04.09.2023, 06:57 - Baxış sayı: 374

Sokratın hüquq fəlsəfəsi: siyasi fəlsəfənin əsas prinsipləri – mərifətşünaslıq (epistemologiya), fərdi və ictimai davranışlarda etik normalar (fəlsəfi, hüquqi, ictimai-siyasi təhlil)


Əntiqə Paşayeva
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent.

Açar sözlər: Sokrat, hüquq fəlsəfəsi, siyasi fəlsəfə, əxlaq fəlsəfəsi, mərifətşünaslıq (epistemologiya), ictimai prinsiplər, etik normalar.
Giriş. Sokratın hüquq fəlsəfəsinə istinad edərək siyasi fəlsəfənin əsas prinsiplərini araşdırarkən diqqəti yunan və qərb təfəkküründə hüququn ictimai funksiyasına yönəltmişik. Çünki bütün dövrlərdə ictimai məsələlər, həmçinin siyasi fəlsəfənin prinsipləri hüquqla birbaşa əlaqəsi vardır; haqlarla bağlı olan etik və ictimai-siyasi məsələlər yunan filosoflarının əsərlərində xüsusi yer tutur. Təhlil əsnasında şahidi oluruq ki, Sokratın nəzərində insanşünaslıq mühüm amil kəsb edir; insan və onun ictimai-siyasi düşüncəsi, bu düşüncənin insanlarda təsiri çox mühüm məsələlərdən olaraq Sokratın əxlaq fəlsəfəsi ilə bağlılıq təşkil edir. Hazırki tədqiqatda təkcə siyasi fəlsəfənin mühüm məsələləri deyil, həmçinin mərifətşünaslığın (epistemologiya) əsas üsullarına və Sokratın əxlaq fəlsəfəsinə əsaslanaraq mərifət, insan, vətəndaş, fərdi və ictimai davranışlarda etik normaların əhəmiyyəti, cəmiyyətdə hansı funksiyanı daşıdığını Şərq və Qərb filosof və hüquqşünaslarının mötəbər əsərlərinə istinad edərək ətraflı təhlillər aparılmışdır.
Sokratın hüquq fəlsəfəsinə əsasən siyasi fəlsəfənin prinsiplərini təhlil edərkən, diqqəti yunan və qərb təfəkküründə hüququn ictimai funksiyalarına yönəltmək olduqca zəruridir. Çünki bütün dövrlərdə ictimai funksiyalar hüquqla sıx balıdır və hüququn mühüm məsələlərini əhatə edir, həmçinin siyasi fəlsəfənin prinsipləri də ictimai hüquqla birbaşa əlaqəsi vardır. Hüququn ictimai-siyasi funksiyaları təbii ki, qədim yunan fəlsəfəsində, yunan filosoflarının əsərlərində çox geniş şəkildə tədqiq olunmuşdur. Ancaq hazırki tədqiqatda təkcə siyasi fəlsəfənin əsas prinsipləri deyil, burada mərifətşünaslığın (epistemologiya) əsas üsulları, Sokratın əxlaq fəlsəfəsinə əsasən mərifət, insan və fərdi davranışlarda əsas amillər, həmçinin Sokratın ictimai fəlsəfəsinə əsasən əxlaq, mərifət, vətəndaş, ictimai davranış və ictimai həyatın formalaşmasında əsas amillərin nədən ibarət olduğuna diqqəti yönəltmişik. Çünki Sokratın hüquq, əxlaq və ictimai fəlsəfəsində insan amili mühüm rol oynayır; insan və onun ictimai-siyasi düşüncəsi, bu düşüncənin insanlarda təsiri çox mühüm məsələlərdən olaraq, birbaşa Sokratın əxlaq fəlsəfəsi ilə bağlılıq təşkil edir; vətəndaş, mərifət, və fərdi davranışlarda əsas amillər siyasi fəlsəfənin əsas prinsiplərindən hesab olunur. Ümumiyyətlə, istər Sokrat zamanında olsun, istərsə də müasir cəmiyyətlərdə siyasi fəlsəfənin əsas prinsipləri dedikdə, burada bir sıra mühüm məsələlər önə çəkilir və səy göstərilir ki, bunlara cavab verilsin: o cümlədən cəmiyyət, dövlət, ölkənin idarə olunması, ictimai yaşayışın hədəfi, bundan əlavə, insan haqları, hər bir fərdin vəzifələri və digər insanlar qarşısında öhdəliklərin yerinə yetirilməsi kimi məsələlərə daha çox diqqət olunur (7.s.76). Ancaq hüququn ictimai mənası dedikdə, bu, qanunlara bağlıdır; qanunlar hüquq daxilində insanların ictimai-siyasi, elmi, mədəni və həyatın bütün sahələrini əks etdirir; ictimai hadisələri əks etdirməyən qanunlar faydasız hesab olunur. Bundan əlavə, hüququn ictimai fəaliyyəti qanunların yerinə yetirilməsinin vacibliyinə, dəyərlərinin göstərilməsinə, qanunların hədəfinə, qanunlar arasında olan müxtəlifliyə, qanunlarla bağlı olan müsbət və mənfi aspektlərə, həmçinin etik məsəllərə – fərdi və ictimai davranışlara dəlalət edir. Təbii ki, hüququn ictimai mənasını daha dərindən bilmək üçün ilk növbədə qədim yunan fəlsəfəsinə və qərb filosoflarının yazdığı əsərlərə müraciət etməliyik. Çünki hüququn fəlsəfəsi ilk olaraq qədim yunan filosofları tərəfindən yazılmış, sonradan əsas elm mənbəyi kimi tədqiq və təhlil olunmuşdur.

1. Sokratın siyasi fəlsəfəsində mərifətşünaslığın (epistemologiya) əsas üsulları
Sokratın siyasi fəlsəfəsini təhlil edərkən burada üç əsas məsələyə diqqət etmək vacibdir. Birincisi, Sokrat ilk olaraq fəlsəfi fikirlərində insan və onun varlığından bəhs etmişdir. İkincisi, fəlsəfi məsələləri insan və onun ictimai-siyasi əqidəsi ilə əlaqələndirərək, bir növ siyasi fəlsəfənin tədqiqatı üçün zəmin yaratmışdır. Üçüncüsü, Sokrat əsas mövzulara, yəni açar məfhumlara istinad edərək, siyasi fəlsəfənin ən mühüm sual və prinsiplərini müxtəlif mərhələlərə ayırmışdır (11.s.9). Onun siyasi fəlsəfəsi həm özündən əvvəlki filosoflardan, həm də Platondan məna və mahiyyət baxımından fərqlidir. Yuxarıda qeyd olunan bu üç məsələyə baxanda məlum olur ki, Sokratın siyasi fəlsəfəsinin əsasları zehni (mərifətşünaslıq), insanı (əxlaq fəlsəfəsi) və ictimai məsələləri (ictimai fəlsəfə) əks etdirir. Çünki mərifətşünaslıq zehnlə (təfəkkür) bağlı olaraq hərəkət və davranışları müəyyən edir və anladır; əxlaq fəlsəfəsi insanı, fərdi davranışı, yəni gündəlik baş verən hərəkətləri tanıdır; ictimai fəlsəfə də vətəndaşın ictimai həyatındakı davranış və fəaliyyətiniın göstəricisidir. Bu xüsusiyyətlər bir-biri ilə sıx bağlılığı vardır. Buradan məlum olur ki, Sokratın siyasi fəlsəfəsinndə mərifətşünaslıq əxlaq fəlsəfəsinin yaranmasında əsas amildir, lakin istər mərifətşünaslıq olsun, istərsə də əxlaq fəlsəfəsi bunların hər ikisi ictimai fəlsəfəyə əsaslanır. Təbii ki, yunan fəlsəfəsinə aid olan mərifətşünaslıq fəlsəfənin mühüm bir hissəsi olaraq tədqiq olunur (3.s.67-69., 2.s.67-69).
Sokratın siyasi fəlsəfəsində epistemoloji (mərifət) usulları bir neçə hissəyə ayırmaq olar. Birincisi məna və mərifətlə bağlı olan əsas usullardır ki, bunlar zat və reallığın mahiyyətini dərk etməklə yanaşı, həm də insanla bağlığı vardır. İkinci üsul epistemoloji hədəfdir; yəni insan bütün davranışlarına diqqət etməsi və bunun da nəticəsində üstün xüsusiyyətlərə, o cümlədən fəzilətə (Arete) sahib olmasıdır. Üçüncü üsul, mövcud aləmdə olan reallıqları tədqiq etməkdir. Məlum olduğu kimi reallıqların tədqiqi fəlsəfə əsasında hasil olur və təbii ki, bu da həyata və insana xüsusi bir məna bəxş edir. Dördüncü metod tərz, həmçinin epistemoloji dərk, insanın mahiyyəti barəsində əqli dəlillərə (poofs) və nəzəri düşüncəyə əsaslanır ki, burada əsas sual “niyədir”, nəinki “necədir”; həmçinin mərifətşünaslığın əsas üsulları insanlar arasında qarşılıqlı münasibətləri yaratmaqdır ki, burada ən başlıca amil dil və danışıqdır. Bu əməl insanın gündəlik həyatında (istər fərdi ya ictimai, istər ailə, dövlət münasibətlərində və istərsə də siyasi cəmiyyətdə olsun) özünü göstərir. Sokratın nəzərində tarixdə bəhs olunan mövzular (məsələn reallıqların öyrənilməsi, məfhumların mahiyyəti və b.) bir-biri ilə əlaqəsi vardır. Buna görə də bu reallıqları öyrənmək üçün nəzərdə tutulan düzgün metod o metoddur ki, gündəlik həyatda xüsusi funksiyaya malikdir (10.c.6.s.12.,13.s.26). Burada Sokratın əsas məqsədi bundan ibarətdir ki, insan həyatı üçün mühüm olan məsələləri öyrənsin və bunu bütün həyatı boyu tətbiq etsin. Əlbəttə, Sokratın əsas diqqəti insan həyatı üçün zəruri olan məsələləri əhatə edirdi və buna görə də o bütün məsələlərə, xüsusi ilə insanın ictimai-siyasi həyatında roluna diqqət edir, bu məsələləri daha çox önə çəkirdi. Ksenofon (Xenophon: e.ə.430-354)“Sokratın xatirələri” kitabında bunu bir daha qeyd edərək yazır: Sokrat nəfsi (psyche) mərifətin yaranmasında əsas amil hesab edirdi. Onun fikrincə insan bir şeyin zat və mahiyyətini tanıyarsa, belə olan halda onu digərlərinə də izah edə bilər. Amma o özü bu barədə heç nəyi bilmirsə, təkcə özünü deyil, digərlərini də yoldan azdırar, nəticədə fərdi və ictimai davranışın pozulması halları baş verir (6.s.199).
Sokratın siyasi fəlsəfəsində mərifətşünaslığın əsas üsullarından bəhs edərkən, burada bir neçə əsas məsələyə diqqəti yönəltmək zəruridir. Burada birinci məsələ dedikdə, yəni Sokratın hüquq fəlsəfəsində təhlil olunan məsələlər ondan sonra çoxlu ardıcıllarının yaranmasına səbəb olmuşdur. Sokratın ardıclıları dedikdə burada onun sevimli tələbələrindən biri olan Platon nəzərdə tutulur. Platon ustadına olan dərin ehtiramla yanaşı, həm də bir çox hallarda onun fikirlərinin tərəfdarı olmuş, fəlsəfə tarixində mərifətşünaslığın yeni inkişaf mərhələsini yaratmışdır. Əlbəttə, fəlsəfi baxımdan onun ustadı ilə müəyyən fərqli cəhətləri mövcuddur, ancaq buna baxmayaraq gəldiyi tutarlı nəticələri ustadının dilindən nəql edir. Platon tarixin əsas və mühüm məsələlərini geniş və ətraflı formada izah edir. Məhz buna görə də onu düşündürən əsas məsələlər Sokratın fəlsəfəsində olan bir çox suallardır ki, Platon bunlara cavab axtarır: “fəzilət öyrənilirmi, yəni onu öyrənmək mümkündürmü?” “Dəyərlər nisbidirmi”? “Varlıq və yoxluğun nisbəti dedikdə nə nəzərdə tutulur”? “Qanun və əxlaq təbiətə bağlıdır ya insan həyatının qayda-qanunlarını əhatə edir”? Platon Sokratın təkcə realist düşüncələrindən deyil, həm də onun həndəsi və riyazi metodundan da istifadə etmişdir (4.s.12). İkinci məsələ əxlaqi, fəlsəfi və siyasi məsələlərdə məntiqi qaydaların mövcudluğunu qəbul etmək və bunları qorumaqdır; həm Sokrat, həm də Platon səy göstərmişlər ki, ictimai-siyasi məsələlərin həllində əxlaqi, fəlsəfi və məntiqi qaydalara istinad etməklə insan və ictimaiyyət arasında olan münasibətləri dəlillər əsasında göstərsinlər. Buna sübut olaraq qeyd etmək lazımdır ki, Sokrat və Platon dialoqunda şahidi oluruq ki, epistemoloji və metodoloji mövzular ayrı-ayrılıqda deyil, diqqət etsək görərik ki, bu mövzular fəlsəfi, əxlaqi və siyasi məsələlərlə birlikdə izah olunur. Üçüncü məsələ isə fərdi və ictimai davranışlarda epistemoloji dəyərlərin təsiridir ki, bu məsələ Sokratın fəlsəfəsində geniş tədqiq olunmuşdr; Sokrat epistemoloji dəyərlərin hədəfini davranışın düzgün olmağı ilə əlaqələndirir: hər bir insanın düzgünlüyə, etik dəyərlərə sahib olması, bəşəriyyətin mənəvi sağlamlığına və sabitliyinə səbəb olacaqdır; insanlar yaxşılıq etməyə çalışmalıdırlar və buna səy göstərməlidirlər, həmçinin göstərməlidirlər ki, yaxşı olmaq nə deməkdir (3.s.8-16).
Məlum olduğu kimi Sokratın vəfatından sonra onun ardıclıları bir sıra məktəblər yatratmışlar ki, bu məktəblərdə təlim olunan məsələlər bir başa olaraq Sokratın həm siyasi fələsəfsini, həm də onun mərifətşünaslığını əhatə etmişdir. Sokratçı məktəblərdən biri hesab olunan Kirena məktəbidir ki, bu məktəbin ardıclıları kirenaçılar adlandırılmışdır. Onlara ilk hedonistlər (hedonizm: yun. ἡδονή – həyatın məqsədini həzz almaqda görən əxlaqi təlimdir. A. Əlizadə) deyilir (1.s.105). Qeyd olunduğu kimi bu məktəbin əsas təlimi əxlaqi dəyərlərdir ki, birbaşa olaraq insanın həm şəxsi, həm də ictimai-siyasi həyatı ilə bağlılığı vardır. Bu məktəbin fəal ardıcıllardından olan Aristippus insanın durumunu və onun azadlığını yüksək dəyərləndirmişdir. Onun fikrincə, biz yalnız öz duyğularımıza əsaslanaraq bu və ya digər şeylər haqqında hökm veririk. Halbuki bu heç də o demək deyil ki, duyğularımız o şey haqqında doğru bilgi verir. Deməli, əslində şeylərin əsl mahiyyətini açmaq olmaz və təbiətin öyrənilməsi imkansızdır. Təbiətdə isə hər şeyi yalnız “xeyir” və “şərə” bölmək mümkündür. Buna görə də onlara müvafiq dəyərlər ancaq “yaxşı” və “pis” ola bilər (1.s.107). Təbii ki, Aristippusun gəldiyi nəticə Sokratın verdiyi təlimlərə və onun ictimai-siyasi fəlsəfi nəzəriyyəsinə əsaslanır. Çünki onun yaxşı hesab etdiyi əməl – fəzilət insana, cəmiyyətə fayda verən mühüm bir xüsusiyyətdir, lakin pislik isə insana zərər verməkdən əlavə, həm də onu daim yanlışlıqlara sövq edir.

2. Sokratın əxlaq fəlsəfəsi: mərifət, insan, fərdi və ictimai davranışlarda etik normalar
Fəzilət və pislikdən bəhs edərkən, yaxşı olar ki, Sokratın əxlaq fəlsəfəsinə istinad edək. Sokratın əxlaq fəlsəfəsini təhlil edərkən burada əsas mərifət, insan, fərdi və ictimai davranış qaydaları və insana aid olan gündəlik həyat tərzi daha çox diqqətimizi cəlb edir. Sokratın əxlaq fəlsəfəsi dedikdə, burada əsas hədəf təkcə əxlaqi dəyərləri öyrənmək deyil, ən əsası əxlaqi dəyərlərə, keyfiyyətlərə sahib olmağın yollarını öyrənmək, həyatı bu dəyərlər əsasında qurmaq və davam etdirməkdir. Sokratın bu nəzəriyyəsində insanın özünü tanıması, dəyərləndirməsi, ən mühümü isə əxlaqa uyğun olan həyat tərzinə uyğunlaşmasıdır. Bundan da əsas məqsəd ruhun və ya nəfsin qorunmasıdır ki, məhz bu qorunma nəticəsində insan yaxşılıqlara meyl edərək düz yolunu tapır. Sokratın təbirincə desək xeyir və yaxşılıqlara çatır (5.s.9-28). Xeyir və yaxşılıq dedikdə, Sokratın əxlaq fəlsəfəsinə istinad olunaraq, müasir əxlaq fəlsəfəsində də xeyir və yaxşılıqlarla, haqqa əməl etmək kimi xüsusiyyətlərə xüsusi olaraq diqqət olunur. Çünki bu xüsusiyyətlər mövcud aləmin inkişafında, insanın müəyyən məqam və dərəcəyə çatmasında əsas məqsəd və hədəflərdən biri hesab olunur. Məhz buna görə də xeyir və yaxşı əməllər insanın tam və kamil olması üçün (istər tək və istərsə də cəm olsun) əsas şərtlərdən biri kimi qəbul olunur. Yaxşı əməllərə sövq etmək məcburiyyəti insana vəzifə məsuliyyətini anladır. Belə olan halda insanın vəzifəsidir ki, yaxşı əməlləri özündə yaratsın və etik normaları yerinə yetirsin. Buradan məlum olur ki, xeyir, yaxşılıq, vəzifə, əxlaqla bağlı olan haqq əxlaq fəlsəfəsinin açar məfhumlarından olaraq həm də bir-biri ilə sıx bağlılığı vardır (9.c.3.s.269-278). Almaniyalı filoloq Yegerin (Werner Jaeger: 1888-1961) nəzərində Sokratın əxlaq fəlsəfəsi iki əsas komponentə əsaslanır:
a). Mövzu və hədəf: Sokratın əxlaq fəlsəfəsində mövzu və hədəf dedikdə, burada insanın özünün vasitəsi ilə nəfsini (psyche: İlahi tərəfindən insana verilən varlıq – ruh, nəfs) qoruması və həmçinin bunun yolları barədə təlim nəzərdə tutulur. İnsanın həyatının tam və kamil olmasında qeyd olunan etik normalar mühüm amil hesab olunur. Bu fəlsəfədə (əxlaq fəlsəfəsi) fəzilət kamillik deməkdir, yəni ruhun arzu olunan kamilliyidir. Ruhun fəziləti və ya insanın insanlığının mükəmməl kamilliyi, onun müdrikliyi – fəzilət sahibi olmasıdır ki, bu da insanın fərdi və ictimai davranışlarının düz istiqamətə yönəlməsinə səbəb olur. Bütün fəzilətlər (hikmət, ədalət, dindarlıq, özünü idarə etmək, şücaət, səxavət və digər fəzilətlər nəzərdə tutulur) insanın həyatının yaxşı (aghaton) və həmçinin davranışlarının gözəl (kalon) olmasına səbəb olar. Əgər insanda olan əməllər bu ikisi ilə (aghaton və kalon) uyğun gəlirsə bu əməllərin hamısı yaxşı və gözəldir (9.c.3.s.266-267).
b). Başlanğıc və istiqamət: Sokratın əxlaq fəlsəfəsinin başlanğıc və istiqaməti fəzilətləri tanımaqdır. Məhz bu tanımağın nəticəsində fəzilətə – dəyərlərə yol açılır; daha aydın desək, əgər insanlar bilsələr ki, yaxşı və bəyənilmiş əməllər nə deməkdir və bunun barəsində dərindən düşünsələr təbii ki, yaxşı və bəyənilmiş həyatı seçər və bu cür də davam edərlər. Buna görə də pislik və rəzilllik (rəzillik. Sokrat bunu akrasiya – aκρασία adlandırır) Sokratın əxlaq fəlsəfəsində və onun bizə tanıtdırdığı etik davranışlarda olması mümkün deyil. Ancaq Sokratın əxlaq fəlsəfəsində əsas istiqamət dedikdə, insanın özünün olmaqlığı (Sokrat buna enkaratiya – aκερατέα deyir), özünü tanımağıdır ki, insanın daxilində olan azadlıq məfhumu ilə bağlıdır. Enkaratiya (insanın özünün olmaqlığı) siyasi azadlığa qarşıdır, halbuki dövlət rəhbərliyinin ortaq istəyi, yəni qanunun aliliyi siyasi birliyin qorunmasıdır. Hakimiyyətin əsas məqsədi insanın ruhuna və əxlaqına nəzarət etmək və onu daim kontorulda saxlamaqdır. Göründüyü kimi Sokrat enkaratiya məsələsində daxili azadlığı əxlaqla əlaqələndirir. Buna görə də ümumi siyasi yanaşmaya əsasən bunun dövlətlə uyğunluğu mövcud deyil. İnsan özünün olmaqlığından və ya daxili azadlığından çox azad və müstəqil şəkildə istifadə edir. Sokratın nəzərində bir insanın ağlı nəfsinə, daxili istəklərinə (instinkt) qalib gəlirsə və nəfsini ağlına tabe edirsə belə olan halda həmin insan azad, qalib və nəfsinin sahibidir (8.s.80). Mövzunu təhlil etdikcə burada əsas iki hədəf diqqətimizi cəlb edir: birinci hədəf ondan ibarətdir ki, insan özünün gündəlik, ictimai-siyasi həyatında hansı dəyərləri daha çox təqib etməli və onlara doğru hərəkət etməlidir? Digər hədəf isə insan necə edə bilər ki, özünün fərdi və ictimai həyatında davranışlarını, rəftar və hərəkətlərini bu dəyərlərə uyğunlaşdırsın? Bu iki hədəfə çatmaq üçün Sokrat ağıl və nəfsi (psuxe, psyche) əsas şərtlərdən biri hesab edir. Məhz bunlar vasitəsi ilə (ağıl və nəfs) insan düzgün düşünərək nəfsini qorumaqla özünü dəyərlərə çatdıra bilər. Onu da qeyd etmək vacibdir ki, əxlaq mövzusu ilə bağlı olan digər mühüm məsələlər Platon və Sokrat arasında olan dialoqlarda da özünü açıq-aydın göstərir. Bu dialoqlar baxmayaraq ki, Platonun əsərlərində gəlmişdir, amma əsil həqiqətdə burada əxlaqla bağlı olan məsələlər daha çox Sokratın tərəfindən deyilir. Məsələn: dindarlıq (Εὐθύφρων) nə deməkdir? Ədalət (Τρασίμαχος) nədir? Şücaət (Θάρρος) nədir? Özünü idarəetmək (Χαρμίδας) nə deməkdir? Dostluq (Λίζα) nə deməkdir? və digər dialoqları nümunə göstərmək olar ki, burada Sokratın əsas hədəfi ondan ibarətdir ki, insanlar mənsub olduqları həyatları, həmçinin əxlaqi dəyərlər barədə düşünsünlər, həyatlarını əhatə edə biləcək suallara cavab tapsınlar, ən əsası isə bu üstün xüsusiyyətləri özlərində tətbiq etsinlər (14.s.40-45).
Sokratın fikirlərini təhlil etdikcə burada əxlaqi (mənəvi) inamın və məcburi vasitələrin də oluğunu müşahidə edirik. Sokrat insanı ağıllı bir varlıq adlandırır. Ancaq burada mühüm bir sual qarşımıza çıxır: ağıllı insan əxlaqa uyğun olmayan əməllər edə bilərmi? Yəni necə ola bilər ki, düşüncə sahibi etik xətalara yol versin? Sokratın nəzərində insanda baş verən qeyri etik, yəni əxlaqa uyğun olmayan hərəkətlər ağıl ilə idarə olunmur, bu birbaşa olaraq insanın yalnış düşüncəsi ilə bağlıdır. Əxlaqa uyğun olmayan əməlləri aradan qaldırmaq, həmçinin əxlaqi-mənəvi davranışa sahib olmaq üçün insan əqli (rasional) düşüncəyə və məntiq əsasında əxlaqi (mənəvi) inama tərəf getmək məcburiyyətindədir (12. s.5).
3. Sokratın ictimai-siyasi fəlsəfəsi: əxlaq, mərifət, vətəndaş, ictimai davranış və ictimai həyatın formalaşmasında əsas amillər
Sokratın hüquq fəlsəfəsində ictimai-siyasi fəlsəfənin əsas prinsiplərini təhlil edərkən burada siyasi fəlsəfənin əsas amillərinin şahidi oluruq. Çünki Sokratın məsələlərə baxışı, düşüncəsi digər düşüncədən fərqlidir, fərqi ondadır ki, onun fəlsəfəsində ictimai və siyasi məsələlər birlikdə, yəni bir-birinə nisbət verilərək tədqiq olunur. Sokrat insanı siyasi mövqedən kənarda görmür, çünki onun nəzərində insan ictimai bir varlıq olaraq həm də ətraf aləmdə baş verən hadisələrə – siyasi məsələlərə biganə qalmamalıdır. Məhz bu mənada onun fəlsəfəsinin geniş bir hissəsi ictimai məsələlərlə yanaşı həm də siyasi mövzuları əhatə etmişdir. İctimai – siyasi məsələlər dedikdə burada daha çox mərifət (epistemologiya), vətəndaş və onun ictimai siyasi məsələlərdə mövqeyi, ictimai davranış qaydaları, həmçinin ictimai həyatın mühüm prinsipləri və digər məsələlər nəzərdə tutulur. Bu mövzuda iki əsas amilə diqqət etmək zəruridir ki, Sokratın ictimai – siyasi fəlsəfəsinin əsasını təşkil edir. Bunlar ibarətdir:
a). Mövzu və hədəf: Sokratın ictimai – siyasi fəlsəfəsində insan həyatı üçün zəruri və əməl olunması vacib olan bir sıra məsələlər qarşıya qoyulur ki, bunlar insan həyatında mühüm amillərdən hesab olunur. Bu məsələlər əsasən ictimai həyata bağlı olan siyasi üstünlükləri əhatə edir ki, bunlardan ədalət, özünü idarə etmək, özünü tanımaq, özünə dəyər vermək, mənəvi məsələlərə riayət etmək, o cümlədən dini ayinləri bilmək, insanlarla münasibətdə sədaqət və mərdlik göstərmək, insanın üzərinə düşən öhdəliklərə biganə qalmaması və bunları layiqincə yerinə yetirməsi, vətəndaş hüquqlarını, vəzifələrini dərk etmək, yeri gələndə bunları qüsursuz yerinə yetirək və digər mühüm məsələlərdir ki, Sokrat fəlsəfəsində ictimai – siyasi həyatın səmərəli və faydalı keçməsi üçün bunlara riayət olunmasına təkid olunur (10.c.6.s.164). Burada əsas məqsəd düşüncə əsasında, həmçinin əxlaqi dəyərləri rəhbər tutaraq ictimai – siyasi məsələləri, siyasi quruluşları islah etmək və dövrün tələblərinə uyğunlaşdırmaqdır. Sokratın nəzrində siyasətin əsas hədəfi bu olmalıdır ki, siyasi quruluş insanlar üçün zəruri olan bütün imtiyazları, o cümlədən insanın ehtiyacı olduğu əmin – amanlığı, yaxşı və rahat həyatı, insanı təmin edə biləcək hər bir şeyi hazırlamalı və bunları təkcə ictimai – siyasi həyatda deyil, həm də şəxsi həyatda tətbiq olunmasına səy göstərməlidir (15.c.3.s.612). Sokratın ictimai – siyasi fəlsəfəsini təhlil edərkən burada mövzu və hədəflə yanaşı digər amilin – ikinci amilin şahidi oluruq. Bu ibarətdir:
b). İstiqamət və fərqli yanaşma tərzi: Sokratın siyasi fəlsəfəsinin əsas cəhətlərindən biri də odur ki, (sonralar Platon da fəlsəfəsində bu məsələlərə daha çox yer vermiş və bir çox hallarda bunlara istinad etmişdir) siyasət digər bəşəri fəaliyyətlər kimi özünə xas xüsusiyyətə və texnikaya malikdir. Məhz bu mənada siyasi əməl elə bir əməldir ki, onun həm məharəti, həm də texnoloji xüsusiyyətləri vardır. Buna görə də belə bir siyasət təkcə siyasət olaraq deyil, həm də elmə əsaslanan siyasət olmalıdır. Burada istiqamətin fəlsəfi mənası dedikdə isə, yəni əxlaqi dəyərlərə əsaslanmaqla əməli siyasəti əqli təfəkkürə uyğunlaşdırmaqdır, daha aydın desək rasionallaşdırmaqdır.
Sokratın hüquq fəlsəfəsində ictimai – siyasi fəlsəfənin əsas prinsiplərini təhlil edərkən buradan belə nəticəyə gəlmək olar ki, onun əsaslandığı, yəni ictimai – siyasi fəlsəfəsinin açarı hesab etdiyi bir neçə mühüm məsələ mövcuddur ki, bunları təhlil etmək zəruridir. Birincisi: Sokratın nəzərində dövlət baxmayaraq ki, siyasi məsələləri özündə əks etdirir, bununla belə onun nəzərində dövlət zati (təbii) bir məfhumdur, yəni təbii bir üstünlüyə, kimliyə (natural identity ) malikdir. Çünki bəşəriyyət, bizi əhatə edən mövcud aləm siyasi toplu ilə (cəmiyyətlə) bağlılığı vardır. Buna əsasən siyasi toplunun üstünlüyü ondadır ki, insan – vətəndaş yaranmazdan əvvəl mövcud olmuşdur. Bu da məlumdur ki, siyasi cəmiyyətin hüquqi prinsipləri dedikdə burada əsas mənbə qanun – sistemləşmiş qanun, nizam – intizam və ağıldır. Əgər ağıl və nizam – intizam olmasa təbii ki, vətəndaşdan qanuna tabe olmağı gözləmək olmaz. Belə olan halda siyasi cəmiyyətdə fəzilətin yaranması və bu fəzilətlərə əməl etmək mümkün olmayacaq. İkincisi: hökumət insanın ehtiyacı olduğu bütün tələbləri, o cümlədən incəsənəti, bədiiliyi və gözəlliyi özündə birləşdirən ictimai – siyasi, mədəni bir qurumdur. Təbii ki, bu qurumda mövcud olan düşüncə və dərin ağıl sahibləri sənətə diqqət yetirməlidirlər. Üçüncüsü: hökumətin ictimaiyyət üzərində tələbləri və öhdəlikləri ilə yanaşı həm də xüsusi bir texnikaya malik olmasıdır. Buna görə də bu sahədə bacarıq və təcrübəsi olan insanlara ehtiyac duyulur. Dövlətin idarəçiliyində belə insanların olması ictimaiyyətin inkişafına və tərəqqisinə yol açır, insanlar daha da inkişaf edir və düz yolu tapırlar; düz yolu tapdıqca fəzilətlərə sahib olmağa yaxınlaşırlar ki, bunun da nəticəsində insanın ictimai, siyasi, mədəni həyatı qanunun tələbləri ilə tənzimlənir və irəliləyir. Dördüncüsü: burada ən əsas məsələ siyasi cəmiyyətin qanuna tabe olmasıdır; yəni siyasi cəmiyyətin formalaşmasında qanun ən öndə gedən qüvvə və dövlətin dayağıdır. Qanun pozuntusu heç bir halda qəbul edilməzdir. Ümumiyyətlə, zaman və şəraitdən, vətəndaşın tutduğu mövqedən asılı olmayaraq qanunun aliliyi bütün hallarda qorunmalı və hər bir insana (bəzi hallarda əqli qüsuru olan insanlar istisna olunur) şamil olmalıdır. Beşincisi: vətəndaş özünə vətəndaşlıq hissini aşılmalıdır və bu o halda mümkündür ki, insan fəzilətlərə sahib olsun. İctimaiyyətin ədalət prinsiplərinə riayət etməsində insanın fəzilətlərə sahib olması mühüm əhəmiyyət kəsb edir; daha aydın desək, əgər böyük bir toplu deyil, hətta tək – tək insanlar gözəl və bəyənişmiş xüsusiyyətlərə sahib olarlarsa, belə olan halda insanların haqqına riayət olunacaq və cəmiyyət haqsızlıqdan və ədalətsizlikdən əziyyət çəkməyəcək. Bütün hallarda ədalət həm hökumətin, həm də ictimaiyyətin söykəndiyi ən əsas dayağdır. Altıncısı: Sokratın nəzərində hökumətin və dövlətin məqbulluğu və qanuniliyi iki meyara əsaslanır: birinci meyar qanunvericilikdir; yəni qanuna sözdə və yazıda deyil, ona əməldə – ədalət əsasında riayət olunmalıdır; ikinci meyar vətəndaşın razılığıdır, yəni vətəndaş mənsub olduğu məklanda mövcud qərarlardan razı olmalıdır, bir növ dövlət vətəndaşın razılığını qazanmalıdır. Yeddincisi: dövlətin, hökümətin və siyasətin əsas məqsədi vətəndaşların sosial, mənəvi – əxlaqi həyatını məcburi vasitələrdən istifadə etməklə deyil, düşüncə və ağıl vasitəsilə daha da yaxşılaşdırmaq olmalıdır (10.c.6.157-159). Altıncı hissədə vətəndaşın razılığı meyar olaraq göstərilir. Burada vətəndaşın razılığı dedikdə bunun bir az təhlilə ehtiyacı vardır. Vətəndaş hər hansı bir qərardan razı qalmaq istəyirsə, ilk olaraq dövlətin tələblərinə cavab verə biləcək iqtidara malik olmalıdır; yəni birinci növbədə fərd olaraq üstün xüsusiyyətlərə sahib olmalıdır; əgər dövlətdən hər hansı bir tələbi varsa, bu tələblər müqabilində vətəndaşlıq hissini ortaya qoymalıdır – layiqli vətəndaş olmağını sübuta yetirməlidir. Əks halda vətəndaşın razılığından söhbət gedə bilməz. Çünki özünü tanımayan, dəyər verməyən insan dövlətin onun üçün yaratdığı şəraitin və əmin – amanlığın belə fərqində olmaz. Bunları dərk etmək və dəyərləndirmək üçün ilk növbədə vətəndaş sağlam ağıla, müdrik düşüncəyə və etik davranışa sahib olmalıdır; yaşadığı məkanda hər bir hadisəni diqqət və fəhmlə araşdırmalı, düzgün və ədalətli nəticə çıxarmalıdır. Təbii ki, belə olan halda dövlətin də vəzifəsidir ki, qanun çərçivəsində vətəndaşın qanuni tələblərini qəbul etsin və onun razılığını qazansın.
İctimai – siyasi birlik: yuxarıda qeyd olunan yeddi məsələ ki, Sokrat bunları ictimai – siyasi məsələlərin həllində mühüm meyarlar adlandırır, bu məsələləri təkcə Sokratın hüquq fəlsəfəsində deyil, eyni zamanda Platonun əsərlərində də görmək olar. Əxlaqi fəzilətlər dedikdə həmin siyasi fəzilətlər nəzərdə tutulur. Sokratın və Platonun əsərlərində siyasət mahiyyət etibarı ilə fikir və bilik deməkdir. Onların nəzərində siyasət və hökumət (idarəetmə) gərək dərin ağıla və elmə əsaslansın. Çünki siyasətin və hökumətin əsas hədəfi vətəndaşın əxlaqi, ictimai – siyasi və mədəni həyatını islah etmək və onun səadətini təmin etməkdir. Siyasət və hökumət vətəndaşın əxlaqi, ictimai – siyasi həyatını islah edərkən əxlaqın və qanunun tələblərindən, həmçinin məntiqə əsaslanan düşüncədən istifadə etməlidir ki, siyasət, qanun və ədalət arasında birlik yaransın, həmçinin bu birlik və əlaqə reallaşsın. Qeyd olunan məsələlər Platonun “Sokratın müdafiəsi” (Άπολογία Σωκράτους) dialoqunda göstərilmşdir. Bundan əlavə, ictimaiyyət və siyasətin əlaqəsindən bəhs edərkən bu barədə məşhur Britaniyalı yunan fəlsəfəsi üzrə tədqiqatçı Qatrinin (William Keith Chambers Guthrie: 1906-1981) gətirdiyi arqumentə diqqət etmək yerinə düşərdi. Onun fikrincə, Platon bu dialoqunda açıq şəkildə Sokratın həyat və siyasətini nümunə göstərməklə özünü siyasətdən kənarlaşdırdı, bir növ kənara çəkildi; “Sokratın müdafiəsi” dialoqunda Sokrat və Platon arasında olan məsələlər, yəni Sokratın tarixi siyasətinin əsas mövzuları başqa mənalarda izah olundu; bundan əlavə, burada Sokratın siyasi fəlsəfəsinin əsas qayəsi olan bir sira məsələlər (məsələn: filosofun siyasətdən uzaqlaşdırımlası, atılan addımların məhdudlaşdırılması və s...) göstərilirdi. Bunlar dialoqda Sokratın adından deyilərək bir daha göstərilir ki, bütün insanların dövlətin idarə olunmasında, şəhər rəhbərliyinin inzibati işlərində iştirak etmək hüququ yoxdur. Qatrinin qeyd etdiyi fikirlər təbii ki, dialoqda öz əksini tapmışdır (10.c.6.60-61).
İctimai – siyasi ayrılıq: ictimai – siyasi birlikdən danışarkən, bəzi hallarda bu birliyin fərqli tərəflərinin – ictimai-siyasi ayrılığın da şahidi oluruq. İctimai – siyasi ayrılıq dedikdə burada Sokratın və Platonun fikirləri arasında olan fərqə diqqət etməyimiz olduqca vacibdir. Yaxşı olar ki, bunlara qısa və konkret şəkildə diqqət yetirək.
1).Siyasi islahat və siyasi idealizasiya (ideallaşdırma): qeyd olunduğu kimi Sokratın nəzərində siyasi islahat ağıla və əxlaqa əsaslanır; daha aydın desək, burada rasionalizmə və etikaya söykənən bir növ siyasi islahat görürük. Ancaq Platonun əsərlərində isə (Πολιτεία, Νόμοι) arzu olunan ideal və siyasi bir cəmiyyətin (qanunların) yaranması ilə üz-üzəyik.
2). Dövlət mümkündür istənilən bilik səviyyəsi ilə məhdudlaşsın və digər tərəfdən isə istənilən biliklərdə məhdudiyyətsiz olsun: Sokrat tam mənəvi (əxlaqi) və rasional bir siyasi sistemin yarana biləcəyinə şübhə edir. Çünki cəhalətin, savadsızlığın hüdudu sonsuzdur və bilik dairəsi isə geniş və bəzən məhduddur. Buna görə də insanın istədiyi əxlaqi, fəlsəfi, mənəvi və siyasi həyat haqqında tam bilik əldə etməsi çətin və əlçatmazdır. Ancaq Platonun nəzərində arzu olunan real, ideal bir hökumət təşəbbüsü və tələbi ağıllı, tədbirli, hökmlü insanlar tərəfindən yalnız mümkün və arzu olunan deyil, eyni zamanda zəruri və qaçılmazdır (16.s.28-30). Təbii ki, əxlaq və siyasət arasında olan bağlılıq, bəlkə də nikbin yaxınlıq Platonun ən mühüm tezislərindən biri hesab olunur.
3).İslah olunma siyasəti və rasional inam – ideal siyasət və siyasi hüquqi prinsiplər: Sokratın nəzərində siyasi quruluşlarda və vətəndaşların siyasi, əxlaqi – mənəvi yaşayışında aparılan islah olunma siyasəti insanların yüksək intellektual səviyyəsinin inkişafına təsir göstərir. Buna görə də islah olunma siyasəti və rasional inam yetərlidir ki, vətəndaş düz yolunu tapsın və digərlərinin də islah olunmasına yardımçı olsun. Burada Platonun fikirləri də maraqlıdır. Onun fikrincə, siyasi quruluşlarda vətəndaşların mənəviyyatında və davranışlarında aparılan islah olunma siyasəti vətəndaşın əxlaqi – mənəvi, siyasi həyatını islah etməklə yanaşı həm də insanın ruhunu fəzilətlərə çatmağa adət etdirir və eyni zamanda insan bu fəzilətlərə malik olmaq üçün çalışır və səy göstərir. Belə bir şəraitdə təbii ki, ideal siyasət və siyasi hüquqi prinsiplər tələb olunur (15.c.3.s.673-781).
4).Güclü, düşünülmüş və islah olunmuş dövlət – siyasi qüvvə və ideal dövlət: yuxarıda qeyd olunduğu kimi Sokratın nəzərində rasional inam və dərin düşüncə əsasında yaranan dövlət epistemoloji, əxlaqi-mənəvi, fəlsəfi dəyərləri özündə birləşdirən və vətəndaşların da səadətə və xoşbəxt həyata qovuşması üçün təmin ediləcək bir dövlətdir. Amma Platonun nəzərində siyasi qüvvə və ya siyasi hakimiyyət hər bir vətəndaşın əxlaqi və siyasi həyatını tənzimləmək üçün əsas şərtdir. Siyasi hakimiyyətin ideal olmasında əsas tələb ondan ibarətdir ki, dövlətin idarəçiliyi ağılı insanlardan, o cümlədən filosoflardan və düşüncə sahiblərindən ibarət olmalıdır. Yalnız siyasi və hüquqi güc olarsa, belə olan halda dövləti idarə edən hakim qüvvə (filosof) hədəfə çata bilər. Buna görə də hakimiyyətin idarə olunmasını öhdəsinə götürən hakim filosof dövləti daim nəzarətdə və kontorulda saxlamalı, həmçinin dövləti təqdim olunan elm-təhsil məqsədlərinə uyğun olaraq idarə etməli və formalaşdırmalıdır. Siyasi qüvvələr vətəndaşlara güclü təsir göstərir və çalışırlar ki, mövcud vəziyyəti yanlış olaraq insanlara təqdim etsinlər. Belə olan halda hakimiyyəti idarə edən hakim filosof vəziyyəti diqqətdə saxlamalı, bütün təbəqələrə tam nəzarət etməli və bu nəzarəti gücləndirməlidir (15.c.3.s.673-781).
Nəticə. Sokratın hüquq fəlsəfəsində ictimai-siyasi fəlsəfənin əsas prinsiplərini təhlil edərkən, belə nəticəyə gəlmək olar ki, Sokratın burada əsas məqsədi qanunlardan istifadə etməklə etik normaları (əxlaqi dəyərlər), ictimai-siyasi və fəlsəfi məsələləri təkcə filosoflara deyil, ümumi kütləyə anlatmaqdır. Sokratın nəzərində dövlətin idarəçiliyində filosofun özünü başçı kimi deyil, yalnız qanunların yerində və ədalətlə işlənməsində öndə gedən bir başçı kimi təqdim etməsidir. Qeyd etmək lazımdır ki, Sokratın hüquq fəlsəfəsində ictimai-siyasi fəlsəfənin əsas prinsipləri təkcə islahedici xarakter daşımır, burada qüsur və çatışmamazlıqlar göstərilməklə, həm də bunların həlli yolları da izah olunur. Ancaq Platonun hüquq və ictimai-siyasi fəlsəfəsinə diqqət etsək görərik ki, burada çatışmamazlıqlarla yanaşı, həm də daha çox ideal məsələlər önə çəkilir; daha dəqiq desək, onun yazdığı ideal və tənqidi bir fəlsəfədir. Çünki Platon dövlətin idarəçiliyində filosofun hakim olması məsələsində (Πολιτεία) onun (filosofun) daha çox ideal düşüncəyə sahib olmasını iddia edir, ancaq qanunverici filosof dedikdə isə (Νόμοι) burada daha çox real və həqiqi düşüncə sahibinin olduğunu bildirir. Diqqət etmək lazımdır ki, Sokratın siyasi fəlsəfəsi elə bir siyasi fəlsəfə deyil ki, düşüncəyə mənfi təsir göstərsin və müxtəlif ziddiyyətlərin yaranmasına səbəb olsun, həmçinin insan varlığı üçün təhlükə yaratsın və ona zərər versin, əksinə Sokrat hər bir fikrində siyasi fəlsəfənin insanlar üçün dəyərli və faydalı olmasını bildirmiş, bunun real yollarını da göstərmişdir; daha dərindən yanaşsaq görərik ki, Sokratın siyasi fəlsəfəsində hələ də canlılıq, dinamizm, insanı düşündürən səbəblər mövcuddur. Çünki Sokrat bu günümüzdə də hüquqi, ictimai-siyasi elmlər üzrə filosof olaraq, zamanımızın daha çox öyrənilən mütəfəkkiridir. Hüquqi, siyasi və sosial məsələlərdə hələ çox nəzəri düşüncə ondan götürülə bilər. Ümumiyyətlə, Sokratın və Platonun mərifətşünaslığı (epistemologiya) əsasında tarixən yazılmış əsərlər, o cümlədən əxlaq, hüquq və siyasi fəlsəfə demək olar ki, klassik siyasi fəlsəfəni əks etdirir və klassik siyasi fəlsəfənin bir növ davamı olduğu anlamına gəlir. Necə ki, Romanın ictimai-siyasi fəlsəfəsi, orta əsrlər fəlsəfəsi, Renesans dövrünə aid olan fəlsəfi düşüncə zaman keçdikcə müasir düşüncəyə təsir edərək modern hesab olunur.
Антига Пашаева.,
доктор философии по философии, ведущий научный сотрудник, доцент института Философии и Социологии НАНА.
Резюме
Философия права Сократа: основные принципы политической философии эпистемология, этические нормы в индивидуальных и общественных поведениях (философский, правовой, общественно-политический анализ)
При изучении основных принципов политической философии с обращением к философии права Сократа, мы сосредоточили внимание на общественной функции права в греческой и западной мысли. Потому что во все времена общественные вопросы, как и принципы политической философии, имели непосредственную связь с правом; этические и социально-политические вопросы, связанные с правами человека, занимают особое место в произведении греческих философов. В ходе анализа мы становимся свидетелями того, что человековедение является важным фактором во взглядах Сократа; человек и его общественно-политическая мысль, влияние этой мысли на людей – один из важнейших вопросов, связанных с нравственной философией Сократа.
В данном исследовании рассматриваются не только важные вопросы политической философии, но и значение этических норм в познании, человеческом, гражданском, индивидуальном и общественном поведении с обращением к основным методам познаниеведения (эпистемологии) и нравственной философии Сократа, их функция в обществе на основании достоверных произведений восточных и западных философов и правоведов.
Ключевые слова: Сократ, философия права, политическая философия, моральная философия, эпистемология, общественные принципы, этические нормы.

Antiga Pashayeva
PhD in philosophy, leading researcher and associate professor of the Institute of Philosophy and Sociology of ANAS
Summary
Socrates' philosophy of law: the basic principles of political philosophy - epistemology, ethical norms in individual and social behavior
(philosophical, legal, socio-political analysis)
Referring to Socrates' philosophy of law, in studying the basic principles of political philosophy, we have focused on the social function of law in Greek and Western thought. Because at all times, social issues, as well as the principles of political philosophy, are directly related to law; ethical and socio-political issues related to rights have a special place in the works of Greek philosophers. In the course of the analysis, we see that in the eyes of Socrates, anthropology is an important factor; man and his socio-political thought, the influence of this thought on people is one of the most important issues related to the moral philosophy of Socrates.
The present study is based not only on important issues of political philosophy, but also on the basic methods of epistemology and the moral philosophy of Socrates. The importance of ethical norms in enlightenment, human, civic, individual and social behavior, and its function in society have been analyzed in detail, with reference to the authoritative works of Eastern and Western philosophers and lawyers.
Keywords: Socrates, philosophy of law, political philosophy, philosophy of morality, epistemology, social principles, ethical norms.
Azərbaycan, ərəb və fars dillərində ədəbiyyatlar
1. Əlizadə A. Antik yunan fəlsəfəsi. Bakı: 3 saylı Bakı mətbəəsi, 2016, 288 s.
2. Əbdülrəhman Bədəvi. Ərəblərin nəzərində Əflatun (Platon). Misir: Misir İntibah Kitabxanası, h.q. 1343/2012 m. 327 s.
3. Hamlin Devid. Epistemologiyanın tarixi. Tərcümə edən: Şapur Etimad. Tehran: Humanitar elmlər üzrə araşdırmalar və Mədəni Tədqiqatlar Mərkəzi, h.ş. 1374/1996 m. 226 s.
4. Hubi Pamela. (Huby Pamela M). Sokrat və Əflatun (Platon). Tərcümə edən: Xuşyar Dihəmi. Tehran: kiçik nəşr (nəşr-e kuçek), h.ş. 1377/1999 m. 104 s.
5. Jeks. Əxlaq fəlsəfəsi (əməli hikmət). Tərcümə edən: Əbülqasım Pur Hüseyni. Tehran: Əmir Kəbir, h.ş. 1362/1983 m. 136 s.
6. Ksenfun (Xenophon). Sokratla bağlı xatirələr. Tərcümə edən: Muhəmməd Həsən Lütfü Təbrizi. Tehran: Xarəzmi, h.ş. 1373/1995 m. 228 s.
7. Mir Abdülhüseyn Nəqibzadə Cəlali. Fəlsəfəyə giriş. Tehran: Təhuri, h.ş. 1387/2008 m. 282 s.
8. Seyid Mahmud Nəcati Hüseyni. Sokratın və Əflatunun tarixi-siyasi fəlsəfəsini yenidən oxuyaq. Siyasi elmlər tədqiqat mərkəzi, N 2, h.ş. 1385/2007 m. s.69-93.
9. Verner Jager (Werner Jaeger). Paydiya (ingilis dilində: paideia). Uşaqların tərbiyəsi və inkişafı). Tərcümə edən: Muhəmməd Hüseyn Lütfi Təbrizi. Tehran: Xarəzmi, h.ş.1376/ 1997 m. 400 s.
10. Vilyam K.S. Qatri. Yunan fəlsəfəsinin tarixi: Əflatun (Platon). Tərcümə edən: Həsən Fəthi. c.VI. Tehran: Günün düşüncəsi (Fikr-e ruz), h.ş. 1377/1999 m. 151 s.
11. Yan Patuçka. Sokrat: cəhalətdən oyanış. Tərcümə edən: Mahmud İbadyan. Tehran: Hermes, h.ş.1378/2000 m. 126 s.
İngilis dilində ədəbiyyatlar
12. Friedrich, C. J. A history of Philosophy. New York: Image Books, 1964, vol. 1, part 1, 544 p.
13. Gupta M. G. History of political Thought. Chaithanya press, 1982, 507 p.
14. Klosko G. The Development of Plato’s political Theory. Methuen: Cambridge University Press, 1986, vol. I, 263 p.
15. Theodor Gomperz. Greek Thinkers: A History of Ancient Philosophy. Vol. III. Translated by Mohammad Hassan Lotfi Tabrizi. Tehran: Kharazmi. 1996, 640 p.
16. Trevor J. Saunders. Plato: The Laws. London 1970, 560 p.

AMEA Sosial Elmlər jurnalı № 1. Bakı- “Elm”-2023, s. 235-243.