25.05.2023, 10:31 - Baxış sayı: 313

Azərbaycan türk fəlsəfəsinə dair çağdaş tədqiqatlara bir baxış


Faiq Qəzənfər oğlu Ələkbərli,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı

Çağdaş dövrün Azərbaycan Türk fəlsəfi və ictimai fikri Türk dünyasının bu günü, gələcəyi ilə birbaşa bağlı olduğu üçü onun araşdırmaq, təhlil etmək çox vacib və məsuliyyətli məsələdir. Ona görə ki, hazırda Azərbaycan türklərinin ictimai-siyasi həyatı və mədəni-fəlsəfi mühiti yeni bir mərhələnin başlanğıcına təsadüf edir. Son iki əsrdə Azərbaycan Türk fəlsəfəsinin, tarixinin, mədəniyyətinin, ədəbiyyatının, siyasətinin başlıca problemləri sırasında qalmaqdadır. Əgər son iki əsrdə Azərbaycan xalqı maddi və mənəvi anlamda bütünlüyünü itirmişdirsə, bu, dolayısıyla onun tarixinin, ədəbiyyatının, dilinin, mədəniyyətinin və fəlsəfəsinin yazılmasında yarımçıqlıq kompleksinin ortaya çıxmasına səbəb olmuşdur. Etiraf edibetməməyimizdən ya da bunun fəlsəfə ilə nə qədər bağlı olub olmamasından asılı olmayaraq, bu, bir həqiqətdir ki, əgər hər hansı xalqın fəlsəfəsi, tarixi, ədəbiyyatı yarımçıqlıq kompleksi şərtləri altında yazılırsa, o zaman həmin xalqın, sözün həqiqi mənasında, milli ruhunu əks etdirə biləcək fəlsəfədən, tarixdən, ədəbiyyatdan, mədəniyyətdən söhbət gedə bilməz. Yəni natamamlıq kompleksi şərtləri altında yazılan hər hansı millətin tarixi, fəlsəfə tarixi, ədəbiyyat tarixi, mədəniyyət tarixi milli ruhdan başqa nə varsa hər şeyi özündə əks etdirir, ancaq milli ruh qarşısında gözlə görünən ya da gözlə görünməyən saysız-hesabsız sədlər çəkilir, divarlar hörülür.
Son iki əsrdir ki, Azərbaycan Türk xalqı da məhz maddi-fiziki və milli-mənəvi parçalanma nəticəsində natmamalıq kompleksinə doğru sürüklənmiş, bu natamamlıq çərçivəsində də əsasən hər hansı doğma və yad tədqiqatçılar onun tarixini, fəlsəfəsini, mədəniyyətini, hüququnu, ədəbiyyatını yazmışlar və yazmaqdadırlar. Bir sözlə, XIX əsrin əvvəllərində Azərbaycan türklərinin ictimai-siyasi və fəlsəfi həyatında yeni mərhələyə qədəm qoyması onun maddi-fiziki və milli-mənəvi parçalanması fonunda baş vermiş, bununla da onlarla, bəlkə də yüzlərlə problemlərin təməli qoyulmuşdur. Hər halda Səfəvilər Türk dövlətinin süqutundan sonra onun yerində yeni imperiya quran Əfşarlar Türk dövlətinin az bir müddət ərzində uğursuzluğa düçar olması Azərbaycan türkləri üçün, bu günə qədər çözülməsi heç də asan olmayan ciddi ictimai-siyasi və elmi-fəlsəfi problemlərə yol açmışdır. Doğrudur, XVIII əsrin sonlarına doğru keçmiş Səfəvilərlə Əfşarlar dövlətlərinin qalıqları üzərində Qacarlar Türk dövlətinin meydana çıxması Türklər, o cümlədən Azərbaycan türkləri üçün yeni bir ümid işığı olub, bəlkə də bu günə qədər yaşadığımız və yaşamaqda olduğumuz problemlərin xeyli qisminə son verə bilərdi. Ancaq Qacarlar dövləti çar Rusiyası ilə Böyük Britaniyanın hərbi-siyasi oyunları nəticəsində keçmiş Səfəvilər Türk dövlətinin bütün ərazilərinə, o cümlədən Güney Qafqaza, eyni zamanda Azərbaycanın quzey hissəsinə sahib ola bilmədi. Bununla da Azərbaycan Türk xalqının, Azərbaycan Türk torpaqlarının bir hissəsi çar Rusiyasının işğalı altında qaldı ki, bu da, yuxarıda da qeyd etdiyimiz kimi, onun yalnız gələcək ictimai-siyasi həyatında deyil, elm-mədəniyyət və fəlsəfə sahəsində də xeyli fərqliliklərə, problemlərə yol açdı. Hər halda Azərbaycan Türk torpaqlarının, Azərbaycan Türk xalqının çar Rusiyasının işğalı altında qalan bir hissəsi ilə, Qacarların tərkibində qalan böyük hissəsi arasında baş verən maddi-fiziki və milli-mənəvi ayrılıqlar, antitürk ideyaların da birbaşa təsiri ilə onların mütəfəkkirlərinin dünyagörüşündə yarımçıqlığa, natamamlığa, hətta, bəzən qeyri-milli düşüncələrə yol açmış oldu.
Bu gün, Azərbaycan alimlərinin boynuna düşən əsas vəzifə bir tərəfdən təxminən XIX əsrin əvvəllərindən çar Rusiyasının işğalı altında yaşamağa məcbur olan Azərbaycan Türk xalqının dünyagörüü ilə, Qacarların tərkibində, ancaq onun ana sütununu təşkil edən Azərbaycan türklərinin dünyagörüşündəki oxşarlıqları və fərqlilikləri çox həssaslıqla tədqiq edib obyektiv qiymətini vermək, digər tərəfdən bütövlükdə fəlsəfi və ictimai fikrimizin əsas inkişaf yollarını, onun mahiyyətini ortaya qoymaqdır. Bu anlamda son iki əsrdə ayrı-ayrılıqda yaşamağa məcbur edilmiş Quzey Azərbaycan Türkləri ilə Qacarlar dövlətinin ana sütununu təşkil etmiş Türklərin bu dövr ərzində yaşadıqları ictimai-siyasi, ədəbi-mədəni, elmi-fəlsəfi mühiti ayrı-ayrılıqda ələ almaqdan daha çox bir bütünün, vəhdətin tərkib hisssi kimi tədqiq etmək lazımdır. Yəni çar Rusiyası ilə Qacarlar arasında bağlanmış 1828-ci il Türkmənçay müqaviləsindən sonra, bəlkə məcburiyyətdən bir çox hallarda vahid Azərbaycan Türklərinin deyil də, Quzey Azərbaycan xalqının və Güney Azərbaycan xalqının tarixindən, iqtisadiyyatından, mədəniyyətindən, fəlsəfəsindən bəhs etmişik ya da etməyə davam edirik. Bizcə, artıq bu ənənəyə birmənalı şəkildə son verilməli, yəni vahid Azərbaycan Türk xalqının tarixindən, iqtisadiyyatından, mədəniyyətindən, fəlsəfəsindən kitablar, əsərlər yazılmalıdır. Əlbəttə, bu, o demək deyil ki, biz XIX əsrin başlarından etibarən çar Rusiyasının işğalı altında qalan Azərbaycan xalqının bir hissəsinin ya da Qacarlar dövlətinin ana sütununun təşkil etmiş Azərbaycan türklərinin böyük hissəsinin məcburən ayrı-ayrılıqda yaşamalı olduğu tarixi, fəlsəfəni, mədəniyyəti, ədəbiyyatı da mütləq şəkildə, heç bir məntiq olmadan vahidləşdirməli, bütövləşdirməliyik. Əsla belə bir şeyə yol verilməməlidir. Sadəcə, burada əsas məqsəd Azərbaycan Türk xalqının parçalanmadan sonra yaşadığı tarixi, fəlsəfəni, ədəbiyyatı, mədəniyyəti oxşarlıqları və ziddiyyətləri ilə yanaşı, vahid bir çatı altında ümumiləşdirməyi, bütöv şəkildə görməyi bacarmaq, yəni natamamlıq kompleksindən qurtulub təxminən 50 milyonluq vahid xalqın fəlsəfəsini, tarixini, ədəbiyyatını, mədəniyyətini yazmaq olmalıdır. Bu anlamda Azərbaycan da daxil olmaqla, böyük bir tarixi ərazidə hökm sürən Qacarlar dövlətinə və həmin dövrün Türk mütəfəkkirlərinə diqqətlə yanaşılmalıdır.
Burada öz əksini tapmış ən önəmli məsələlərdən biri də, çar Rusiyasının işğalı altında qalan Azərbaycan türklərinin bundan sonarkı həyatının hansı formada davam etməsi ilə bağlı problemlərin, yəni bütün sahələrdə (sosial, iqtisadi, təhsil, mədəni və s.) baş vermiş dəyişikliklərin, müsbət ya da mənfi anlamda olsun, mümkün olduğu qədər obyektiv şəkildə qiymətləndirilməsidir. Yəni bizlər bu məsələni, Azərbaycanın quzey torpaqlarının çar Rusiyasının işğalı altında qalmasını SSRİ dövründəki olduğu kimi, nə birmənalı şəkildə mütərəqqi hadisə kimi qələmə verməli, nə də bu məsələdə həddən artıq ifrata vararaq, o dövrdə hər hansı bir müsbət məsələ olubsa onu da görməzdən gəlməməliyik. Ancaq bütün hallarda çar Rusiyasının işğalı altında ya da SSRİ-nin tərkibində birgə yaşamağa məcbur olduğumuz dövrdə baş vermiş istənilən “müsbət məsələ”yə də həssaslıqla yanaşılmalıdır. Şübhəsiz, bir tərəfdən Rusiyaya münasibətdə həssaslıq nümayiş etdirmək, digər tərəfdən isə milli maraqlarımızı qorumaq bir çox hallarda böyük quzey qonuşumuzun mənafeləri ilə üst-üstə düşmür ki, bu zaman isə bizim üçün önəmli olan obyektivliyin özündən çıxış etməliyik. Bütün hallarda bizlər tariximizi, ədəbiyyatımızı, fəlsəfə tariximizi millətimizin bu günü və gələcəyi üçün qələmə alırıqsa, o zaman ilk növbədə, milli maraqlarımızın hər şeydən bir addım öndə olması bir an olsun unudulmamalıdır. Bir sözlə, Azərbaycan xalqının fəlsəfə tarixi qələmə alınarkən Rus-Sovet metodologiyasından və həmin dövrün təfəkküründən uzaq durulmalı, Qərb metodologiyasına isə həsaslıqla yanaşılmalıdır. Çünki birinci metodologiya qədər Qərb metodologiyası da İslam-Şərq mədəniyyəti və Türk mədəniyyəti ilə xeyli dərəcədə uzlaşmır.
SSRİ dağılıb Azərbaycan Respublikası müstəqilliyini yenidən bərpa etdikdən sonra digər sahələrdə (tarix, ədəbiyyat, dil və s.) olduğu kimi, fəlsəfə tarixçiliyi sahəsində də nisbətən Qərb-Sovet ideoloqlarının uydurduqları naməlum kimlikli deyil, məhz Azərbaycan Türk kimliyi mahiyyətinə uyğun olaraq kitablar, dissertasiyalar yazılmağa başladı. Belə kitablardan biri də, AMEA-nın müxbir üzvü, f.e.d. Zakir Məmmədovun qələmə aldığı qədim dövrlərdən 19-cu əsr də daxil olmaqla böyük bir dövrü əhatə edən “Azərbaycan fəlsəfəsi tarixi” (1994) kitabıdır. Hələ, Sovetlər Birliyi dövründə Azərbaycan Türk fəlsəfi fikir tarixinə dair qiymətli əsərlər (“XI-XIII əsrlərdə Azərbaycanda fəlsəfi fikir”, “Bəhmənyarın fəlsəfəsi”, “Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri” və b. və b.) yazan Z.Məmmədov “Azərbaycan fəlsəfəsi tarixi” kitabında bütün bunları sistemli şəkilə salmışdır. O, “Qədim və erkən orta əsrlərdə Azərbaycan fəlsəfi fikri” fəslində Azərbaycan xalqının ən qədim dini inanclarına toxunub, türksoylu tayfaların əski inamlarından bəhs etimşdir. O, “7-10-cu əsrlərdə Azərbaycan fəlsəfəsi” adlı ikinci fəsildə “Kitabi-Dədə Qorqud” boyu ilə bağlı müəyyən qədər Azərbaycan-Oğuz türklərinin dini-fəlsəfi dünyagörüşünə toxunmuş, Oğuz türklərinin islamdan öncəki dini inamlarının, düşüncə tərzinin, eləcə də müəyyən qədər totemlərə bağlılığın öz əksini tapdığını qeyd etmişdir. Bu fəsildə islam və onun müqəddəs kitabı Quran haqqında ümumi bilgi verən Z.Məmmədov daha çox sünni hüquqi (hənəfilik, malikilik, şafilik və hənbəlilik) və şiəlik (qalilik, ismaililik) və sufilik məzhəbləri, eləcə də bu məzhəblərin Azərbaycandakı nümayəndələrin¬dən bəhs etmişdir.
Tanınmış fəlsəfəçi alim Yusif Rüstəmov (1932-2010) da yaradıcılığında Azərbaycan xalqının fəlsəfi və ictimai fikir tarixinə müəyyən qədər yer vermişdir. O, “Sosial-siyasi və hüquqi təlimlər tarixi” (2003), “Mövlana Cəlaləddin Ruminin sufilik fəlsəfəsi”, “Əbu Həfs Sührəvərdinin təsəvvüf fəlsəfəsi”, “Türk fikir tarixi haqqında mülahizələr”, “Fəlsəfənin əsasları” (2004) və digər əsərlərində Azərbaycan xalqının fəlsəfə tarixini işıqlandırmağa çalışmışdır.
Professor İzzət Rüstəmovun Azərbaycan xalqının fəlsəfi və ictimai fikir tarixinin öyrənilməsi istiqamətində ən mühüm əsərləri "Həsən bəy Zərdabi" (2012), "XX əsrin əvvəllərində Azərbaycanda təbii-elmi və fəlsəfi fikrin vəhdəti" (1992), "Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri" (2001) və başqaları olmuşdur. Dosent Qəmər Mürşüdlü də milli fəlsəfi və ictimai fikir tariximizə aid bir sıra dəyərli əsərlər yazmışdır. Onun bu cür əsərləri arasında “Cəmaləddin Əfqaninin sosial-siyasi fəlsəfəsi” (2019) və digərlərini göstərmək olar. Azərbaycan xalqının fəlsəfi və ictimai fikir tarixinin müəyyən dövrlərini əhatə edən “Azərbaycan fəlsəfəsi. Qədim dövr”, “Müstəqil dövrün fəlsəfəsi və filosofları” (2007), “Fəlsəfə” (2002), “Şərq fəlsəfəsi və filosofları” (2005) adlı kitabların müəllifi olan prof. Ağayar Şükürovun da bu sahədə böyük əməyi vardır. Xüsusilə də, 20-ci əsr Azərbaycan xalqının fəlsəfi və ictimai fikri tarixini öyrənmək baxımından A.Şükürovun “Müstəqil dövrün fəlsəfəsi və filosofları” diqqəti cəlb etməkdədir.
Tanınmış fəlsəfə tarixçisi, f.e.d. Elmira Zamanovanın (1933-2016) da fəlsəfə tarixinə aid yaradıcılığı hər iki dövrü (SSRİ və müstəqillik dövrü) əhatə etmişdir. O, “Çağdaş Türkiyədə estketik fikir: əsas problemlər və təmayüllər”, “İsmail Tunalı - Türkiyədə ontoloji estetikanın görkəmli nümayəndəsi”, “Türk estetikası: tarixi və müasir inkişafı”, “XX əsr Azərbaycan romantizminin estetikası”, “XIX-XX əsrlərin əvvəllərində Azərbaycanda estetik fikir” və digər əsərlərində milli fəlsəfi və ictimai fikir tariximizə aid qiymətli tədqiqatlar aparmışdır.
Müstəqilliyimizin bərpasından sonra Azərbaycan xalqının fəlsəfi və ictimai fikir tarixini öyrənmək baxımından prof. Rafail Əhmədlinin də bir çox əsərləri vardır. O, “Azərbaycan milli-demokratik dövlətçilik məfkurəsi: türkçülük, müasirlik, islamçılıq” (2007), “Mirzə Kazımbəyin ictimai fikirləri” (2012), “Azərbaycan dövlətçilik fəlsəfəsi” (2008), “Seyid Əzim Şirvaninin fəlsəfi görüşləri” (2005), “Mirzə Bala Məhəmmədzadənin ictimai-siyasi görüşləri” (2017) və digər əsərlərində Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinə aid dəyərli araşdırmalar aparmışdır. Fəlsəfə tarixi tədqiqatçısı, f.ü.f.d., dos. Müstəqil Ağayev də Azərbaycan xalqının fəlsəfi və ictimai fikir tarixinə aid bir çox qiymətli əsərlər yazmışdır. O, “Məhəmməd Əmin Rəsulzadə” (2006), XX əsr Azərbaycan ictimai və fəlsəfi fikrində din problem” (2008), “Azərbaycan demokratik fikrində insan konsepsiyası” (2009), “Hüseyn Cavidin dünyagörüşü” (2005), “Аzərbaycan ictimai fikrində milli məsələ” (2007), “Müasir Azərbaycan fəlsəfəsi tədqiqatçıları” və digər əsərlərində Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinə aid dəyərli araşdırmalar aparmışdır.
Çağdaş dövrdə Azərbaycan xalqının fəlsəfi və ictimai fikir tarixini araşdıran mütəxəssislərdən biri də fəlsəfə elmləri doktoru Arzu Hacıyevadır. O, “Nəriman Nərimanovun din haqqında fəlsəfi düşüncələri” (1998), “Şərqdə hermenevtika. Fəlsəfə tarixi kontekstində” (2006), “Akademik Heydər Hüseynov” (2015), “Azərbaycan mütəfəkkirləri zamanın kontekstində: hermenevtik təcrübələr” (2017) və digər əsərlərində Azərbaycan xalqının fəlsəfi və ictimai fikir tarixinə aid dəyərli araşdırmalar aparmışdır. Xüsusilə də, A.Hacıyeva “Azərbaycan mütəfəkkirləri zamanın kontekstində: hermenevtik təcrübələr” əsərində əsasən fəlsəfi fikri tariximizin 19-20-ci əsrlərini və həmin əsrlərdə yaşamış mütəfəkkirlərimizdən M.F.Axundzadə, N.Nərimanov, M.Ə.Sabir, Ü.Hacıbəyli və başqalarının mədəni-fəlsəfi irsini işıqlandırmağa çalışmışdır.
Fəlsəfə elmləri doktoru, prof. İlham Məmmədzadə də bir çox əsərlərində Azərbaycan xalqının milli fəlsəfi və ictimai fikir tarixinə müəyyən qədər müraciət etmişdir. Məsələn, o, “Vətəndaş cəmiyyəti və milli ideologiya: Azərbaycanda siyasi prosesin fəlsəfəsi”, “Siyasi etika”, ”“Qloballaşma və müasirləşmə şəraitində fəlsəfənin aktuallığı haqqında” (2009), “Bir daha fəlsəfə haqqında” (2012), “Mədəniyyətlərin qarşılıqlı təsirinin fəlsəfəsi və almanların Cənubi Qafqazda məskunlaşması” və digər əsərlərində fəlsəfi-ictimai fikir tarixmizlə də bağlı araşdırmalar aparmışdır.
Dörd cildlik nəzərdə tutulmuş, ancaq indiyə qədər iki cildi nəşr olunmuş “Azərbaycan fəlsəfə tarixi” kitabı Azərbaycan xalqının fəlsəfi və ictimai fikir tarixini öyrənmək baxımdan qiymətli əsərlərdir. Çünki bu iki cilddə qədim dövrlərdən 19-cu əsrə qədərki Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi, Azərbaycan Türk mütəfəkkirləri əsaslı və akademik şəkildə tədqiq olunmuşdur. Hər halda müstəqilliyimizin bərpasından sonra əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru Zümrüd Quluzadənin rəhbərliyi altında yazılmağa başlayan “Azərbaycan fəlsəfə tarixi” dörd cildliyinin nəşr olunmuş ilk iki cildində ən qədim dövrlərdən XVIII əsrdə daxil olmaqla Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi hərtərəfli şəkildə və akademik üslubda araşdırılmışdır.
Kitabın 1-cildinin “Azərbaycanda fəlsəfi fikrin yaranması və inkişafı (Qədim dövrdən b.e.-nın VII əsrinədək)” adlanan ilk fəslində zərdüştlikdən, zurvanizmdən, mağların təlimindən, şamanizmdən, Göy Tanrıçılıqdan bəhs olunur. Eyni zamanda, bu fəsildə Mani və Manilikdən, Məzdək və Məzədkilik¬dən də hərtərəfli şəkildə bəhs olunmuşdur. Kitabın “VII-X əsrlərdə Azərbaycan fəlsəfəsi” adlanan 2-ci fəslində isə öncə Azərbaycanda İslam dininin yayılması və onun ilk təbliğatçılarından, daha sonra da Əli ibn Harun əz-Zəncanidən «İxvan əs-Səfa və Xüllan əf vəfa» cəmiyyətinin ideoloqlarından biri kimi, söz açılmışdır. Eyni zamanda, bu fəsildə Məhəmməd Bakuvinin fəlsəfi baxışları da ayrıca təhlil olunmuşdur. Kitabın “XI-XII əsrlərdə Azərbaycan fəlsəfəsi” adlanan 3-cü fəslində isə Xətib Təbrizi, Eynəlqüzat Miyanəci, Yusif Tahir Xoylu, Məhsəti Gəncəvi, Ə.Bəhmənyar, Şihabəddin Yəhya Sührəvərdi, Xaqani Şirvani və Nizami Gəncəvinin dünyagörüşü ayrı-ayrılıqda geniş şəkildə təhlil və təfsir olunmuşdur.
Çoxcildlik “Azərbaycan fəlsəfə tarixi”nin 2-ci cildinin “XIII-XVI əsrlərdə Azərbaycanda fəlsəfi və ictimai fikir” adlanan ilk fəslində Şəms Təbrizi, Nəsrəddin Tusi, Məhəmməd Təbrizi, Əsirəddin Əbhəri, Əvhədi Marağayi, Mahmud Şəbüstəri, Fəzlullah Nəimi, İmadəddin Nəsimi, Şəms Məğribi, Qasimi-Ənvar, Seyyid Yəhya Bakuvi, Yusif Muskuri və M.Füzulinin ictimai-siyasi və fəlsəfi irsindən bəhs olunmuşdur. Kitabın 2-ci cildinin “XVII-XVIII əsrlərdə Azərbaycanda fəlsəfi və ictimai fikir” adlanan ikinci fəslində isə Y.Qarabaği, Saib Təbrizi və Zeynalabidin Şirvaninin ictimai-siyasi və fəlsəfi irsi araşdırılmışdır.
Ümumilikdə, həm Azərbaycan Türk dilində, həm də rus dilində nəşr olunan çoxcildlik “Azərbaycan fəlsəfə tarixi”nin ilk iki cildi bəzi cüzi istisnalarla, Azərbaycan xalqının fəlsəfi və ictimai fikir tarixini öyrənmək baxımından olduqca əhəmiyyətli və mükəmməl əsərlərdir. Ümid edirik ki, Azərbaycan xalqının fəlsəfi və ictimai fikir tarixinin 19-20-ci əsrlərini və bu dövrün tanınmış mütəfəkkirlərini özündə ehtiva edəcək 3-cü və 4-cü cildlər də yaxın zamanlarda nəşr olunacaqdır.
Son illərdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi. XIX-XX əsrlər” adlı üçcildliyi nəşr olunub ki, bu əsərlər Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinin XIX-XX əsrlərini və həmin əsrlərdə yaşamış Azərbaycan Türk mütəfəkkirlərinin mədəni-fəlsəfi irsini öyrənmək baxımından əhəmiyyətlidir. Xüsusilə də, çoxcildlik “Azərbaycan fəlsəfə tarixi”nin həmin əsrləri özündə əhatə edəcək 3-cü və 4-cü cildlərinin hələlik, nəşr olunmadığı bir dövrdə F.Ələkbərlinin üçcildlik kitabının əhəmiy¬yətinin vacibliyi danılmazdır.
Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi. XIX-XX əsrlər” adlı üçcildliyinin birinci cildində Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinin inkişaf yolları üç istiqamətdə təhlil edilmişdir: 1) Azərbaycanda Şərq-İslam-Türk mədəniyyəti və fəlsəfəsinin davamı; 2) Azərbaycanda Qərb-Avropa mədəniyyəti və fəlsəfəsinin təşəkkülü; 3) Azərbaycanda Şərq-İslam-Türk mədəniyyəti və Qərb-Avropa mədəniyyətinin “sintezi” problemi və həll yolları. F.Ələkbərlinin üçcildliyin ikinci cildində isə XX əsr Quzey Azərbaycan Türk fəlsəfi fikrinin inkişaf yollarından və bu fəlsəfi fikrin tanınmış Azərbaycan Türk mütəfəkkirlərinin dünyagörüşlərindən bəhs olunur. Müəllif kitabın ikinci cildində Quzey Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinin inkişaf yollarını üç istiqamətdə təhlil edib: 1) Milli-demokratik və siyasi-fəlsəfi ideya cərəyanları: türkçülük/azərbaycançılıq, müasirlik və islamçılıq; 2) Marksizm-leninizm ideologiyası: milli təmayülçülük və beynəlmiləlçilik; 3) Milli maarifçilik fəlsəfəsi: realizm və romantizm. Faiq Ələkbərlinin üçcildliyin üçüncü cildində XX əsr Güney Azərbaycan Türk fəlsəfi fikrinin inkişaf yollarından və bu fəlsəfi fikrin tanınmış Azərbaycan Türk mütəfəkkirlərinin dünyagörüşlərindən bəhs olunur. Müəllif burada Güney Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinin inkişaf yollarını üç istiqamətdə təhlil etmişdir: 1) Milli-demokratik və siyasi-fəlsəfi ideyaların sintezi; 2) Milli maarifçilik və ictimai-fəlsəfi ideyalar; 3) İslam fəlsəfəsi və islamçılıq.
Müstəqilliyimizin bərpasından sonra nəşr olunan “Fəlsəfə” ya da “Fəlsəfənin əsasları” kitablarının əksəriyyətində anlayış olaraq “Azərbaycan fəlsəfəsi”, “Azərbaycan fəlsəfə tarixi”ndən istifadə olunur ki, çox zaman burada konkret hansı xalqın fəlsəfəsindən ya da fəlsəfə tarixindən söz açılması anlaşılımır. Daha doğrusu, bu kimi kitablardan əsasən belə bir nəticə çıxarmaq olur ki, “Azərbaycan fəlsəfəsi” adı altında xaotik ya da qarışıq bir fəlsəfə tarixi şüurlara yeridilir.
Prof. Fərrux Ramazanovun rəhbərliyi altında nəşr olunan “Fəlsəfə” (1997), H.İmanovun “Fəlsəfənin əsasları” (2007), Y.Rüstəmovun “Fəlsəfənin əsasları” (2004), A.Şükürovun “Fəlsəfə” (2002) və başqa müəlliflərin “Fəlsəfə” adını daşıyan əksər kitablarda Azərbaycan Türk xalqına aid tanrıçılıq, qamlıq-şamanizm və “Kitabi-Dədə Qorqud”la bağlı, əsasən heç bir məlumat verilməmişdir. Bu gün “Fəlsəfə” adını daşıyan kitablarda, əsasən Sovetlər Birliyi dövründə olduğu kimi, Azərbaycan xalqının şüuruna yalnız irandilli-farsdilli etnoslara aid atəşpərəstliyin, zərdüştiliyin yeridilməsini doğru hesab etmirik. Artıq SSRİ dövrünün ideyalarından imtina etməyin vaxtı nəinki çatmış, hətta keçmişdir. Ən çox təəssüf doğuan haldır ki, SSRİ dövrünün bu cür ənənələrinə daha çox “Azərbaycan tarixi”, “Fəlsəfə”, “Politologiya”, eləcə də müəyyən qədər “Azərbaycan fəlsəfəsi tarixi” və başqa akademik nəşrlərdə, ali məktəb üçün dərsliklərdə rast gəlmək olur.
“Fəlsəfə” kitabında, eləcə də Z.Hacıyevin eyni adlı “Fəlsəfə” kitablarında zərdüştiliklə bağlı mülahizələr isə cüzi fərqlərlə təkrar olunmuşdur. Hətta Z.Hacıyev yazır ki, “Avesta” Azərbaycan xalqının bədii fəlsəfi fikrinin ilk qaynağı hesab olunur. H.İmanov, Y.Rüstəmov, M.Fərhadoğlu da eyni adlı “Fəlsəfənin əsasları” kitablarında, yuxarıda adları çəkilən fəlsəfə tədqiqatçıları kimi heç bir ciddi dəlil, sübut irəli sürmədən Zərdüştün Azərbaycan xalqına məxsus olmasını iddia etmişlər. Y.Rüstəmov isə zərdüştiliyi Azərbaycan və İran xalqlarının ortaq dini-fəlsəfi təlimi hesab etmişdir. M.Fərhadoğluna görə, “Avesta”da qədim Azərbaycanda yaşayan xalqların dini-fəlsəfi, ictimai görüşləri əks olunmuşdur.
Maraqlıdır ki, çağdaş dövrdə nəşr olunmuş “Fəlsəfə”, “Fəlsəfənin əsasları” kitablarında islam dininin Azərbaycan xalqının həyatında oyndığı mühüm rol, milli mənəvi dəyər kimi qazandığı status heç də istənilən səviyyədə əks olunmamışdır. Məsələn, “Fəlsəfə ensiklopedik lüğət”də islamın Azərbaycan xalqının həyatında tutduğu mövqe konkret şəkildə izah olunmamışdır. Burada yalnız bildirilir ki, Azərbaycanda islam hərbi işğalçılıq yolu ilə yayılmış və hazırda Azərbaycan əhalisinin xeyli qismi şiə, bir qismi hənəfi sünniləridir. Eyni sözləri 1997-ci ildə müəllif kollektivi tərəfindən nəşr olunan “Fəlsəfə” (red. F.Ramazanov), V.Abışovun, H.İmanovun, A.Şükürovun, Y.Rüstəmovun və başqalarının müəllifləri olduğu “Fəlsəfə”, yaxud da “Fəlsəfənin əsasları” kitabları barədə də demək olar. Bu kitablarda islam fəlsəfəsindən söz açılsa da, bu dinin Azərbaycan xalqının həyatında oynadığı mühüm rol barədə heç bir fikir söylənməmişdir. Məsələn, müəlliflər kollektivi şəklində nəşr olunan “Fəlsəfə” kitabında islamın, o cümlədən Quranın mahiyyəti, daxili keyfiyyətləri ilə bağlı çox səthi bəhs olunduğu halda, sonralar islamın əsasında yaranmış dini-fəlsəfi cərəyanların (cəbrilər, sifatilər, qədərilər, mötəzililik, əşərilik, sufilik, hürufilik və b.) izahına isə müəyyən qədər yer verilir. H.İmanov isə eyni adlı kitabında islam haqqında, bu dinin başlıca kitabı olan Quran haqqında çox cüzi məlumat vermiş, əsasən islamla bağlı təriqətlərdən, məzhəblərdən bəhs etmişdir. Professor Y.İ.Rüstəmovun müəllifi olduğu “Fəlsəfənin əsasları” kitabında islamla bağlı müsəlman dini fəlsəfəsi qədərilər, cəbrilər, mötəzlilər, o cumlədən Şərq peripatetizmi, Saflıq qardaşları və sufizm barədə ümumi bilgi verilir. Eyni cizgini A.Şükürovun “Fəlsəfə” kitabında da görürük. A.Şükürov da bu kitabında islam və islamın Azərbaycan fəlsəfəsində yeri haqqında geniş şəkildə bəhs etməmişdir.
Qeyd edək ki, “Fəlsəfə” ya da “Fəlsəfənin əsasları” kitablarında orta çağ Azərbaycan Türk fəlsəfəsinin nümayəndələri, kimi ümumi şəkildə də olsa N.Gəncəvi, E.Miyanəci, Ş.Yəhya Sührəvərdi, Ə.Ö.Sührəvərdi, N.Tusi, S,Urməvi, M.Füzuli, M.Şəbüstəri, Y.Qarabaği və başqalarından bəhs olunur. 19-cu əsrə gəldikdə, burada Azərbaycan xalqının maarifçilik fəlsəfəsi adı altında isə A.A.Bakıxanov, M.F.Axundzadə, M.Ş.Vazeh, H.Zərdabi, M.Kazımbəy, S.Ə.Şirvani, C.Əfqani və başqalarından qısa formada söz açılır. Yeni və ən yeni dövrdə Azərbaycan Türk fəlsəfəsinə gəlincə, burada Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, C.Məmməduluzadə, M.Hadi, H.Cavid, H.Hüseynov, M.Xiyabani, S.C.Pişəvəri və başqa ziyalılarımzıın mədəni-fəlsəfi irsindən müəyyən qədər bəhs olunmaqdadır.
Azərbaycan Türk fəlsəfə tarixinin qaynaqları, təşəkkülü və inkişafı ilə bağlı apardığımız araşdırmanın sonunda gəldiyimiz əsas nəticələrdən biri odur ki, milli fəlsəfi və ictimai fikir tariximizin bir bütün şəkildə öyrənilməsinin vacibliyinin dərkidir. Çünki bir xalqın fəlsəfi və ictimai fikri yarımçıq tədris ediləcəyi təqdirdə, onun üzvlərinin şüurunda da yarımçıqlıq, natamamlıq kompleksi olacaqdır. Bu baxımdan Azərbaycan Türk fəlsəfi və ictimai fikir tariximizi Azərbaycan Respuiblikasının mədəniyyəti, fəlsəfəsi, tarixi və coğrafiyası sərhədlərində məhdudlaşdırmamalıyıq. Bugünkü reallıq baxımından biz, fəlsəfi və ictimai fikri tariximizi mövcud Azərbaycan Respublikası sərhədləri çərçivəsində yazsaq da, ancaq tarixən onbun sərhədləri və coğrafiyası bundan qat qat böyük olmuşdur. Bu o deməkdir ki, Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarix dünən olduğu kimi, gələcəkdə də bir bütün olaraq Azərbaycan xalqına çatdırılmalı, tədris olunmalıdır.
Eyni zamanda milli tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz kimi fəlsəfəmiz də yazılarkən burada Türk kimliyi əsla gözardı edilməməlidir. Məsələn, milli fəlsəfə tariximiz yazılarkən “Azərbaycan fəlsəfə tarixi” deyil “Azərbaycan Türk fəlsəfə tarixi” ya da ən azı “Azərbaycan xalqının fəlsəfə tarixi” anlayışı önə çəkilməli, bu anlamda yalnız Quzey Azərbaycan xalqının deyil, Güney Azərbaycan da daxil olmaqla vahid Azərbaycan Türk xalqının fəlsəfə tarixi ələ alınmalıdır. Bu zamanda özündən əvvəlki fəlsəfə tarixinin davamı kimi, Azərbaycan Türk ziyalılarının fəlsəfi düşüncədə ortaya qoyduqları mənəvi-zehni əmək qeyd olunmalıdır. Başqa sözlə, qeyri-müəyyən ya da qarışıq fəlsəfi düşüncə deyil, konkret olaraq Azərbaycan Türk xalqının fəlsəfi düşüncə tarixi yazılmalıdır. Təbii ki, tarix boyu Azərbaycan türkləri ilə yanaşı azsaylı etnik qrupların nümayəndələri arasında da müəyyən fəlsəfi fikir payı sahibləri olubsa, həmin kitablarda yer almalıdır. Ancaq bütövlükdə Azərbaycan xalqının fəlsəfəsi dedikdə, burada söhbətin ilk növbədə, Azərbaycan Türk mütəfəkkirlərinin fəlsəfi irsindən getdiyi açıq şəkildə ifadə olunmalıdır. Son illərdə nəşr olunmuş əski dövr və orta çağ Azərbaycan Türk fəlsəfə tarixinə həsr olunmuş kitablarda, dissertasiyalarda deyil, eyni zamanda XIX-XX əsrlər Azərbaycan Türk fəlsəfə tarixinə aid əsərlərdə olan ciddi nöqsanları aradan qaldırmaq lazımdır.
Burada ən vacib məsələrdən biri də, “Azərbaycan xalqının fəlsəfə tarixi”nin ensiklopediyası hazırlanmasıdır. Bizcə, belə bir ensiklopediyanın hazırlanması milli fəlsəfə tariximizin tədqiqi və inkişafı baxımdan çox zəruridir. Əlbəttə, buna qədər isə, çox tez bir zamanda çoxcildlik “Azərbaycan fəlsəfə tarixi”nin 19-cu əsrin əvvəllərindən, 21-ci əsrin başlarınadək nəzərdə tutulmuş 3-cü və 4-cü cildlərinin nəşrinə nail olunmalıdır. Çünki təxminən iki əsri əhatə edən bu dövr Azərbaycan xalqının bu gününü və gələcəyini daha aydın gələcəyə daşımaq baxımından olduqca önəmlidir.