22.05.2023, 06:24 - Baxış sayı: 311

Professor Sakit Hüseynovun “Heydər Əliyev və İlham Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsində rolu” adlı kitabına dair mülahizələr


Bu yaxınlarda AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun “Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası” şöbəsinin müdiri f.e.d., professor Sakit Hüseynovun “Heydər Əliyev və İlham Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsində rolu” adlı kitabı nəşr olunmuşdur. Qeyd etmək lazımdır ki, bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun maaliyyə dəstəyi ilə Sabunçu rayonu Pirşağı qəsəbəsindəki “Cümə” məscidi dini icmasının həyata keçirdiyi layihə çərçivəsində çap olunmuşdur. Bu tədqiqat əsəri Heydər Əliyevin anadan olmasının 100 illiyinə və İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyinə həsr olunmuşdur.
Monoqrafiya müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin dövlət-din siyasətinin fəlsəfi-sosioloji cəhətdən araşdırılmasına həsr edilib. Ümumiyyətlə, dünyada elə bir xalq yoxdur ki, onun formalaşmasında dini inancların və adət-ənənələrin payı olmasın. Dini inanclar və dinə olan ehtiyac insanla birlikdə yaranır, onun həyatının ayrılmaz bir hissəsinə çevrilir, ictimai davranış və əxlaq qayda-qanunlarının tənzim edilməsində, həmçinin mənəvi dəyərlərin təşəkkülündə mühüm rol oynayır.
Din mürəkkəb struktura malik ictimai bir hadisədir. Dini ayinlər uzun əsrlərdən bəri davam edərək təkcə şüurlara deyil, həm də psixikaya, hisslərə hopmuş və vərdiş halını almışdır. Məşhur fransız filosofu Ş.Montoskye qeyd edir ki, dini inanclar ayinçiliklə nə qədər çox bağlı olarsa, insanları daha qüvvətlə özünə cəlb edir. Məlum məsələdir ki, insanın daxili mənəviyyatı irrasional olub, vicdanın səsi ilə tanınır. Məhz dində daxili mənəvi qanunlar konkret mədəni və rasional kateqoriyalara çevrilir, ictimai qanunlar formasını alır. Umummilli lider Heydər Əliyevin ifadəsi ilə desək: “Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə və adət-ənənələrimzlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar bizim xalqımızın mənəviyyatını təşkil etməkdədir”.
Bütün bunlar bir daha göstərir ki, dinlərin və onların təşəkkülündə mühüm təsirə malik dini inancların və mənəvi dəyərlərin elmi-fəlsəfi istiqamətdə tədqiqi müxtəlif xalqların milli kimliyini, milli-mənəvi dəyərlərini və dünyagörüşünü öyrənməkdə çox vacib bir məsələdir.
Professor Sakit Hüseynovun “Heydər Əliyev və İlham Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsində rolu” adlı kitabına dair mülahizələrYaşlı nəsil bilir ki, Sovet dövründə hakimiyyət dinə və dini inanclara qarşı obyektiv və birmənalı olmamış, dini mövzuların araşdırılması ateizm düşüncəsi altında həyata keçirilmişdir. Din əleyhinə dövlət siyasəti ən sərt şəkildə icra edilmiş, bir çox savadlı din alimləri, müsəlman din xadimləri təqiblərə, represiyalara məruz qalmış, əksər dini abidələr dağıdılmış, bağlanmış və ya profili dəyişdirilmişdi. Lakin Azərbaycan müstəqillik qazandıqdan sonra dinşünaslıq və dinin fəlsəfəsi ilə bağlı mövzuların araşdırılmasında yeni yanaşmalar meydana çıxmış və cəmiyyəti maraqlandıran mövzular aktuallaşmışdır. Müstəqillikdən sonra Azərbaycan xalqının milli identikliyinin, maddi və mənəvi irsinin, dilinin, dininin, milli şüurunun, milli mentalitetinin, mədəniyyətinin, adət-ənənələrinin, memarlıq abidələrinin qorunması və inkişaf etdirilməsi dövlət qarşısında prioritet məsələlərindən birinə çevrilmişdir.
Bu nöqteyi-nəzərdən professor Sakit Hüseynovun yeni ərsəyə gətirdiyi “Heydər Əliyev və İlham Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsində rolu” adlı kitabının mövzusu olduqca aktualdır və qloballaşma dövründə dinamik xarakter daşıyır. Belə ki, müəllif kitabın əsas mövzusu kimi Ümummili Lider Heydər Əliyev və prezident İlham Əliyevin fəaliyyəti, fərman və sərəncamları, çıxış və nitqləri, görüş və qəbulları barədə məlumatları tarixi-xronoloji ardıcıllıqla toplamış, daha sonra elmi-fəlsəfi istiqamətdə şərhlər etmişdir.
Kitabda prezident İlham Əliyevin İslam həmrəyliyi çağırışının zəruriliyi əsaslandırılmış, XX əsr 90-cı illərin əvvəllərində Heydər Əliyevin İslam həmrəyliyi ilə bağlı maraqlı və uzaqgörən ideyaları sosial-fəlsəfi aspektdə şərh edilmişdir. İslam dininin həmişə əmin-amanlıq, qardaşlıq, sülh və barış dini olduğunu vurğulayan Heydər Əliyev “İslam həmrəyliyi”nin həm təriqətlərarası, həm müsəlman aləmində dialoq, həm də bütün dünyada humanist prinsiplərin bərqərar olunmasına müsbət təsir göstərəcəyinin təhlil edilməsi kitabın ana xəttini təşkil edir.
Şübhə yoxdur ki, 1991-ci ildə Sovet İttifaqının süquta uğraması nəticəsində, müstəqilliyini elan edən Azərbaycan Respublikası üçün din və dövlət münasibətləri aktual mövzulardan birinə çevrilmişdir. Məlum olduğu kimi, Azərbaycan xalqı XIX əsrdən etibarən Çar Rusiyasının xristianlaşdırma, XX əsrin 20-ci illərindən sonra isə Sovet Rusiyasının ateizm siyasətinə məruz qalmışdır. Müstəqillikdən sonra ölkəmizdə, eləcə də regionda yeni reallıqlar yaranmış, din-dövlət münasibətlərinin qurulması milli təhlükəsizlik siyasətinin tərkib hissəsinə çevrilmişdir. Bu baxımından, təqdim olunmuş kitabın mövzusu milli təhlükəsizliyin bir tərkib hissəsi olan dövlət-din münasibətlərinin tədqiqi istiqamətində də böyük əhəmiyyətə malikdir. Müəllif kitabda xalqımız müstəqillik əldə etdikdən sonra din sahəsində yaranmış boşluqlardan və cəmiyyətimiz üçün yaranmış potensial təhlükələr haqqında bəhs etmiş, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra yaranmış boşluqların aradan qaldırılması və milli təhlüksəizlik çərçivəsində dini ekstremizimlə mübarizə istiqamətində aparılmış nəzəri və əməli işlər barəsində ətraflı şəkildə məlumatlar vermişdir.
Kitabın obyektini tarixi, nəzəri və hüquqi baxımdan, Azərbaycanda din-dövlət və din-siyasət münasibətləri təşkil edir. Bununla yanaşı, Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənmə modeli, cəmiyyətdə din sahəsində yaranmış yeniliklər və çağırışların həlli yolları, ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyevin bu sahədə yürütdükləri din siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən tezislər tədqiqatın əsas predmetini təşkil edir.
Kitabda həmçinin, dini – siyasi ekstremizmin dini-psixoloji və sosial-fəlsəfi cəhətlərinə xüsusi diqqət yetirilmiş və dini- siyasi ekstremizmə qarşı mübarizə yolları araşdırılmışdır. Dini ekstremizmə qarşı mübarizənin qanunvericilik əsaslarına diqqət yetirilmişdir. Bununla bağlı “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu və “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunları haqqında müəllif tərəfindən ətraflı şərhlər verilmişdir.
Müəllifin qeyd etdiyi kimi Zərdüştilik, Xristianlıq və İslam dinin bu ərazilərdə yayılması Azərbaycanda yaşayan müxtəlif xalq və etnik qrupların mədəniyyətinin və dünyagörüşünün formalaşmasına əlahiddə dərəcədə təsir etmişdir. Tarixi inkişaf elə gətirmişdir ki, dinlər mənəviyyatın əsasını təşkil etmiş və prioritet istiqamətlərini müəyyən etmişdir. Din əsrlər boyu insanların həyat və fəaliyyətini müəyyənləşdirib, onlara istiqamət verib. Burada, təfərrüatlarına qədər, harada və necə hərəkət etmək icazəsi və ya qadağan edilən işlərin dəqiq anlayışları müəyyənləşdirilib. Belə hesab etmək olar ki, cəmiyyətin normal fəaliyyət göstərməsi üçün şərait bütün ali hakimiyyətin dövlətin əlində cəmləşdiyi və dini təşkilatların hakimiyyət təsisatlarına müsbət təsir göstərmək imkanlarına malik olduğu təqdirdə yaranır. Bu kontekstdə, dövlət cəmiyyətin həm sosial-iqtisadi, həm də mənəviyyat sahiblərini tənzim edir.
Məhz bu cəhətdən kitabda İslamın Qafqazda yayılmasında Azərbaycanın rolu, dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığının bərqərar olunması, dini tolerantlıq, dini ekstremizm və dini təhlükəsizlik haqqında Heydər Əliyev və Prezident İlham Əliyevin fəaliyyəti ilk dəfə olaraq geniş şəkildə araşdırılıb. Bununla yanaşı, Heydər Əliyevin “İslam birliyi” ideyası və Prezident İlham Əliyevin müsəlman ölkələrinə “İslam həmrəyliyi” çağırışı dövlət-din siyasətində yeni istiqamət kimi elmi cəhətdən mühüm aktuallıq kəsb etməkdədir.
Professor Sakit Hüseynovun gəldiyi qənaətlərdən biri də budur ki, Azərbaycanda İslam dəyərlərinə özünəməxsus qayıdış, İslam dinindən irəli gələn əxlaqi, humanist dəyərlərin müasir demokratik, hüquqi, dünyəvi, mütərəqqi inkişaf meyarları ilə uzlaşması milli-dünyəvi dəyərlərin tərəqqisi, cəmiyyətdə inanc hisslərinin möhkəmlənməsi baxımından müstəsna rol oynayır. Çünki, illər keçdikcə xüsusi ilə də gənclərimiz öz dəyərlərilə daha yaxından tanış olur, onlara daha dərindən yiyələnir və mənimsəyirlər. Gənc nəslin əldə etdikləri bu dəyərlərin tarixi keçmişi, sonrakı dəyişiklikləri və bugünkü əhəmiyyətini bilmək olduqca vacibdir. Prezident İlham Əliyev İƏT-ə üzv olan ölkələrin turizm nazirlərinin V konfransında (11 sentyabr 2006) belə qeyd etmişdir: “... Bizi birləşdirən İslam dini var, bizim mədəniyyətimiz var, insanlarımız bir-birilə nə qədər çox təmasda olsalar, bizim üçün bir o qədər də yaxşı olacaq, İslam dünyası bir o qədər də möhkəmlənəcək”
Bu gün Azərbaycandakı mövcud dini-etnik dözümlülük, müxtəlif mədəniyyətlər arasındakı sivil dialoq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları tərəfindən də təqdir olunmaqdadır. Xalqlararası və mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, ona dəstək vermək, insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq dövlət siyasətinin mühüm tərkib hissəsidir. Milli mədəniyyətin və dini dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasət də dövrün reallıqları ilə uyğunlaşır. Azərbaycan tolerant ölkədir və burada yaşayan bütün xalqların və dinlərin nümayəndələri arasında xoş münasibətlər və qardaşlıq ruhu yaratmaq məqsədilə səylər gündən-günə gücləndirilir.
Kitabın elmi redaktoru Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, elmi məsləhətçisi AMEA-nın vitse-prezidenti, akademik Gövhər Baxşəliyeva, rəyçiləri AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, Fəlsəfə elmləri doktoru, professor Əyyub Kərimov, tarix elmləri doktoru, dosent Eynulla Mədətli, fəlsəfə elmləri doktoru, professor Azər Mustafayev, hüquq elmləri doktoru, BDU-nun professoru Etibar Əliyev və ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinovdur.
Sonda qeyd etmək istərdim ki, prof. S.Hüseynovun yazdığı bu fundamental əsər ağır işin və uzun zaman kəsiyində aparılmış tədqiqatların nəticəsidir. Belə ki, əsər Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra ölkəmizdəki dövlət və din münasibətlərinin tarixindən, hazırki vəziyyətindən və gələcək perspektivlərindən bəhs edir. Kitabın əsas diqqətə aldığı mövzu isə dövlət və din münasibətlərinin qurulmasında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rolu, habelə bu istiqamətdəki səmərəli fəaliyyətləri və müstəqilliyimizin möhkəmlənməsində göstərdikləri xidmətləridir. Tədqiqatın nəticələri dinşünaslıq, fəlsəfə, politologiya və başqa ictimai fənlərin tədrisində, eyni zamanda yuxarıdakı istiqamətlər üzrə aparılan tədqiqatlarda mənbə kimi istifadə oluna bilər. Hesab edirəm ki, dövlət-din münasibətlərinin tənzimlənməsinə həsr olunmuş bu tədqiqat əsəri cəmiyyətimiz üçün faydalı olacaqdır.


fəls.ü.f.d. Elnur Mustafayev
AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu “Din və ictimai fikir” şöbəsinin müdiri,
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri