayevin şəxsi əşyaları Tarix Muzeyinə təqdim olunub

Milli Azərbaycan Tarixi muzeyin Numizmatika Fondunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədovanın təşəbbüsü ilə Vətən müharibəsi veteranı, Prezident təqaüdçüsü, ehtiyatda olan baş leytenant, fəlsəfə üzrə fəlsəfə doktoru Radif Heybət oğlu Mustafayev şəxsi materiallarını (isimlik, hərbi səhra fincanı, fotolar, tərcümeyi-hal, qızına yazdığı məktub və s.) muzeyin Vətən Müharibəsi fonduna hədiyyə vermişdir.
Materialları muzeyin Milli Azərbaycan Tarixi Muzeyinin “Fondların elmi uçotu və təsnifatı” söbəsinin müdiri, baş mühafiz, t.ü.f.d., dosent Məhfuzə Zeynalova qəbul etmişdir.
Qısa arayış:
Radif Heybət oğlu Mustafayev 23 aprel 1978-ci ildə Lənkəran rayonu Kənarmeşə kəndində dünyaya gəlmişdir. 1995-ci ildə Kənarmeşə kənd orta məktəbini fərqlənmə ilə bitirmişdir.
1995-1999-cu illərdə Bakı Dövlət Universitetinin “Sosial elmlər və psixologiya” fakültəsində “Fəlsəfə” ixtisası üzrə bakalavr pilləsində təhsil almış və fərqlənmə diplomu ilə bitirmişdir.
1999-2001-ci illərdə Bakı Dövlət Universitetinin “Sosial elmlər və psixologiya” fakültəsində “Sosial fəlsəfə” ixtisası üzrə magistr təhsili almış və fərqlənmə diplomu ilə bitirmişdir.
2006-2007-ci illərdə leytenant rütbəsi ilə motoatıcı taqım komandiri olaraq cəbhə bölgəsində həqiqi hərbi xidmət keçərək baş leytenant hərbi rütbəsində ehtiyata buraxılmışdır.
2008-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə, 2018-ci ildə dosent elmi adına layiq görülmüşdür.
Radif Mustafayev 2020-ci ildə elmi və pedaqoji fəaliyyətini dayandıraraq II Qarabağ müharibəsində iştirak etmiş və Cəbrayıl, Füzuli, Laçın rayonlarının azad olunmasına görə medallara layiq görülmüşdür.
Bir sıra yerli və xarici əsərlərin müəllifidir. Hazırda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “İslam fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisidir.
Vətən müharibəsi qazisi Radif Mustafayevin şəxsi əşyaları Tarix Muzeyinə təqdim olunub