14.07.2023, 08:37 - Baxış sayı: 245

ŞUŞA – GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏR MƏKANI


Aytək MƏMMƏDOVA,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Tarixi qaynaqlarda Azərbaycan təbiəti valehedici gözəlliyinə görə tərənnüm edilmişdir. Bu mənada Azərbaycanın əzəli və əbədi məkanı Şuşa əzəməti, ehtişamı ilə hər zaman yaradıcı insanların əsərlərində geniş işıqlandırılmışdır. Tanınmış ədəbiyyatşünas-alim Firidun bəy Köçərli yazmışdır ki, Şuşa qalası Zaqafqaziyanın gözəl və basəfa şəhərlərindən birisi hesab olunurdu və axır vaxtlarda artıq sürət və abad olmağa üz qoymuşdu. İçində çox gözəl imarətlər ucaldılmışdı.
Ölkəmizin yerləşdiyi ərazi strateji əhəmiyyətinə və füsunkar təbiətinə görə ətraf dövlətlərin hücumlarına məruz qalmışdır. Əsrlər boyu düşmənlərin hücumlarına qarşı torpaqlarını qorumaq naminə xalqımızın igidlik, cəsurluq göstərdikləri mənbələrdə öz əksini tapmışdır.
XX əsrin 80-ci illərinin sonlarından ermənilərin ölkəmizə qarşı torpaq iddiaları, hücumları başlamışdır. Tarixi torpaqlarımız ermənilərin Vətənimizə qarşı hərbi hücumları nəticəsində işğal edilmişdi. Azərbaycana qarşı hərbi təxribatlar nəticəsində mülki əhali və hərbçilərimiz hücuma məruz qalır, həlak olurdular. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bəşər tarixinin dəhşətli faciəsi olan Xocalı soyqırımı baş vermişdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü haqqında" 9 aprel 2012-ci il tarixli Sərəncamı erməni işğalı altında olan tarixi torpaqlarımıza yenidən qayıdacağımıza ümid vermişdi.
27 sentyabr 2020-ci ildən başlayan və 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz Qarabağı erməni vandallarının işğalından, əsarətindən qurtardı, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Şanlı Azərbaycan Ordusu qədim yaşayış məskənlərimizi işğaldan azad edərək Zəfər tarixini, qəhrəmanlıq salnaməsini yazdılar.
8 noyabr 2020-ci ildə Şuşanın işğaldan azadlığa çıxması ilə əlaqədar Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına müraciətində "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!" bildirmişdir. Dövlətimizin başçısı Şuşanın Azərbaycan tarixində xüsusi yerini göstərmişdir: "Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir.
Azərbaycanın əzəli və əbədi torpağı Qarabağ yetirdiyi qəhrəmanlarına, eləcə də mənəviyyat tarixində misilsiz xidmətlər göstərmiş alimlərinə, mədəniyyət və incəsənət xadimlərinə görə də tanınır. Qarabağ bölgəsində doğulub böyümüş düşüncə sahibləri öz dövrlərində şöhrət qazanmış, adları Şərq tarixçilərinin qələmə aldığı qaynaqlara daxil edilmişdir. AMEA-nın müxbir üzvü Zakir Məmmədov yazmışdır ki, Şuşa azərbaycanlıların məskənidir, tarixi mənbələrdə XVI-XVII əsrlərdə yaşamış bir sıra filosoflar, alimlər, məsələn, Mühyiddin Qarabaği, Məhəmməd Qarabaği, Yusif Qarabaği, İshaq Qarabaği, Hüseyn Qarabaği, İsmayıl Qarabaği bu əraziyə mənsubdurlar. Türk alimi Katib Çələbi (1608-1670) müsəlman hüququna (fiqhə) dair 20 fəsildə yazılmış "Faydalar" ("əl-Fəvaid") traktatının müəllifi Şuşavi haqqında məlumatı qeyd etməklə Şuşa şəhərinin XVIII əsrdən əvvəl azərbaycanlıların elm və mədəniyyət məskəni olması təsəvvürünü möhkəmlətmişdir. Görkəmli yaradıcı ziyalıların siyahısı göstərir ki, onların içərisində heç bir yad millətin nümayəndəsi yoxdur. Bir sözlə, Şuşa, ümumiyyətlə, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bütün tarix boyu Azərbaycanın olub və olacaqdır.
Qarabağ xanlığı dövründə elmə və mədəniyyətə xüsusi diqqət yetirilmişdir. Xanlığa mənsub şəxsiyyətlər Əbülfət xan, Cəfərqulu xan və başqaları yaradıcılıq fəaliyyətlərilə də məşğul idilər. İbrahim Xəlil xan Cavanşirin oğlu Əbülfət xan (1766-1839) Şuşada doğulmuş, saray mühitində təlim və tərbiyə almışdır. Tuti təxəllüsü ilə Azərbaycan və fars dillərində şeirlər yazmışdır. İbrahim Xəlil xanın nəvəsi, Məhəmmədhəsən xanın oğlu Cəfərqulu xan (1780-1867) Şuşada doğulmuş, sarayda təlim-tərbiyə almışdır. Musiqiyə, ədəbiyyata maraq göstərən Cəfərqulu xan əvvəlcə Arif imzası ilə klassik və xalq yaradıcılığı üslubunda şeirlər yazmış, sonralar isə Nəva təxəllüsü ilə çıxış etmişdir.
Azərbaycanın elm və mədəniyyət tarixində özünəməxsus yeri olan Qasım bəy Zakir, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Firidun bəy Köçərli, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov və başqa şəxsiyyətlər füsunkar təbiəti, ecazkar gözəlliyi ilə məşhur olan Şuşa torpağının yetirmələridir.
XIX əsrin sonu və XX əsrin əvvəllərində Qarabağın qiymətli incisi Şuşaya mənsub elm və mədəniyyət xadimləri yalnız öz vətənində deyil, dünyanın bir çox başqa ölkələrində də tanınmışlar. Onların arasında Əhməd bəy Ağaoğlu (1869-1939), Üzeyir bəy Hacıbəyov (1885-1948), Yusif Vəzir Çəmənzəminli (1887-1943), Məhəmmədhəsən bəy Vəliyev (Baharlı) (1896-1937) kimi şəxsiyyətlər fəaliyyətlərilə Şərq, xüsusilə Türk dünyasında özünəməxsus iz qoymuşlar.
Görkəmli mütəfəkkir Əhməd bəy Ağaoğlu Azərbaycanın qədim yaşayış məskəni Şuşada doğulmuşdur. O, orta təhsilini doğma şəhərində almış, burada dövrünün elmi biliklərinə yiyələnmişdir. Əhməd bəy Ağaoğlu sonra Parisdə Sorbonna Universitetində təhsil almışdır. O, vətəninə, xalqına, ailəsinə bağlı olmuşdur. Bunu onun fəaliyyəti parlaq şəkildə göstərir. Əhməd bəy Ağaoğlu 1892-ci ildə iştirak etdiyi Londonda keçirilən "Şərqşünaslar Konqresi" ilə bağlı təəssüratlarında Hayd Parkı gəzərkən özünü Şuşada, Topxana meşəsində hiss etdiyini bildirmişdir.
Türkiyənin ictimai xadimi, yazıçı Səməd bəy Ağaoğlu atasının ən yaxın dostu kimi anası Sitarə xanımı təqdim etmiş, onun əsl türk qadınına məxsus keyfiyyətə sahib olduğunu, övladlarının təlim-tərbiyəsində də böyük rol oynadığını bildirmişdir. Atası ilə anasının evlənməsini, ikisinin də doğulduğu yer olan Qarabağda həmin tarixlərdə müxtəlif səbəblərlə özünü göstərən ictimai dəyişikliklərin bir simvolu sayıla biləcəyini yazmışdır. Əhməd bəy Ağaoğlu Türkiyəyə köçmək məcburiyyətində qalarkən Sitarə xanım hər zaman olduğu kimi, yenə də onun yanında idi.
Səməd bəy Ağaoğlu qeyd etmişdir ki, anası "Qarabağın ən əski, ən əsil ailələrindən Vəzirovlar"dandır. Azərbaycanın məşhur tayfalarından biri olan Vəzirovlar nəsli yetirdiyi ictimai xadimləri və görkəmli ziyalıları ilə tanınmışdır. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti zamanında Türkiyədə səfir işləmiş, böyük yazar Yusif Vəzir Çəmənzəminli Sitarə xanımın qohumudur.
Azərbaycan mütəfəkkiri doğulub böyüdüyü Şuşanı heç zaman unutmamışdı. Ə.Ağaoğlu Maltada iki ilə yaxın sürgündə olarkən ailəsinə yazdığı məktublarında Qarabağın təbiətinin gözəlliyini tərənnüm etmiş, Şuşa qalasını, Daşaltını, Dəlikdaşı və başqa dağları, yerləri yada salmışdır. Bu faktlar onun vətənpərvər ziyalı, elinə-obasına bağlı olduğunu göstərir.
Dahi bəstəkar, publisist, dramaturq, akademik, ictimai xadim Üzeyir bəy Hacıbəyov Qarabağın elmi-mədəni mühitinin yetirdiyi dahi şəxsiyyətdir. Uşaqlıq illərini Şuşada keçirən Üzeyir bəy ilk təhsilini də burada almış, Qori Müəllimlər Seminariyasında təhsilini davam etdirmişdir. Mütəfəkkir elmi və bədii yaradıcılığı, daha çox Şərqdə opera sənətinin əsasını qoyduğuna görə Azərbaycan, ümumiyyətlə, Şərq mədəniyyəti tarixində misilsiz xidmət göstərmişdir.
Böyük Azərbaycan yazıçısı, ictimai xadim Yusif Vəzir Çəmənzəminli yaradıcılığı ilə Azərbaycanın ictimai fikir və ədəbiyyatı tarixində özünəməxsus mövqeyə sahibdir. Mütəfəkkirin yaradıcılığında tarixi, elmi, fəlsəfi məzmunlu əsərlərlə yanaşı, məişət, ailədaxili münasibətlər və s. mövzulu əsərlər də vardır.
Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığında "Qızlar bulağı", "Studentlər", "Qan içində" (roman "İki od arasında" da adlanır) əsərləri xüsusi yerə malikdir.
Azərbaycanşünas alim Məhəmmədhəsən bəy Vəliyevin (Baharlı) XX əsrdə Azərbaycanın elm-mədəni və ictimai fikir tarixində mühüm yeri vardır. Fiziki-coğrafi, etnoqrafik və iqtisadi bölmələrdən ibarət "Azərbaycan" kitabı ensiklopedik alimə böyük şöhrət qazandırmışdır.
Qarabağın mənəviyyat tarixində xanımların - Ağabəyim ağanın, Gövhər ağanın, Xurşidbanu Natəvanın və Həmidə Cavanşirin fəaliyyətləri xüsusilə diqqətəlayiqdir.
İbrahim Xəlil xan Cavanşirin qızı Ağabəyim ağa (1782-1831) Şuşada doğulmuş, saray mühitində böyümüş, şeirlər qələmə almışdır. İran şahı Fətəli şah Qacar Ağabəyim ağa ilə evlənmiş, onu baş hərəm etmişdir. Təzkirəçi alim Məhəmmədəli Tərbiyət yazmışdır ki, 1811-ci ildə İngiltərə kralı və kraliçası tərəfindən ingilis diplomatı, dilçi alimi Ser Gore Ouseley (1770-1844) İrana fövqəladə səfir təyin edilmiş və həyat yoldaşı ilə birlikdə bir çox töhfələrlə Fətəli şahının qəbuluna gəlmişdi. Qəbulda səfirlik məktubunu brilyant düyməli bir qutuda şaha və almazla toxunmuş bir kisəni şahın baş hərəmi Ağabəyim ağaya təqdim etmişdir.
İbrahim Xəlil xan Cavanşirin qızı Gövhər ağa (1796-1888) Şuşada doğulmuş, saray mühitində təlim-tərbiyə almışdır. Gövhər ağa Azərbaycan və fars dillərində şeirlər yazmış, Qarabağda çox səxavətli, xeyirxah və vətənpərvər xanım kimi tanınmışdır. Filoloq alim Bəylər Məmmədovun qeyd etdiyi kimi, 1883-cü ildə Gövhər ağa Şuşa meydanındakı köhnə məscid binasının yerində yenisini ucaltmışdı. XIX əsr Azərbaycan arxitektura sənətinin ən gözəl nümunəsi hesab olunan bu əzəmətli məscidi məşhur memar Kərbəlayi Səfi Qarabaği tikmişdir. Şuşalılar arasında məscid Gövhər ağa məscidi kimi məşhurdur. Həmin dövrdə məscidin hücrələrindən biri Gövhər ağanın təşəbbüsü ilə mədrəsə üçün ayrılmışdı.
Məlumdur ki, Şuşa şəhərində Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa məscidləri ermənilərin işğalı dövründə dağıntılara məruz qalmışdır. Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq bərpa edilmişdir.
Azərbaycan xanımlarına xas mətanəti, cəsurluğu və zəkasıyla Xan qızı Xurşidbanu Natəvanın XIX əsrdə Qarabağın mənəvi həyatının inkişafında, Şuşanın abadlaşdırılmasında əvəzsiz xidməti vardır. Xurşidbanu Natəvan (1832-1897) Şuşada anadan olmuşdur. Atası Qarabağın xanlığının axırıncı xanı Mehdiqulu xan Cavanşir (1763-1845), anası Bədircahan bəyimdir (1785-1861). Bədircahan bəyimin atası Uğurlu xan Ziyad xan oğlunun Gəncə xanlığının hökmdarı Cavad xanın nəvəsidir.
Xurşidbanu Natəvan Dağıstan zadəganlarından milliyyətcə qumuq knyaz Xasay xan Usmiyev ilə ailə qurmuş, onların Mehdiqulu, Xanbikə adlarında iki övladı olmuşdur. Onlar da anaları kimi bədii yaradıcılıqla məşğul idilər. Fransanın dünyaşöhrətli yazıçısı Aleksandr Düma XIX əsrdə səyahət edərkən 1858-ci ildə Bakıda Bədircahan bəyim, Xurşidbanu Natəvan və ailəsi ilə görüşmüşdü.
Qarabağ xanlığının yaradıcısı Pənahəli xanın nəslindən olan Həmidə xanım Cavanşir (1873-1955) mütərəqqi, açıqfikirli, xeyirxah insan kimi mədəniyyət tariximizdə iz qoymuşdur. Həmidə xanım ilk təhsilini ailəsindən almış, dövrünün elmi biliklərinə yiyələnmişdir. Onun atası Əhməd bəy Cavanşir (1828-1903) tarixçi, şair, maarifpərvər şəxs kimi tanınmışdır.
Həmidə xanımla zadəgan nəslindən podpolkovnik İbrahim bəy Davatdarovla evlənmiş, onların Mina və Müzəffər adlı iki övladı olmuşdur. Həmidə xanım həyat yoldaşının və atasının vəfatından sonra ata mülkünə köçmüş, Ağdam şəhərinin 18 kilometrliyində olan Kəhrizli kəndində yaşamışdır.
Həmidə xanım Cəlil Məmmədquluzadə ilə evlənmiş, onların Midhət və Ənvər adlı iki oğlu olmuşdur. Həmidə xanım xeyirxah və maarifpərvər bir qadın idi. O, Kəhrizli kəndində oğlanlarla qızların bir yerdə oxuduğu məktəb açmışdı. Həmidə xanım Cavanşir fəaliyyətilə Qarabağın mədəni həyatının inkişafına çalışmışdır.
Tariximizin və görkəmli şəxsiyyətlərimizin məkanı, Azərbaycanın ayrılmaz tərkib hissəsi Şuşada doğulmuş elm, incəsənət və mədəniyyət sahələrində fəaliyyət göstərmiş şəxslər Vətənimizə bəxş etdikləri töhfələrlə məşhurdurlar.

respublika-news.az