01.05.2023, 07:52 - Baxış sayı: 324

Zərif ruhun güclü təcəssümü


Könül BÜNYADZADƏ
fəlsəfə elmləri doktoru, AMEA-nın müxbir üzvü

XX əsrin görkəmli alimlərindən biri, öz sahəsində böyük yeniliklərə imza atmış, eyni zamanda zəriflik mücəssəməsi olan akademik Zərifə xanım Əliyeva aydın, işıqlı və nurlu bir şəxsiyyət idi.
Zərifə xanım Əliyevanın doğulduğu ailə ziyalı olmaqla yanaşı, həm də mübariz olub, öz arzusuna doğru cəsarətlə getməyi bacarıb. Bunu onun atası, görkəmli dövlət və ictimai-siyasi xadimi, elm fədaisi, böyük şəxsiyyət Əziz Əliyevin həyat yolunda, bütün çətinliklərə baxmayaraq, öz xalqına, Vətəninə layiqli xidmətində görmək mümkündür. Təbii ki, bu ruh övlada da sirayət edib.
Zərifə xanım bir alim, şəxsiyyət kimi nə qədər böyük əzmə malik idisə, onun bir o qədər də yüksək və zərif bir mənəviyyatı vardı. Tarixdə Şərqdə qadın ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətində səs və söz hüququ qazanıb. Məsələyə daha geniş spektrdə baxanda belə məlum olur ki, əslində, bu, şəraitə baxmayaraq, öz üzərində işləyən, təhsil alan, savadlanan, ictimai vəziyyəti düzgün dəyərləndirməyi bacaran, hətta bu istiqamətdə müəyyən işlər görən qadınların hüquqlarının tanınması, inkişaf yollarının süni maneələrdən təmizlənməsi, gənc respublikanın quruculuğunda onların da xidmətindən istifadə edilməsi idi. Başqa sözlə desək, Azərbaycan qadını hər zaman düşünməyi və düşündürməyi, öz şəxsiyyətinə hörməti qorumaqla yanaşı, sözünü ən yüksək kürsüdən deməyi bacarıb. Buna Zərifə Əliyevanın nümunəsində bir daha şahid oluruq.
Görkəmli alim öz sahəsinin bacarıqlı və novator mütəxəssisi olmaqla yanaşı, həm də ictimai xadim idi, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, "Bilik" Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü idi. Azərbaycanın Əməkdar elm xadimi fəxri adını almışdı.
Zərif ruhun güclü təcəssümüZərifə xanım Əliyeva seçdiyi peşədə öz izini qoymuş, sözünü deyə bilmiş alim və həkim idi. Onun yazdığı monoqrafiyalar və məqalələr bu gün də aktualdır və oftalmoloqların stolüstü kitabıdır. Onu da vurğulayaq ki, bu, sadə bir elm yolu deyildi. Akademik Krasnovun yazdığına görə, "məktəb yaradan", tibb elminin, necə deyərlər, "xam sahələri"nə müraciət edən Zərifə xanım Əliyeva öz sahəsində ən cəsarətli, yeni addımlar atmaqdan çəkinmirdi. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamətin - "peşə oftalmologiyasfı"nın, yaxud "sosial oftalmologiya"nın təməlini qurmuşdu. "İridodiaqnostika", "Göz yaşının axmasının cərrahi müalicəsinin müasir üsulları", "Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları" və daha neçə fundamental tədqiqatı onun elmi cəsarətinin göstəricisi idi.
Həmkarlarının yazdığına görə, Zərifə xanım Əliyeva hər işinə yüksək diqqətlə və məsuliyyətlə yanaşırdı. Əhəmiyyətli bir məqamdır ki, o, hətta xəstə olanda da elmi tədqiqatını davam etdirirmiş. Tibb elmləri doktoru, professor Z.M. Skripniçenko yazır: "Beləcə, mənim üçün olduqca əziz və doğma olan Zərifə xanımın sonuncu xahişini - birgə başladığımız kitabı yazıb qurtarmağı vəzifə borcu hesab edirəm. Çünki onun zəhməti özündən sonra da işıq üzü görməli, onun fikirləri mütəxəssislərə gedib çatmalıdır. "Görmə orqanının peşə patalogiyası" adlı həmin kitab 1988-ci ildə işıq gördü və həmkarının dediyi kimi, Zərifə xanımın əməyinin, şəxsiyyətinin nuru parlamaqda davam etdi.
Azərbaycanda gedən quruculuq işlərində Zərifə xanım Əliyeva diqqətini məhz peşə xəstəliklərinə yönəldirdi. Böyük alim haqqında məlumatda deyildiyinə görə, "o, elmdə ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənmiş və bu xəstəliklərin profilaktikası tədbirlərini işləyib hazırlamışdır. Onun bu istiqamətdə apardığı elmi-tədqiqat işləri dünya ədəbiyyatında analoqu olmayan nadir tədqiqatlar sırasındadır. Zərifə xanım uzun illər respublikanın ondan artıq iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparmışdır. Göstərilən istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri alimin "Şin istehsalatında gözün peşə patologiyası", "Xronik yod intoksikasiyası zamanı oftalmologiya" və "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" kimi qiymətli monoqrafiyalarında öz əksini tapmışdır. Başqa sözlə desək, Zərifə xanım Azərbaycanın inkişafına öz xidmətini göstərirdi və çalışırdı ki, əsasən yaddan çıxmış, sağlamlıq üçün ən təhlükəli sahələrin insanlarını ön plana çəksin, onlara qayğı göstərsin. Bu, yalnız bir mütəxəssis diqqəti deyildi, həm də vətəndaş borcu idi. Skripniçenkonun dediyinə görə, o, Moskvada, Vətənindən uzaqda olanda da, "yenə də özünəməxsus tərzdə maraqla Bakıda Məişət Kondisionerlər Zavodunda apardığı tədqiqatlardan - stirol və tetraxloretilen buxarının təsirinə məruz qalan fəhlələri necə müayinə etməsindən danışırdı. Öz yurdunun əsl övladı kimi Zərifə xanım yenə də Azərbaycanla yaşayır, xalq təsərrüfatının aparıcı sahələrində peşə oftalmopatologiyasına aid tədqiqatlar aparırdı".
Azərbaycan dünyada nadir ölkələrdəndir ki, qadın cəmiyyətdə öz yerini tutmaq üçün kişi ilə mübarizə aparmayıb, buna ağlı, istedadı ilə nail olub. Hətta kənar qüvvələr süni şəkildə bu istəyi onda körükləməyə çalışsalar da, Azərbaycan qadınına xas müdriklik, xanımlıq tez bir zamanda hər şeyi təkrar öz axarına salıb. Maraqlıdır, çox vaxt dövlət xadimləri, şair və yazıçılar, filosof və alimlər arasında qadınların azlığı xüsusi arqument kimi gətirilir. Həqiqətən də, əksər hallarda qadın yüksək materiyalar haqqında düşünməyə, günlərlə elmi eksperimentlər üzərində çalışmağa, hər şeydən təcrid olunaraq yalnız öz yaradıcılığını gerçəkləşdirməyə vaxt tapmır, ancaq öz övladına milli-mənəvi dəyərləri çatdırmağa, ona yüksək əxlaq təlqin etməyə, onun çətinə düşmüş düşüncəsinin işıqlanmasına, öz həyat yoldaşına arxa durmağa onun vaxtı həmişə olur. Zərifə xanımın ömür-gün yoldaşı, Ulu Öndər Heydər Əliyev deyir: "Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər".
Kişilərdən fərqli olaraq qadınlar cəmiyyətə sanki içdən bələd olurlar. Axı yazılmamış bir qanunla ailə ocağını isti saxlamaq, cəmiyyətin bütün şərt və tələblərini bilib gələcək nəsli də o ruhda böyütmək, qorumaq və ya həvəsləndirmək onun öhdəliyindədir. Buna görə də istənilən şəxsin ən yaxın ətrafı ilk növbədə qadındır - ana, həyat yoldaşı, bacı, övlad və sairə. Bir şəxsi tanımaq üçün onun ətrafındakı qadına baxmaq kifayət edir. 1995-ci ildə Ulu Öndər Heydər Əliyev Zərifə xanım haqqında deyir: "Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib".
Bəli, cəmiyyəti sözsüz təqdim edən də qadın və ona münasibətdir. O, nə qədər işıqlı, yüksək intellekt və əxlaq sahibidirsə, deməli, həmin cəmiyyəti də təsvir edəcək sözlər məhz bunlar olacaq. Bir millət məhz qadına verdiyi dəyər qədər özünə hörmət edir, öz gələcəyini görür. Akademik Zərifə xanım Əliyevanın şəxsində Azərbaycan xalqı bir daha yüksək bir səviyyədə təqdim olunur, tanınır.
"Azerbaijan-news.az"