23.10.2023, 06:37 - Baxış sayı: 309

20 il: milli dövlətçiliyin yeni mərhələsinə doğru (Fəlsəfi-sinergetik təhlil)


20 il: milli dövlətçiliyin yeni mərhələsinə doğru (Fəlsəfi-sinergetik təhlil)Müdriklikdən aşağıda­kı üç özəllik alınır: çox gözəl qərarlar vermək, səhvsiz da­nışmaq və lazım olanı həyata keçirmək.

Demokrit

I məqalə

Prezident–lider vəhdətinin bənzərsiz nümunəsi

Azərbaycan Prezidentinin 20 illik fəaliyyəti Avrasiya məkanında dövlət başçısı-lider vəhdətinin parlaq nümunə­sini yaratmışdır. İlham Əliyevin fəa­liyyəti bu baxımdan bütün mənalarda yenilikdir. Onun fəlsəfi və siyasi-nəzəri əsaslandırılması geniş yanaşma tələb edir. Şübhə etmirik ki, Prezidentin fəa­liyyətini uzun müddət və əhatəli təhlil etmək, araşdırmaq zərurəti yaranmış­dır. Müasir fəlsəfənin və liderologiyanın kriteriyaları işığında bu məsələ ciddi arqumentləşdirmələr əsasında araşdır­malar tələb etməkdədir. Bu yazıda biz təhlilini aktual hesab etdiyimiz bir neçə məqam üzərində dayanmağa çalışaca­ğıq.
İlham Əliyev 2003-cü ilin oktyabrın­da Prezident seçilməsi münasibətilə ke­çirilən andiçmə mərasimində çox aydın məntiqlə mesajlar vermişdi. Prezident ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu dönmədən inkişaf etdirəcəyini və bunun fonunda konkret vəzifələri yerinə yetirəcəyini bəyan et­mişdi. Həmin sırada Azərbaycanın təh­lükəsizliyinin və sabitliyinin təmini, ərazi bütövlüyünün bərpası, xarici siyasətdə konsturktiv əməkdaşlıq əhatəsinin ge­nişləndirilməsi, enerji strategiyasının davamlı olaraq reallaşdırılması, Azər­baycan cəmiyyətini multikultural dəyər­lər əsasında birləşdirmək prosesesinin inkişafı, geosiyasi xarakterli təşəbbüs­lərin irəli sürülməsi, ordu quruculuğu­nun davam etdirilməsi, sosial-iqisadi islahatları ardıcıl şəkildə aparılması və digər aktual məsələlər xüsusi yer tutur­du.
Artıq 2013-cü ildə yenidən Prezident seçiləndə İlham Əliyevin verdiyi mesaj­lar sübut edirdi ki, 10 il əvvəlki vədlə­rinə tam əməl olunmuşdur. Ən əsası isə ondan ibarət idi ki, dünya Azərbaycan Prezidentinin 2003-cü ildən başlayaraq dərin, düşünülmüş, konkret praktiki ad­dımlardan tutmuş siyasi ritorikasına qə­dər cilalanmış sistemli siyasi kurs həya­ta keçirdiyini dərk etmişdi. Bu, obrazlı desək, dünyanın aparıcı siyasi liderlə­rində “yüngül şok” effekti yaratdı. Onlar Avrasiya məkanında aktiv, təşəbbüskar və qarşıya qoyduğu vəzifələri XXI əsrin çağırışlarına uyğun reallaşdıran bir mil­li liderin meydanda olduğunun fərqinə vardılar. Bəlkə də gözləmirdilər. Ancaq 2003-cü ildən 2013-cü ilə qədər İlham Əliyevin həm daxili, həm də xarici si­yasətdə həyata keçirdiyi layihələr çox şeydən xəbər verirdi.
Dünya gördü ki, Ulu Öndər 1994-cü il və 1995-ci ildə BMT-nin yüksək tri­bunasından bəyan etdiyi Azərbaycan Respublikasının dövlət olaraq siyasi, hüquqi, iqtisadi, əməkdaşlıq, təhlükə­sizlik, enerji, idarəetmə istiqamətlərin­də qarşısına qoyduğu məqsədləri İlham Əliyev böyük uğurla XXI əsrin keşmə­keşlərinə rəğmən həyata keçirir. Bu, yeni liderin sistemli konsepsiyaya və praktiki fəaliyyət kursuna malik olması anlamına gəlirdi. Bu reallıq, hətta, bə­zilərini qorxutdu da!
Azərbaycan 2003–2013-cü illərdə daxili sabitliyi təmin etməklə ölkənin təhlükəsizliyini yeni səviyyəyə yüksəlt­mişdi. Cəmiyyətin birliyi artmışdı. Ordu quruculuğu intensiv davam edirdi. Ener­ji və nəqliyyat-loqistika layihələri həyata keçirilirdi. Azərbaycanın beynəlxalq nü­fuzu sürətlə artırdı. Ermənistan istisna olmaqla, bütün qonşularla konstruktiv əməkdaşlıq mühiti yaradılmışdı. Av­ropa İttifaqı ilə bərabərhüquqlu əmək­daşlıq müstəvisinə keçid ciddi surətdə qarşıya vəzifə kimi qoyulmuşdu. Və bir neçə illik gərgin mübarizədən sonra Aİ də Azərbaycan reallığını anladı, Bakı ilə bərabərhüquqlu əməkdaşlıq kursunu qəbul etməyə məcbur oldu. Azərbayca­nın təklif etdiyi əməkdaşlıq paketi üzrə müzakirələr başladı.

Böhranlı situasiyalarda uğurlu liderlik

Burada bir məqamı mütləq vur­ğulamaq lazımdır. Biz, 2008-ci ildə Cənubi Qafqazda Rusiya–Gürcüstan qarşıdurması zamanı yaranmış və 2013–2014-cü illərdə Rusiya–Ukrayna münasibətlərində enerji məsələsinə görə meydana gəlmiş böhranlı vəziy­yətləri nəzərdə tuturuq. Bu iki hadisə geosiyasi aspektdə postsovet məka­nında çox ciddi proseslərin getdiyinə işarə idi. Hər iki böhranlı hal üçün or­taq olan məqam risklərin dövlətlərara­sı münasibətlərin bütün sferalarında artmasından ibarət idi. Elə bir həssas vəziyyət meydana gəlmişdi ki, kiçicik bir səhv istənilən müstəqil dövlət üçün fəlakətə çevrilə bilərdi. Gürcüstan və Ukrayna çox mürəkkəb, təlatümlü bir duruma düşməkdə idilər.
Deməli, Azərbaycanı faktiki ola­raq geniş məkanda təhlükəli geosiyasi mənzərə əhatə edirdi. Bunlara rəğmən İlham Əliyev çox təmkinli, inamlı və konstruktiv siyasət yeritməkdə davam edirdi. Fəlsəfi və politoloji baxımdan, bu, liderin şəxsiyyətindən, iradi key­fiyyətlərindən və strateji zəkaya sa­hib olmasından xəbər verirdi. İlham Əliyev real fəaliyyəti ilə liderliyin irsilik, situasion, transformasiya və dəyərlər təlimlərində yüksək qiymətləndirilən bütün keyfiyyətlərinə cavab verirdi. Bu da Avrasiya məkanında bir yenilik və hətta, ilk idi! Çünki uzun illər çox haqsızlığa məruz qalmış, hər tərəfdən sıxışdırılan, ərazisinə təcavüzlər edilən və gənc olan müstəqil dövlətə yüksək dərəcədə uğurla rəbərlik etmək çox çətin məsələ idi. Yalnız onu deyək ki, liderliyi araşdıran bir çox filosof və po­litoloqlar (məsələn, Qərbdə A.Braun, B.Kellerman, J.Blondel, F.Fukuyama, Ukraynada О.А.Fisun, Qazaxstanda D.Kaletayev, Rusiyada Y.Kudryaşova və digərləri) XXI əsr üçün uğurlu lider­lik nümunəsinin adekvat kriteriyalarını müəyyən etməkdə çətinlik çəkirdilər.
Bunun əsas səbəbi xüsusilə postso­vet məkanında Qərb araşdırmaçılarının öncələr uğurlu hesab etdikləri liderlik nümunəsinin iflasa uğraması ilə bağlı­dır. Bu nəticəyə gəlməyə məhz vurğula­dığımız 2008-ci il və 2013–2014-cü illər böhranları təkan verirdi. Artıq filosoflar və politoloqlar müstəqil dövlətlərin baş­çılarının həm də lider kimi uğurlu olma­sının başqa kriteriyalarını axtarırdılar. Qərb fəlsəfi və politoloji fikri üçün belə bir böhranlı şəraitdə İlham Əliyev yük­sək liderlik qabiliyyəti nümayiş etdirirdi.
Getdikcə aydın olurdu ki, filosof və politoloqlar real uğurlu lideri lazım ol­duğu yerdə axtarmayıblar! Onlar özləri üçün uydurduqları “liberalizm”, “demok­ratiya”, “islahatlar” və s. kimi anlayışla­rın ilğımlarında təfəkkürlərini korlatmış­dılar! Yeri gəlmişkən, Qərb fəlsəfi və politoloji fikrinin vurğuladığımız anla­yışlar kontekstində böhranlı vəziyyətdə olduğu haqqında italyan filosof və poli­toloq Danilo Zolo dərin araşdırma apar­mış və bununla bağlı monoqrafiya dərc etdirmişdir. Məsələn, D.Zolo Qərbin “demokratiya” anlayışını özü üçün çox mürəkkəbləşdirdiyini və hazırda bu an­layışın konkret məzmununun olmadı­ğını fəlsəfi olaraq əsaslandırır (fransız filosof, sosioloq və politoloq Edqar Mo­renin “mürəkkəblik paradiqması” priz­masında). ABŞ və Avropada çox sayda fikir sahibləri də bu mövzuda tədqiqat aparmışlar və proses davam edir.

Siyasi varislik və inklüziv legitimlik: İlham Əliyev nümunəsi

Həmin kontekstdə Qərb və Rusiya filosof və politoloqları liderlikdə siyasi varisliyin konkret şərtlərini müəyyən etməkdə də çətinlik çəkməkdədirlər. Fərqli izahlar mövcuddur. Onlar bir fi­kirdə ortaq mövqedədirlər: müasir ta­rixi mərhələdə dövlətçilik aspektində siyasi varislik olduqca ciddi əhəmiyyət kəsb edir. Burada hakimiyyətin legitim ötürülməsindən tutmuş iqtidarda qalma müddəti və onun legitimliyinin inklüziv təmin edilməsi kimi məsələlər ön pla­na çıxır. Tədqiqatçılar iqtidarın tez-tez dəyişməsini birmənalı və qəti olaraq müsbət hal kimi qiymətləndirməkdən artıq çəkinirlər. Çünki müstəqil dövlət­lərin təcrübəsi bunun doğru olmadığını göstərməkdədir. Bundan başqa, siyasi varisliyə tam, həqiqi mənasında, əməl edildiyi ölkələrdə çox uğurlu quruculuq işlərinin getdiyi bir fakt olaraq poltoloq və filosofların qarşısında dayanır.
Bütün bunlardan İlham Əliyevin liderlik nümunəsində yer tutan və fəlsə­fi, siyasi-nəzəri əhəmiyyəti böyük olan bir nəticə alınır: İlham Əlieyev 2003-cü ilin oktyabrında Prezident seçilərək siyasi varislik prinsipi əsasında Ulu Öndərin yaratdığı möhkəm təməllərə əsaslanaraq dövlətimizi strateji hədəf­lərə doğru uğurla apardı.
Deməli, fəlsəfi olaraq Azərbaycanda siyasi varisliyin təmin edilməsi üç aktu­al faktorun sintezi əsasında mümkün olmuşdur.
Birincisi, prezidentin legitimliyi­nin xalq və siyasi qüvvələr tərəfindən sözsüz tanınması. Bunun da kökündə dövlət başçısının xalqın səsi ilə seçil­məsi dayanır. İlham Əliyev 2003-cü ildə Azərbaycan xalqının böyük əksə­riyyətinin səsini qazandı! Burada ulu öndər Heydər Əliyevin xalqa məlum müraciəti də ciddi rol oynamışdı. Çün­ki xalq Heydər Əliyevə tam inanırdı. Bununla yanaşı, İlham Əliyevin keçən əsrin 90-cı illərindən başlayan siyasi fəaliyyəti də göz qabağında idi. Bu fak­torlar İlham Əliyevin yüksək etimadla prezident seçilməsinə və legitimliyinin tam qəbul edilməsinə əsas yaratdı.
İkincisi, İlham Əliyev seçildiyi ilk andan qətiyyətlə bəyan etdi ki, Ulu öndərin yaratdığı möhkəm təməllərə əsaslanaraq fəaliyyət göstərəcək. Bu, siyasi varisliyin dövlət quruculuğu kursu müstəvisində inamla davam etdiriləcə­yinin və bu yoldan zərrə qədər də kə­nara çıxılmayacağının mesajı idi. Aydın olurdu ki, İlham Əliyev Heydər Əliyevin müəyyən etdiyi dövlət quruculuğu kur­sunu möhkəm təməllər hesab edir. Tam haqlı idi!
Təməllərin möhkəmliyi Ulu Öndərin ifadə etdiyi “bir millət, iki dövlət” formu­lunun dövlət quruculuğunun yeni stra­tegiyası kimi reallığa uyğun olmasından və Azərbaycanın müstəqil dövlət quru­culuğunun strateji hədəflərinin düzgün müəyyən edilməsindən qaynaqlanırdı. Bu da siyasi varislikdə “bir millət, iki dövlət” formulunun strateji hədəf baxı­mından mərkəzi yer tutduğunu göstə­rir. Onun ana xəttini (və ya reallaşma anatomiyasını) müstəqil milli dövlətin təhükəsizliyini təmin etmək təşkil edir. Ümumi miqyasda isə “bir millət, iki döv­lət” bir millətin iki dövlətinin müstəqil və güclü olmasını özündə ehtiva edən ge­niş məzmunlu kəlamdır!
Üçüncüsü, İlham Əliyev artıq Azər­baycan Respublikası dövlətinin başçısı və xalqın sarsılmaz lideri kimi konkret strateji hədəfləri müəyyənləşdirdiyini bəyan etmişdi. Siyasi varisliyin məzmu­nu və siyasi məqsədi baxımından, bu, olduqca əhəmiyyətli məqamdır. Çünki İlham Əliyev siyasi varislikdə ənənə və təcrübə ilə gələcək quruculuğun mexa­nizmlərini, məzmununu və məqsədləri­ni sıx birləşdirə bilmişdi. Yeri gəlmişkən, bu tezisin doğruluğunu ən əyani təsdiq edən elə Prezidentin 20 illik fəaliyyəti­nin konkret nəticələridir! Fəlsəfi və si­yasi-nəzəri baxımdan isə İlham Əliyev liderlik nümunəsində bir yenilik etmişdi. Konkret olaraq, Azərbaycan Preziden­ti siyasi varisliyin gələcək potensialını dəqiq müəyyən etməyi bacarmışdı. Qarşısına qoyduğu vəzifələri təmkin, ardıcıllıq və təşəbbüskarlıqla həyata keçirməklə Azərbaycan lideri strateji hədəf haqqında dəqiq təsəvvürə ma­lik olduğunu nümayiş etdirdi. İlham Əliyevin “mən nəyi nə zaman etmək lazım gəldiyini yaxşı bilirəm” fikri, hər şeydən öncə, vurğuladığımız konteks­tdə ciddi əhəmiyyət kəsb etməkdədir.
Burada dövlət quruculuğunda va­cib sayılan və siyasi-diplomatik əhə­miyyəti olan bir faktor vurğulanmalıdır. Məsələ ondan ibarətdir ki, XXI əsrdə uğurlu rəhbərlikdə liderin həyata keçir­diyi siyasi kursun son nəticələri öncə­dən başqalarına məlum olmamalıdır. Obrazlı desək, burada “siyasi debüt”ün “siyasi endşpili” yalnız hər mərhələnin son nəticələrində üzə çıxmalıdır. İlham Əliyev bu baxımdan çox uğurlu və mə­harətli “siyasi debüt” etdi və 2020-ci ilin payızında dövlət başçısının konkret hansı strateji hədəflər seçdiyini əya­ni göstərdi. Dünya Zəfər savaşından sonra anladı ki, İlham Əliyevin 2003-cü ildə verdiyi vədlər, əslində, ciddi və də­rin düşünülmüş, hər mərhələsi dolğun müəyyən edilmiş mükəmməl dövlət qu­ruculuğu kursunun bir mərhələsindən bəhs edir. Bunu, İlham Əliyevin siyasi doktrinası və ya konseptual quruculuq və liderlik kursu da adlandırmaq olar!

İlham Əliyevin “siyasi performatikası”nda ziddiyyətsiz məntiq

İlk baxışdan bu proses sadə gö­rünə bilər. Lakin unutmaq olmaz ki, siyasi lideri hər tərəfdən izləyirlər və o, fəaliyyətini ziddiyətsiz məntiqi əsasda qurmalıdır. Yəni liderin “siyasi məntiqi performatikası” ziddiyyətsiz olmalıdır. “Burada “siyasi performatika” metafora­dır və siyasətçinin ziddiyyətsiz məntiqə malik olmasını ifadə edir.
Qısa arayış: “Performatika” “perfor­mativ” sözündəndir və latınca ifadəsi “performo”dur. Bu termin “yaradıram”, “yenidən formalaşdırıram” mənasını verir. Onu geniş anlamda siyasi lek­sikona Con Ostin daxil etmişdir (bax: Остин (Austin) Джон // Философский энциклопедический словарь. – М.: Инфра-М, 2005). O, təsdiqedici fikir­lərdən performatları, yəni yeni məna və forma yaradan fikirləri ayırmışdır. Performativlər davranışla uyğunluq təş­kil edən, ona bərabər olan nitq aktı kimi, natiqin daxili məntiqinə əsaslanır. Bura­da nitq aktı mətni yaradan ikitərəfli pro­ses kimi başa düşülür. Nəticədə mətnin semantik quruluşunun ya ziddiyyətsiz, ya da ziddiyyətli obrazı yaranır. Daxili ziddiyyəti mətnin məntiqi özəlliyindən mətnlər yeni məna yarada bilmirlər. Performativlərə nümunə kimi andiç­mələri, vədləri də göstərmək olar.
Aydındır ki, vurğulanan anlamın si­yasi liderlər üçün də ciddi əhəmiyyəti vardır. Məsələn, məntiqində ziddiyyətli olan lider real olaraq situasiyanı görə və qarşısına qoyduğu strateji məqsədi tam olaraq aydın təsəvvür edə bilmir. Nümunə kimi, Nikol Paşinyanın “gah nala, gah da mıxa vurması”nı, bu gün dediyini sabah təkzib edən fikirlər söy­ləməsini göstərə bilərik.
Bunun üçün lider səmimi, dürüst, praqmatik və uzaqgörən olmalıdır. Vur­ğulanan keyfiyyətlər isə yalnız strateji zəka sahiblərində olur. Deməli, İlham Əliyev dünyaya eksklüziv olaraq strateji zəkaya sahib olduğunu sübut etdi.
Vurğuladığımız özəlliklər prizma­sında növbəti bir ümumi tezisi ifadə etmək olar. Konkret: Tarixi kontekstdə qisa dövr olsa da, bu 20 il ölkəmizin qarşısında duran strateji hədəflərə nail olunması, cərəyan edən proseslərin, baş vermiş hadisələrin zənginliyi, ən əsası, əldə edilmiş nəticələr baxımın­dan müstəsna əhəmiyyət kəsb edən və çoxəsrlik milli dövlətçiliyimizin ən parlaq səhifəsinə çevrilmiş yeni bir mərhələdir!
Burada “dövlətçiliyin yeni mərhələ­si” ifadəsi təsadüfən işlənmir və onun həm fəlsəfi, həm də politoloji mənası çoxçalarlıdır. Onların üzərində dayan­mağa çalışaq.

Azərbaycanda milli dövlətçiliyin yeni mərhələsi: fəlsəfi və sinergetik məqamlar

Hər şeydən öncə, dövlət quruculuğu üçün tarixi baxımdan qısa olan cəmi 20 ildə Prezidentin Azərbaycan Respubli­kasını oturuşmuş dinamik inkişaf edən müstəqil dövlət səviyyəsinə yüksəltmə­si fonunda, suverenliyi tam təmin et­məsi ayrıca dövləti və siyasi hadisədir. Məsələnin fəlsəfi tərəfi ondan ibarətdir ki, uğurlu idarəetmə və liderlikdə 20 il müddətində ölkənin inkişaf tempi ilə su­verenliyin tam təmini prosesini uyğun­laşdırmaq prinsipial yer tutur. Buradan nəzəri olaraq iqtidarda olmanın optimal müddəti anlayışı ilə bağlı özəl nəticələr çıxarmaq mümkündür.
Müqayisə üçün deyək ki, keçmiş sovet respublikaları ilə yanaşı, hansı Avropa dövlətində ya qısa müddətdə hakimiyyətdə, ya da uzun müddət iqti­darda olub bu dərəcədə uğur qazana bilən lider vardır? Bundan başqa, bizə qonşu olan və Qərb tərəfindən daha xoş qarşılanan dövlətlərdə lider daxili sabitliyi təmin edə bilməməsi səbəbin­dən işlərini yarımçıq qoyub hakimiy­yətdən uzaqlaşmalı olmuşdur. Əgər bir dövlət başçısı ölkədə daxili sabitliyi təmin edə bilmirsə, onu nə dərəcədə uğurlu lider kimi qəbul etmək olar? Bu suala müsbət cavab vermək mümkün deyildir. Çünki liderlik yalnız nəzəri-ide­oloji fərqlilik deyildir, hər şeydən öncə, praktiki fəaliyyətdə dövlət üçün konkret müsbət nəticələrə nali olmaqdır.
Belə çıxır ki, ümumiyyətlə, liderin uğurlu olmasının mühüm cəhətlərindən biri daxili sabitliyi təmin etmək əsasın­da davamlı islahatları milli maraqlara uyğun aparmaqla sıx bağlıdır. Avrasiya məkanında kəsintisiz olaraq son 20 ildə bu nailiyyətə İlham Əliyevdən başqa kimsə çatmamışdır! Həmin kontekstdə İlham Əliyev Avrasiyanın ən uğurlu li­derlik nümunəsini göstərmişdir.
İyirmi il vurğuladığımız aspektdə bir neçə özəlliyi ilə yadda qalmaqdadır. Birincisi, XXI əsrin qlobal miqyasda ge­osiyasi turbulentliyi şəraitində Azərbay­can daim inkişaf etdirilmişdir.
İkincisi, vurğuladığımız kimi, inkişa­fın dinamikası ilə suverenliyin tam tə­min edilməsi arasında daxili harmoniya təmin edilmişdir.
Üçüncüsü, qarşıya çıxan və əsasən maneə xarakterli hadisələrlə zəngin bir müddətdə və xüsusi kəskinləşmiş şəra­itdə İlham Əliyev konkret müsbət nəti­cələrə nail olmuşdur.
Dördüncüsü, bu müddətdə davam­lı olaraq öncədən müəyyənləşdirilmiş strateji hədəfə doğru hərəkət edilmişdir.
Beşincisi, bütün bunlar sistem ha­lında yekun olaraq milli dövlətçiliyimizin inkişafına xidmət etmişdir. Məsələnin bu tərəfi ayrıca fəlsəfi analiz tələb edən məqamla bağlıdır. Çünki lider elə incə, dərin, əsaslı fəaliyyət sistemi qurmalı­dır ki, sonucda bütün tərkib hisssələri sinerji yarada bilsin. Elmi terminologiya ilə desək, sinergetik anlamda vəhdət effekti versin, ölkəni, dövləti və cəmiy­yəti bir-biri ilə sıx, qarşılıqlı əlaqədə vahid orqanizm halında yeni təkamül müstəvisinə çıxarsın. Fəlsəfi-sinergetik terminlərlə bu, bütövlükdə ölkənin yeni struktur-funksional parametrlərə malik inkişaf sahəsinə “cəzb olunması”na nail olmaq deməkdir! Bütün bunlara görə, müasir fəlsəfi-elmi düşüncəyə sahib olanlar “çoxəsrlik milli dövlətçiliyimizin ən parlaq səhifəsinə çevrilmiş yeni bir mərhələdir” tezisini bütün məna çalarla­rı ilə dərk edirlər və bunun böyük tarixi hadisə olduğuna tam əmindirlər!
Yuxarıda vurğuladığımız fəlsəfi və siyasi-nəzəri məqamlar prizmasında dövlətçilikdə yeni mərhələnin konkret parametrləri üzərində fəlsəfi düşünmək mümkündür. Bunun üçün bu məqalə üçün yekun ümumiləşdirmə ola bilə­cək növbəti tezisi formula edək. Onu aşağıdakı kimi məzmunlaşdırmaq olar: “Prezident İlham Əliyevin ölkəmizə rəh­bərlik etdiyi 2003–2023-cü illər çoxəsr­lik milli dövlətçilik tariximizə bənzəri ol­mayan qızıl dövr kimi düşmüş, əsrlərlə bölünmüş, ağır məhrumiyyətlərə məruz qalmış, amma öz qürurunu və milli döv­lətçilik ənənələrini qoruyub saxlamış Azərbaycan xalqının həyatında silsilə qələbələr, misli görünməmiş yüksəliş və tərəqqi illəri olmuşdur.”
Bu tezisin işığında dövlətçiliyin yeni mərhləsinn fəlsəfi və sinergetik para­metrləri üzərində ayrıca dayanmaq la­zım gəlir.

Məqalənin davamı

Füzuli QURBANOV,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun idrak nəzəriyyəsi və
məntiq şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru


"Xalqqazeti.az"