06.11.2023, 10:31 - Baxış sayı: 624

MİR MÖHSÜN NƏVVAB VƏ ŞUŞA


Aytək MƏMMƏDOVA,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Tarixən Azərbaycan xalqı göstərdikləri igidlikləri, qəhrəmanlıqları ilə tanındığı kimi, yetirdiyi düşüncə sahiblərinə, elm və mədəniyyət xadimlərinə görə də şöhrət qazanmışlar. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ bölgəsində doğulmuş, elm və mədəniyyət sahələrində fəaliyyət göstərmiş şəxsiyyətlər də Vətənimizə bəxş etdikləri töhfələri ilə məşhurdurlar. Belə şəxsiyyətlərdən biri də bu il 190 illiyini qeyd etdiyimiz Mir Möhsün Nəvvabdır.
Görkəmli şair, riyaziyyatçı, tarixçi, musiqiçi Mir Möhsün Hacı Mir Əhməd oğlu Ağamirzadə Nəvvab (1833-1918) Şuşada doğulmuş, ömrünü bu gözəl məkanda keçirmişdir. O, yeddi yaşından dövrünün elmi biliklərini dərindən öyrənmiş, ərəb, fars və Azərbaycan dillərində həm nəsrlə, həm də nəzmlə əsərlər yazmışdır. Mir Möhsün Nəvvabın "Nəsihətnamə" əsərindəki müdrik, humanist nəsihətləri dərin elmiliyinə görə də bütün tarixi dövrlərdə aktualdır. Həmçinin "Divan", "Təzkireyi-Nəvvab", "Məzlumnamə" və başqa əsərlərin müəllifidir.
"Divan"ın qələmə alındığı tarixlə əlaqədar "müəllifin xətti ilə bu kitab hicri 1313-cü (1894) ildə tamamlandı" göstərildikdən sonra "Divan"ın Dibaçəsində özü haqqında: "Mən, Mir Möhsün Nəvvab Hacı Mir Əhməd oğlu Qarabağın Şuşa şəhər sakini, hicri-qəməri 1249-cu (1833) ildə anadan olmuşam. Elə o şəhərdə də boya-başa çatıb, təhsilimi də bu şəhərdə almışam. Oxuduğum zaman riyaziyyat, ədəbiyyat, astronomiya və musiqi elmlərini də öyrənmişəm" yazdıqdan sonra əsərləri barədə məlumat vermişdir. "Təzkireyi-Nəvvab" əsərində müəllifin özü haqqında, eləcə də Molla Pənah Vaqif, Mirzə Vəli Vidadi, Qasım bəy Zakir, Xarrat Qulu, Xurşidbanu Natəvan, Mir Həsən Ağa, Nəcəfqulu bəy Baharlı və dövrünün başqa görkəmli şəxsiyyətləri barədə məlumatlar verilmişdir.
Mir Möhsün Nəvvab 1905-ci ildə ermənilərin Şuşada azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər haqqında yazmışdır:
Müsəlmana ermənilər durdu sataşmağa.
Qarınca tək Qalada qatışıb qaynaşmağa.
Şair Şuşanın Köçərli və Xəlfəli məhəllələrinin sakinlərinə qarşı ermənilərin vəhşiliklərini bədii şəkildə belə təsvir etmişdir:
Köçərlini ermənilər əzəlcə yandırdılar,
Xəlfəli qapısında evlərə od qoydular,
Neçə müsəlmanları şəhid edib soydular,
İlan kimi hər birin başladılar şaşmağa.
Tarix təkrar oldu. Azərbaycan xalqına qarşı ermənilərin mənfur xisləti, vəhşilikləri XX əsrin 80-ci illərinin axırlarında yenidən başladı. 25 fevraldan 26 fevrala keçən gecə 1992-ci il Xocalıda Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində 613 nəfər qətlə yetirildi. Həmin dövrdə Azərbaycanın ordusu formalaşmamışdı, buna görə Birinci Qarabağ müharibəsi zamanında torpaqlarımızın iyirmi faizi işğal edilmişdir. BMT Təhlükəsizlik Şurası münaqişənin sülh yolu ilə həll edilməsi üçün Azərbaycanın ərazi bütövlüyünün tanınması və ermənilərin torpaqlarımızdan çıxarılması haqqında qətnamələr qəbul etsə də, icra olunmadı. Vətənimizə, xalqımıza qarşı ermənilərin azğınlığı daha da artırdı. Bunun qarşısını almaq üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu 27 sentyabr 2020-ci ildə başlayan, İkinci Qarabağ müharibəsində, 44 gün davam edən "Dəmir yumruq" əməliyyatı ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.
Azərbaycan xalqı tarixin yenidən təkrar edilməməsi üçün ermənilərin hərbi hücumları, vəhşilikləri nəticəsində yaşadığı faciələri unutmamalıdır. Prezident İlham Əliyev müsahibələrinin birində demişdir: "Biz bundan sonra da çalışacağıq ki, erməni faşizminin bütün təzahürlərini yer üzündən silək və buna gücümüz çatır. Ancaq gərək digər ölkələr də, beynəlxalq ictimaiyyət də bu məsələdə həmrəy olsun. Erməni faşizminin XXI əsrdə törətdiyi bu dağıntılar hamı üçün gərək bir nümunə olsun ki, faşizmin yaxşısı, pisi yoxdur. Erməni havadarları, Ermənistanın arxasında dayanan dairələr də bunu bilməlidirlər, dərk etməlidirlər və bizim tarixi missiyamızı qiymətləndirməlidirlər, biz hansı bəlanı məhv etdik. Biz təkcə öz torpağımızı azad etmədik, biz regionu, Cənubi Qafqazı bu vəhşi xislətli qüvvələrdən təmizlədik".
Bu il iyulun 21-də Şuşa Qlobal Media Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ermənilərin hücumlarına hər an hazır olmağın vacibliyini də diqqətə çatdırmışdır.
Cənab Prezident İlham Əliyev bu il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldarkən demişdir: "Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik".
Məlumdur ki, Şuşanın işğaldan azad edildiyi tarix - 8 Noyabr Vətənimizdə Zəfər Günüdür. Azərbaycan xalqının haqlı mübarizəsində Zəfər qazanması 2020-ci ilin ən böyük tarixi hadisəsi, Azərbaycan tarixinin yeni səhifəsidir. Prezident İlham Əliyevin Sərəncamı ilə (3 dekabr 2020-ci il) hər il noyabrın 8-də Azərbaycan Respublikasında Zəfər Günü qeyd edilir.
Qarabağda, Şuşada erməni vandalizminə son qoyulması müqəddəs tarixi torpaqlarımızın azadlığı, eləcə də həmin torpaqlarda uyuyan şəxsiyyətlərimizin ruhlarının şad olması deməkdir. Çünki Qarabağda ermənilərin azğınlığının, hücumlarının şahidi olan və bu hadisələri qələmə alan Mir Möhsün Nəvvabın Cıdır düzündə yerləşən məzarı Şuşa şəhəri işğal altında olduğu illərdə erməni vəhşiliyinə məruz qalmışdı. Heydər Əliyev Fondu tərəfindən alimin qəbirüstü abidəsi bərpa olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il mayın 9-da Cıdır düzündə Mir Möhsün Nəvvabın məzarını ziyarət edərək üzərinə gül dəstəsi qoymuşdu. Bu, Mir Möhsün Nəvvabın irsinə verilən yüksək dəyərdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşa şəhərini 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan etməsi və Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis olunması ilə əlaqədar 8 Noyabr tarixinin "Şuşa Şəhəri Günü" kimi təntənəli şəkildə qeyd edilməsi haqqında sərəncamlarının böyük tarixi, elmi və mənəvi əhəmiyyəti vardır.
respublika-news.az