05.09.2023, 06:32 - Baxış sayı: 227

Mehriban xanım Əliyevanın Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi şanlı tarixi xidmətləri


“Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mü­hüm və fəal rol oynayır. Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial bir insandır, eyni zamanda çox xeyirxah bir insandır”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Mehriban xanım Əliyevanın Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi şanlı tarixi xidmətləriABŞ-ın nüfuzlu “Washington Times” qəzeti Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva haqqında dərc etdiyi məqalədə yazır: “Azərbaycanın birinci xanımı: Müsəlman qadınlar üçün nümunəvi qadın obrazıdır”.
Tarixi həqiqətdir ki, Vətənə, xalqa xidməti, xeyirxahlığı həyat amalına çevirən Mehriban xanım Əliyevanın təkrarsız şəxsiyyəti gələcək nəsillər üçün nümunəyə çevrilərək Prezident İlham Əliyevin lider portretini uğurla tamamlayır. Böyük və nadir insanlar dünyaya gəldiyi andan yüksək və ali missiyanın daşıyıcıları olurlar. Müdriklər deyirlər ki, anadan olarkən insana qoyulan ad onun taleyinə də sirayət edir. Həyat prinsipi meh­ribanlıq olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adı yüz minlərin, milyonların qəlbində xeyirxahlıq ünvanına çevrilib. "Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam". Bu fikirlər bütün fəaliyyətini Azərbaycan dövlətinin inkişafı, xalqının rifahının yüksəlməsi əsasında quran Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya məxsusdur.
Azərbaycanın yeni tarixini yaradan Prezident İlham Əliyevin ömür-gün yoldaşı, ən yaxın silahdaşı olan Birinci vitse-prezident, birinci xanım Mehriban Əliyeva bəşər tarixinin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan görkəmli şəxsiyyətdir. Mehriban xanım Əliyeva yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyevin nəvəsidir. Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadimi, anası Aida İmanquliyeva görkəmli şərqşünas-alim, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor-qadındır.
Mehriban xanım Əliyeva akademik Arif Paşayevin və şərqşünas alim Aida xanım İmanquliyevanın ailəsində dünyaya göz açaraq, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin ocağından nur almışdır. Onun həyat müəllimləri isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva olmuşlar. Azərbaycan qadını bəşəri dəyərləri özündə ehtiva edən bugünkü cəmiyyətimizdə “Birinci xanım” ənənələrini bərqərar edərək dövrün tələblərinə uyğun inkişaf etdirməyə nail olmuşdur. Mehriban xanım Əliyeva illər öncə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilərkən: “Siz mənə səs verməklə, sizin və balalarınızın ümidlərinin gerçəkləşməsinə səs vermisiniz”, - deyərək, yardımsevər fəaliyyəti ilə bunları gerçəkləşdirdi. Ru­siya Federasiyasının Həştərxan vilayətində çıxan “Volqa” ictimai-siyasi qəzetində Meh­riban Əliyeva haqqında “Xeyirxahlıq rəmzi” sərlövhəli məqalədə yazıldığı kimi: “Bu gözəl qadının adının mənası da xeyirxah­lıq, şəfqət, səmimiyyət deməkdir”.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın elm və təhsil sahələrinə diqqəti sayəsində 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunmuş, 1996-cı ildən “Azərbaycan - İrs” jurnalı təsis edilmişdir.
Heydər Əliyev Fondunun həyata keçirdiyi “Azərbaycan muğamları” layihəsi çərçivəsində 24 virtuoz muğam ustadının ifaları toplanmış “Qarabağ xanəndələri” musiqi albomu böyük maraqla qarşılanan ilk və uğurlu iş olmuşdu. Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin anadan olmasının 120 illiyi münasibətilə təşkil edilən televiziya muğam müsabiqəsi görülən dəyərli işlərin davamı kimi böyük maraq doğurub. Həmçinin Vaşinqton Elmlər Akademiyası “Orta əsrlər əlyazmalarında tibb və əczaçılıq” adlı ilk beynəlxalq konfransın təşkilindən sonra tibb elminə aid Azərbaycanda saxlanılan üç nadir əlyazma ümumdünya yaddaş qeydiyyatına salınmışdır. Həmin qeydiyyatda, ümumilikdə, 120 əlyazma öz əksini tapmışdır. Bu əlyazmalar nəinki ayrı-ayrı dövlətlər, o cümlədən bütün bəşəriyyət üçün çox əhəmiyyətlidir. Bu layihələr sırasında elm, təhsil sahələrə xüsusi önəm verilir.
Mehriban xanım Əliyeva 2011-ci ildə ABŞ prezidentinin elm məsələləri üzrə xüsusi nümayəndəsi Elis Qastın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə dövlətin azərbaycanlı uşaqların və gənclərin xaricdə təhsil almaları prosesinin genişləndirilməsində maraqlı olduğunu bildirmişdir. Azərbaycanın birinci xanımı ABŞ-ın təhsil sahəsindəki təcrübəsindən faydalanmağın ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını da diqqətə çatdırmışdır. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də əməkdaşlığa hər zaman hazır olduğunu vurğulamışdır.
2012-ci ildə "Eurovision" mahnı müsabiqəsinin, 2015-ci ildə Birinci Avropa Oyunlarının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları kimi mühüm beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkil olunmasında Mehriban xanım Əliyevanın əvəzedilməz xidmətləri vardır. Mehriban xanım Əliyeva muğama böyük diqqət ayıraraq söyləyir: "Qərblə Şərqin arasında, Böyük İpək yolu üstündə yerləşən Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkanda əsrlər boyu öz mədəniyyətini formalaşdırmışdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Odur ki, muğam gözəlliyin və məhəbbətin rəmzidir desəm, səhv etmərəm".
Ədəbiyyatı, musiqini, gözəl sənət əsərlərini incəliyinə qədər hiss edən, duyan, yaşayan Mehriban xanım Əliyeva Azərbaycan təbiətinin bütün gözəlliklərini, çalarlarını ilmə-ilmə qəlbinə köçürüb. Böyük insanlıq doğulduğun yurda, yuvaya, üzü üstə düşüb qalmış qara daşa, suya həsrət bir ağaca, gözü yaşlı bir anaya diqqətdən, qayğıdan, sevgidən başlayır. “Məsləkim tərcümeyi-halımdır”, – deyən böyük Abbas Səhhətin sözlərini eynilə Birinci vitse-prezident, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya da aid etmək olar. Saflıq, gözəllik səltənəti qoynunda doğulan, ana təbiətin saflığını, əzəmətini xasiyyətində, xarakterində yaşadan bu məğrur qadın həyatda yüz minlərin idealına çevrilib.
Mehriban xanım Əliyevanın dediyi kimi, “Əlbəttə, hər şəxsin formalaşmasında ailənin, ailə mühitinin, ailə tərbiyəsinin rolu əvəzsizdir. Ailəyə bağlılıq, ailə dəyərləri, uşaqlara qayğı, böyüklərə hörmət Azərbaycan xalqına məxsus olan ən gözəl xüsusiyyətlərdən biridir... Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm”.
Mehriban xanım ən ucqar kəndimizdə belə yaşayan valideynsiz, kimsəsiz uşağı, xəstə canı ilə çarpışan balalarımızı özünə yaxınlaşdırır, doğmalaşdırır, bağrına basıb Azərbaycan adlı məmləkətimizin mərhəmətli qol-qanadlarını onların üzünə açır. Şəhid ailələrinin, xüsusi qayğıya ehtiyacı olan şəxslərin təhsil, səhiyyə problemlərinin həllinə yönəlmiş layihələr Heydər Əliyev Fondunun daim diqqət mərkəzindədir.
Respublikamızın müxtəlif guşələrində yerləşən körpələr evini ziyarət edir, əziz bayramlarda ölkəmizin ən möhtəşəm saraylarında müxtəlif hədiyyələrlə balalarımızın qəlbinə sevinc, könlünə xoş ovqat bəxş edir.
2005-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Talassemiyasız həyat naminə” proqramı həyata keçirilməyə başlanmışdır. Bu layihə çərçivəsində inkişaf etmiş Avropa dövlətlərinin talassemiya ilə mübarizə sahəsində təcrübəsi ətraflı öyrənilib.
Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Müzəffər Ali Baş Komandanın ən sadiq silahdaşı kimi yorulmaz fəaliyyət göstərib, xalqımızın ədalətli mübarizəsi barədə həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırıb, onun vətənpərvər çağırış və müraciətləri hər birimizi milli maraqlarımız naminə düşmənlə mümkün platformalarda, o cümlədən informasiya məkanında mübarizəyə səfərbər edib. Türkiyənin “Türkiye” qəzetində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında geniş məqalə dərc olunmuşdur. Rumıniyanın “Evenimentul Ziley” qəzeti yazır: “Viktoriya palatasında NATO sammitinin qonaqlarına verilən ziyafətə 40-dək ölkədən nümayəndə dəvət olunmuşdu. Azərbaycan prezidentini gözəlliyi ilə zaldakıların diqqətini cəlb edən xanımı Mehriban Əliyeva müşayiət edirdi”.
Mehriban Əliyeva Telegram şəbəkəsində “Bizim vahid arzumuz Qarabağ şikəstəsini Qarabağ torpağında birlikdə eşitməkdir!” deyə yazmışdır. Mehriban xanım Əliyevanın Azərbaycanın mədəni dəyərlərinin qorunmasına dair səyi nəticəsində Heydər Əliyev Fondu Şuşada da quruculuq və bərpa işlərini gerçəkləşdirərək şəhərin bərpasına öz sanballı töhfələrini verir. Fond Şuşada Saatlı, Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa məscidlərinin, Ağdam Cümə məscidinin, Zəngilan məscidinin, Molla Pənah Vaqifin Muzey-Məqbərə Kompleksinin, Mehmandarovların malikanə kompleksinin, məşhur tarzən Sadıqcanın evinin və Şirin su hamamının təmir-bərpa işlərini həyata keçirərək, Qarabağın qədim Azərbaycan torpağı olduğunu dünyaya bəyan edir.
Həmçinin, 2019-cu il dekabrın 31-də Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Təhlükəsizliyi Xidmətinin “N” saylı hərbi hissəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçirilən tədbirdə iştirak edərkən, əsgər Heydər Əliyevin valideyni olaraq ona təşəkkür məktubu təqdim olunmuşdur.
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 20 Yanvar faciəsinin ildönümü, Xocalı soyqırımı, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü, 27 Sentyabr - Anım günü, Ulu Öndərin Anım günü ilə bağlı, Milli Qurtuluş Günü, Silahlı Qüvvələr Günü, Müstəqilliyin Bərpası Günü, Zəfər Günü, Dövlət Bayrağı Günü, Konstitusiya Günü, Şuşada keçirilən Vaqif Poeziya Günləri münasibətilə paylaşımlar edir.
Mehriban xanım Əliyevanın Birinci vitse-prezident, Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi fəaliyyətə başladığı ilk gündən hərbiçilərin, zabitlərin, şəhid analarının, övladlarının, aztəminatlı ailələrin, gözü yolda qalan anaların yanında olmaqla, hərbçilərlə görüşdən sonra göz yaşlarına hakim ola bilməməsi onun qəlbinin saflığından xəbər verir. Mehriban xanım Əliyeva Azərbaycan ordusuna həm ruhən, həm də mənən xidmət etmişdir. Ermənistanın insanlıq əleyhinə hərbi cinayətləri ilə bağlı dəfələrlə beynəlxalq ictimaiyyətə müraciətlər etmişdir.
Prezident İlham Əliyevin və birinci xanımın Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü, Mehriban Əliyevanın Qubadlının Xanlıq kəndində hərbçilərlə görüşü, Zəngilana səfəri zamanı mənfur düşmənin dağıtdığı məscidin birinci xanımın şəxsən özü tərəfindən lentə alınması Azərbaycan tarixinə düşən şanlı salnamədir. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən ağır yaralanan qazilərimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib, müharibədə sağlamlıqlarını itirmiş zabitlər protezlərlə təmin edilib. Mehriban xanım Əliyeva söyləmişdir: "Azərbaycanın bütün əsgərlərinin, zabitlərinin həyatı və sağlamlığı üçün dua edirəm! Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!", "Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!", "Biz Şuşamızı qaytardıq! Bu əlamətdar tarixi hadisə münasibətilə hamınızı təbrik edirəm", "Bizim qəlblərimiz öz bayrağımıza və Vətənimizə görə həmişə qürur hissi ilə dolu olacaq!", "Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu!"
Azərbaycanın ən ali dövlət mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif edilən, qalibiyyət günü qürur dolu baxışları ilə dualarının qəbul olunduğunu, Azərbaycan qadınının daxili dünyasının zənginliyini, elmi təfəkkürünün aliliyini özündə ehtiva edən Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin silahdaşı olaraq birgə dövlətin daha da yüksəlişi istiqamətində hələ çox işlər görəcəklər.

Günel MƏLİKLİ,
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru

"science.gov.az"