18.09.2023, 10:18 - Baxış sayı: 477

Şərəfli tale


Könül BÜNYADZADƏ,
Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü

Şərəfli taleHər mətbuat orqanının öz şüarı, varoluş məqsədi var. Onu yaşadan, tanıdan, cəmiyyət arasında hörmət və dəyərini təyin edən həmin amal olur. “Azərbaycan” qəzetinin şüarı da, fəaliyyət hədəfi də onun adında cəmləşib. İllərinə görə Azərbaycan respublikası ilə həmyaşıd olmaq, məzmununa görə bu qədim torpağın rəsmi səsi və sözü məsuliyyətini daşımaq bir qəzet üçün ən şərəfli tale, ən müqəddəs yoldur.

Səsin müstəqillik tarixi

Müstəqilliyin ən əhəmiyyətli göstəricilərindən biri onun söz demək, başqaları arasında səsini eşitdirmək haqqıdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda bu missiya üçün təsis edilən rəsmi mətbu orqanı “Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri” oldu. Qəzet də dövlətin taleyini yaşadı. Parlament orqanı kimi onun ilk nömrəsi həmin ilin sentyabrında Gəncədə işıq üzü gördü – Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etdiyi gün. Əslində, bununla dövlət öz müstəqil yolunu başladığını, öz sözünü dünyaya eşitdirmək iddiasını elan etdi. Azərbaycan Cümhuriyyətinin ilk paytaxtında başlayan və Bakıda davam edən, 15 sentyabr 1918 – 28 aprel 1920 tarixlǝri əhatə edən fəaliyyəti müddətində qəzetin 443 nömrǝsi, rus dilində isə 438 nömrəsi işıq üzü gördü. Qəzetin ilk baş redaktoru Üzeyir Hacıbəyli yazırdı: "Azərbaycan qəzeti guya Müsavat partiyasına məxsus firqəvi bir qəzet imiş. Bu fəqərə barəsində bunu bəyan etməyi lazım bilirəm ki, qəzetimiz partiya qəzeti deyildir. “Azərbaycan” qəzetlərinin məsləki Vətən istiqlalı yolunda çalışmaqdan ibarətdir.” Ağır problemlərlə, xain ədavətlərlə mübarizə aparan dövlət xadimləri qurulan Cümhuriyyətin önündə ağır bir yol durduğunu dərk edirdilər. Azərbaycan Cümhuriyyəti Parlamentinin çağırılması ilə əlaqədar 1918-ci il noyabrın 29-da Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan və rus dillərində "Bütün Azərbaycan əhalisinə!" Müraciətnaməsi dərc edilir. Orada incə və olduqca əhəmiyyətli bir məqam var: “...Milli və məzhəb fərqlərinə baxmayaraq, bütün Azərbaycan vətəndaşları bir vətənin övladlarıdır. Ümumi vətəndə müştərək həyatlarını qurmaq və öz səadətlərinə birlikdə yetişmək üçün onlar bir-birinə əl uzatmalı və yardım etməlidirlər”. “Azərbaycan”qəzetinin o vaxtkı saylarına baxanda deyilənin həm də əməldə həyata keçirildinin şahidi olmaq mümkündür: hər millətə aid xəbərlər, müraciətlər, problemlərin işıqlandırılması. Qəzetin 1 noyabr 1918-ci il, 28-ci nömrǝsində “Qafqaziya millətlərinə” adlı məqaladə yazılır: “Əsrlərcə qonşuluğumuz bizə öyrətmiş və hazırkı mənafeyi-siyasiyyəmiz tələb edir ki, mədəniyyətimizin tərəqqisi, həyatımızın nəşvü-nümasını [inkişafını] dinc və birgə yaşamaqda arayaq. Binaileyh biri-birimizi qırmağımız bizə zərərdən başqa bir nəticə verə bilməz”. Çoxmillətli Azərbaycan parlamentinin rəsmi orqanı kimi, “Azərbaycan” qəzeti hər millətin marağını, problemini, ən vacibi isə millətlər arasında barışığı və bərabər hədəfi – vahid Vətənin gələcəyində birgə fəaliyyəti təbliğ edirdi, öz adının haqqını verirdi.
“Azərbaycan” qəzeti ilk təsis olunduğu gündən müstəqilliyin və yeni dövlətin səsi olmaq iddiasına görədir ki, onun nailiyyətində də, mübarizəsində də, süqutunda yanında olub. Bu iddianın verdiyi məsuliyyətlə ilk sayda Qafqaz İslam Ordusunun qardaş köməyi haqqında məlumatı, Ordunun komandanı Nuru Paşanın, eyni zamanda Fətəli xan Xoyskinin Nuru Paşaya teleqramlarını dərc edildi; 2 may 1919-cu ildə ilk Şərqin ilk müstəqil respublikasının bayrağının qəbul edilməsi ilə Üzeyir Hacıbəyli "Bayrağımız saralmaz" məqaləsində məlumat verdi: "Bayrağımız haqq bayrağıdır. O, bir millətin bəşəri hüquqlarının parçasıdır. Bir millətin ki, onun insan kimi yaşamağa haqqı vardır. Bir millətin ki, daha əsir olmaq istəmir…” 1920-ci ilin aprelində Azərbaycan hərtərəfli işğal olundu: torpağı da, dövləti də, arzuları da, gələcəyi də, səsi də, sözü də. Və “Azərbaycan” susdu. Mənbələrin verdiyi məlumata görə, “Parlamentin son iclaslarında Məhəmməd Əmin Rəsulzadə dərin bir kədər və hüznlə istilanın Azərbaycana yetişdiyini söyləyərkən arxadan hönkürtü ilə ağlamaq səsi eşidilir və hamı kədərlə geriyə dönür: “Azərbaycan” qəzetinin redaktoru Şəfi bəy Rüstəmbəyli ağlayırdı”. Bu fakt özündə ağrı-acı dolu həqiqətin rəmzi idi.

Maarifçilik missiyasında atılan imza

“Azərbaycan” qəzeti millətin nə ilk, nə də son qəzeti idi. Məhz faktlara əsaslanaraq cəsarətlə demək olar ki, olduğu coğrafi məkanda, daxil olduğu mədəni bölgədə daim öz müdrik sözünü deyən, mədəniyyəti ilə ayrıca səhifə açan, tarixə sanballı alimləri ilə daxil olan Azərbaycan xalqı cəhalətlə mübarizədə həmişə öndə durub. Hələ 1875-ci ildə Həsən bəy Zərdabinin təsis etdiyi ilk milli qəzet olan “Əkinçi” ilə “Azərbaycan” arasında bir çox qəzet və jurnal doğulmuşdu, bacardığı qədər millətinə xidmət göstərmişdi. Bu mətbu orqanları ətrafında görkəmli ziyalıları, şair və yazıçıları toplamaqla kifayətlənməyib, ayrıca məktəb səviyyəsinə qədər yüksəlirdilər: “Füyuzat” və “Molla Nəsrəddin” jurnalları, “Həyat” qəzeti, rus dilində nəşr olunan “Kaspi” qəzeti. “Azərbaycan” qəzeti onlardan bir neçə xüsusyyətinə görə fərqlənirdi. Əvvəla, o, məhz müstəqil Cümhuriyyətin yaranması ilə doğulmuşdu, məhz onun səsi və sözü idi. “Azərbaycan” qəzeti yeni dövlətin parlamentinin rəsmi mətbu orqanı idi. Əgər digər mətbu orqanlarının işıq üzü görməsi üçün Rus İmperiyasının canişinləri icazə verməli idisə, onların istəyi ilə çapını dayandırmalı olurdusa, onların sensurasından keçirdisə, “Azərbaycan” qəzeti məhz müstəqil Azərbaycan Cümhuriyyəti ilə bərabər doğulmuşdu. Onu təsis edən elə əvvəlki qəzet və jurnallarda fəaliyyət göstərən, qələmi orada itilənən ziyalılar idi, ancaq bu dəfə onlar öz müstəqil Vətəninin xəbərini çatdırır, onun adından danışırdılar. Qəzetinin 1918-ci il 7 dekabr tarixli 58-ci sayında Üzeyir bəy Hacıbəyli "Tarixi günümüz" məqaləsində yazırdı: Bu o gündür ki, Azərbaycan türklərinin Milli Məclisi, Milli Şurası açılıb. Azərbaycan təkmil bir hökumət şəklinə girir. Yüz-yüz əlli sənə bundan əvvəl müxtəlif xanlıqlardan ibarət olan Azərbaycan torpağının rus istilasından qazandığı bir mənfəət o oldu ki, bu torpaq üzərində qurulmuş olan saxta və əməli hüquqları silinib-süpürülmüş müttəhid və vəsi bir ərazi şəklinə girdi və bu gün xilas olub da iki milyon mütəcavüz nüfus ilə Azərbaycan Cümhuriyyəti namını daşımağa kəsbi-ləyaqət etdi. Bəs bu gün haman bu Azərbaycan Cümhuriyyətinin milli parlamanı, Milli Məclisi açılmaqla təşkilat və tərtibati-siyasiyyəsi artıq itmama yetir. Belə olan surətdə, deməli, qəlbimizdə bəslədiyimiz ümid - parlamanımızdır. Və ümidvarıq ki, cavan parlamanımız bu ümidimizin hüsuli yolunda var qüvvəsilə çalışacaq və Vətənimizin istiqlal və azadlığına birinci səbəb olacaqdır”. Üzeyir bəyin dili ilə desək, “Azərbaycan” qəzeti müstəqil dövlətin ümidlərinin, azadlıq arzularının gerçəkləşməsi, təkmil hökumətə çevrilməkdə olan gənc bir respublikanın ilk müstəqil sözü idi.
Tarixdən də bəlli olduğu kimi, qurulduğu ilk gündən Azərbaycan Cümhuriyyəti həm daxili, həm də kənardakı düşmənləri ilə mübarizə aparırdı. Üzeyir Hacıbəylinin qəzetin 5 dekabr 1918-ci il, 56-cı nömrəsində “Azərbaycan parlamanı” adlı məqaləsində yazdığı kimi, “Gözlər var ki, dünənə qədər əsir və qul olan bir milləti bu gün azad və sərbəst görmək istəməyir. Qulaqlar var ki, lal edilmiş bir dilin, bir millət dilinin bu gün açılıb da söz söyləməsini eşitmək istəməyir. Qəlblər var ki, bir əsrdən artıq məhkum qalan bir millətin bu gün hakim deyil, yalnız müstəqil və azad olmasını qəbul etmək istəməyir”. “Azərbaycan” həm mübarizə meydanı, həm də silah idi. O, bir tərəfdən, rəsmi xəbərləri dərc etməklə yanaşı, digər tərəfdən, milləti maarifləndirməyə, ruhunu gücləndirməyə çalışırdı. Qəzetin 6 dekabr 1918-ci il, 57-ci nömrəsində yazılır: “Bir şəxs və ya bir millət azad olmaq istərsə, buna öz ləyaqətini və qabiliyyətini göstərməlidir. Burası avropalıların qəbul etdiyi bir əsasdır. Həmin ləyaqət və qabiliyyət nədən ibarət ola bilər? Bunlar iki şeydən ibarət ola bilər: Daxili məişətdə həqiqi bir mədəniyyətə malik olmaq və xaricdən gələn zərbələr qarşısında baş əyməyib, istiqlal və heysiyyəti-milliyyəni müdafiə etməyə hər anda hazır olmaq”.
Millətin var olması üçün onun dilinin, ədəbiyyatının, düşüncəsinin yaşaması, inkişaf etməsi ilk vacib şərtdir. Buna görə də, ziyalılar “Azərbaycan” qəzetində həm də milli ruhu qidalandıran, eyni zamanda, onu təkmilləşdirən məlumatları çap edirdilər. Məsələn, qəzetin 1918-ci ilin bir neçə sayında ard-arda “Türk ədəbiyyat və lisanı və türk cərəyanı-əfkarı [türk ədəbiyyatı və dili, türk fikir cərəyanları] (Ruşən Əşrəf vǝ Ruşǝni bəylərin konfransı)” haqqında məqalələr çap olunur. Onlardan birində deyilir: “Əsl türk qövmünə məxsus ədəbiyyat saz şairlərində, təkyə mərsiyəçilərində qalmışdı. Ona kimsənin baxdığı yox idi. Halbuki bir millətin ədəbiyyatı o millətin ruhuna hansı vaxtda uyar? O vaxtda uyar ki, o millətin özündən götürülmüş ola. Fransız ədəbiyyatının fransızlar üstündə, rus ədəbiyyatının ruslar üstündə çox təsirləri olar. Çün dilləri ilə, duyğuları ilə birlikdə o millətin özündən alınmışdır. Ona görə düzəlmişdir. Bu barədə türk ədəbiyyatı geri qalmışdı. Çün türk, öz ruhunu tanıyıb ona görə çalışası yerdə, özünǝ özgə ruhları aparmağa savaşırdı”. Deyilənlərdə əhəmiyyətli bir məqam var: millətin ruhunun yaşaması üçün onun öz ədəbiyyatı inkişaf etməlidir. Məsələn, ərəb mühacir yazıçısı Xəlil Cübran belə hesab edirdi ki, öz xalqının dirçəlməsi, var olması üçün onun dili var olmalıdır, bu isə şairin dilində və ürəyindədir, çünki “Şair xalqın yaradıcı gücünün ifadəçisi, ruh aləmində baş verənləri əql dünyasına ötürən, bilik dünyasında baş verənləri bilik xəzinəsinə toplayan bir bələdçidir”. “Azərbaycan” qəzetində də bu vacib məqam vurğulanmaqla yanaşı, həm də yeni dövrün yeni çağırışları vurğulanır, keçmişlə deyil, yeni tələblərlə ayaqlaşmağın əhəmiyyəti qeyd edilir: “Məşrutiyyət zamanı gəlməklə bütün vətən milliləşdiyi sırada Osmanlı ədəbiyyatında da dəyişiklik istəkləri bəlirdi [özünü göstǝrdi]. Çün ədəbiyyat həyatın əksidir. İctimai hərəkətlərə görə ədəbiyyat da cərəyan dəyişdirir. Bu indiki ǝsr isə milliyyət əsridir. Bundan ötrü bizim ədəbiyyatımızda da milliyyət hərəkətləri başlandı”. Bəli, “Azərbaycan” qəzeti müstəqil ruhun maariflənməsi idi, özlüyündə artıq güc idi. Məhz buna görə də, 1920-ci il aprel işğalından sonra o da susduruldu.

Millət adına söz demək haqqı

Azərbaycan Cümhuriyyəti böyük bir ziyalı, ictimai və siyasi xadimlər ordusunun əməyinin nəticəsi idi. Təbii ki, bu milli sərvət ilk növbədə “Azərbaycan” qəzetinin səhifələrində əks olundu. Qəzetin ilk redaktorunun Üzeyir Hacıbəylinin olması təsadüf ola bilməzdi. Şərqin ilk operasını yazmaqla dünyaya millətinin musiqisini, mədəniyyətini çatdırmağa nail olmuş bir dahi indi də onun səsini, sözünü çatdıran bir mətbu orqanının baş redaktoru oldu. Ondan başqa qəzetə rəhbərlik edənlər sırasında Ceyhun Hacıbəylinin, Xəlil İbrahimovun, Şəfi bəy Rüstəmbəylinin də adlarını görürük. Lakin biz diqqəti bir neçə başqa məsələyə yönəltmək istəyirik. Əvvəla, qəzetdə məhz milli ruha yaxın olan, onun qayğısına qalanların imzalarına rast gəlmək mümkündür. Nömrələrin birində Məhməd Əmin Yurdaqulun şeirlərindən bir beyt nümunə gətirilir və məhz bununla qəzetin də ruhunu təyin etmiş olur:

Bən bir türkəm, dinim, cinsim uludur.
Sinəm, özüm atəş ilə doludur
.

İkinci diqqət yetirilməli məsələ isə, “Azərbaycan” qəzetinin müəlliflərinin bir mücahid, xalqı adına müəyyən bir mübarizə yolu keçmiş şəxslərin olmasıdır. İradə Əliyevanın “Oxşar talelər” adlı məqaləsində belə şəxsiyyətlərdən bir neçəsinin – Əliabbas Müznib, Seyid Hüseyn Sadiq, Ömər Faiq Nemanzadənin həyat və yaradıcılıq yoluna işıq salınır və belə qənaətə gəlmək olur ki, “Azərbaycan” mübarizlərin imzasının toplaşdığı səhifələrdir. Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Ağa Şahtaxtlı, Əlimərdan bəy Topçubaşov, Mirzəbala Məmmədli, Əhməd Ağaoğlu, Cəfər Cabbarlı, Əhməd Cavad, Seyid Hüseyn, Şəfiqə Əfəndizadə, Məhəmməd Hadi və daha neçə qürur duyulmalı adlar. Təsadüfi deyil ki, Cümhuriyyətin süqutundan və qəzetin susmasından sonra onun müəllifləri də susduruldu. Lakin ki, mübarizə bitmədi, fərqli müstəvilərdə davam etdi, fəaliyyət dövründə toplanan yaradıcılıq enerjisi hələ uzun illər ruhları qidalandırdı. Əhəmiyyətli bir məqamdır ki, sonralar mühacir həyatı yaşamalı olan Şəfi bəy Rüstəmbəyli yenə də Azərbaycanın müstəqil səsini eşitdirməyə çalışırdı və o, öz xatirələrində yazırdı: “Nəhayət, 27 aprel gecəsi saat 12-də Bakıda bütün idarə, məhəllə bolşeviklərin əlinə keçdi. Bununla aşağı-yuxarı ikillik Milli Azərbaycan istiqlal tarixi qapandı. Milli azəri türkünün istiqlal ruhunu əlindən ala bilmədilər. İşğal zəfərləri yarımçıq qaldı. Məmləkətin həqiqi övladlarının istiqlal uğrundakı qan ilə boyanmış və müttəhid bir kütlə halındakı gənc övladlarının hürriyyət və istiqlaliyyət ruhu ilə istiqlal hələ yürüyür. İmanın qüvvəsi, istiqlalın təbcili bizdə Bakı və Azərbaycan yaşadıqca yaşayacaq və bütün türk ellərini istiqlal ilə sevindirəcəkdir.” Bu, sıradan bir vətəndaşın, yaxud ziyalının deyil, məhz “Azərbaycan” qəzetinin ilk müstəqillik illərində sonuncu redaktorunun dedikləri idi. Bir millətin səsi olmaq məsuliyyətini anlayanlar onun susmaması üçün əllərindən gələni edirdilər. Tədqiqatçıların bildirdiyinə görə, qəzetin var olmasında böyük əmək sərf etmiş, xitməti olmuş Ceyhun Hacıbəyli sonralar mühacir həyatı yaşamalı olanda eyni adlı qəzet buraxmağa çalışmış və 1951-ci ildə buna Münxendə nail olmuşdu.

“Azərbaycan”ın itməyən ziyası

Şəfi bəy Rüstəmbəylinin sözlərindəki həqiqət təqribən 72 ildən sonra gerçək oldu: istiqlal ruhunun imanının gücü təkrar özünü göstərdi və öz səsini qaytardı: 1992-ci ildə Azərbaycan Respublikasının parlamenti cəmiyyətə “Azərbaycan”la təkrar səslənməyə başladı. Tarix sanki təkrar olundu. Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır və dönməzdir” şüarı, bir tərəfdən, keçmişdəki uğurları davam etdirilməsini, digər tərəfdən, səhvlərdən nəticə çıxarılmasını, ən vacibi isə, güclü və mübariz ruh tələb edirdi. “Azərbaycan” qəzetinin ikinci müstəqillik illərində çıxan səhifələrində də məhz bu istiqamətlər qorunmağa çalışılır. Bu gün də “Azərbaycan” qəzeti həm dövlətin, həm də çoxmillətli Vətənin səsi və simasıdır. Bu, onun taleyinə yazılmış müqəddəs bir missiyadır. Əhəmiyyətli bir faktdır ki, yaxın zamanda ADA Universitetinin tǝşǝbbüsü vǝ dǝstǝyi ilǝ Azǝrbaycan Xalq Cümhuriyyǝti Hökumǝtinin orqanı olan “Azǝrbaycan” qǝzetinin (1918- 1920) tam külliyyatı ǝrǝb qrafikalı ǝlifbadan latın qrafikalı müasir Azǝrbaycan ǝlifbasına köçürülǝrǝk, lüğǝt, izahlar, şǝrhlǝr vǝ adlar göstǝricisi ǝlavǝ edilmǝklǝ nǝşr edildi. Bu, bir tərəfdən, Azərbaycan adlı dövlətin kökünün, ağrılı, eyni zamanda, şərəfli tarixinin vacib səhifələrinin təkrar oxucuya çatdırılmasıdır. Digər tərəfdən isə, bu, həm də Azərbaycan ziyalısının keçdiyi həyat yolunun təkrar oxuculara təqdim edilməsidir.
Azərbaycan xalqı Şərqdə özünü dərk edən və öz kimliyini təsdiq edən nadir xalqlardan biri və birincisidir. “Azərbaycan” qəzeti isə bu mərdanəliyin və cəsarətin meydanı və səsidir. Qəzetin 7 dekabr 1918-ci il, 58-ci nömrǝsində “Prometey” adlı məqalənin sonluğu yalnız Vətənimiz üçün deyil, onun adını daşımaq şərəfinə nail olan qəzet üçün də keçərlidir: “Yaşa, istəkli cümhur vətənimiz; yaşa, ey Şərq tarixinin Prometeyi! Sən xalqa mənfəət verəcək alovlu nuru göydən alaraq yerə saç, insanlara tapşır! İstər bunun üçün səni edam etsinlər!”

azerbaijan-news.az