13.09.2023, 08:38 - Baxış sayı: 666

ƏBƏDİ HƏYAT QAZANMIŞ SUFİ MÜTƏFƏKKİR


ƏBƏDİ HƏYAT QAZANMIŞ SUFİ MÜTƏFƏKKİRCəlaləddin Ruminin vəfatının 750 illiyinə

Dahi sufi mütəfəkkir, Mövləvilik təriqətinin yaradıcısı Mövlanə Cəlaləddin Məhəmməd Rumi (1207-1273) Bəlxdə doğulmuş, kiçik yaşlarından atası Bəhaəddin Vələd (...-1231) ilə ölkələr gəzmiş, Konyada məskunlaşmışlar.
Cəlaləddin Ruminin atası tarixi mənbələrdə dövrünün tanınmış şəxsiyyətlərindən biri kimi təqdim edilmişdir. AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov hüquqşünas alim, sufi nəzəriyyəçi, ictimai-siyasi xadim, Bağdadda baş şeyx rütbəsini tutmuş Şihabəddin Əbuhəfs Ömər Məhəmməd oğlu Sührəvərdinin (1145-1234) həyatını və yaradıcılıq irsini araşdırarkən onunla Bəhaəddin Vələd arasındakı münasibətdən də bəhs etmişdir. Alim yazmışdır ki, xilafətə elçilik (səfirlik) etmiş Şihabəddin Ömər Sührəvərdi Kiçik Asiyayaya səfər edərək Konyada Sultan Əlaəddin və dövrünün vəzifəli, nüfuzlu şəxsləri ilə görüşərkən Bəhaəddin Vələd də orada olmuşdur. Bəhaəddin Vələd şeyxə böyük ehtiram göstərmiş və demişdir: “Sührəvərdlilər həm ətiq şeyləri sevəndirlər, həm də bizə yaxın qohumdurlar”. Bəhaəddin Vələd səltənət adından “sührəvərdlilər bizə yaxın qohumdurlar” deyərkən, şübhəsiz, onların türkdilli, daha doğrusu, azərbaycanlı olmalarına işarə etmişdir.
Cəlaləddin Rumi səməqəndli Şərafəddin Lalanın qızı Gövhər Xatunla evlənmiş, bu evlilikdən Sultan Bəhaəddin Vələd və Alaəddin Çələbi adlı iki oğlu olmuşdur. Gövhər Xatunun vəfatından sonra konyalı İzzəddin Əlinin qızı Kira Xatunla ailə qurmuş, həmin evlilikdən Emir Alim Çələbi və Məlikə Xatun adlı iki övladı vardı. Mütəfəkkir müsbət insani dəyərləri, fəzilətləri təbliğ edən müdrik şəxsiyyət idi, bu xüsusiyyəti övladlarına da təlqin etmişdir. Bəhaəddinə və Alaəddinə bir müraciətində göstərmişdir: “Əziz, dövlətli, üstün, ihsan sahibi, gözəl inanclı oğlum Bəhaəddin və əziz oldukca uca, olduqca uğurlu, ulu oğlum Alaəddin; uğurları daimi olsun”. Cəlaləddin Rumi fikrini davam etdirərək yazmışdır: “Bu atalarının salamını anmalarını, əziz atamız, bəsləyib yetişdirən, ona xidmət edilməsi lazım Şərəfəddinə qarşı, heç bir şəkildə nəzakətsizlik, kobudluk etməmələrini, sözlərinə cavab verməmələrini, ona, atalarına necə baxırlarsa, elə baxmalarını, atalarını necə görürlərsə, elə görmələrini dilərim. Olmayacaq bir iş görsə belə, onu, atalarının etdiyini düşünmələrini, dözümlülük göstərmələrini istəyirəm. Əziz atamız Şərafəddinin, atanızla olduqca çox hüququ vardır. Dövlət sahibi oğullarımdan olduqca böyük, çox böyük, amma olduqca böyük ümidim var, gözəlliklə, lütflə, mərhəmətlə davranarlar; incitməzlər onu. Ona nə söz söyləsələr də, xoşluqla, gözəlliklə deyərlər. Atalarını məmnun etmək üçün əsəbləşdikləri zaman, heç bir münasibət göstərməyib, bir neçə dəfə gəzib dolaşmaqla, yatmağa çalışsınlar; bununla ovunsunlar; beləcə də, bu məsələdən xəbərim olsun; övladlarıma daha da artıq dua edim; onlara mərhəmətim daha da artsın. Uca Allah istərsə çox tez bir zamanda, uğurla, sevinclə, nəşəli bir halda, muradlarına çatmış olaraq dönərlər”. Bu müraciətdən Cəlaləddin Ruminin övladlarına ana babaları Şərafəddin Lalanın onlara qarşı nəzakətsiz davransa da bunu səbirlə, dözümlə qarşılayıb ona hörmət göstərmələri haqqında nəsihət etməsi ehtimalına gəlmək mümkündür.
Cəlaləddin Rumi erkən yaşlarından sufizmlə maraqlanmış, zəngin irs qoymuşdur. Mütəfəkkir “Məsnəvi”, “Divan-ı kəbir”, “Məktubat” və başqa əsərlər qələmə almışdır. O, insanlığa böyük dəyər vermiş, əsərlərində də bunu təbliğ etmişdir.
Cəlaləddin Rumi insanlar arasında xoş ünsiyyətə və ədəbə diqqət yetirərkən “ədəbsiz yalnızca özünə pislik etmiş olmaz, dörd bir tərəfi atəşə vermiş olur” fikrini bildirmişdir. O, insanın dünyaya münasibətindən bəhs etmişdir: “Qəlbin aynası təmizlənib parlaqlaşırsa, dünyanın kənarındakı rəsmləri görərsən”. “Dünya, köpük kimidir. Haqqın sifətləri dənizə bənzər, fəqət köpük, yəni dünya dənizin rənginə, gözəlliyinə pərdə olmuşdur” fikrini irəli sürən mütəfəkkir burada çıxış yolunu da qeyd etmişdir: “Köpüyü həll etməyə, ortadan qaldırmağa çalış ki, dənizin gözəlliyini görə biləsən. Halbuki sən dənizin köpüyündən uzaqlaşmırsan. Bilmirsən ki, köpük dənizi sənə göstərmir”.
Sufi alim ətrafındakı insanların fəaliyyətini yüksək qiymətləndirmişdir. Bu mənada müridi və xələfi Hüsaməddin Çələbiyə xoş münasibət bəsləmiş, onun haqqında “Şeyxlərin əfəndisi, zamanın Cüneydi, dövrünün Bəyazidi, qəlblərin güvəndiyi, həqiqətlərə çatmış, Haqq və Dinin Hüsamı, Allah bərəkətini daimi etsin” yazmışdır.
Cəlaləddin Rumi təliminə görə alimlərin, filosofların rəğbətini qazansa da, dövrünün bir qrup alimin hücumuna məruz qalmışdır. Məşhur Azərbaycan filosofu, təbiətşünas və məntiqçi alim Siracəddin Əbüssəna Mahmud Əbubəkr oğlu Urməvi (1198-1283) ilə sufi mütəfəkkirin münasibəti bu baxımdan maraqlıdır. Siracəddin Urməvi irsinin yeganə araşdırıcısı AMEA-nın müxbir üzvü Zakir Məmmədov onun Cəlaləddin Rumiyə ehtiramla yanaşdığını yazmışdır. Tədqiqatçı qeyd etmişdir ki, o, Cənubi Azərbaycanın Urmiya şəhərində anadan olmuş, uşaqlıq illərini həmin səfalı diyarda keçirmiş, Mosulda təhsil almışdır. Bir müddət Dəməşqdə yaşamış, sonralar isə Kiçik Asiyaya getmiş, 1246-cı ildən qabaq o, artıq Konya şəhərində qazi imiş, 1277-ci ildən etibarən bütün Rum ölkəsinin baş qazisi (kadi əl-küdat) vəzifəsində çalışmışdır. Calaləddin Rumi 1226-cı ildən Konya şəhərində yaşamışdır. Böyük türk tarixçisi Şəmsəddin Əhməd Əflaki (...-1360) Calaləddin Rumini Siracəddin Urməvinin ən istəkli dostlarından biri kimi göstərmişdir. Məlum olur ki, Konyada baş qazi işləyən Azərbaycan filosofu geniş biliyinə, böyük zəkasına və yüksək mənəviyyatına görə Mövlanəyə dərin rəğbət bəsləmiş, onun azadfikirlilik meyllərinə qarşı çıxanlara haqq qazandırmamış, Calaləddin Rumini qaragüruhdan həmişə qorumuşdur. Siracəddin Urməvi sufi mütəfəkkirin əleyhdarlarının fitnələrini boşa çıxarmış, onların qərəzli şikayətlərinə baş qoşmamışdır. Öz müasirləri xəbər verirlər ki, rübabın qadağan edilməsində, haqqanın haram buyurulmasında Mövlanəni çək-çevirə saldıqdan sonra bir dəstə adam səy göstərib qazi Siracəddindən kömək istəmişdir. O, onlara əsla qulaq asmamış, onlarla razılaşmamışdır. Siracəddin Urməvinin elmə və sənətə, haqqa və ədalətə, humanizmə və azadfikirlilik meyllərinə böyük əhəmiyyət verməyinin nəticəsidir ki, Calaləddin Rumi onu – Konya şəhərinin baş qazisini yaxşı adam kimi səciyyələndirib tərifləmişdir. Aralarındakı ülvi səmimiyyətin və istəyin ifadəsi olaraq Calaləddin Rumi ölərkən onun dəfn mərasimini Siracəddin Urməvi özü aparmışdır.
Azərbaycan filosofuna dərin rəğbət bəsləmiş Cəlaləddin Rumi Siracəddin Urməviyə müraciətlərində “Biricik imam, Haqqı diləyən mücahid, çox əziz qardaş Siracəddin, Allah onun da, onu sevənlərin də muradlarını versin” və ya “Üstünlük və kərəm qaynağı, qazilər qazisi, aləmin üstünü, böyük insan, işləri bilən dolunay, həqiqəti yerinə gətirən, hər işi araşdıran Haqq və Din Siracına salam və dua evradını göndəririk; kərəminə güvənərək verilən zəhmətlərə görə də üzr istəyirik. Allah üstünlüyünü daimi etsin; aləmləri gözəl çalışmasıyla, bol mərhəmətilə faydalandırsın” yazmaqla istəyini ifadə etmişdir.
Cəlaləddin Rumi 1273-cü ildə vəfat etmişdir. 2023-cü ildə sufi mütəfəkkirin vəfatının 750 illiyidir. Adı XIII əsrin mədəniyyət tarixinin səhifəsinə yazılmış, əsərləri ilə özünə əzəmətli abidə ucaltmış Cəlaləddin Rumi əbədi həyat qazanmış dahi şəxsiyyətdir. Sufi mütəfəkkir əbədi həyat yaşayacağına inanırdı. O, bunu belə izah etmişdir: “Mən ölümdən əbədi zövqə, əbədi ömrə çatacağımı xəbər aldım. Cənabı Haqqın lütfünə baxın ki, ölümü əbədi ömür peyğəmbəri etmiş, onunla ölümsüzlüyü müjdələyir”.

Aytək Məmmədova,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

"İkisahil.az"